“Taleyimdən razı oldum da, olmadım da, dəyişən deyil”

“Taleyimdən razı oldum da, olmadım da, dəyişən deyil”
Musa Yaqub mərhum həyat yoldaşını şeirlərində yaşatmağa çalışır

Şeir duyğuların sətirlərdə ifadəsidir. O, bir növ şair ürəyinin kardioqramıdır. Burada ritmik döyüntülər, şaqraq çırpıntılar, çılğın həyəcanlar, həzin kövrəlmələr və daha nələr, nələr əks olunur...

Şair qəlbinin məlhəmi isə oxucu məhəbbətidir. Bugünkü qonağım yaşadıqca yaradan, yaratdıqca yaşadan qocaman şairimiz Musa Yaqubdur.

- İllərin şairi Musa Yaqub özünü oxucularına necə təqdim edərdi?
- Oxucuya özümü gərək şeirimlə təqdim edim. Məşhur şair Yeseninin bir sözü var: "Şairin tərcümeyi halı onun şeirdir". Əsl poetik sözdə oxucu şairi tapıb, tanıya bilər. İndi təəssüf olsun ki, yaxşı söz deyən çox azdır ədəbiyyatda. Bəziləri də ədəbiyyatda yenilik yaratmaq üçün "postmodernizm" adı altında çıxışlar edirlər, onları da oxucuların bəzisi qəbul edir, bəzisi etmir. Bu belə də olmalıdır, ədəbiyyat fərdi yaradıcılıqdır, ədəbiyyatın konkret qanunu yoxdur, deyək ki, sən belə eləmə, belə elə. Bu mənada demək istəyirəm ki, əsl ədəbi nümunə ilə oxucu bizi onsuz da tanıyır və tanıyacaq.
- Xanımınızın yoxluğundan bir il ötdü. Onsuz olan günlərinizdə nələrə tab gətirməyə məcbur oldunuz?
- Bu hislər çox ağırdır. İnsan bir ömürlük yoldaşını itirəndə çox şeyləri itirir. Mən onsuz günlərimdə sadəcə əzab çəkməklə keçinib kifayətlənməmişəm, ona şeirlər həsr edib çalışmışam ki, şeirlərimdə onu yaşadım. Sırf şeir yazmaq xatirinə onu vəsf etməmişəm, ürəyimin göynərtiləri o şeirlərdə öz əksini tapıb. Əlbəttə, insan üçün itki çox çətindir, amma həyatdır, heç kim Allahın məsləhətinə qarşı dura bilməz, ömrü bura qədər imiş.
- Taleyin qisməti sizi rast salmasaydı, nələr ola bilərdi sizcə?
- Qismətlər çoxdur, ürəyin gizli bir küncündə yaşayan məqamlar var. Taleyin qismətindən heç vaxt yan ötmək olmaz.
Daha izim qalmaz çaylaq daşında,
Sel oynar üstündən, daş atar məni.
O köhnə dərdlərim bağrım başında
Göynəyə-göynəyə yaşadar məni.
Demək istəyirəm ki, o hislər insanın daxilində əzab verə-verə yaşayır, bəzən isə şükür edirsən ki, bu günləri görmüsən.
- Taleyinizdən razısınızmı?
- Taleyimdən razı oldum da, olmadım da, dəyişən deyil, elə həmin taledir. Düzdür, bir az da bundan yaxşı ola bilərdi, amma nə bilmək olar, bəlkə bundan da pis ola bilərdi?! Buna görə də gileylənməyə dəyməz.
- Bu dünyanın insanlarından necə, razısınızmı?
- İnsan belədir:
Nə hal varsa təbiətdə,
Onu gördüm cəmiyyətdə.
Doğrudan da təbiətlə cəmiyyət həmişə bir-biri ilə mübarizədədir. İnsanlardan narazı qalmağına dəyməz, indiki dövrdə nəfs bir az çoxalıb, mənəm-mənəmlik çoxalıb, amma əvvəl belə deyildi, zəmanəni də pisləmək olmaz, hərənin bir günahı var.
Bir gözün sən əydin, bir gözünü mən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.
- Bu qədər həssas, kövrək olmağınızın səbəbi nədir?
- Düşünürəm ki, şeirin əsas meyarı səmimiyyətdir. O şair ki şeirlərində səmimidir, onun yaxşı və ya pis insan olduğu dərhal üzə çıxır. Kövrəkliyim də şeirlərimdə özünü göstərir. Bəlkə də yaşadıqlarım, həyatım mənim kövrək olmağıma yol verib...
- Ömrünüzün ən şirin və ən acı gününü necə xatırlayırsınız?
- Ömrün elə anları var ki, onu bir-birindən ayırmaq çətindir. Cavanlıq illəri, sevgi illəri daha müqəddəs və daha gözəldir. Ən pis gün isə, Allah heç kəsə göstərməsin, əzizlərini itirdiyin günlərdir.
- Sizin üçün unutmaq nə deməkdir?
- Mənim bir cəhətim var ki, unutmağı bacarmıram. O insan xoşbəxtdir ki, əzablarını unudur və yenidən həyata davam edir, amma mənimçün çətin olub həmişə. Unutmağın konkret göstəricisi yoxdur, hərə bir cür unudur.
- Sevgini necə təsvir edərdiniz?
- Sevgi ömürdə bir dəfə olur və mən sevgini qəfil çaxan ildırıma bənzədirəm. Başqa cür təsviri yoxdur, çünki bu insani bir duyğudur, insan bunu nə qədər də anlatsa, başa çata bilməz.
Başqa şeylər hədərdir,
Dünyanın ömrü eşqin yaşamağı qədərdir.
- Qocaman bir şair kimi müasir dövrün sevgisinə münasibətiniz necədir?
- Sevginin daxilində sevgi məktubları da var, çox qəribə bir dövr idi, gənclər həyəcandan əlləri əsə-əsə sevgi məktubları yazırdılar. Həmin o incə duyğular indi qalmayıb. İndi müasir dövrdür, bir-birinə mobil telefonla zəng edirlər, "məni sevirsən, de, işimi bilim" deyirlər, ürəyin o titrəyişləri texnikayla əvəz olunub (gülür). Mən istərdim ki, cavanlarımız, gənclərimiz yüngül sevgi arxasınca getməsinlər. Sevgi çox gözəl hisdir, onu gərək gözəl yaşasınlar, belə soyuqqanlı yanaşmasınlar. Mən boşanmaların da səbəbini bunda görürəm, bir-birini tanımamış evlənməyə çalışırlar.
- İlk sevgi məktubunuz yadınızdadırmı?
- Mənim sevgi məktubuyla aram olmayıb, bir misal var: "qonşuda qız sevənin ürəyində yağ olmaz". Amma uzaqlara, vətənin hüdudlarından kənarlara məktublarım olub. Mənim sevgi məktublarım bəzi problemlər zamanı it-bata düşdü, məni çox yandırır o məktubların itməyi. Çünki o məktublar insana çox əziz olur, xatirələri yenidən oyadır.
- Zaman-zaman şairlərimiz gecikmiş məhəbbət mövzusuna üz tuturlar, bəs sizin necə, gecikmiş məhəbbətiniz olubmu?
- Sevgi insanın həyatında bir dəfə olur, amma məhəbbətdən doymayanda, sevgi uğursuz olanda gecikmiş məhəbbət yaşanır. Mənim də həyatımda var, o mənim ürəyimdə yaşayır.
- Mümkünsə məhz o gecikmiş məhəbbətinizi tərənnüm edən bir şeir deyərdiniz…
- Şeirdən seçmə misraları sizin diqqətinizə çatdırıram:
Qapında əyilib, suala döndüm,
Bircə alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum, həm yanan, həm yamanam mən.
Bəlkə də birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
- İnsanların ürəyilə sizin o göyərməz daşınızın arasında hansı oxşar cəhət var?
- Xalqın dilində həmişə bir ifadə var, deyirlər ki, filankəsin ürəyi daşdır. Bu da bir məna daşıyır, sevgini duymayan, hiss eləməyən ürək daşdır və o daş heç vaxt göyərməyəcək. Bu baxımdan oxşardır.
- Bir-birindən gözəl müxtəlif mövzulu şeirlərinizin olmasına baxmayaraq, məhz sevgi şairi kimi tanınmağınız sizi narahat etmir ki?
- Bu, məni qətiyyən narahat eləmir, əsas odur ki, insanlarımızın qəlbində mərhəmət və sevgi hissi olsun. Çünki indiki dövr üçün bu, çox vacib bir şeydir.
- Novruz bayramı əhval-ruhiyyəsindəyik. Bahar təravəti artıq duyulur, siz necə hiss edirsiniz özünüzü bu ab-havada?
- Çox gözəl, ağaclar çiçəklənəcək, yarpaq açacaq, dağların səs-səmiri çoxalacaq. Hərdən düşünürəm ki, birdən-birə bu ağaclar çiçək açmaya, bahar gəlməyə, mənə elə gəlir ki, onda dünyanın sonu olar. Bahar fəsli duyğuların baş qaldırdığı, qanadlanıb ali pilləyə çatdığı fəsildir. Bənövşələr açılır, Novruzgülü açılır. Mən hansı il ki ilk Bənövşəni görə bilməmişəm, həmin il böyük utancaqlıq hissi yaşamışam təbiət qarşısında. Mənim həyatımda baharın əvəzsiz yeri var…
- Sonda oxucularınıza öz ürək sözlərinizi və ya ürəyinizdə qalan sözləri deyərdiniz …
- Həmişə gözəlliyə üstünlük versinlər, çünki gözəllik insanı qəzəbdən, kin və nifrətdən ayırır, doğru yola yönəldir, necə ki, sevgi ilə döyünür ürəkləri, hər zaman da belə olsun. Bayramınız mübarək, Azərbaycan xalqı!
Şeir ömrün yaşanmış bir anıdır. Həmin an yaşanıb getsə də, onu yaşadan sətirlər tarixin özü qədər yaşayır. Bu gün də ömrümüzün növbəti anını birlikdə yaşadıq. O anı ki, heç şübhəsiz, qədirbilən oxucuların qəlbində uzun müddət yaşayacaq.

"Ömrün anları" rubrikasında yenidən görüşənədək...

Arzu Murad

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az