“İkinci həyat” verilişinin aparıcısının ikinci həyatı

“İkinci həyat” verilişinin aparıcısının ikinci həyatı
Göz yaşları içində oxuyacağınız müsahibə

Həyat onu yaşadığın illərin sayına görə dəyərləndirilmir. Həyat ona dəyər verdiyin, onun dəyərləndiyi anların sayı ilə ölçülür. Biri var, 100 metr çiti ölçəsən, biri var 1 metr ipəyə könül verəsən.

Bugünkü qonağımız gənc olsa da, həyatın ilmələrini qarış-qarış süstləyib. Hər naxışında, hər ilməsində özünü, özü boyda incəliyini və zərifliyini qoruyub saxlaya bilib. Aktrisa, aparıcı Zümrüd Qasımova ilə müsahibəni oxumağına dəyər.

- Sizi "İkinci həyat" verilişində çox vaxt qəhərlənən görürük. Həssas insansınız, yoxsa başqa bir səbəb var?

- Sonuncu verilişlərimin birində bir qəhrəman var idi, hansı ki, yataq xəstəsi olan ata-anasına baxırdı. Onun danışdıqları məni kövrəltdi, çünki mən iki il yataq xəstəsi olmuşam. Bilirəm ki, yataq xəstəsi olmaq nədir, kimdənsə asılı olmaq nədir? O anda kimlərsə səni tərk edəndə yaşadığın iztirablar nədir? İnsanlar fikirləşir ki, sən öləcəksən, bir də ayağa qalxmayacaqsan. Yəni həyatın dayandı, sən bitdin. Allah insana elə güc verir ki, insan qalxır ayağa, bax mən qalxdım ayağa. Hər gün dua edirəm ki, Ya Rəbbim, məni kimsəyə möhtac eləmə. Canımı al, amma məni kimsəyə möhtac qoyma.

- O anları xatırlamaq çətin deyil ki?

- Çətin olsa da, danışacağam. Təsəvvür edin, yataqda uzanmışam, bütün günü televiziyanın qabağında depressiyada. Bilmirəm öləcəm, qalacam. Mübarizə aparıram, sevdiyim insan yoxdu yanımda. Tərk edib demək istəməzdim, o stressə dözə bilməyib. Hər adam onu qavraya bilmir. Yox, sonra yanımda oldu, hər şey yaxşı idi. Rəfiqələrimi görmürəm. O anda anana deyirsən, mama, çay gətir, mama, yemək gətir, sonra qışqırırsan, mama, sənə dedim axı bunu elə. Çünki yanında ondan başqa adam yoxdu, anadı. O da deyir, baş üstə, baş üstə. Mənim anam doğrudan elə bir insandır ki, nə bilim e.

Ana demək nə deməkdir ki? Anam mənim üçün nələr etmirdi, çimizdirirdi, başımı yuyurdu. Anam o anları mənimlə birlikdə yaşadı. Ona görə möhtac olmasın heç kəs heç kəsə. Mən sağlam, gözəl qız idim. Fikirləşirdim, hər şey gözəldir. 28 yaşımda birdən-birə bu xəstəlik. Ona görə elə şey görəndə mən çox kövrəlirəm.

- Ananızına acıqlandığınız üçün sonradan peşman olurdunuzmu?

- Oy, siz təsəvvür edin, mən bir az inadkar olmuşam. Həmişə demişəm, mən istədiyim kimi olacaq. Mən bir şeyi demək istəyirəm ki, anamın üstünə qışqırırdım, amma o anda anlayırdım ki, mənə dözə biləcək yeganə adam anamdır. Hər kəs keçib gedir. Mən övladam. Hərdən anamın başı ağrıyır, məndən dərman istəyir. Eləyirəm, amma ana kimi yox. Deyirəm, hə, yaxşı durum, amma anam qaçırdı.

- "O sınaqdan sonra ananızı yenidən kəşf eləmiş oldunuz" deyə bilərikmi?

- Kimya terapiya kursundan gəlmişdim, uzanmışdım. Anamın əlindən tutub dedim: "Axı sən 28 ildi harda idin ki, mən səni hiss eləmirdim?" Anam şoka düşdü. Dedim, mən səni görmürdüm, mama, mənim üçün hər şey maraqlı idi, amma sən yox. Təsəvvür eləyin də. Mən o qədər dərin fikirləşən adamam, çünki Vaqif müəllimin tələbəsi olmuşam, ruhla bağlı işləyən insanın tələbəsi olmuşam. Nə bilim, e, şükür Allahın bu gününə.

Mən çox arzu eləyirəm, xərçənglə bağlı ictimai təşkilatlara gedim, amma tapa bilmirəm. Türkiyədə elə təşkilatlar çoxdur. İstərdim burda da olsun. Özüm yaratmaq istərdim, amma hələlik vaxtım yoxdur.

Həyatımda indi mənə tələbat çoxdur, hər yerə dəvət edirlər. Xəstə olanda da dəvət edirdilər. Ümumiyyətlə, ən yaxın adamlarımdan başqa heç kim xəstə olduğumu bilməyib. Yaxın qohumlarımın da xəbəri olmayıb. Sevdiyim insan, yəni həyat yoldaşım, anam, bacılarım, onlardan başqa bunu bilən olmayıb. Birinci dəfə efirə çıxıb xəstə olduğumu deyəndə hamı şoka düşmüşdü. Telefonumu söndürdüm. Anama dedim ki, ev telefonunu da çıxart.

- Sevdiyiniz şəxsin, həyat yoldaşınızın bu xəbərə reaksiyası necə oldu?

- Mən anamın evində idim. Birdən birə onun əsəbləri dözmədi. 20 günlük getdi. Mən əməliyyatdan qayıtmışam və saçlarım əlimdə tökülür. O qayıtdı və dedi: "я подумал о том, что без тебя жить не смогу (mən düşündüm ki, sənsiz yaşaya bilməyəcəyəm)!" Dəhşət oldu mənim üçün. Bizim böyük sevgimiz olub, ona görə. Nə bilim. Həyatdı da, hər şey olur, bağışlamaq lazımdır insanları.

- Daxilən nə kimi hisslər keçirirdiniz?

- Mən belə deyildim, yaşadıqlarım məni belə kövrəltdi. Ay, mən bir şeyi deyim sizə. Allah heç kəsi onkoloji xəstəliyə salmasın. Heç vaxt unuda bilmərəm, yataqlar və hər yataqda kimyanı gözləyən xəstələr növbədə durub. Hamı bir-birinin gözünün içinə baxır və düşünür ki, mən öləcəm. Dəhşətli mənzərədir. Onları keçəndən sonra bu həyatda nəsə xırda bir şey mənim üçün heç nədir.

Mən özümə baş daşı tapmışdım. İnanın mənə, artıq vəsiyyətimi yazırdım. Demişdim kimə nə verəcəyəm, nəyim var. Demişdim ki, məni rayonda basdırsanız, bilirəm ki, yanıma gec-gec gələcəksiniz. Heç olmasa arada kimsə gedib gül qoysun. Bax mən bütün bunları fikirləşirdim. Hamı məni sakitləşdirməyə çalışırdı. Söhbət ondan getmirdi ki, mən sağalacağıma inanmıram. Sadəcə real insanam. O dünyaya inanıram. Allaha qurban olum, Ona inanmayana lənət. Bu mənə hansısa günahlarıma görə verilən cəza idi. Həyatda heç nə elə-belə olmur. Bunu mən sizə deyirəm.

- İlahi ədalətə inanırsınız?

- Yüz faiz. Zəmanə elə gətirdi ki, mənim sevdiyim insanın mənə ehtiyacı oldu. O xəstələndi. O, mənim dərdimdən iyirmi üç kilo arıqladı. Onda bir-birimizə baxdıq. Baxışları ilə "məni bağışla" dedi. Dedim, canım, bağışlamışam keçib, təki sənə heç nə olmasın. Hazırda o çəkisini bərpa etməyə çalışır. O da getdi Türkiyəyə. Əməliyyat dedilər. Hətta biz qorxduq ki, onda da onkoloji xəstəlik var. O qədər o stressi yaşadı.

- "Günah işlətdiyim üçün cəza aldım" dediniz. Sizə elə gəlmirmi ki sağalmağınız günahınızın bağışlanması deməkdir?

- Elə hiss edirəm ki, günahlarımı yudum. Mən artıq ikinci həyatımı yaşayıram, doğrudan da. Nə yaxşı ki, məni bu verilişə dəvət etdilər. Özümü burada göstərə bildim. "Gecəyarısı" verilişində qısa yubkada gəzən Zümrüd aktrisa kimi oynayırdı, amma indi mən özüməm. Başa düşürsüz? Bu mənim ruhumdu, içimdi. Bilirəm məni sevən, sevməyən insanlar çoxdur. Amma yenə də, məni necə var, elə qəbul edirlər.

- Həyat yoldaşınız da sizi olduğunuz kimi qəbul edə bilirmi?

- Bizi tanış ediblər. Birinci tanış olduğumuz gündən fikirləşdim ki, o mütləq mənim olmalıdır. Əslinə qalanda mən onun dalınca düşmüşəm, mən ona nail olmuşam. Çünki onun həyatı bir dəfə dağılmışdı. O istəmirdi, xoşbəxt olmağa ümidləri yox idi, mən onu həyata qaytardım. Çox pis hallar yaşayırdı. Sonra o məni çətin günlərimdə həyata qaytardı, indi mən onu həyata qaytarıram. Biz beş il idi bir-birimizi tanıyırdıq, amma üç ildir ailə qurmuşuq. Ərə gedəndən 6 ay sonra mən xəstələndim. İki il xəstə oldum. Qayınanamla yaşayırdım.

Ola bilər ki, mən həftələrlə gedim anamın evinə, amma gecə zəng edir ki, hardasan? Soruşur, darıxmırsanmı mənim üçün? Dəhşət qısqancdır. Mən çox pis hala düşmüşdüm. Qadın kimi özümü gözəl hiss eləmirdim. O məni o halımda o qədər qısqanırdı ki. Hətta xəstəxanada əməliyyatdan sonra dedi ki, bura kimsə gəlmişdi, sən ona baxdın. Siz təsəvvür edin, o qədər o stressi mənə yaşatdı ki, xəstə olduğumu unutdum. Fikirləşirdim, necə sübut edim ki, mənim ondan başqa heç kimim yoxdur, ancaq onu sevirəm? Hal-hazırda da məni qısqanır. 54 kilo idim, 16 kilo almışam, kökəlmişəm. Hər gün eyni iradlar, qırğınlar, hər şey əvvəlki kimi davam edir. O insan mənə hiss elətdirdi ki, sən gözəlsən, mənim üçün bir dənəsən, ilk tanıdığım Zümrüdsən. Sevgi insanı yaşadır. Sevgi, sevgi və ancaq sevgi. O Qoç, mən Qoç.

- Qarşılıqlı sevgidən danışdınız, bəs övlada məhəbbət sizin üçün nə deməkdir?

- Bilmirəm ana olacam, ya yox. Mən o hisslə tanış deyiləm, dəqiq bilmirəm. Amma mən düşünürəm ki, övladım üçün hər şey eləyərəm. Hətta məqamlar olub ki, mən anama demişəm, mama, amma mən övladım üçün başqa cür eləyərdim. Çünki ailə daxilində kiçik bir problem olmuşdu. Mən insanları yoxlamaq üçün söz atıram, sonra ətrafdakıların reaksiyasına baxıram. Ailə içində söz atdım ki, guya mən həyat yoldaşımdan ayrılıram, gəlin nəyisə bölək. Və mən gözləmədiyim münasibəti gördüm. Axırda dedim ki, eləmirsinizsə sizi məhkəməyə verəcəyəm. Amma mən ölürəm onlar üçün, onlar da mənim üçün. Sadəcə anamgili yoxlamaq istədim. Gözləyirdim desinlər ki, sənə qurbandı, fəda olsun hər şey sənə. Mən onu hiss eləmədim. Bu belə olmalı deyildi. Mənim uşağıma bir şey lazım olsa, hər şeyimi sataram, çox üzr istəyirəm, axırıncı yola gedərəm, ancaq övladımı böyüdərəm, sağaldaram. Ona görə də mən verilişin qəhrəmanlarına deyəndə ki, sən əri neyləyirdin, axı sənin uşağın var, o mənada deyirəm.

- Bəlkə bir az ailənizdən danışasınız?

- Ailədə 4 uşağıq, 3 bacı bir qardaş. Hamısı ailəlidir. Mən ikinciyəm. Məndən sonra gələn qardaş bacım əkizdirlər. Bacılarım mənə görə çox əziyyətlər çəkiblər. Balaca bacımı xüsusilə qeyd etmək istəyirəm. Ailəlidir. Dedim ki, gəl evə. Mənim çox sərt xasiyyətim var. Nə deyirdim, eləyirdi. Bu insandan bir dəfə də etiraz görmədim. Qardaşım kişidir. Səhvləri oldu, amma sonra üzr istədi. Qucaqlaşdıq, onu bağışladım. Elə dostlarım var idi ki, məclisləri mənsiz keçməzdi. Onlar məni axtarmadılar. Hamısı ilə əlaqəni birdəfəlik kəsdim. Bu yaxınlarda ad günüm idi. Beş-altı nəfər yaxın dostlarım və iş yoldaşlarım yanımda idi. O dostlara canım qurban. Axırıncı tikəmi verərəm. Bilirəm ki, yenə onlara arxayın ola bilərəm, başda anam olmaq şərti ilə. Kəşf elədiyim adamlar da oldu. Vəfa adında rəfiqəm var idi, işləyirdi. Evdə heç kim yox idi mənimlə qalmağa, yoldaşım da bütün günü işdə olurdu. Dedi ki, sən nə danışırsan, lazım olsa, işdən çıxaram. 10 gün gecə gündüz qulluğumda durdu. İndiyə qədər də onunla can deyib, can eşidirəm. Yeri gəlmişkən, o da Qoç bürcündəndir.

- Siz ulduz falına inanırsınız?

- Qoç inadkar, həyatsevər, mübariz, dostluğa sadiq olur. Yaxşılığa yaxşılıqla, pisliyə pisliklə cavab verməyi bacarır. Mənə xəstəliklə mübarizədə inadkarlığım kömək oldu. Bir də bu xəstəliyi yenmiş gənc qızlar zəng vurub dəstək olurdular.

- Bildiyimə görə, sizə dəstək olanlarla yanaşı, məyus edənlər də tapıldı. Həkimlərlə bağlı yaranmış problemi nəzərdə tuturam.

- Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası mənə səhv diaqnoz qoydu. Mən o qadına Allahdan çox böyük cəza istəyirəm. Mən ana ola bilərdim, ehtimal 10 faiz idi. O, məni ondan məhrum elədi. Altı ay nə deməkdi bu xəstəlikdə? Düz altı ay məni gecikdirdi. Sağalandan sonra getdim onun yanına. Dedi ki, mən görmədim. Biz hər şeyi araşdırıb Cəmilə Heybətovanı məhkəməyə verəcəyik.

Yoldaşım sağ olsun, məni Ankaraya apardı. Kimyanı burda, radioterapiyanı Ankarada elədim.

- "İkinci həyat" verilişinin aparıcısı adətən son sözlə verilişə nöqtə qoyur. Bu günə son sözünüz?

- Mən həmişə nikbin olmuşam. O halımda ən gözəl paltarlarımı geyinirdim, mütləq qırmızı pomadamı çəkirdim, başımda parik. Heç kim fikirləşə bilməzdi ki, mən xəstəyəm. Çox güclü qadınam, ağlamağı xoşlamıram. Oldu keçdi də, İnşallah qayıtmaz.

Gənclik həyatın ən qısa anıdır. Ona dəyər verən, onu qiymətləndirən insan həmişə gənc olaraq qalır...

Könül Aypara

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az