Yeraltı dünyanın qocaman sakini

Yeraltı dünyanın qocaman sakini
O, 52 yaşında jurnalistika fakültəsinə daxil olsa da, ömrü boyu süpürgəçi işləyib

Adətən qəzetdə, televiziyada, radioda və digər mətbuat orqanlarında tanınmış adamlardan müsahibə götürərlər. Bu gün də istisna deyil. Belə ki, sizə xalqın zəhmətkeş kütlələrinin yaxşı tanıdığı bir şəxsi təqdim edəcəyəm. Həmsöhbətim məşhur sənətkar, yazıçı və ya şair olmasa da, onu çoxlarınız metro vaqonlarında görmüsünüz. İnsanlara, "kitablarımı satıram, ehtiyacım var", - deyə müraciət edən bu ağsaqqalla mən də çoxdan tanış olmaq istəyirdim. Nəhayət, bir gün ev ünvanını götürüb görüşə yollandım. Ümumi həyətdə yerləşən birotaqlı mənzilində onunla səmimi söhbət etmək imkanı əldə etdim.

- Bəşir müəllim, ötən günlərə boylananda nələri görmək olar?

- Hal-hazırda 80 yaşım var. Masallı rayonunun Birinci Yeddioymaq kəndində dünyaya gəlmişəm. İki bacının, iki qardaşın böyüyü mən olmuşam. Atam müharibəyə gedəndə vəziyyətimiz xeyli ağırlaşmışdı. Məcburiyyət qarşısında qalıb qanqal, jmıx, əməköməci yeyirdik. Beləcə, yarıac, yarıtox 7-ci sinfi bitirib təhsilimi qonşu Qızılağac kəndində davam etdirdim. 4-5 kilometr məsafəni piyada qət etmək çətin olduğundan bir gün məktəbdə qalmaq qərarına gəldim. Qarlı-şaxtalı havada ayaqqabısız, isti paltarsız getmək çətin idi. Odur ki, müəllimlərdən xəlvəti sinif otağında yatmağa başladım. Bunu ancaq süpürgəçilər bilirdilər. Bir gün ədəbiyyat müəllimimiz Yolçu müəllim sübh tezdən sinfə daxil oldu. Gördü ki, içəridə məndən başqa heç kim yoxdur. Qolumdan tutub məni müəllimlər otağına apardı. Elə bildim, danlayacaq, məktəbdən qovacaq. Çox qorxdum. O isə gözlənilmədən mənə dedi ki, indən belə burada qalacaqsan.

- Həyatınızda bu cür gözlənilməz hadisələr çoxmu olub?

- Sumqayıtda dərzi işləyirdim. Bir gün yuxuda gördüm ki, cavan qız iki qadınla birlikdə mənə yaxınlaşdı və üstümə su tökdü. Yuxudan oyananda anladım ki, bu, mənim qismətimdir. Romantik şeirlərdə olduğu kimi, qismətimin axırına çıxmağa qərar verdim. Tikiş maşınlarını təmir etmək adı ilə rayonlara səyahətə çıxdım. Beləcə, tale məni Ucara gətirdi.

Küçə ilə gedirdim. Birdən hansısa qüvvə məni ayaq saxlamağa məcbur etdi. Baxanda gördüm ki, yuxudakı qız yaxınlıqda dayanıb. Sən demə, o da yuxuda bulaq başında şərf görübmüş. Hansı ki, həmişə mənim boynumda olur. Bir nəfərin vasitəsilə ona üzük və məktub yolladım. Sözümüz tutdu. Beləcə, onu "Villis"lə qaçırdım. Yolda pıçıltı ilə mənə dedi ki, sürücü qonşularıdır. Tez maşını saxladıb, başqa maşına mindik. Birlikdə Sumqayıta gəldik.

O vaxtlar həyat yoldaşımın yaşı az idi. Buna görə də milis idarəsinə çağırıldım. Babayev adlı müstəntiq məni xeyli döydü. Rəis içəri girib bu mənzərəni görəndə onu möhkəm danladı. Heç yadımdan çıxmaz, dedi ki, qız qaçırmaq el adətidir, yaxşı eləyib, qaçırıb. Məni rəisin otağına apardılar. O, dəstəyi qaldırıb harasa zəng edəndə ürəyim düşdü. Elə bildim ki, məni həyat yoldaşımdan ayıracaqlar. O isə gözlənilmədən VVAQ idarəsinə zəng vurub tapşırıq verdi ki, bizim sənədlərimizi qəbul etsinlər. Özümə də məsləhət gördü ki, həyat yoldaşım həddi-buluğa çatana qədər bir müddət gözə görünməyim. Ailəliklə kəndə getdik. Anam bizi qəbul etmədiyi üçün Kalinovka kəndinə yerləşməli olduq. Uzun illər orada qaldıq. Bu müddət ərzində altı uşağımız - 4 qızımız, 2 oğlumuz dünyaya göz açdı.

- Bildiyimə görə, instituta 52 yaşında qəbul olmusunuz. Bu, doğrudurmu?

- Bəli, 5 il yorulmadan universitetə qəbul imtahanı vermişəm. Nəhayət, 1984-cü ildə ADU-nun jurnalistika fakültəsinə daxil oldum. Lakin oranı bitirdikdən sonra sənətim üzrə heç bir yerdə iş tapa bilmədim. Məcbur olub Şin zavoduna süpürgəçi düzəldim.

- Gəlin bir qədər də yaradıcılığınızdan danışaq. İlk şeirləriniz nə zaman çap olunub?

- Hələ rayonda yaşayarkən yerli qəzetdə çap olunmaq üçün hər şeirimə görə bir baş qoyun rüşvət istəmişdilər. Üç şeirim nəşr olunduqdan sonra Moskvaya, birbaş Leninin adına açıq məktub göndərməli oldum. İstehza ilə yazdım ki, yoldaş Lenin, mənə 3-4 qoyun göndər ki, şeirimi çap etsinlər. Rayonun prokuroru məni yanına çağırdı. Məktubuma təkzib verməyi tələb etdi. Razılaşmadım. Dedim, əgər şeirlərim pisdirsə, niyə çap olunub, yox, əgər yaxşıdırsa, niyə məndən rüşvət tələb edirlər? 80-ci illərin əvvəllərində "Azərbaycan gəncləri" qəzetində şeirlərim işıq üzü görməyə başladı.

91-ci ildə ev almaq üçün Ali Sovetə ərizə ilə müraciət etmişdim. Məhərrəmov adlı səlahiyyətli şəxs "Dünya" şeirimə görə rayon icra hakimiyyətinin nümayəndəsi Tariyel müəllimə xüsusi tapşırıq verdi və məni təmənnasız şəxsi mənzillə təmin etdilər.

- Bəs kitab nəşr etdirmək fikri haradan yarandı?

- Həddən artıq çox şeirlərim var idi. Əl-ayaqda itib-batırdı. Bəzən saxlamağa yer olmadığından cırıb atırdım. Amma heyfim də gəlirdi. Çünki hər birində həyatımın müəyyən anları yaşayırdı. Süpürgəçilikdən aldığım 40 manat məvaciblə kitab buraxdıra bilməzdim. Heç yerdən köməyim də yox idi. Şin zavodunun ərazisindən kənar küçələri də süpürmək qərarına gəldim. Məqsədim qarşıma çıxan boş şüşələri toplamaq idi. İşim çoxalsa da, kitab buraxdırmaq həvəsi mənə güc verirdi. Beləcə, şüşələri təhvil verib müəyyən vəsait topladım və 1993-cü ildə "Gənclik" nəşriyyatında "Gəz məni" adlı ilk şeir kitabım işıq üzü gördü.

- Bildiyimə görə, 9 kitab müəllifisiniz. Bəs onları hansı vəsait hesabına nəşr etdirmisiniz?

- Həyat yoldaşım mənə bu işdə dəstək olub. Qayınanamın ona verdiyi evi satıb, kitabları araya-ərsəyə gətirmişik.

- Sizcə, bu qədər xərc çəkməyə dəyərdimi? Axı kitablarınıza çəkdiyiniz xərci ödəyə bilməmisiniz?

- Mən qazanc əldə etmək məqsədilə yazmamışam. Çalışmışam ki, kəsərli sözə dəyər versinlər. "Daraqla məni" adlı kitabıma filologiya elmləri doktoru, professor Qara Namazovun ön söz yazması və ya "Xəbər al məni" kitabımın Zülfüqar Şahsevənli tərəfindən redaktə edilməsi mənim üçün əvəzsiz hədiyyədir.

Türkiyənin Ərzurum Universitetində şeirlərimin elmi araşdırmalar mövzusuna çevrilməsi, geniş auditoriyalarda müzakirə olunması ən böyük qazancımdır.

- Bəs onda nə üçün kitablarınızı əlinizdə satırsınız?

- Etiraf etməliyəm ki, maddi cəhətdən çətinlik çəkirəm. İndiki bahaçılıqda aldığım cüzi təqaüd ancaq kommunal xərcləri ödəyə bilir. Yaşımın bu vaxtında məcbur olub kitablarımı özüm satıram. Əvvəl "Yaşıl" bazarda dayanıb satırdım. Sonra gördüm müştərilər çox azdır. Ancaq bir neçə ildir ki, metroya "28 May" stansiyasından daxil olub, müxtəlif istiqamətlərdə hərəkət edən qatarlara minirəm. Sərnişinlərə müraciət edirəm ki, maddi ehtiyacım var, kitablarımı alın. Kimsə maraqdan alır, kimsə yazığı gəlir alır. Bir sözlə, çörəkpulunu çətinliklə çıxarıram. Hərdən təhqir olunuram, hərdən qovuluram. Heç yadımdan çıxmaz, bir gün "İnşaatçılar" stansiyasında polis işçisi məni hamının yanında təhqir edib, vura-vura qatardan çıxartdı. Kitablarımı da cırıb atdı. Artıq oralara getməyə qorxuram.

- Bəlkə, qanunları pozmusunuz?

- Ola bilər. Amma qanunları yazan biz insanlarıq axı. Həmin o qanunlar deyilmi ki, ağsaqqal bir kişini əl açıb dilənməyə məcbur edir? Hansı qanunda yazılıb ki, peşəkar jurnalist ömrü boyu süpürgəçi işləyib, şüşə toplamaqla kitab çıxarsın? Bir də axı yazılmamış qanunlar da var. Ağsaqqala hörmət, sözə qiymət, kitaba rəğbət bizə ulularımızdan miras qalmış adət-ənənədir. Bu dəyərləri peşəsindən asılı olmayaraq hər kəs qorumalıdır.

- Sizcə, cəmiyyətimiz bu dəyərlərə sadiqdirmi?

- Bəzən elə olur ki, kitabımı almış müştərilər məni kənardan tanıyır və şeirlərim barədə düşüncələrini bölüşürlər. Və ya telefon nömrəmi tapıb evimizə zəng vururlar. Bax, onda cəmiyyətimizin mənəvi dəyərlərinə sadiq qaldığının şahidi oluram. Bu, məni çox sevindirir. Mən heç zaman xalq şairi adına layiq görülmək iddiasında olmamışam, ancaq xalqın şairi olmağı həmişə istəmişəm.

Son söz əvəzi: Yəqin ki, bahalı maşınlarda şütüyənlər, istirahət məkanlarında əylənməyi peşəyə çevirənlər, ömürlərini dəbdəbəli villalarla ofislər arasında səyahətdə keçirənlər onu tanımadılar. Heç tanımayacaqlar da. Ən azı ona görə ki, metro onların dünyasından xeyli aşağıda yerləşir. Lakin hər gün işə yarıyuxulu gedib yorğun gələnlər, evlərinə bir parça çörəkpulu aparmaq üçün çalışanlar, daim problemlərə aşağıdan-yuxarı baxanlar, yəni metro sakinləri onu yaxşı tanıdılar. Çünki o da milyonlardan biridir. Bəli, həmsöhbətim Bəşir Kəsərli adlı şair idi. Ona maddi sıxıntılardan əziyyət çəkən insan, həyatdan küsmüş ağsaqqal da demək olar. Biz onu görəndə üzümüzü yana çevirməməliyik, əziz oxucular. İmkan daxilində hərəmiz bir kitab almalıyıq. Çünki bununla eyni zamanda bir neçə savab qazanmış olarıq. Gəlin unutmayaq ki, kasıb adamın əlindən tutmaq, ağsaqqala ehtiram göstərmək, kitaba sahib çıxmaq hər birimizə başucalığı gətirər.

Natiq Qocaman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az