Deyirlər, qadın zərif məxluqdur. Zəif hesab edənlər də var. Lakin tarixdəki faktlar bunu sübut edir ki, qadınların cəmiyyətdə necə böyük rolu var. Bugünkü müsahibimiz də həm idman, həm də mətbuatda özünəməxsus yeri olan Təranə Ankadır (Xudobaxşıyeva). Əslində müsahibə etmək fikrimiz vardı. Lakin xanım özü və işi haqda o qədər maraqlı və ətraflı danışdı ki, onu olduğu kimi təqdim etməyi məsləhət gördük.
Anam dedi ki, "Təranə, bunu atan bilməsin"…
1988-ci ildə Sabunçu rayonunda anadan olmuşam. Demək olar ki, ömrümün bütün hissəsini orada keçirmişəm. Orta təhsilimi 96 saylı orta məktəbdə almışam. Bundan sonra tale məni incəsənətə gətirib çıxartdı. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra artıq İncəsənət Universitetinin Kulturologiya fakültəsinin muzey işi və abidələrin mühavizəsi ixtisasları üzrə təhsil almağa başladım. Təhsilimi başa vurduqdan sonra muzeyşünas olacam deyə düşünmürdüm. Çünki bu ixtisasa təsadüfən düşmüşdüm.nAncaq açığını desəm bu sahəni sevirdim. Sadəcə olaraq tale elə gətirdi ki,nmən təsadüfi olaraq Avropa radiosuna dəvət aldım və 2010-cu ildən bu radioda işləməyə başladım. Həmçinin onu da qeyd edim ki, uşaqlıqdan bəri mənim idmana böyük marağım vardı. Brus Li, Ceki Çan və digərləri məndə Şərq idman növlərinə böyük həvəs yaratmışdı… (gülür)… Fikirləşirdim ki, mən nəsə etməliyəm. Atam isə deyirdi ki, "nə danışırsan?","idman sənlik deyil","qız nədir idman nədir?!" Ancaq mən iddialı bir insanam və əgər nəyisə məqsəd qoydumsa, Allahın köməkliyi ilə ona çatıram. Artıq 9-cu sinifdə olanda anama deyirdim ki, "mən idmana gedəcəm". Anam isə deyirdi ki, "oxu, məktəbi bitir, daha sonra idmana da gedərsən". Mən də başladım oxumağa. Onu da deyim ki, pis oxumurdum, hətta əlaçı idim. Təsəvvür edin ki, Universitetə qəbul olunduğum haqda mesaj telefonuma gələndə açıb gördüm ki, "Təbrik edirik! Siz Universitetə qəbul olmusunuz", daha sonra isə fakültənin kodu mesajla gəldi. İnanın heç baxmadım ki, hansı fakültəyə düşmüşəm. Qaçıb evdəkilərə dedim ki, "Mən idmana gedəcəm" (gülür). Yəni mənə maraqlı deyildi ki, hansı fakültədə oxuyacam. Mənə maraqlı idi ki, artıq tələbəyəm və ikinci məqsədimə çatmağıma az qalıb. Təbii ki, atam buna yenə də narazılıq edirdi və deyirdi ki, "idman hara, sən hara", "oxu ali təhsilini al". Bir dəfə xalamın qohumu öz oğlunu taekvandoya aparırdı. Açığı mən karate istəyirdim. Müəllim axtarırdım. Həmin xanım mənə dedi ki, "istəyirsən oğlumu taekvandoya aparanda sən də gəl bax, xoşuna gəlsə sən də gedərsən"…
"Neftçi" İdman Sağlamlıq Mərkəzi bizə yaxın idi. Getdim. Taekvando döyüşünü izləyəndə deyirdim ki, "bu nədir, ayaqla döyüşürlər. İstəmirəm". Ancaq fikirləşirdim ki, ayağın açılması üçün karatedən əvvəl 2-3 ay taekvandoya getsəm yaxşı olar.Gəlib evdə anam dedim ki,"getdim baxdım və xoşuma gəldi". Anam dedi ki, "Tərana, bunu atan bilməsin". Uzun sözün qısası, atamı da yola gətirə bildim. O da dedi ki, "get, ancaq 2-3 məşqdən sonra ayağın sınıb gəlsən, onda rahat olacaqsan" (gülür). Mənsə "yaxşı" dedim və 8 il taekvando ila məşğul oldum. Bu müddət ərzində ayağım da çıxdı, qabırğam da sındı, dizlərim də zədələndi… Əllərim və qolarımda zədələnməmiş yer qalmamışdı. Hətta yay vaxtı qolu uzun köynək geyinirdim ki, insanlar bunu görməsinlər. Məndən soruşanda ki, "niyə uzunqol geyinirsən?" cavab verirdim ki, "mənə soyuqdur"(gülür). Ancaq mən iddialı idim və bunu nəticəsində də 2007-ci ildə Respublika ikincisi oldum və beləliklə bunun ardınca qələbələrim sıralanırdı. Bunlara rəğmən mənim bir problemim vardı, o da universitet. Mən artıq 2007-ci ildə milli komandaya çağırıldım və bu zaman mənim qarşımda iki ciddi seçim dururdu. Ya mən idmanı seçməliydim, ya da universiteti. Fikirləşirdim ki, 18 yaşım var və idmana üçün hardasa gecikmişəm. İdmana gedəcəm, yığmalara düşəcəm, dünya və Avropa çempionatlarında iştirak edəcəm… Artıq bu 5 il vaxt demək idi və 23-24 yaşa çəkirdi. Və mən bunu edə biləcəmmi, bilməyəcəmmi deyə düşünürdüm. Hər dəfəsində deyirəm ki, hər idmanla məşğul olan insan çempion olmur. Söhbət Avropa, Dünya çempionatları və Olimpiyadan gedir. 5 mindən bir nəfər qalib olur ya yox. Və bu şansın mənim üzümə gülüb gülməyəcəyi qaranlıq tuneldə bir işığa bənzəyirdi. Nəzərə alsaq ki, atam da buna icazə vermirdi, qərara aldım ki,öz milli yarışlarımızda iştirak edim.Bu ikinci dəfə təkrarlandı və mən Respublika birinciliyində yer tutdum və yenidən milli komandaya çağırıldım. Onu da qeyd edim ki, mən 18 yaşımdan maaş almışam. Həmçinin universitetimizdə də çox aktiv bir tələbə idim. Bütün konfrans və elmi işlərdə fəal iştirak edirdim. 2010-cu ildə yenidən Respublika çempionatına hazırlaşırdım ,ancaq çox təəsüflər olsun ki, dizimdə olan "mezik" adlı problem ucbatından həkim mənə qəti şəkildə idmanla məşğul olmamağı tapşırmışdı. Və mən məcbur olub idmanı saxladım. Bu zaman təsadüfən bəxtim gətirdi ki, idman hakimliyi üzrə imtahan keçirilirdi və mən də özümü sınamaq qərarına gəldim. O zaman Azərbaycanda taekvando üzrə iki qadın hakim vardı: Raisa xanım və Gülnar xanım. Mən imtahan verdim və 60 nəfərin arasından seçilən 10 nəfərin içərisində mən də var idim. 2010-cu ildə mənim ilk yarışım "Azərbaycan Open" beynəlxalq yarışı oldu. Onun ardınca 2010-2011-ci illərdə Respublika birinciliklərini idarə etdim. Bu zaman Koreyadan gəlmiş mütəxəssislər ən yaşı hakimi seçirdilər və mən ilin ən yaxşı hakimi seçilmişdim. Bununla da artıq 4-cü ildir ki, mən taekvando üzrə milli hakim kimi çıxış edirəm".
Bir əcnəbi bizim saytlara daxil olsa, elə zənn edəcək ki, Azərbaycanda futboldan savayı idman yoxdur
2010-cu ildə radioda işləyən zaman idman saytından da təklif aldım. Mundial.az saytının rəhbəri İlkin Vidadioğlu mənə işləməyi təklif etdi və mən də razılaşdım. Ancaq onu deyim ki, çox işləmədim. Bir neçə ay çalışdım və idman jurnalistikasındakı bir çox məsələləri öyrəndim. Sonradan bir sıra səbəblərdən saytdan uzaqlaşdım. Onda mən artıq başa düşüdüm ki, idman sahəsində qalmaq lazımdır. Yəqin siz də mənimlə razılaşarsız ki, idman jurnalistikasında işləmək üçün idmançı olmaq mütləqdir. Çünki idmançı olduqda onların dilini tutmaq, psixologiyasını bilmək, onlarla ünsiyyət qurmaq , idmançıların harda və hansı zəif nöqtələrini bilmək daha asan olur. Və mən artıq radiodakı fəaliyyətim zamanı bir idman verilişi açdım. Bununla da mən internet radiolar içərisində idman verilişi aparan ilk qadın aparıcı olmuşam. Çalışdım ki, burada tam fərqli birşeylər edim. Hazırda həmin veriliş "Step" adlanır. Verilişi idman sahəsi üzrə açmağımın əsas səbəbi o oldu ki, saytlara girəndə gördüklərim mənə həqiqətən çox təsir etmişdi. Hansı idman saytına baxırsan ancaq futbol! Bir əcnəbi bizim saytlara daxil olsa, elə zənn edəcək ki, Azərbaycanda futboldan savayı idman yoxdur. Düzdür hər bir idman sahəsinin öz federasiyası var ancaq mətbuatı yoxdur. Qazanılan uğurları federasiya öz saytında yerləşdirəndə demək olar ki, onu 4-5 nəfər oxuyur, ya oxumur.Bunun mətbuata verilməməsinin də bir sıra səbəbləri var. Əsas səbəb məhz federasiyalarının mətbuatının işləmə prosesində problemlərin yaranmasıdır. Mən Azərbaycanda futbol və futbol hakimlərindən başqa heç bir idman sahəsi üzrə müsahibə götürüldüyünü görməmişəm. Ola bilər ki, hər hansısa bir idmançı 4-5 dəfə dünya və Avropa çempionu olsun, o zaman ondan müsahibə alarlar. O da televiziyalarda dəfələrlə göstərildikdən sonra, jurnalist "boş vaxtım var bəlkə gedib bundan müsahibə götürüm" deyir. Bəli, bu çox ciddi bir problemdir. Və bu zaman anladım ki, Azərbaycanda idman jurnalistikası iki yerə bölünür:
1.İdman Jurnalistikası
2.Futbol Jurnalistikası
Birinci həqiqətən də idman jurnalistikasıdır. Hansı ki , futbolla yanaşı digər idman növləri də işıqlandırılır. Futbol jurnalistikasında isə əsas məsələ hər hansı bir klubdan maaliyə almaqla, onun təbliğidir. Əslində bu jurnalistika deyil. Bu hansısa bir klubun təbliğatıdır. Gəlin bunu açıq qəbul edək. Məsələn, hansısa bir saytı açırıqsa və həmin saytı tutalım ki,"Xəzər Lənkəran" klubu maaliyələşdirirsə, az qalsın ki, klubun futbolçularının yemək yediklərini səhnələrini də nümayiş etdirirlər. Bu piyardır. Bir var jurnalistika, bir də var piyar. Bizdə idman jurnalistikasından çox, piyar sahəsinin mütəxəssisləri yetişir. Niyə insanlar futbol deyəndə "Xəzər Lənkəran"ı,"Neftçi"ni,"Rəvan"ı tanıyır, ancaq karatenin məsələn "şotakan" növünü deyəndə susub, baxırlar ki, "karate nədir","hansı idman növüdür"?! Saytda əgər 100 xəbər varsa bunun 60-ı olsun futbol xəbəri olsun, 40 xəbər niyə də digər sahələr haqqında olmasın?! Budur əsas problem. Bu zaman həyəcan təbili çalınmalıdır ki, Azərbaycanda idman jurnalistikası yox dərəcəsindədir. Bu istiqamətdə müəyyən ciddi addımlar atılmalıdır. Əks halda Azərbaycanda idman jurnalistikası çökmə prosesinə doğru gedəcək.
Azərbaycanda ilk dəfə olaraq idmançılarımıza təlimlər keçməyi planlaşdırıram
Hazırda təlimçi kurslarını keçirəm. İlk olaraq sizə deyim ki, aprel ayından başlayaraq Azərbaycanda ilk dəfə olaraq idmançılarımıza təlimlər keçməyi planlaşdırıram. Azərbaycan idmançılarında psixoloji məsələlər, liderlik hissinin zəif olması və digər bu kimi problemlər onların məğlubiyyətinə gətirib çıxarır. Və onlara komanda şəklində çıxış etmək, liderlik əzminin artırılması, liderliyin növləri, qələbə qazanmağın yolları və digər keyfiyyətlər barədə təlimlər keçməyi düşünürəm. Onu da deyim ki, bunu tək mən yox idmançılar, futbol klubları da istəməlidirlər. Radioda da bir neçə layihə planlaşdırmışam.Daha doğrusu artıq həyata keçirirəm. Bu həm Qeyri Hökümət Təşkilatları(QHT), həm də gənclərlə bağlı layihələrdir. Digər bir layihəm məddəniyyətimizlə əlaqədardır. Burada teatrların, muzeylərin və gənc rəssamların əl işlərinin təbliği əsas yer tutur. 3-cü layihəm isə sözsüz ki, öz sahəm olan idmanla bağlı layihədir. Mən idman jurnalistikası deyəndə təbii ki, ancaq futbol nəzərdə tutmuram! Sizi inandırım ki, indiyə kimi layihəmə futbolçu dəvət etməmişəm. Ümumiyyətlə idman özü 4 yerə bölünür:
1.Müəllimlər
2.İdman rəsmiləri
3.Hakimlər
4.İdmançılar
Biz çox vaxt idmançılar və idman rəsmilərini üzə çıxarırıq. Arada qalan müəllimlər və hakimlər məhv olurlar. Belə olmaz! Biz 4 strukturun 4-nü də göstərməyə çalışmalıyıq və bu bizim əsas məqsədimizdir. Bəzən mən idman jurnalistlərini də dəvət edirəm ki, onların da cəmiyyətdəki problemlərlə fikirləri önəmli ola bilər. Yaxın gələcəkdə görəcəyim bir iş də var. Azərbaycanda artıq bir Qeyri Hökumət Təşkilatı(QHT) da yaratmışam, fəaliyyətimiz var və inşallah Nazirlikdən qeydiyyata alınarıqsa daha ciddi və dövlət səviyyəsində işlər görməyə çalışacağıq.
Söhbətləşdi: Daşqın Əzizov , Röya Kərimli
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































