Ötən bazar günü İstanbulda təkrar keçirilən bələdiyyə seçkiləri gözlənildiyi kimi Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunun qələbəsi ilə başa çatıb. Türkiyə Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə İstanbulda keçirilən bələdiyyə seçkilərində İmamoğli səslərin 54 faizini əldə edərək iqtidarda olan AKP nümayəndəsi Binəli Yıldırımdan 800 min çox səs toplayaraq qələbəni bayram edib. Həmişə məğlub olmağı sevməyən və revanş almaq üçün müxtəlif cəhdlərə baş vuran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə İmamoğlunun istanbulda qalib gələməsinə ona xas olmayan bir təmkinliliklə, emosiyasız qarılayıb. O istəsə də, istəməsə də seçkilərin nəticələri məlum olandan sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə hesablaşmağa məcbur olub. Ərdoğan CHP-nin namizədi Əkrəm İmamoğlunu qələbə münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. Bununla bağlı Ərdoğan Tvitterində yazıb: "İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar səsvermənin nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm. Qeyri-rəsmi nəticələrə görə seçimi qazanan Əkrəm İmamoğlunu təbrik edirəm".
Öz növbəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə təkrar seçkinin ilkin nəticələri açıqlandıqdan sonra böyük səs üstünlüyü ilə qalib gələn Əkrəm İmamoğlu çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edib. Istanbulun yeni meri İmamoğlu deyib ki, 16 milyon əhalisi olan İstanbulun hazırkı vəziyyəti ilə əlaqədar Rəcəb Tayyib Ərdoğanla birgə çalışmağa hazırdır: "Mövzumuz 16 milyon insanın ehtiyacı və İstanduldur. Mən İstanbul üçün Sizinlə birgə işləməyə hazıram. Mandatımı alıb, işə başlamaq arzusundayam. Və yol xəritəmizi hazırlamaq üçün Sizə müraciət edirəm. Vətəndaşlarımız siyasi mübahisələrdən, münaqişələrdən bezib. Xidmət, istehsal və çarə yolunu gözləyir".
Ilk baxışdan Rəcəb Tayyib Ərdoğanın İmamoğlunu qələbə münasibəti ilə təbrik etməsindən sonra tərəflər arasında artıq seçkilər öncəsi problemlərin həll olunduğunu ehtimal etmək olar. Lakin Ərdoğanın məğlub olmanı asanlıqla həzm edə bilmədiyi də heç kimə sir deyil. O, rəqibi üzərində revanş almayana qədər mübarizə aparan bir lider kimi tanınır. Ərdoğanın İmamoğlundan asanlıqla əl çəkməyəcəyini onun seçkilər öncəsi verdiyi sərt açıqlaması da sübut etnəkdədir. Orduda tərəfdarları ilə görüşündə Əkrəm İmamoğlunun yerli vali haqqında xoşagəlməz ifadə işlətməsi Ərdoğan üçün göydəndüşmə olub. Ərdoğanın iddiasına görə İmamoğlu valini it adlandırıb. CXP rəsmisi İmamoğlu isə valini it deyil, "bəsit" adam adlandırdığını bildirib. Lakin Ərdoğan İmamoğlundan sözünün üstündə durmasını tələb edib. O valini it adlandırdığı üçün İmamoğlunu məhkəmə verəcəklərini hədələyici tonda bəyan edib:
"Hər şeydən öncə hüquqi durum nəysə, o da olacaq. Qərarı məhkəmə verəcək. Çünki vali öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət edəcək. Bir şəhərin rəhbərinə "it" deyilməsinin cəzası nəysə, o cəza da veriləcək. Mən İstanbulun Böyük şəhər bələdiyyə sədriykən bir şeri oxuduğuma görə məhkum olundum, vəzifəm əlimdən alındı və həbsdə yatdım. Ona görə bu təcrübəmə əsaslanıb, deyirəm ki, o adam dediyi ifadələrə görə məsuliyyət daşımalıdır".
Ərdoğan bu məsələdə sona kimi gedəcəyini xüsusi vurğulayaraq bir prezident olaraq valinin hüquqlarını müdafiə edəcəyini vurğulayıb: "Mənim valimə edilən həqarətlərin sübutları ortadadır. O, seçilmiş olsa belə, həqarət cəzası bəlli bir müddəti keçərsə, bələdiyyə sədrliyi etibarsız olar".
Bütün bunlar da İmamoğlunun qələbəsini qəbul etməsinə baxmayaraq Ərdoğanın İstanbulun yeni bələdiyyə sədrini rahat buraxacağına inanmaq çətindir. Bir sözlə, İmamoğlunun Türkiyənin ana şəhərlərindən birində keçirilən bələdiyyə seçkilərində qalib gəlməsi "İstanbulu idarə edən nəinki Türkiyəni, həm də dünyanı idarə edir",-deyən Ərdoğana vurulan ən böyük zərbələrdən biri olub. İş orasındadır ki, son 15-20 il ərzində Türkiyədə yeganə söz sahibi olmağı bacaran və Axir illərdə daha çox şəxsi mənəmlik iddiasını ortaya qoyan Ərdoğanın siyasi yüksəlişi artıq geridə qalıb və o yavaş-yavaş siyasi enmə dövürünü yaşamağa başlayıb. Hər halda son bələdiyyə seçkilərində Ərdoğanın əvvəllər asanlıqla məğlub etdiyi rəqiblərinə iri şəhərlərdə məğlub olmasını təsadüfi hesab etmək olmaz.
Ərdoğanın namizədi Binali Yıldırımın seçkilərdə məğlub olmasının əslində müəyyən səbəbləri var. Bu da ilk növbədə Türkiyə prezidentinin son 10 ildə ətrafını bir vaxtlar özünə sadiq hesab etdiyi adamlardan təmizləməsi olub. Heç kimə sirr deyil ki, Ərdoğanın uzun illər Türkiyədə iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlarda hazırda onun özünə düşmən hesab etdiyi Gülən tərəfdarlarının rolu olub. Lakin gülənçilərlə arası dəyəndən sonra ətrafındakıların hamısından şübhələnməyə başlayan Ərdoğan Abdullah Gülü, Bülənt Arıncı, Əhməd Davudoğlunu və digərlərini özündən uzaqlaşdırdı. Nəticədə Ərdoğan atdığı bu addımlarla onları özünün əleyhidarlarına çevirmiş oldu. Bütün bunlar da Ərdoğanı faktiki olaraq ölkə daxilində təcrid olunmağa aparmaqdadır. Buna paralel olaraq ABŞ-la Türkiyə arasında gərginliyin artmaqda davam etməsi və nəticədə ölkənin milli valyutası olan lirənin sürətlə dəyərini itirməsi əhalinin maddi vəziyyətlərinin ağırlaşmasına yol açıb. Buraya Ərdoğandan narazı olan kürd əhalini də bura əlavə edəndə AKP iqtidarının bələdiyyə seçkilərində İstanbulda ağır zərbə almasını müəyyən qədər qanunauyğun hesab etmək olar. Əslində bələdiyyə seçkilərinin birinci mərhələsində İmamoğlunun qalib gəldiyi göz önündə idi və faktiki olaraq təkrar seçkiyə ehtiyac da yox idi. Məsələyə münasibət bildirən türkiyəli politoloq "Şahlanış Hərəkatı"nın rəhbəri Murad Altın da bildirib ki, 31 martda 13 min səslə İmamoğlu qalib gəlmişdi, təkrar seçkiyə ehtiyac yox idi. Bundan sonra Türkiyədə heç nə əvvəlki kimi olmayacaq.
Politoloqun fikrincə, ilkin nəticələr əsasında CHP-nin namizədi Əkrəm İmamoğlunun qələbə qazanmasının səbəblərindən biri kimi onun yumşaq davranışlarıyla yanaşı, son bir həftədə siyasi arenada gözlənilməyən hadisələrin baş verməsi də rol oynayıb.
İç Anadolu Birliyinin (İÇAN) rəhbəri İsmət Taş bildirib ki, bu seçkidə qazanan tərəf xalqdır. İÇAN rəhbərinin dediklərinə görə, Türkiyə bu seçkidən də üzüağ çıxıb: "O partiya, ya bu partiyanın qazanması önəmli deyil, millət qazanıb, demokratiya qazanıb. Özəlliklə seçki hazırlıqlarının mükəmməl bir şəraitdə keçirilməsi çox önəmlidir. Türkiyə baxımından sevindiricidir. Millətin iradəsi seçki qutusunda özünü büruzə verdi. Hər kəs demək olar ki, seçki qutularından çıxan nəticələrlə razıdır".
İsmət Taş hesab edir ki, Ə.İmamoğlunun qələbəsi Türkiyənin daxili və xarici siyasətinə mənfi təsir etməyəcək: "İstər S-400-lərlə bağlı qərarvermə, istər PKK əleyhinə aparılan mübarizə, istərsə də Şərqi Aralıq dənizi ilə bağlı siyasi mövqemizin dəyişməyəcəyini güman edirəm. Xalq seçim stresini üzərindən atıb rahat nəfəs almaq istəyir".
Türkiyəli tanınmış yazar Yusuf Qaplan isə AKP-nin məğlubiyyətini onun daxilindəki bəzi adamların partiyaya zərər verməsi ilə izah edib. Onun iddiasına görə bəzi daxili və xarici güclər Əkrəm İmamoğlunu 2023-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlayırlar: "Bu, PKK-nın çevriliş oyunudur. Əkrəm İmamoğlunu 2023-cü ilə hazırlayırlar. Özü də bunu AKP-dəki bəzi şəxslərin əli ilə edirlər. Görəsən, günahkarlar bundan nəticə çıxaracaqlarmı?"
Yusuf Qaplanın bu sözlərlə İmamoğlunun sözügedən seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyinə eyham vurduğu bildirilib.
Şübhəsiz ki, Ərdoğan İmamoğlunun simasında ölduqca təhlükəli və onu qarşıdan gələn president seçkilərində də məğlub etməyə qadir olan bir rəqiblə üzləşib.Ona görə də qarşıdan gələn president seçkilərinidə məğlub olmamaq üçün Ərdoğan ya xalq arasında olan etimadını bərpa etmək üçün iqtisadi və siyasi islahatlar həyata keçirməli. ya da hansısa yollarlasa İmamoğlunu nüfuzdan salmalı olacaq. Istənilən halda İmamoğlunun Istanbul bələdiyyə seçkilərində qalib gəlməsinin yaxın 3-4 ildə Ərdoğan üçün kifəayət qədər problem yaşadacağı indidən aydındır.
Səda
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































