Şamaxıda vətəndaşı döyərək ondan külli miqdarda pul tələb etməkdə, başqa bir şəxsi ölüm həddinə çatdırmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. İntihar edən şəxslə intim münasibətdə olan, daha sonra ondan hədə-qorxu ilə pul təlbə etməkdə təqsirləndirilən qadın da müttəhimlər kürsüsünə çıxarıılıb.
Mediainfo.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Dünyamalı Şahbazovun və onunla birlikdə həbs edilən Elnarə Əzimzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti məhkəmə iclasında hökm oxunub və iki şəxsə ağır cəza verilib. Bildirək ki, ittihamda Dünyamalı Şahbazovun əməllərindən üç nəfərin zərər çəkdiyi göstərilir.
Zərərçəkmişlərdən biri Nübari Nazir Nübarəli oğludur. O, hazırda həbsdədir. Nazir Nübari narkotik ittihamı ilə DTX-nın əməliyyatı nəticəsində saxlanılıb.
Məlumata görə, Rusiya vətəndaşı Dünyamalı Şahbazov Şamaxı rayonunun Şəhriyar qəsəbəsində şəxsiyyəti məlum olmayan iki nəfərlə birləşərək Nazir Nübarinin yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib, sonra qəsəbədəki Bayraq meydanı adlanan əraziyə gətiriblər.
Həmin şəxslər orada Nazir Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Dünyamalı Şahbazov şübhəli şəxs qismində tutulub.
İstintaq orqanı tərəfindən Dünyamalı Şahbazovun barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Bu işdə N.Nübarinin xanımı da zərərçəkmiş kimi tanınıb.
İttihama görə, Dünyamalı Şahbazov Bəxtiyar Həsənzadənin intiharında da suçlanır. İddiaya görə, Dünyamalı Şahbazovun Bəxtiyar Həsənzadədən külli miqdarda alacağı olub. Həmin məbləğin 30 minini qaytaran Bəxtiyar Həsənzadə pulun 70 minini qaytara bilmədiyi üçün intihar edib. İttihamda göstərilir ki, Bəxtiyar Həsənzadə Elnarə Əzimzadə ilə intim münasibətləri ilə şantaj edilib.
İstintaq orqanının Dünyamalı Şahbazova qarşı ittihamının mahiyyəti belədir ki, o ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla intim görüntülərini əldə edərək onları şantaj etməyə başlayıb. Məlumata görə, Dünyamalı Şahbazov əsasən vəzifəli şəxsləri tora salırmış. Bəxtiyar Həsənzadənin intiharı ilə bağlı Elnarə Əzimzadə də saxlanılıb. Səs-küylü intihar hadisəsi ilə bağlı yayılan məlumatlarda göstərilir ki, mərhum Bəxtiyar Elnarə ilə bir neçə ay sevgili olub. Onlar ayrıldıqdan sonra isə Bəxtiyar intihar edib.
Lakin Bəxtiyarın intiharı ilə bağlı başqa bir iddia da var. Bildirilir ki, Elnarə Bəxtiyarla sevgili olduqdan sonra onunla arasında yaranan münasibətdən istifadə etməyə başlayıb. İddiaya görə, Elnarə Dünyamalı Şahbazovla birlikdə plan quraraq Bəxtiyar Həsənzadəni intim görüntülərinin olması ilə şantaj etməyə başlayıblar. Onlar Bəxtiyarın bu münasibətini yaxınlarına deyəcəkləri adı ilə ondan külli miqdarda pul tələb ediblər.
Elnarə Əzimzadə məhkəmə prosesi davam edən ərəfədə həbs edilib. O zamana qədər isə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Elnarə Əzimizadə deyir ki, həbsi mərhum Bəxtiyarın vəzifəli qohumlarının sifarişidir. Elnarə söyləyir ki, Bəxtiyarın evli olduğunu bilməyib və onunla sevgili olub. Sonradan Bəxtiyarın evli olduğunu öyrənib və münasibətlərə son qoyub. Elan olunmuş ittihamla Şahbazov da özünü təqsirli bilməyib. Daha əvvəl də məhkumluq həyatı yaşayan Şahbazov deyib ki, Elnarənin ifadəsi əsasında həbs edilib.
Dünyamalı Şahbazov bildirib ki, uzun müddət Moskvada yaşayıb. 2012-ci ildə Bakıya gəlib. Bir müddət sonra kütləvi davada iştirak edib və xuliqanlıqda təqsirləndirilərək həbs edilib. Cəzasının bir hissəsini həbsdə çəkdikdən sonra şərti olaraq azadlığa buraxılıb. Dünyamalı Şahbazov bildirib ki, şərti cəza aldığı üçün Moskvaya qayıda bilməyib. O, Şamaxıda yaşadığı müddətdə işləmədiyini deyib.
Daha sonra Bəxtiyar Həsənzadənin ölümü haqda danışan Dünyamalı Şahbazov bunları deyib:
"Rəhmətlik Bəxtiyarla yaxın dostluğumuz olub. Mənim onunla bütün telefon danışıqlarımız, yazışmalarımız var. Bəxtiyar öləndən sonra bizi düşmən elədilər. Halbuki yazışmalarda bizim münasibətlərimizi sübut edən hər şey var idi. Mənim telefonum istintaqdadır. Götürsəniz, hər şey aydın olacaq.
Biz tez-tez görüşürdük. İkimiz də marixuana çəkirdik. Əsasən Şamaxıda görüşürdük. Heç vaxt da aramızda söz-söhbət olmayıb. Bir dəfə rayonda olanda mənə zəng elədi. Görüş üçün evlərinə çağırdı. Getdim, oturub söhbət elədik. Dedi ki, başım xarab olub, çünki Elnarə ailəm haqqında ağzına gələni danışıb. Mən də ona dedim ki, Elnarənin sözünə qulaq asmaq lazım deyil. Çünki kimsə onun sözünə inanıb Bəxtiyarı ləkələməzdi. O da mənimlə razılaşdı ki, buna dəyməz. Sonra mən oradan çıxıb getdim. Səhər, hamımızın tanıdığı Asif var, mənə zəng elədi ki, Bəxtiyar özünü asıb. Mən buna inanmadım, dəhşətə gəldim".
Dünyamalı Şahbazov Elnarə Əzimzadə ilə özünün və dostu Bəxtiyarın tanışlığının haradan yaranmasını da izah edib:
"Mənim Elnarə ilə münasibətim olub. Onun evində qalmışam, tez-tez görüşmüşük. Bir dəfə onun evində olanda Bəxtiyar zəng elədi ki, görüşək. Elnarə də dedi ki, evə dəvət elə. Bəxtiyar evə gəldi, çay içdik, nərd oynadıq. Biz üçümüz bir yerdə dəfələrlə görüşmüşük. Sonra elə oldu ki, Elnarənin Bəxtiyarla münasibəti yarandı, biz az-az danışırdıq. Onlar arasında olan münasibətdən tam xəbərim yox idi. İttihamda yazılır ki, guya mən Elnarə ilə birləşib Bəxtiyar şantaj etmişik. Bunu da Elnarənin ifadəsi ilə yazıblar. Mən onların arasında olanları bilmirəm. Bəxtiyarla mənim aramda olanlar isə sübut kimi telefondadır. Mənə Bəxtiyarın yas mərasimində Şamaxı prokurorluğundan zəng gəldi. Prokuror dedi ki, yasa getmə, orada səni günahkar, düşmən bilirlər. Mən daha əvvəl yasa getmişdim. Guya kimsə orada mənə səs yazısı göndərib, buna görə də mən oradan getmişəm. Bunların hamısı cəfəngiyyatdır".
Dünyamalı Şahbazov zərərçəkmiş kimi tanınan Nazir Nübari haqda da danışıb. O bildirib ki, Nazir Nübarini döyüb, amma ondan 60 min manat istəməyib. Şahbazov Nazir Nübarini döyməsinin səbəbini belə izah edib: "Narkotik istədik, vermədi. Ona görə də döydüm".
Onun ifadəsindən məlum olub ki, zərərçəkmiş kimi tanınan Zümrüd Manafova ilə də münasibəti olub. Dünyamalı Şahbazov qeyd edib ki, Zümrüd Manafova ilə aralarında yaxın münasibət olub. Manafova ona kömək məqsədi ilə 1000 manat verib. O, Manafovanı şantaj eləmədiyini, pul tələb etmədiyini deyib.
Məhkəmə hər iki şəxsin əməllərinə qiymət verərək onları günahkar bilib.
Hökmə əsasən D.Şahbazov həbsdə olduğu müddət çıxılmaqla 13 il 2 ay, Elnarə Əzimzadə isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































