“Mənə qarşı yaranan bu inamsızlığın günahkarı xanımımdır”

“Mənə qarşı yaranan bu inamsızlığın günahkarı xanımımdır”
Şeyx Əbdül yubileyinin yüksək səviyyədə qeyd olunmamağından gileyləndi

Ömrün elə anları olur ki, şahidi olduğun bir hadisə əbədiyyətə çevrilir. Eynən "yeddi oğul istərəm" bədii filmi kimi. Bu filmin qəhrəmanlıq dolu hər bir epizodu kimi çoxmənalı adı da xalqımızın dillər əzbərinə çevrilmiş, el məsələ kimi zəngin folklorunda yer almışdır. Heç təsadüfi deyil ki, bu gün ailə quran cütlüyə ünvanlanan ən xoş arzu "yedi oğul istərəm, bircə dənə qız, gəlin" deyimi olur.

Onu "Yeddi oğul istərəm" bədii filmindən yaxşı tanıyırsınız. Bəli, o xalqımızın yeddi say-seçmə oğlundan birini canlandırdı və o andan etibarən bu müqəddəs rəqəmin tərkib hissəsinə çevrilə bildi. 70 ildir bu missiyanı daşıyan Şeyx Əbdül ömrün bugünkü anının qonağıdır.

- Yaxın günlərdə doğum gününüz olacaq. 70 yaşın astanasında özünüzü necə hiss edirsiniz?

- Əvvəla, sizə təşəkkür edirəm məni unutmadığınız üçün. İnanın ki, problemlərim üzündən az qala öz doğum günümü unutmuşdum. İnsanın iki müqəddəs günü var: biri - haqq imzası ilə bu dünyaya gəldiyi gün, digəri isə - haqq imzası ilə müvəqqəti dünyasını dəyişib haqq dünyasına getdiyi gün. Ömrü insana Allah verir, amma o ömrü necə yaşamaq insanın özündən asılıdır. Hürufilikdə belə bir ideologiya var: Allah o qədər alidir ki, insanlara alın təri ilə alın yazılarını yumaq şansı verir. Hər kəs öz əməllərinə görə Tanrı qarşısında cavab verməli olacaq. Mən heç bir halda əsas verməmişəm ki, məndən dostlarıma nəsə bir xətər dəysin, çünki mən o qeyrətin sahibi deyiləm. Yaxınlarımdan, qohum-əqrəbalarımdan mənə keçən milli-mənəvi dəyərləri hər zaman qorumağa çalışmışam, Allahın köməkliyi ilə bundan sonra da qoruyacağam.

- Yubileyinizi kimlərlə qeyd etmək fikrindəsiniz?

- Mən həmişə öz doğum günümə qarşı çox təvazökar olmuşam, bu işlərlə xanımım məşğul olub. Ailəni bir araya gətirib və kiçik süfrədə qeyd etmişik. Ölkə miqyasında tanınandan, məşhurlaşandan sonra işlədiyim kinostudiyada və ən nəhayət, dövlət səviyyəsində qeyd olunmağa başladı. Təəssüflər olsun ki, mənim bu illərdə çox böyük xidmətlərimin olmasına baxmayaraq, nə televiziya kanalları, nə KİV nümayəndələri, nə kinostudiyalar mənim doğum günümü yad etmirlər. Amma mən buna görə qətiyyən incimirəm, çünki etdiyim işlərin müqabilində böyük kino mənə hər şey verib. Bu dəfə də doğum günümü ailəmin, qohumlarımın və yaxın dostlarımın ətrafında qeyd edəcəyəm.

- Uşaqlıq illəriniz, məktəb illəriniz necə keçib?

- Bizim əslimiz-kökümüz böyük sürgünlərə məruz qalıb, amma şükürlər olsun ki, mən körpə olmuşam, o əziyyətləri görməmişəm və bu üzdən də həmin günləri çox xatırlamıram. Genetik olaraq aldığım gözəl ailə tərbiyəsi zaman-zaman mənim sonrakı təhsilimdə, fəaliyyətimdə çox böyük iz buraxıb. Ataların bir sözü var: ot kökü üstə bitər. Orta məktəbi çox yaxşı oxumuşam, çünki mən dərk edirdim ki, sürgünlərə məruz qalan insanlar cəmiyyətdə mövqe tutmaq üçün mütləq hamıdan bir addım öndə olmalıdırlar. Mən həm idmanla, həm bədii yaradıcılıqla, həm də öz sahəmlə məşğul olurdum.

- Sizin də ilk sevginiz məktəb illərində olub?

- Təbii ki, bütün uşaqlar, bütün gənclər kimi mənim də ilk sevgim olub. Həmin xanımın indi çox gözəl ailəsi, övladları, nəvələri var. Bəlkə də mən 40 ilə yaxındır onu görmürəm. Bu izdivacın baş tutmamasının bütövlükdə günahı məndədir, amma bir tərəfdən də mən özümü qismən günahkar hesab edirəm. Çünki zaman hər şeyi məhv etdi, mən oxumaq, təhsil almaq, cəmiyyətdə öz yerimi tutmaq istəyirdim. Elə bir dövrüm idi ki, qaynar kino həyatım da başladı və mənim başım qarışdı işlərə. Bir-birinin ardınca Moskva, tətil illəri, rejissorluq fəaliyyətim... və o vaxt ki mən ayıldım, artıq 35 yaşın içində idim. Həmin xanım da, təbii ki, ailə qurmuşdu. Buna görə də mən indiki həyat yoldaşımla ailə qurdum və çox xoşbəxtəm ki, bu gün mən həmin xanımla həyat yoldaşıyam. Mənim 70 yaş yaşamağımın, sağlam qalmağımın səbəbi məhz xanımımdır. Mən bu gün kimə deyirəm ki, mənim 70 yaşım var, heç kəs inanmır. Cəmiyyətdə mənə qarşı yaranan bu inamsızlığın günahkarı mənim xanımımdır.

- Bir az da tələbəlik illərinizdən bəhs edərdiniz...

- Mənim çox təmtəraqlı tələbəlik illərim olub, çünki biz birbaşa sənətlə bağlı idik. Mən də çox sevdiyim bir peşəyə gəldiyimçün məşqlər, teatrlar, kinostudiyada çəkilişlər, görüşlərdən başımı qaşımağa vaxtım yox idi. İncəsənət institutunun tarixində ilk dəfə dövlət təyinatı ilə kinostudiyaya göndərildik. Bu, böyük Adil İsgəndərovun kinostudiyaya rəhbər gətirildiyi bir vaxta təsadüf edirdi. O, qarşısına birmənalı şəkildə məqsəd qoymuşdu ki, kinostudiyanı nəhayət milliləşdirsin, milli kadrlar formalaşdırılsın və formalaşdırıldı da.

- Yeddi oğuldan biri - Qasım və ya Şeyx Əbdül kimi digər oğulları necə xatırlayırsınız?

- Bu gün mən nəinki o oğulları, ümumiyyətlə, hər kəsi xatırlayıram. Bakı mənim üçün bütövlükdə xatirələrdən ibarətdir. Sözsüz ki, bu xatirələr mənim müəllim və dostlarımla bağlıdır. Mən hər dəfə dünyadan köçən dostlarımı xatırlayanda kövrəlirəm, çünki onlar dünyadan vaxtsız köçmələrinə baxmayaraq, mən çox uzun bir ömür yaşadım. İndi o günlər, o çəkilişlər, səfərlər yadıma düşəndə hislərimə hakim ola bilmirəm. Çünki dünyadan gedən hər kəsin yeri boş qalır, əgər o yerlər dolsaydı, bəlkə də məni yandırmazdı.

- Çox vaxt epizodik rolları ifa etmisiniz, amma rollarınız yaddaqalan olub. Bu gün bir çoxları baş rol ifa etmələrinə baxmayaraq unudulurlar, nədir bunun səbəbi?

- Rolun böyüyü-balacası yoxdur, aktyorun böyüyü-balacası var. Həmişə rejissorlar ssenarini əllərinə alan kimi mənim fikirlərimi soruşurdular, çünki dünya görüşüm, savadım buna əsas verirdi. Filmə rollar seçiləndə həmişə ilk mənə təklif olunurdu ki, hansı rolu istəyirəm, seçim, mən də çox sadə rolları seçirdim və o sadə rollarla kifayətlənib deyirdim ki, siz baxın görün indi mən o rolu necə ifa edəcəm. Demək istəyirəm ki, aktyor ifa etdiyi istənilən rolu ürəkdən yaşamalıdır, əgər hər şeyi rejissorun göstərişi ilə etsə, o aktyor çox uğur qazana bilməz.

- Bu gün sizi aktyor olaraq niyə teatrlarda görmək mümkün deyil?

- Kino rejissorluğu ilə teatr rejissorluğu tamam fərqli sahələrdir, eləcə də teatr aktyoru ilə kino aktyoru fərqlidir. Çox az halda belə şeyə rast gəlmək olar ki, kino aktyoru eyni zamanda teatrda da rol alsın. Hökümə Qurbanova, Həsən Məmmədov, Rasim Balayev kimi nəhəng aktyorlarda teatr alınmadı. Amma Şahmar Ələkbərov, Həsənağa Turabov, Hamlet Xanızadə kimi sənətkarlar da var ki, hər iki sahədə özlərinə yer tapmışdılar. Mən də özümü kinoda tapmışdım, teatrda heç cür görmürdüm özümü.

- Sizi tez-tez şou-biznes məclislərində, səhnəyə yeni qədəm qoymuş gənclərin əhatəsində görürük. Maraqlıdır, Şeyx Əbdül həmin gəncin istedadının olmadığını görə-görə niyə ona dəstək olur?

- Atalardan bir misal var: Əkiblər ki, yeyək, əkirik ki, yesinlər. İnsanlar var ki, ilk dəfə gərgin olurlar, özlərini lazımı şəkildə təqdim edə bilmirlər, amma ola bilər ki, gələcəkdə musiqini onlarsız təsəvvür etmək mümkün olmasın. Mən sadəcə öz bildiklərimi onlara çatdırmaq istəyirəm, yəni oturmaq, durmaq, danışmaq, səhnə mədəniyyəti, filan.

- Son zamanlar adı qalmaqallarda tez-tez hallanan İlhamə Quliyevaya müraciətinizin cavabsız qalmağına münasibətiniz necədir?

- Mən hər şeyə obyektiv yanaşan insanam, İlhamə xanımı da uzun illərdir tanıyıram. Mən müraciətimlə demək istədim ki, qalmaqallar sənət aləmi üçün çox pis fikir formalaşdırır. Mən həm Həbib müəllimi, həm də Tükəzban xanımı çox yaxşı tanıyırdım, Allah onların hər ikisinə qəni-qəni rəhmət eləsin. Bu gün o sənətkarların şəxsi həyatlarını yada salıb danışan yoxdur, yalnız sənətlərindən danışılır, mən də bunu xahiş edirdim ki, şəxsi həyatlarını gündəmə gətirməsinlər, sənətləri ilə yaddaşlarda qalmağa çalışsınlar.

- "Ömrün anları"na son sözünüz nədir?

- Ömür elə bir İlahi paydır ki, onu yaşamayan əsla bilə bilməz. Mən 70 yaşın civarında bir söz deyə bilərəm ki, ömür insana bir dəfə verilir, buna görə də çalışsınlar ki, həm bu, həm də axirət dünyası üçün onu yaxşı niyyətlərlə yaşasınlar. Bir daha təşəkkür edirəm ki, məni yad etdiniz və unutmadınız.

Ömrün bugünkü anı da beləcə bitdi. Təki bitən anlar olsun, anlar bizi bitirməsin.

Arzu Murad

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az