Bu gün Qaradağlı kəndində baş verən faciədən 34 il ötür

Bu gün Qaradağlı kəndində baş verən faciədən 34 il ötür

Bu gün Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçı qüvvələri tərəfindən törədilən dəhşətli qırğının qurbanı olan Xocavənd rayonunun Qaradağlı kəndində baş verən faciənin 34-cü ildönümüdür.
Ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri də Qaradağlı faciəsidir. 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi, əslində, bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri separatçı quldur dəstələrinin və Xankəndində yerləşən keçmiş SSRİ 366-cı alayının şəxsi heyətinin bilavasitə iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etdi.
Hadisə zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri isə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla 18-i aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilis dillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis və fransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib.

Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımla bağlı garadaghli.org internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.
Xatırladaq ki, kənd 1992-ci il fevralın 17-dən 2020-ci il noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.02.17

2026.02.16

2026.02.15

2026.02.14

2026.02.13

2026.02.12

2026.02.11

2026.02.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az