Naxçıvanda gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir.
Gənclərin yüksək səviyyədə təhsil alması, intellektual dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi daim diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada Gənclər Mərkəzi, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya idman və yaşayış kompleksləri tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib.
Gəncliyə qayğı gələcəyə qayğıdır
Gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında" Fərmanı muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı" təsis edilib. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların inkişafı, asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Gənc nəslin biliyinin artırılması və elmi dünyagörüşün inkişafı diqqət mərkəzindədir
Muxtar respublikada aparılan müasirtipli məktəb quruculuğu, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, xüsusilə də məktəblərdə kompüterləşmə, internetdən istifadənin təmin olunması, elektron lövhəli siniflərin, mütaliə vərdişlərinin artırılması üçün zəngin kitabxanaların yaradılması, ən əsası isə tədrisdə yeniliklərin tətbiqi ən ucqar dağ kəndlərini belə, əhatə edib. Şagirdlərdə bilik və elmi dünyagörüşün inkişafı məqsədilə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, muxtar respublikanın muzeyləri arasında interaktiv dərslər təşkil olunur, ustad dərsləri keçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə "Oxunması zəruri olan kitablar"ın siyahısının təsdiq edilməsi isə gənc nəslin vətənpərvərlik, adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsində mühüm amildir. Muxtar respublikada mütaliə üçün geniş imkanlar vardır.
Muxtar respublikada ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetişməsinə öz töhfəsini verir. Bu gün gənclərin təhsili ilə yanaşı, onların işlə təminatı da əsas məsələlər sırasındadır. İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur.
Muxtar respublikada idmanın kütləviliyinə nail olunub
İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu amil nəzərə alınaraq muxtar respublikada idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, Uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənclərin hərtərəfli böyüməsinə xidmət edir. Yaradılan imkanlardan istifadə edən gənclər Azərbaycan və dünya miqyaslı yarışlarda və çempionatlarda uğurla iştirak edərək Naxçıvan idman məktəbinin adını yüksəldirlər.
Gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilib. Bu gün gənclər muxtar respublikanın dünyada tanıdılması istiqamətində sosial şəbəkələrdə də fəallıq göstərirlər.
Sosial məsələlər həll edilir
Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində yeni yaşayış kompleksi, rayon mərkəzlərində yaşayış binaları tikilərək istifadəyə verilib, gənclərin mənzil sahibi olmaları üçün tədbirlər görülüb. Hazırda Naxçıvan şəhərində yeni Gənclər yaşayış kompleksinin tikintisi davam etdirilir.
Gənclər sosial şəbəkələrdə fəallıq göstərirlər
Bu gün gənclərin sosial şəbəkələrdə fəallığı da artıb. "Naxçıvan həqiqətləri", "Naxçıvan gəncləri", "Naxçıvan xəbərləri" və "Xaricdə təhsil alan naxçıvanlı gənclər" sosial şəbəkə qruplarında gənclər Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, muxtar respublikanın turizm potensialını tanıdırlar.
Ölkəmiz inkişaf etdikcə gənclərimiz üçün yaradılan şərait də, onların fəaliyyət imkanları da genişlənir. Bu da Azərbaycanın uğurlu gələcəyini təmin edən əsas amildir.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































