Zahid Oruc ilk hesabatını açıqladı: problemlər və tənqidlər səsləndi

Zahid Oruc ilk hesabatını açıqladı: problemlər və tənqidlər səsləndi

Sosial Tədqiqatlar Mərkəzinin sorğularına əsasən, kadr dəyişiklikləri ilə bağlı məlumatlılıq səviyyəsi nisbətən aşağıdır, islahatların mahiyyəti bəzən düzgün çatdırılmır, vətəndaşlarla məmurlar, deputatlar arasında əlaqələr arzuolunan səviyyədə deyil, əhalinin əksəriyyəti prezidentin siyasətindən razıdır...

Sentyabrın 24-də Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" mövzusunda ilk konfransını keçirib. "Yeni Müsavat" xəbər verir ki, "Hilton" hotelində keçirilən tədbirdə deputatlar Musa Quliyev, Tahir Mirkişili, ASAN Xidmət-in rəhbəri Ülvi Mehdiyev, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov, maliyyə nazirinin müşaviri Elman Mehdiyev, habelə QHT rəhbərləri, mətbuat nümayəndələri iştirak edirdilər.

Konfransda açılış nitqini Zahid Oruc etdi və təşrif buyuranlara təşəkkürünü bildirdi. Sonra çıxış edən Prezident Administrasiyasını Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsidir. Qeyd etdi ki, sosial tədqiqatlar ictimai-siyasi prosesləri müsbət şəkildə öyrənməyə, dəyərləndirməyə və həlli yollarını tapmağa imkan yaradır. Onun fikrincə, sosial tədqiqatlar yalnız ictimai rəyin öyrənilməsini deyil, həm də cəmiyyəti narahat edən məsələləri öyrənməyə və həlli ilə bağlı təkliflər verməyə zəmin yaratmalıdır. "Həmçinin dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işi də aparılmalıdır. Dövlət vətəndaşının yanında olduğu qədər vətəndaş da dövlətinin yanında olmalıdır", - deyə o bildirib.

Daha sonra Zahid Oruc çıxış edərək dedi ki, dövlət rəhbərləri qərar verərkən müxtəlif mənbələrdən məlumat alırlar: "Sosial Tədqiqatlar Mərkəzinin yaradılması cəmiyyətlə ictimai rəy fenomeninin bir yerdə önəmli olduğunu göstərir. Bu, sadəcə, statik bir hadisə deyil. Mərkəzimizin bu müddət ərzində qarşılaşdığı problem qurumların data-mərkəzinin olmamasıdır. Hesab edirəm ki, bu, sadəcə, Statistika Komitəsi vasitəsilə olmalı deyil. Hər qurum belə data-mərkəz yaratmalıdır".

Z.Oruc həmçinin rəhbərlik etdiyi mərkəzin akademik Çapay Sultanov adına mükafat təsis etdiyini vurğuladı: "Ölkə başçısı onun fəaliyyətini yüksək qiymətləndirib. Çapay Sultanov böyük bir iz qoyub. Dünyaca məşhur olan bu şəxsin oxucularının sayı 20 milyonu keçir".

Mərkəz rəhbəri nəzərə çatdırdı ki, STM ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb: "Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma var".

Daha sonra STM-in rəsmi saytı qonaqlara təqdim olundu. Ardınca Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov çıxışında qeyd etdi ki, prezidentin təsis etdiyi STM ictimai rəyin öyrənilməsi baxımdan mühüm qurumdur. E. Hüseynov sosial-iqtisadi islahatların yeni mərhələsinin cəmiyyətin rifahına xidmət etdiyini söylədi və əlavə etdi ki, Azərbaycan iqtisadiyyatı təbii resurslardan kifayət qədər asılıdır: "Mən Sosial Tədqiqatlar Mərkəzinin hesabatı ilə tanış olmuşam. Bu işə mötəbər tədqiqatçılar qoşulub. İqtisadçı ekspertlər əhəmiyyətli təkliflər verirlər".

Birinci vitse-prezidentin köməkçisi çıxışında səhiyyə işçilərinin rifahı, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məsələlərinə də toxundu. Onun sözlərinə görə, ölkədə aparılan islahatlar insanların maddi durumuna müsbət təsir göstərir: "2015-ci ildə neft qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sona əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə inflyasiya iki rəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq, hökumət bu illərdə çox konservativ fiskal siyasət yürütdü. Əsas məqsəd makroiqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əməkhaqlarının artım tempi infilyasiyanı iki-üç dəfə üstələyir".

ASAN Xidmət rəhbəri Ülvi Mehdiyev bildirdi ki, STM-in yaradılması ciddi platformadır, islahatlar zamanı nöqsanların öyrənilməsi, təhlili üçün vacibdir. Onun sözlərinə görə, ASAN Xidmət də sosial islahatların tərkib hissəsidir: "Bu istiqamətdə işlərimiz davam edir və dövlət xidmətinin şəffaflığı bizim üçün prioritetdir". Ü.Mehdiyev bildirdi ki, bu günədək ASAN xidmət mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd etdi ki, STM-in funksiyası aparılan islahatları təhlil etməkdir. Nazir müavini təklif etdi ki, bu mərkəzdə əməkdaşlıq formatı yaradılsın, birgə iş naminə əlaqələr qurulsun.

Daha sonra maliyyə nazirinin müşaviri Elman Mehdiyev sosial islahatların əhalinin rifahına təsirindən danışdı. Onun verdiyi xəbərə görə, respondentlərin 95 faizinin prezidentin islahatlarından məlumatı var. Nazir müşaviri əmək haqlarının artırılmasının müsbət təsirlərini də açıqladı: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyətində Sosial Tədqiqatlar Mərkəzinin hesabatlarına da istinad edəcək. Minimum əmək haqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir. İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunur. İstənilən islahat tədbirlərini şərtləndirən müəyyən amillər var. Bu, qeyri-adekvat struktur, hər hansı korrupsiya və süründürməçilik məsələləri ola bilər. O halda hər hansı səmərədən və vəzifədən danışmaq sadəlövhlük olardı. Burada əsas məsələ insanlarda, qurumlarda düşüncə tərzinin transformasiyasıdır və prezidentin vizionunu konkret tədbirlərə çevirməkdir".

Konfransda deputatlar Tahir Mirkişili, Musa Quliyev də çıxış etdilər. M.Quliyev icbari tibbi sığorta məsələsinə toxundu.

Tədbirin yekununda keçirilən tədqiqatların nəticələri açıqlandı. Hesabatda deyilir ki, ölkədə həyata keçirilən islahatlar barədə əhali arasında maarifləndirici və təbliğat işlərinin gücləndirilməsinə ehtiyac var. Ölkə başçısı tərəfindən iyunda imzalanan sərəncamlar barədə məlumatlılıq səviyyəsi yüksək olsa da, kadr dəyişiklikləri ilə bağlı məlumatlılıq səviyyəsi nisbətən aşağıdır. Eyni zamanda əhali arasında geniş yayılmış məlumat mənbələri olan televiziya və sosial şəbəkələrdə informasiya verilsə də, baş verən proseslərin mahiyyəti, artım qərarının səbəbləri, maliyyələşmə mexanizmləri və s. bəzən düzgün çatdırılmır. Bu halda vətəndaş islahatlar barədə dolğun fikir sahibi ola bilmir.

Hesabatda bildirilir ki, vətəndaşlar arasında artımlara münasibət birmənalı olaraq müsbətdir. İşləməyən insanların isə artımların önəmi haqqında yüksək fikirdə olmadığı özünü göstərir. Bundan əlavə, sorğu zamanı tez-tez müşahidə edilən narazılıqlardan biri də vətəndaşlarla məmurlar, eləcə də deputatlar arasındakı əlaqələrin heç də hər yerdə arzuolunan səviyyədə olmamasıdır. Müşahidələrə əsasən, ucqar rayonlarda əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət ayrılması məqsədəuyğundur.

Kənd təsərrüfatında fərdi əməklə məşğul olanlar qeyri-rəsmi iqtisadiyyatın bir parçası hesab edildiyindən, onlar Dövlət Sosial Müdafiə Fonduna ödənişlər etmir, minimum əmək haqqının artırılmasından yararlanmırlar. Ona görə də bu qəbildən əhalinin şəraitini yalnız maaş artımı ilə dəyişmək mümkün deyil. Suvarma sisteminin yetərincə olmaması ciddi əngəl törədir.

Bəzi yerlərdə içməli, bəzi yerlərdə suvarma su problemləri var. Dağ kəndlərinin bəzilərində qaz təminatı yoxdur. Bu da yaşıllıqların məhv edilməsinə yol açır. Geniş hesabatda təkliflər, həll yolları da göstərilib.

STM prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini də açıqlayb. Sorğuda iştirak edənlərə "Ölkə prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır fikri ilə nə dərəcədə razısınız" sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin 73.30 faizi bununla tam razı olduğunu, 20,30 faizi əsasən razılığını, 3 faizi əsasən razı olmadığını və 3,4 faizi isə heç razı olmadığını bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az