“Məqsəd real sektora daha çox kredit ayrılmasına nail olmaqdır”

“Məqsəd real sektora daha çox kredit ayrılmasına nail olmaqdır”

"Bankların istehlak kreditləşməsinə daha çox üstünlük verməsi Prezidentin sədrliyi ilə keçirilən müşavirədə də xüsusi qeyd edilən məsələlərdən idi. Müşavirədən qısa müddət sonra Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edib. Qeyd edək ki, bu qaydaların təsdiqində məqsəd real sektora daha çox kredit ayrılmasına nail olmaqdır".

Mediainfo.az xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, artıq kiçik və orta sahibkarlara və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb: "Risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də öz əksini tapıb. Belə ki, Qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilir. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaq. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanmasını məhdudlaşacaq. Bu isə bankları real sektoru maliyyələşdirməkdə daha maraqlı edə bilər".

V. Bayramov əlavə edib ki, qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb: "Belə ki, kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçiləcək, o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdiriləcək. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə Qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib. Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sektorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlığının artırmağa xidmət edir. Etiraf etmək lazımdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Prezidentin tapşırığından qısa müddət sonra yeni qaydalar təsdiq etməsi təqdirəlayiqdir. Ümid edək ki, qısa zamanda real sektora daha çox bank kreditlərinin yönəldilməsini müşahidə edə biləcəyik".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az