Hədəf qlobal dəniz nəqliyyatına nəzarəti ələ almaqdır

Hədəf qlobal dəniz nəqliyyatına nəzarəti ələ almaqdır

Çin qlobal ticarətin ana damarı olan dəniz nəqliyyatı sektorunda texnoloji üstünlük qazanmaq üçün genişmiqyaslı strategiyasını sürətləndirir. Pekin bu sahədə əsas prioritetlərini süni intellekt, pilotsuz nəqliyyat vasitələri, avtomatlaşdırılmış limanlar və rəqəmsal idarəetmə sistemlərinin tətbiqinə yönəldib.
Dünya ticarət həcminin 80 faizindən çoxunun dəniz yolu ilə daşınması limanların və logistikanın qlobal iqtisadiyyat üçün strateji əhəmiyyətini göstərir. Çin məhz bu sahədə qabaqcıl texnologiyalar tətbiq etməklə beynəlxalq ticarətdəki mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

Avtomatlaşdırılmış limanlar Çinin əsas üstünlüyünə çevrilir

Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, ölkədə artıq 60 avtomatlaşdırılmış liman terminalı fəaliyyət göstərir. Pekin 2030-cu ilə qədər bu göstəricini 90-a çatdırmağı planlaşdırır.
Ölkənin şərqindəki Çindao şəhərində yerləşən Yeni Tsyanvan konteyner terminalı bu texnoloji sıçrayışın bariz nümunəsidir. Burada yükdaşımalar pilotsuz yük avtomobilləri, uzaqdan idarə olunan kranlar və ağıllı sistemlər vasitəsilə həyata keçirilir. Terminalın göstəricilərinə əsasən, hər bir kran saatda 61 konteyner emal edə bilir ki, bu da ənənəvi limanların məhsuldarlığından iki dəfədən çox yüksəkdir.
Şençjendə yerləşən Mavan terminalı da süni intellekt və avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş müasir liman infrastrukturları sırasındadır.

Çin texnologiyalarını xaricə ixrac edir


Pekin yalnız öz limanlarını modernləşdirməklə kifayətlənmir, yerli şirkətlər vasitəsilə texnoloji həllərini beynəlxalq bazarlara çıxarır.
Bu istiqamətdə pilotsuz yük avtomobilləri istehsal edən "Westwell" və telekommunikasiya nəhəngi "Huawei" xüsusi fəallıq nümayiş etdirir. Çin istehsalı olan pilotsuz yük avtomobillərindən artıq Böyük Britaniyanın ən böyük konteyner limanı olan Felikstouda da geniş istifadə olunur.
"AidData" tədqiqat mərkəzinin açıqladığı hesabatına əsasən, Çin 2000-ci ildən bəri 47 ölkədəki 69 limana avadanlıq alışı üçün təxminən 4,8 milyard dollar maliyyə ayırıb. Bundan əlavə, Pekinin xarici limanların tikintisinə və ya onların idarəçiliyində pay sahibi olmağa 15,5 milyard dollar sərmayə yatırdığı bildirilir.

Texnoloji üstünlük, yoxsa strateji rıçaq?


Çinin bu sahədəki fəallığı Qərbdə ciddi narahatlıq yaradır. ABŞ və müttəfiqləri hesab edirlər ki, Çin texnologiyalarının geniş yayılması gələcəkdə beynəlxalq ticarət marşrutları və təchizat zəncirləri üzərində Pekinin strateji təsir imkanlarını artıra bilər.
Xüsusilə liman idarəetmə sistemləri, yük məlumatları və gömrük bazalarının rəqəmsallaşdırılması təhlükəsizlik baxımından müzakirələrə yol açır. Tənqidçilər bu sistemlərin kommersiya məlumatlarının izlənilməsi və böhran anında ticarət axınlarına müdaxilə üçün istifadə edilə biləcəyindən ehtiyat edirlər. Çinin "LOGINK" logistika məlumat platforması da analoji təhlükəsizlik narahatlıqları səbəbindən Vaşinqtonun sərt reaksiyasına tuş gəlib və ABŞ müttəfiqlərini bu sistemdən imtina etməyə çağırıb.
Çin tərəfi isə rəqəmsal liman texnologiyalarının sırf beynəlxalq ticarətin səmərəliliyini artırmağa və yükdaşımaları sürətləndirməyə xidmət etdiyini vurğulayır.

APEC sammiti öncəsi yeni təşəbbüslər


Şençjendə keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində Çin dəniz ticarətinin rəqəmsallaşdırılması ilə bağlı yeni təkliflər irəli sürüb. Pekin elektron konosamentlərin (yük sənədlərinin) tətbiqi, süni intellekt və böyük verilənlər (Big Data) əsasında gömrük sistemlərinin təkmilləşdirilməsində aparıcı rol oynamağa çalışır.
Mütəxəssislərin fikrincə, dəniz nəqliyyatında texnoloji rəqabət artıq sadəcə yüklərin daşınma sürəti və ya limanların məhsuldarlığı məsələsi deyil. Bu, qlobal təchizat zəncirlərinə nəzarət, iqtisadi təhlükəsizlik və beynəlxalq ticarətdə geostrateji üstünlük uğrunda mübarizəyə çevrilib. Çinin bu hədəflərə çatması gələcək illərdə dünya ticarətinin güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər...

Şahmurad

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.10

2026.11.09

2026.11.08

2026.11.07

2026.11.06

2026.11.05

2026.11.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az