Bu gün Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalının 21 ili tamam olur. 1993-cü ilin aprelin 2-də Kəlbəcər düşmən tərəfindən işğal olundu, yerli sakinlər rayonu tərk etmək məcburiyyətində qaldı.
Kəlbəcəri işğal etməyə müvəffəq olan düşmən həm də, Dağlıq Qarabağın Ermənistana birbaşa çıxışını təmin etmiş oldu. Kəlbəcərin işğal olunması haqda suallarımıza həmin dövrdə hakimiyyətdə təmsil olunan sabiq daxili işlər naziri İsgəndər Həmidov cavab verib. Müsahibimiz eyni zamanda Türkiyədə keçirilən son bələdiyyə seçkiləri, Millətçi Hərəkat Partiyasının gözlənilən qədər yüksək nəticə göstərməməsi, hakim Ədalət və İnkişaf Partiyasının bundan sonrakı addımları haqda fikirlərini bölüşüb.
- İsgəndər bəy, bu gün Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür. Bu günü necə qarşılayırsınız?
- Mənim həyatımda çox ağır günlər olub. Amma ən ağır günüm Kəlbəcərin işğalıdır. Kəlbəcər strateji mövqeyə malik idi. Üstəlik, Kəlbəcərin yerüstü və yeraltı sərvətləri kifayət edirdi ki, Azərbaycanımızın yarısı xoşbəxt yaşasın. Kəlbəcərin işğalından sonra mənim içimdə bir sarsıntı yaranıb. Hesab edirəm ki, Kəlbəcərin işğalı mənim həyatımda namusuma vurulan ən böyük ləkədir.
- Kəlbəcər işğal edildikdən sonra siz ora getmisinizmi?
- Həbsdən çıxdıqdan sonra Kəlbəcərə üç dəfə getmişəm. Haçan istəsəniz kasetləri baxmaq üçün sizə təqdim edə bilərəm. Amma təəssüflə deyim ki, biz Kəlbəcərə məxfi şəkildə gedib-gəlmişik.
- Demək, Kəlbəcər işğalda olsa da, ora gedib-gəlmək mümkündür?
- Əlbəttə, mümkündür. Mən 200 nəfər əsgərlə gedib Kəlbəcəri götürə bilərəm. Amma bundan sonra arxadan bizə kömək gəlməlidir. Qeyd edim ki, Kəlbəcərdə erməni yoxdur. Sadəcə olaraq bir neçə erməni orada araq içib yatırlar. Oranı işğaldan azad etmək bir günün işidir. Ancaq rayonu götürdükdən sonra arxadan kömək hökmən olmalıdır. Çünki rayonun Ermənistanla böyük sərhədi var. Rayon Ağdərə, Göyçə və Sisyan tərəfindən ermənilərlə sərhəddir.
- Siz Kəlbəcərin işğal olunması haqda xəbərini harada eşitdiniz?
- Kəlbəcərin işğal oluna biləcəyini görürdüm. Rayonun strateji mövqeyi əhəmiyyətli idi. Erməni tərəfinin Dağlıq Qarabağa iki istiqamətdən çıxışı var idi. Bunun biri Laçın dəhlizi vasitəsilə idi. Digəri isə Kəlbəcər yolu idi. Odur ki, erməni tərəfi Kəlbəcərə diqqət yetirməyə bilməzdi. Onlar sona qədər Kəlbəcərin üzərinə gələcəkdilər. Rayona hücum olan zaman mən iki sual verdim. Birinci sualım belə oldu ki, Qara Qaya yüksəkliyi kimdədir? Qara Qaya Kəlbəcərlə Göyçə arasında yüksəklikdir. Sonra soruşdum ki, Narışlar yüksəkliyi kimdədir? Bu yüksəklik də Ağdərə ilə Kəlbəcər arasında yerləşir. Sualımdan sonra bəlli oldu ki, hər iki yüksəklik düşmənin əlindədir. Bundan sonra bəlli oldu ki, Kəlbəcərin taleyi həll olunacaq. Evdə oturmuşdum və mənə zəng edərək dedilər ki, Kəlbəcərə hücuma start verildi. Mən də həmin gün Az.Tv-yə getdim. Çünki orada teledebat gedirdi. Debatda bildirdim ki, burada oturub bir-birinizi ittiham etməyin, Kəlbəcər işğal altındadır, rayona köməklik lazımdır. Bundan sonra məni "xuliqan" elan etdilər və bunu da hər yerdə bəyan etdilər. Kəlbəcərin işğalından sonra isə artıq dözə bilmədim.
- İşğalın qarşısını almaq mümkün idimi?
- Əlbəttə, Kəlbəcərin verilməsinə görə mənim də təmsil olunduğum hakimiyyəti günahlandırır, səriştəsiz deyirlər. Kəlbəcərə Pənah Hüseyn və Arif Hacılı getmişdi. Yəni hakimiyyətin Kəlbəcərlə sıx təması var idi. Sadəcə olaraq, burada əsas məsələ Kəlbəcərin mövqeyi ilə bağlı idi. Kəlbəcər sıx dağların arasında yerləşirdi. Əgər bu dağlar və ya yüksəkliklər düşmənin əlində idisə, deməli, Kəlbəcəri saxlamaq qeyri-mümkün idi. Ancaq Gəncə ilə Kəlbəcərin arasında yerləşən dağ əlimizdə olsaydı, rayonu saxlamaq olardı. Amma sonda camaatımız çox pis və səfil şəkildə Kəlbəcəri tərk etdilər. Yaxşı ki, əhali mühasirəyə düşmədi. Mühasirəyə düşməməyin səbəbi yerli özünümüdafiə dəstələrinin sona qədər müqavimət göstərməsi idi.
- Kəlbəcər dağlıq rayon idi, sakinləri uzunömürlü hesab olunurdu. Bu gün rayonun işğalı kəlbəcərlilər üçün hansı problemlər yaradır?
- Kəlbəcərlilər üçün Kəlbəcər bir namus məsələsidir. Kəlbəcəri görən adam heç İsveçrədə belə yaşaya bilmir. Ora Allahın yaratdığı bir möcüzə idi. İndi mən kəlbəcərlilərlə söhbət edirəm, deyirlər ki, artıq təpəyə dağ, qara suya bulaq deyirik. Amma Kəlbəcər başdan-ayağa dağlar və soyuq bulaqlardan ibarət idi. Əlbəttə, Bakıda və rayonda doğulan kəlbəcərliləri nəzərdə tutmuram. Beş yaşına qədər Kəlbəcərdə yaşayan insanın ürəyindən Kəlbəcərin dağları silinə bilməz. Çünki Kəlbəcərdə bütün iqlimlər və gözəlliklər mövcud idi. Hazırda kəlbəcərlilərin yaşam həyatına gəldikdə deyim ki, 36 rayonda kəlbəcərlilərin məzarlığı var. Əvvəl insanlarımız Kəlbəcərdə 80-90 il yaşayırdı. İndi eşidirsən ki, bəs 35-40 yaşında cavan insanlar rəhmətə gedib. Özü də, birinin 40 mərasimi çıxmamış bir başqasının vəfatı haqda informasiya alırsan. 36 rayonda qəbiristanlığı olan kəlbəcərlilər necə Kəlbəcər həsrəti çəkməyə bilər? Bu, əsla mümkün deyil. Bu dəhşətdir. Dünyada ən ağır şey vətənsiz yaşamaqdır. Biz böyük Azərbaycanda özümüzü qərib kimi hiss edirik. Bu təkcə kəlbəcərlilərə deyil, zəngilanlılara, qubadlılara, şuşalılara, ağdamlılara, laçınlılara və digər işğal olunan rayonlarımızın sakinlərinə aiddir.
-Kəlbəcəri geri qaytara biləcəyikmi?
- Kəlbəcəri qaytarmaqdan ötrü özümüzdə təpər tapmalı, vətən uğrunda döyüşə atılmalıyıq. Kəlbəcəri geri almağın yolu var. Birincisi, Ağdərə istiqamətində irəliləyərək Ağdərəni almaq lazımdır. İkincisi, Murovu aşıb Kəlbəcərə daxil olmaq olar. Nəzərə almaq lazımdır ki, Kəlbəcər dağlıq ərazi olduğundan burada tank, BTR və ya BMP işləməz.
- İsgəndər bəy, Türkiyədə son bələdiyyə seçkilərini hakim Ədalət və İnkişaf Partiyası uddu. Başqa sözlə, millətçilər bu seçkilərdə məğlub tərəf hesab olundu. Bu məsələlərə münasibətiniz necədir?
- Bəli, seçkilərdə hakim partiya qalib gəldi və hətta əvvəlki seçkilərdən də çox səs topladı. Türkiyə üçün ortaya yeni bir lider çıxdı, bu Ərdoğandır. Bu qədər təpki, təzyiq, gizli səs yazıları, korrupsiya ilə bağlı iddialar, nazirlərinin övladlarının korrupsiyaya görə həbsinə rəğmən Ərdoğan müdafiə deyil, hücuma keçdi. Adam rayon-rayon, kənd-kənd gəzdi və ciddi seçki kampaniyası apardı. Sonda da qalib gələn tərəf oldu. Amma Ərdoğan da anladı ki, millətçilərin üzərinə gəlməklə, generalları həbsə atmaqla böyük səhv edib. Sonradan səhvini düzəldərək onları azadlığa buraxdı. Bu da ona müəyyən qədər uğur gətirdi. Ərdoğan əvvəl dinçilərə söykəndi, sonra gördü ki, bu, onun hakimiyyəti üçün təhlükə yaradır. Bundan sonra üzünü millətçilərə çevirdi. Elə yerlər var idi, millətçilər çox güclü idi, amma Ərdoğan onların səsinin yarısını aldı. Mən qələbəni Ərdoğanın apardığı kampaniyanın nəticəsi hesab edirəm. İstanbulda Ərdoğan 2 milyonluq mitinq keçirdi. Biz arzu edək ki, Türkiyə inkişaf etsin, güclənsin. Çünki Türkiyənin güclənməsi elə bizim güclənməyimizdir.
- Niyə müxalifət Ərdoğanla mübarizə aparacaq lider ortaya çıxara bilmir?
- Bu saat Ərdoğanın tutduğu yol yarımdiktatura yoludur. Ərdoğan mütləq hakimiyyət istəyir. Artıq Türkiyədə Anayasa dəyişdirilib və ölkə prezident üsul-idarəsinə keçəcək. Ərdoğan indi prezident seçkilərinə hazırlaşır və güman edir ki, seçkini udub yarımdiktatura formalaşdıra biləcək. Amma nəzərə almaq lazımdır ki, Türkiyədə "bəli" deyənlərlə yanaşı "xeyr" deyənlər də çoxdur. Hesab edirəm ki, Ərdoğan bunu edə bilməz. Əgər edəcəksə, deməli, sonunu yaxınlaşdırıb bitirəcək.
- Ərdoğanı bir siyasi fiqur kimi necə qiymətləndirirsiniz?
- Ərdoğanı qalstuklu molla hesab edirəm. Amma bu şəxs Türkiyənin iqtisadiyyatının qalxmasında ciddi rol oynadı. Mənim üçün Ərdoğan Türkiyənin baş naziridir. Gələcəkdə əgər prezident seçiləcəksə, biz türk xalqının seçiminə hörmətlə yanaşacağıq. Amma mənim üçün millətçilərin qələbə çalması daha yaxşı olardı.
- Millətçi partiya nədən az səs topladı?
- Millətçilərin təbliğat-təşviqat kampaniyası çox zəif getdi. 20 il bundan əvvəl PKK bir millətçini qətlə yetirə bilməzdi. Amma 2013-cü ildə PKK MHP-nin qərargahına daxil olaraq üç millətçini qətlə yetirdi. Əgər rəhmətlik Türkeş sağ olsaydı, buna görə, indi PKK-nın yarısı qanın içində boğulardı. Türkiyədə millətçilər milli məsələlərlə müqayisədə demokratik oyunlara və dəyərlərə daha çox yuvarlandılar. Bunun nəticəsində MHP çox az səs topladı. İş o yerə çatdı ki, MHP İqdırda kürdlərə uduzdu. Bunların hamısı millətçi xətdən bir qədər kənara çıxmanın nəticəsidir.
- Sizcə MHP-də hansısa dəyişikliklər olmalıdırmı?
- Xeyr, MHP-də heç bir dəyişiklik etmək lazım deyil. Sadəcə olaraq Türkeşin yaratdığı partiyanın dəyərlərinə sahib çıxmalı və bu dəyərlər əsasında fəaliyyətini davam etdirməlidir. Yalnız bu halda uğur əldə oluna bilər. Çünki indi Türkiyə Suriya münasibətləri, habelə PKK-nın baş qaldıraraq türkmənləri qətlə yetirməsi göstərir ki, bu proseslərə qarşı duracaq yeganə ideologiya millətçilik ideologiyasıdır. Bundan başqa bir ideologiyanı görmürəm.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































