Baş məşqçi: “Azərbaycan yığması bizə ciddi təhlükədir”

Baş məşqçi: “Azərbaycan yığması bizə ciddi təhlükədir”

Azərbaycanın futbol üzrə milli yığma komandası bu gün noyabrın 11-də Belfastda Şimali İrlandiya yığmasına qarşı növbəti oyununa çıxır.Hazırda C qrupunda 7 xalla ikinci olan Azərbaycanla Şimali İrlandiya arasında 3 xal fərqi var.

Virtualaz.org xəbər verir ki, Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O'Nil görüşün keçiriləcəyi "Windsor Park" stadionunda oyunqabağı mətbuat konfransı keçirib. Baş məşqçi deyib ki, komandası meydana qələbə əzmi ilə çıxacaq, onun aydın planı var və komandasının qrupda Azərbaycandan 6 xal geri düşməsini istəmir.

"Buna görə də onları dayandırmalıyıq. Azərbaycan millisi ilə evdə keçirdiyimiz son oyunda heç-heçə etmişdik. Onda nəticə bizi məyus eləmişdi və belə bir şey indiki seçmə mərhələdə də baş versə, bu bizi daha çox məyus edərdi", deyə baş məşqçi bildirib.

Maykl O'Nil qeyd edib ki, Azərbaycan Almaniya, İngiltərə və Belçika ilə yanaşı hazırkı qrup mərhələsində məğlub olmamış 4 komandadan biridir və "onların mübarizəyə belə başlaması bizim özümüzün Avropa Çempionatına getdiyimiz yola bənzəyir."

Baş məşqçinin sözlərinə görə, indiyədək keçirilən oyunlar Şimali İrlandiya, Azərbaycan, Çexiya və Norveç arasında çox az fərq olduğunu göstərir və Azərbaycan millisinin hazırlıq vəziyyəti onlar üçün sürprizdir. O, Azərbaycan yığmasını dünya çempionatına gedən yolda komandası üçün ciddi təhlükə saydığını deyib.

Bununla belə baş məşqçi bildirib ki, hələ ki, qarşıda 6 oyun var və Çexiya, Almaniya və Azərbaycandan sonra 7 xal qazanmaq mübarizədə onlar üçün yaxşı dönüş olardı.

Azərbaycan yığma komandasının bu günkü kritik oyunda əsas problemi komandanın kapitanı Rəşad Sadıqovun aldığı zədəyə görə meydana çıxmaması olacaq. Lakin "Belfast Telegraph"ın yazdığına görə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki jurnalistlər qarşısında bildirib ki, bu itkiyə baxmayaraq komanda güclü oyun göstərməyə qadirdir.

"Biz yaxşı komandayıq və göstərmək istəyirik ki, göstərdiyimiz son nəticələr təsadüfi uğur deyil, bizim yaxşı oyunçularımız var. Biz 100 faiz motivə olunmuşuq, əlbətdə, uduza da bilərik, ancaq oyunçularımız 100 faiz səy göstərəcəklər və əllərindən gələni edəcəklər"-Prosineçki bildirib.

Baş məşqçinin sözlərinə görə, irlandların üstünlüklərindən biri onların oyunçuların hamısının hündürboy olmasıdır. Bu da yuxarıdan ötürmələrlə oynamaqda əlavə üstünlük qazandırır. "Azərbaycan oyunçuları bir az boydan qısadır, ancaq siz onları dartıb uzada bilməzsiniz, onlar elastik deyil. Biz nəyimiz varsa onunla işləyirik. Əvəzində başqa keyfiyyətlərimiz var ki, irlandlardan üstündür, məsələn, oyun texnikası və s."-Prosineçki bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az