Vüqar Rəhimzadə: Parlament seçkilərinin nəticələri vətəndaşların iradəsini əks etdirdi

Vüqar Rəhimzadə: Parlament seçkilərinin nəticələri vətəndaşların iradəsini əks etdirdi

Fevralın 9-da keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olundu, səsvermənin gedişində qanunvericiliyin bütün norma və tələblərinə riayət edildi, məntəqələrdə yüksək seçici fəallığı müşahidə olundu. Yerli və beynəlxalq müşahidəçilər üçün hər cür şərait yaradılmışdı, həmçinin fiziki imkanları məhdud olan seçicilərin rahatlıqla səs vermələri məqsədilə zəruri tədbirlər görülmüşdü.

Mediainfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, seçki prosesi Azərbaycanın dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılmışdı. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsdiq ediblər. Eləcə də təkrar səsvermə hallarının qarşısının alınması məqsədilə seçicilərin barmaqlarının şəffaf mürəkkəblə işarələnməsi, videomüşahidə və s. tədbirlər prosesin şəffaf və ədalətli keçirilməsi üçün atılan xüsusi addımlardan idi. Seçki ərəfəsində seçicilər, müşahidəçilər üçün seçkilərə dair bir sıra informasiya xarakterli kitabçalar, materiallar çap edilmiş, həmçinin seçkiqabağı kampaniya zamanı reklam və izahat layihələri həyata keçirilmiş, KİV-lərdə elanlar yerləşdirilmişdi. Seçki Məcəlləsinə uyğun olaraq, seçicilərin tam siyahısı seçki məntəqələrində və Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki komissiyalarında saxlanılıb. Siyahılar Seçki Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq iki nüsxədə çap olunmuşdu. Seçki məntəqələri səsvermə üçün qutularla, kabinələrlə, masalarla, dəftərxana ləvazimatı və digər bütün zəruri avadanlıqlarla təmin edilmişdi. Səsvermə qutuları yetərincə şəffaf idi. Səsvermə günü, eyni zamanda, Mərkəzi Seçki Komissiyasının "Qaynar xətti" aktiv fəaliyyət göstərib, vətəndaşların müraciətlərinə diqqətlə baxılıb. Hətta MSK-nın saytında seçki məntəqələrinin ünvanları və xəritəsi dərc olunub. Bu da seçicilərə əhəmiyyətli dərəcədə kömək edib.

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi azad və demokratik, beynəlxalq normalara uyğun seçkilərin keçirilməsinə əlverişli şərait yaradır. Parlament seçkiləri azad, demokratik və şəffaf şəkildə keçirildi. Seçki məntəqələrində səsvermə şəffaf, ədalətli və mütəşəkkil keçirildiyindən nəticələr də vətəndaşların iradəsini əks etdirdi. Bütün bunlarla yanaşı, həm yerli, həm də beynəlxalq müşahidəçilərin yekun rəylərinə əsasən bəlli oldu ki, seçkilərin legitimliyini şübhə altına qoyan hər hansı fakt qeydə alınmayıb. Seçkilərin monitorinqinin gedişində səsvermənin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusu da qeydə alınmayıb. Ümumilikdə, seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və hamı tərəfindən tanınan demokratik normalara müvafiq şəkildə keçirilib. Namizədlərin sayının çox olması da müsbət elementdir, çünki insanların seçmək üçün kifayət qədər alternativi olub.

"Bir sözlə, 9 fevral parlament seçkiləri Azərbaycanda demokratik dəyərlərin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatların növbəti təntənəsi kimi yadda qalacaq. Bu seçkilərdə Azərbaycan xalqı bir daha siyasi iradəsini nümayiş etdirdi, şəffaf və demokratik şəraitdə öz seçimini etdi. Lakin görünür seçkilərin yüksək səviyyədə təşkil olunması, seçicilərin yüksək fəallıq nümayiş etdirmələri bəzi qərəzli qüvvələri çox narahat edib. Buna baxmayaraq bu cür qərəzli yanaşmanın, ədalətsiz mövqenin seçkinin nəticələrinə, xalqın iradəsinə heç bir təsiri yoxdur. Belə təzyiq forması qəbul edilən deyil və hansısa "maraqlara" xidmət edir", - deyə V.Rəhimzadə bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az