Alimlər quş nəğməsinin sirrini açıblar və kəşfləri hamını təəccübləndirib

Alimlər quş nəğməsinin sirrini açıblar və kəşfləri hamını təəccübləndirib

Minlərlə quş növünün nəğməsi eyni səkkiz əsas səs motivinin müxtəlif kombinasiyalarından ibarətdir. Bu barədə təbiətin ən qədim sirlərindən birinə yeni baxış gətirən tədqiqatda bildirilir. Oxuməni.az xəbər verir ki, məlumatı “The Independent” yayıb.

Sərçəkimilər dəstəsinə aid quşlar əsasən cütünü cəlb etmək və ya rəqiblərini uzaqlaşdırmaq üçün oxuyurlar. Onların nəğmələri təkrarlanan sadə notlardan mürəkkəb melodiyalara qədər müxtəlif ola bilər.

Bundan əlavə, nəğmə oxuyan quşlar olduqca zəngin müxtəlifliyə malikdir və bütün quş növlərinin təxminən 60 faizini təşkil edir. Hazırda 6 500-dən çox nəğmə quşu növü məlumdur və onların hamısı 50 milyon ildən çox əvvəl yaşamış ortaq əcdaddan törəyib.

Lakin Fransadakı CRNL Bioakustika Tədqiqat Laboratoriyasının alimləri bildirirlər ki, quş nəğmələrinin müxtəlifliyi və səs quruluşu hələ də tam öyrənilməyib. Məsələn, müxtəlif yaşayış mühitlərində yaşayan quş növlərində fərqli nəğmə nümunələrinin necə formalaşdığı indiyədək tam aydın deyil.

Science jurnalında dərc olunan yeni araşdırmada 3 160 quş növünə aid təxminən 116 min nəğmə təhlil edilib. Tədqiqat göstərib ki, bu heyrətamiz müxtəlifliyin əsasında cəmi səkkiz əsas akustik motiv dayanır. Bunlara trillər, fitə bənzər səslər və harmonik tonlar daxildir. Araşdırmaya görə, hər bir nəğmənin xarakterinə növün yaşadığı mühit əhəmiyyətli dərəcədə təsir göstərir.

Alimlər quş nəğmələrinin mürəkkəbliyini daha dolğun şəkildə öyrənmək üçün yeni metoddan istifadə ediblər. Onlar yalnız səsin hündürlüyü və tezliyi kimi xüsusiyyətləri deyil, həm də zaman və tezlik üzrə incə quruluşunu araşdırıblar. Bu yanaşma minlərlə nəğməni geniş miqyasda müqayisə etməyə imkan verib.

Tədqiqatın nəticələrinə görə, səkkiz əsas akustik motiv quş nəğmələrinin təkamülünün erkən mərhələsində formalaşıb və sonradan müxtəlif yaşayış mühitlərinə uyğunlaşaraq dəfələrlə dəyişib.

Alimlər həmçinin vurğulayıblar ki, hər bir nəğmə quşu növü öz repertuarında əsasən bu səkkiz motivdən təxminən beşindən istifadə edir.

Araşdırmada qeyd olunur ki, növlərin əksəriyyəti bir dominant motivə üstünlük verir, bəziləri isə motivlərdən daha balanslı şəkildə istifadə edir. Görünür, müəyyən ekoloji məhdudiyyətlər quşların bu səkkiz motivi necə birləşdirəcəyini müəyyənləşdirir. Buraya səsin konkret mühitdə yayılma xüsusiyyətləri, eləcə də növlərin aydın ünsiyyət qurmaq ehtiyacı daxildir.

Məsələn, sıx bitki örtüyü səsin yayılmasını məhdudlaşdırdığı üçün tropik meşələrdə hamar və sabit fit səsləri üstünlük təşkil edir. Mülayim iqlim qurşaqlarında isə yaxın məsafədə ünsiyyət və intensiv mövsümi cütləşmə səbəbindən çox sürətli trillər daha geniş yayılıb. Bu cür nəğmələr daha çox informasiya daşıyır.

Tədqiqatda iştirak etməyən heyvan davranışı üzrə mütəxəssis Elodi Brifer bildirib ki, bu nəticələr sərçəkimilər dəstəsinin nəğmələrinin təkamülünə dair bu günə qədər aparılmış ən əhatəli araşdırmalardan biridir.

Onun sözlərinə görə, bu yanaşma yalnız quşların ünsiyyət sistemini daha yaxşı anlamağa kömək etmir, həm də digər bioloji qruplarda mürəkkəb akustik sistemlərin təkamülünü öyrənmək üçün istifadə oluna bilər.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.25

2026.07.24

2026.07.23

2026.07.22

2026.07.21

2026.07.20

2026.07.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az