Balıq yetişdirmək üçün yaradılan süni göllərin əksəriyyətinin ləğv ediləcəyi ilə bağlı yayılan xəbərlər birmənalı qarşılanmır. Xəbərə görə, ləğv edilmiş balıqçılıq təsərrüfatlarının tutduğu ərazilər əkinçilik üçün istifadə ediləcək. Buna səbəb kimi süni yaradılan balıqçılıq göllərinin torpağın münbit qatına ziyan verməsi göstərilir.
Məsələ bugünlərdə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin başqa məqsədlərlə istifadəsinin dayandırılması və yenidən əkin fonduna qaytarılması siyasəti çərçivəsində gündəmə gəlib. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, araşdırmalar nəticəsində indiyədək respublika üzrə bu qaydada 304 balıq gölünün yaradıldığı müəyyən edilib. Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında rast gəlinir.
Süni göllər bəzən 100 hektarlarla əraziləri tutur və nəticədə kəndlərdəki münbit torpaq sahələri sürətlə göllərdən sızan suların hesabına şoranlaşaraq məhv olur. Ona görə də faktiki olaraq torpağını əkib becərə bilməyən ailələrin dolanışığı pisləşir.
Ekspertlər hesab edirlər ki, qəbul ediləcək qərar daha çox xırda sahibkarlara təsir edəcək. Onların əllərindəki sotlarla torpaqların geri alına biləcəyi qeyd olunur.
Süni göllərin bağlanması siyasətinin düzgün olmadığı bildirilir. Balıqçılıqdan gələn gəlirin əkinçilikdən yüksək olması önə çəkilir. Hətta bəzi iqtisadçılar dəqiq hesablamalar apararaq, balıq məhsullarının kənd təsərrüfatı məhsullarından 10-12 dəfə artıq gəlir gətirdiyini üzə çıxarıblar. Buna görə də süni göllərin qurudulmasının iqtisadiyyata zərbə vuracağı deyilir.
İqtisadçı ekspert Qadir İbrahimli bir sıra qaranlıq məqamlara toxundu: "Biz ötən əsrin 30-cu illərinin kolxoz siyasətinə qayıdırıq? Azərbaycanda bazar iqtisadiyyatı davam edə biləcəkmi?
Bu kimi suallara cavab verilməlidir. 30-cu illərin quruluşuna keçid, yoxsa bazar iqtisadiyyatına davam? Hazırda müəmmalı və cavabı olmayan məsələ budur. 30-cu illərin kolxozlaşdırma quruluşuna keçilsə, o zaman heç bir hüquqi əsası olmadan həmin göllər zəbt ediləcək, onlar məcburi şəkildə əkin sahələrinə çevriləcəklər. Əgər bazar iqtisadiyyatı davam edəcəksə, o zaman həmin süni göllər insanlardan niyə geri alınır?
Qanunsuz fəaliyyət göstərən sahibkar, fermer anlayışı ümumiyyətlə yoxdur. Adicə evdə yüngülvari təmir işləri görəndə 2-3 orqandan gəlib təmirin dayandırılması tələb olunur, yaxud da rüşvət alıb gedirlər. Yəni heç nə icazəsiz baş vermir. Əgər hansısa ərazidə süni göllər yaradılıbsa, bu, dövlət orqanlarının rəsmi və ya qeyri-rəsmi icazəsi ilə baş verir. Burada yeganə çıxış yolu həmin fəaliyyəti leqallaşdırmaqdan ibarətdir. Əgər sahibkar fəaliyyət göstərib, dövlətin vergilərini ödəyirsə, ona şərait yaradılmalıdır. Bazar iqtisadiyyatının şərtlərindən biri də budur. Burada dövlət əmlakının oğurlanmasından söhbət getmirsə, həmin şəxslər fəaliyyətlərini davam etdirməlidirlər.
Bu gün Azərbaycanda balıq təchizatında həmin süni göllərin də böyük rolu var. Əslində hökumət çalışmalıdır ki, həmin göllər daha da böyüsün, gələcəkdə həmin məhsulları xaricə çıxarmaq mümkün olsun. Məsələyə bu kontekstdə yanaşmaq lazımdır.
Əks halda, inzibatı yollarla həmin əraziləri zəbt etmək, yerinə əkin sahələri salmaq düzgün deyil. Süni göllər iqtisadiyyata, dövlətə və insanların məşğuliyyətinə daha böyük töhfələr verə bilər. Sadəcə, həmin işlə məşğul olan şəxslərə şərait yaradılmalıdır. Bununla hər kəs qazana bilər. Süni gölləri ləğv etmək nəinki xeyirli, əslində ziyanlı bir şeydir.
İnsanların mülkiyyət toxunulmazlığı var. Əgər həmin ərazilər sahibkarın şəxsi mülkiyyəti deyilsə, nəzərə almaq lazımdır ki, oranı silah gücünə zəbt etməyib. Razılaşma əsasında həmin torpağa sahib çıxıb. Bu gün Azərbaycan iqtisadiyyatının rüşvət, korrupsiyadan da çox olan problemi mülkiyyət toxunulmazlığıdır, yəni hüquqların tapdalanmasıdır. Mülkiyyət hüquqi tapdalanan ölkəyə investisiya da qoymurlar. Rəqabət mühiti yaradılmalıdır. İnzibati qaydada belə məsələlərin həlli yolları müsbət heç nə vəd etmir".
Ekspertlər həmçinin bildirir ki, süni göllər hesabına son illərdə Azərbaycanda balıq məhsulları həm bollaşıb, həm də nisbətən ucuzdur. Əgər bu göllər ləğv edilərsə, həm brakonyerlərin sayı artacaq, həm də balıq məhsulları bahalaşacaq. Hazırda təbii su hövzələrində brakonyerlər, belə demək mümkünsə, "at oynadır", balığın kökünü kəsirlər. Mütəxəssislər hesab edir ki, süni gölləri məhv etmək əvəzinə müvafiq qurumlar brakonyerlərlə mübarizə aparmalıdır. (musavat)
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































