Prezident Kəlbəcər əsirləri məsələsini şəxsən nəzarətə götürdü

Prezident Kəlbəcər əsirləri məsələsini şəxsən nəzarətə götürdü
O, bu barədə müvafiq qurumlara ciddi tapşırıqlar verib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan və Xankəndi ofislərinin əməkdaşları işğal altında olan Kəlbəcər rayonunda girov götürülən azərbaycanlılarla görüşə bilməyiblər.

APA-nın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Ağdamda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistan tərəfi əsir və girov götürülmüş şəxslərlə davranış qaydalarını tənzimləyən beynəlxalq aktları pozur:

"Onlar haqda xəbər yayıldıqdan dərhal sonra cənab prezident bu məsələni şəxsən nəzarətə götürdü, müvafiq qurumlara tapşırıqlar verdi. Onun göstərişinə əsasən mən BQXK-nın Bakı ofisinin rəhbərliyi ilə görüşdüm. Onlar da İrəvan və Xankəndi ofisləri ilə əlaqə saxlayıblar. Ancaq bu günə qədər girov götürülən Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb. Biz bilirik Ermənistanda onlara qarşı hansı vəhşilikləri edirlər".

Əli Həsənovun sözlərinə görə, hazırda düşmən əlində olan şəxslər əsl vətənpərvər insanlardır: "Təəssüf edirəm ki, Azərbaycan parlamentinin üzvləri, yüksək vəzifəli şəxslər, QHT nümayəndələri arasında Dilqəmi, Şahbazı qınayanlar var, amma unutmaq lazım deyil ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. Bir kəs ki, ölümü gözə alıb doğulduğu yerlərə gedir, deməli o, çox vətənpərvər adamdır. Üzümü həmin qınaq dolu müsahibələr verən adamlara tutub deyirəm ki, bəsdir, belə şeylərə yol vermək olmaz!"

Ə. Həsənov qeyd edib ki, əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki şəxsə qarşı amansız davransalar, xalqlar arasındakı nifrət daha da artacaq: "Ermənistan rəhbərliyi və xüsusi xidmət orqanları başa düşməlidir ki, hansısa erməni Azərbaycana əsir düşə bilər, onda Azərbaycan tərəfi Şahbaz və Dilqəmə qarşı yol verilən amansızlıqları həmin erməniyə tətbiq edə bilər. Və Ermənistan anlamalıdır ki, bizim aidiyyəti orqanlarımız soydaşlarımıza qarşı amansızlıqlara göz yummayacaq".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az