“Azərbaycanda insanlar bir-birinə düşmən kəsiliblər!”

“Azərbaycanda insanlar bir-birinə düşmən kəsiliblər!”
Cavanşir Quliyev: “Faiq Sücəddinovun sözü mənim üçün göstərici deyil, çünki o özü mənim tələbəm olub”

İstənilən sənət adamının əsəri: ədəbiyyat, rəsm və ya musiqi nümunəsi avtoportret janrında alınır. Musiqi də hisslərin səslərlə ifadəsidir. Burada əsas olan notlar deyil, onların düzgün düzülüşüdür. Heç təsadüfi deyil ki, yalnız sağlam ruhun təcəssümü olan əsərlər birbaş saf duyğulara xitab edir.

Bugünkü qonağım "savad heç də təhsil deyil" fikrini əsas götürən bəstəkar Cavanşir Quliyevdir.

- Son zamanlar sizi efirlərdə demək olar ki, heç görmürük, bunun səbəbi nədir?

- Bunun səbəbi odur ki, mən səkkiz ildir Azərbaycanda yaşamıram. Bu üzdən televiziyada çox görünmürəm, amma ildə iki dəfə - yay və qış tətilində gəlirəm vətənə. Burda olduğum müddətdə əgər mənimlə maraqlanan olursa, imkan daxilində çalışıram ki, onlara vaxt ayırım. Azərbaycanda əsər deyəndə sadə insanlar, çox təəssüf ki, hətta musiqi ictimaiyyəti də mahnını nəzərdə tutur, sanki dünyada başqa musiqi əsəri yoxdur. Səkkiz ildir demək olar ki, mahnı yazmıram, olsa da, çox azdır. Çünki mahnı elə bir şeydir ki, ölkədə olmaq lazımdır, mahnı yarandığı gündən efirə çıxdığı günədək onun yanında olmaq lazımdır. Buna da çox təəssüf ki, vaxtım yoxdur.

- Bəs unudulmaqdan və ya yeni nəsil tərəfindən tanınmamaqdan qorxmursunuzmu?

- Əgər gecə-gündüz efirlərdə olmaq unudulmamaqdırsa, eybi yoxdur, qoy unudulum. Onsuz da biz istədik-istəmədik dünyada bir çox şeylər unudulur, hətta sənətkarlar da. İ.S.Bax kimi nəhəng bir bəstəkar ölümündən yüz il sonra tapılıb tanındı. Ondan böyük deyilik ki... Bu üzdən bu, bizim istəyimizə bağlı deyil, əgər bizim işimizin həqiqi keyfiyyəti varsa, o zaman əvvəl-axır bunun dəyərini verən olacaq. Mənim unudulmaq kimi bir qorxum yoxdur. Yalandan populyar olmaq yaşından çıxmışam artıq, həqiqi populyarlıq da, dediyim kimi, əsərin keyfiyyətinə bağlıdır. Mənim gücüm nəyə çatır, onu yazıram, əgər dəyəri varsa, hər zaman xatırlanacağam, yoxsa başımdan yuxarı tullana bilmərəm.

- Sizə elə gəlmir ki, artıq əvvəlki dinləyici kontingenti yoxdur, auditoriya 2000-ci ildən başlayaraq tədricən dəyişməyə başlayıb?

- Siz 2000-ci il deyirsiz, mən isə sizə 50-ci illəri deyərəm.

- Hətta nəhəng sənətkarlar da keyfiyyəti aşağı olan musiqilərlə dinləyici qarşısına çıxıb gündəmdə qalmağa can atırlar. Məsələn, sizin ən çox çalışdığınız Aygün Kazımova və Brilliant Dadaşova da dinləyicilərini sevindirə bilmirlər. Kimdir bunun günahkarı: bəstəkar, müğənni, yoxsa belə musiqiləri qəbul edən dinləyici?

- Onlar kifayət qədər təcrübəli adamlardır, dünyanı görüblər, mahnılar oxuyublar. Bu, artıq onların qərarıdır ki, ya oxuyacaqlar o mahnıları, ya da oxumayacaqlar, keyfiyyətli mahnı axtaracaqlar. Zənnimcə, bu sualı onların özlərilə araşdırmaq daha məqsədəuyğun olardı. Mən onların son repertuarını bilmirəm, xəbərim yoxdur, əgər repertuar verən olsa onlara, əminəm ki, yenə əvvəlki kimi insanları sevindirəcəklər. Azərbaycanda yaşamadığım üçün əlimdən bir şey gəlmir, əgər burda olsaydım, o zaman o tənqidi sözlərinizin bir hissəsi də mənə gələrdi.

- Poeziya və musiqi vəhdət təşkil edir. Sizi şeirdə nə cəlb edir ki, ilhamlanıb ona musiqi bəstələyirsiniz?

- Mən şeir yox, mahnı mətnləri deyərdim, çünki şeirlə mahnı mətninin fərqi var. Təsadüfü deyil ki, Füzulinin qəzəllərinə mahnı yoxdur, Üzeyir Hacıbəyovun bəstələdiyi romansları çıxmaq şərtilə. Füzulidən böyük şairimiz yoxdur, amma onun sözlərinə mahnı bəstələmək olmur, çünki Füzulinin şeirlərində şeirin insana verəcəyi təəssüratın yüz faizi var, orda musiqiyə ehtiyac yoxdur. Demək istəyirəm ki, mahnı üçün yazılan şeirdə hisslər tamamlanmamalıdır, orda musiqiyə yer olmalıdır ki, musiqi də öz yerini alanda tamamlansın. Mən həmişə bu cür şeirlərə üstünlük verirəm, müəllifin kim olduğuna baxmıram. Əgər o şeirdə hansısa bir bənd və ya elə bircə söz məni duyğulandırırsa, rahatlığımı əlimdən alırsa, ona musiqi yazmağa başlayıram. Boynuma alıram, dəfələrlə özümü zorlamağa çalışmışam ki, hansısa bir şeirə musiqi bəstələyim, çox çətinlik çəkmişəm və çox keyfiyyətsiz bir musiqinin ərsəyə gəldiyini görmüşəm.

- Bədii ədəbiyyatla aranız necədir, mütaliə edirsinizmi?

- Əlbəttə. Mənim anam ədəbiyyat müəlliməsi olub, ona görə bizim evimizdə böyük kitabxanamız vardı, hələ uşaq yaşlarımdan kitab oxumağa həvəsli olmuşam.

- Çox vaxt xaricdə olursunuz, bəs müasir Azərbaycan ədəbiyyatı ilə maraqlanırsınızmı?

- Maraqlanıram və oxuyuram. Amma hesab edirəm ki, artıq Azərbaycan ədəbiyyatında da böhran var, təbii ki, bu mənim oxucu rəyimdir. Gənc nəsil yazarlar var ki, özlərinə şair və ya yazıçı deyirlər. Mən rusdilli təhsil aldığımdan dünya ədəbiyyatını kifayət qədər oxumuşam. Avanqardistləri də, klassikləri də, müasir Azərbaycan ədəbiyyatını da izləmişəm. Mən bu gənclərin yazdıqlarını "ədəbiyyat" adlandırmasına təəccüb edirəm, bu ədəbiyyat deyil. Amma dilləri uzundur.

- Bəs postmodernizm üslubunu necə, bəyənirsinizmi?

- Heç bir üslub deyil bu, mən nəsə bir şey edib arxasına "izm" qoyaram və bununla da camaatın gözünə kül üfürə bilərəm.

- Yəni ədəbiyyatın bu cərəyanını "xaltura" hesab edirsiniz?

- Keyfiyyətsizdir, belə deyim, xaltura başqa şeydir, xaltura yaza bilən və arada səhv buraxanlarda olur.

- Bəs indiki gənclərin arasında yazıçı və ya şair kimi bəyəndikləriniz varmı?

- Mənim tanımadıqlarım ola bilər. Təbii ki, hamısını oxuya bilmərəm. Əgər Azərbaycan kimi kiçik bir dövlətdə bədii bir hadisə olursa, onu hamı bilir. Məsələn, Arif Məlikovun baleti 62-ci ildə Leninqradda tamaşaya qoyuldu və ondan sonra Azərbaycana elə bil bomba atıldı, hər kəs bildi ki, belə bir hadisə baş verib. Yusif Səmədoğlunun məşhur romanı çıxanda hamı bildi. Demək istəyirəm ki, hadisə olanda bilinir.

- Demək istəyirsiniz ki, gənclər hələ o bombanı partlada bilmir?

- Mən elə düşünürəm. Düzdür, özüm hələ o yaşda deyiləm ki, gənclərə tövsiyə edim, özümü qoca hesab eləmirəm. Amma kiçik bir məsləhət vermək istərdim ki, kimisə bəyənməzdən öncə, kimisə tənqid etməmişdən əvvəl mütləq özlərinin yazıb-yaratdıqlarına baxsınlar, sonra tənqid etsinlər. Yoxsa biri deməz ki, sən kimsən ki, məni tənqid edirsən, bir öz yazdığını göstər, görüm özün kimsən? Qriboyedovun məşhur bir sözü vardı: "Hakimiyyət kimdir?" Belə şeylər olmasın deyə ehtirasları cilovlayıb yaradıcılıqla məşğul olmaq lazımdır.

- Gənc bəstəkarları necə, bəyənirsiniz?

- Xoşbəxtlikdən bizdə bəstəkarlıq sistemi Üzeyir bəy tərəfindən elə qurulub ki, hal-hazırda bu sistem yaxşı çalışır. Musiqi Akademiyasında (konservatoriyada) bəstəkarlıq fakültəsi var, o fakültədə gənclər bu peşənin sirlərini öyrənir və zaman-zaman aralarından gözəl bəstəkarlar çıxır. Gələcəyi bilmirəm necə olacaq, çünki hər şey müəllimlərə bağlıdır. Allah bizi o gündən saxlasın ki, "do" ilə "re"nin yerini bilməyən adamlar bəstəkarlıq fakültəsində dərs desinlər.

- Bəstəkar Faiq Sücəddinov deyir ki, bəstəkar olmaqçün təhsilin olması şərtdir, bəs siz necə düşünürsünüz?

- Bəstəkarlıq peşəsində meyar mahnı deyil. Mahnı bəstələmək Azərbaycan musiqi sənətinin dərəcəsini göstərmir. Bəstəkar olmaq başqa şeydir, adlanmaq başqa şeydir. İndiki "bəstəkaram" deyənlər çalışırlar ki, onlara bəstəkar desinlər. Amma mən onlara məsləhət görürəm ki, siz öncədən bəstəkar olun, adlanmaq çətin deyil. Burda nə var ki, jurnalist soruşanda səni necə təqdim edim, deyir kosmonavt kimi, jurnalist soruşmayacaq ki, uçmusan heç göyə?

- "Musiqi tək mahnı demək deyil, amma "Sari Gəlin"imizi də unutmayaq. Məgər "Sari Gəlin"i peşəkar bəstəkar bəstələyib? O, həsrət və tənhalıqdan doğan bir xalq mahnısıdır, savadsız insanların, bəlkə də çobanın ərsəyə gətirdiyi mahnıdır. Amma bu gün bütöv dünyaya səs salıb, hansı ki, peşəkar bəstəkar saydıqlarımız o cür əsərlər yarada bilməz bəlkə". Bilmək istəyirik ki, bu fikirdə sənət yoldaşınıza nə dərəcədə haqq qazandırırsınız?

- Əvvəla, Faiq Sücəddinovun sözü mənim üçün göstərici deyil, çünki o özü mənim tələbəm olub. Hər bir peşənin öz göstəriciləri var, bəstəkarlıqda da belədir. Bir adam deyəndə ki bəstəkaram, deyirsən ki, ver əsərlərini baxım görüm nə bəstələmisən. Sənə çıxarıb disk verəcək, not verməyəcək. Diskdə də səslənən musiqinin doxsan faizi aranjemandır. Nə Bethoven, nə də Motsart heç bir konservatoriya oxumayıb, amma hər ikisi savadlı idi. Onlar bu savadı hardan almışdılar, təbii ki, maraqlanmışdılar, ustaddan dərs almışdılar. Bizim indiki yazarlarımızın çoxu ustaddan dərs almaq istəmir, lovğalıq edir. Bu üzdən də deyə bilərəm ki, savad heç də təhsil deyil.

- Oxuduğunuz bədii əsərlərdə ideal hesab etdiyiniz qadın obrazları kimlərdir?

- Azərbaycan ədəbiyyatından Sevil, dünya ədəbiyyatından Janna Dark. Sevil bugünkü günümüzdə çox aktualdır, mövhumat gəlir, çox pis gəlir. Düzdür, hələlik Azərbaycan bu təhlükədən uzaqdır, amma bilinmir sabah nə ola bilər. Bu üzdən də Sevilin o addımını mən önəmli və aktual hesab edirəm. Amma idealım deyil, sadəcə sevdiyim obrazdır. Janna Dark isə ideal qadın obrazımdır.

- Bəs sizin "Tənha qadın"ınızla Sevil və Janna Darkın arasındakı fərq nədədir?

- Fərq düşdükləri vəziyyətdədir. Məsələn, mən o mahnını müharibədə ərlərini itirmiş qadınlara həsr etmişəm, yəni sadəcə tənha qalan qadınlara deyil. Mən ümumiyyətlə Sevillə Tənha qadını müqayisə eləməzdim.

- Sevgi sizin üçün nədir?

- Hər kəsin özünə görə sevgi anlayışı var, hərə bir cür qəbul edir sevgini. Azərbaycanda indiki zamanda çatışmayan şey sevgidir, insanlar bir-birinə düşmən kəsiliblər.

- Siz necə, güzəştə getməyi bacarırsınız?

- Baxır hansı məsələlərdə... Gündəlik məsələlərdə güzəştə gedirəm, amma prinsipial məsələlərdə heç vaxt güzəştə getməmişəm, getməyəcəyəm də.

- Sizcə, bizim mahnıların müəllif hüquqlarının pozulmasının səbəbi nədir?

- Məgər biz müəllif hüquqlarını pozmuruq? Biz də pozuruq. Kimi görmüsüz desin ki, filan mahnının söz və musiqi müəllifi filankəsdir? Heç kəs bunu demir, yalnız ifaçının adını deyirlər, amma ifaçı müəllif deyil.

- Ermənilər Azərbaycan musiqilərini və musiqi alətlərini mənimsəməkdə davam edirlər. Nədənsə artıq azərbaycanlılar bununla mübarizə aparmırlar. Sizə elə gəlmir ki, biz yavaş-yavaş unutmağa doğru gedirik?

- Bu yaxınlarda UNESCO tarı Azərbaycan musiqi aləti kimi təsdiqlədi. Qaldı ki, "Sarı gəlin" xalq mahnısına, bu mahnının bizə aid olmasını deməyimizə heç bir sübut lazım deyil, bu, mahnının tərkibində özünü göstərir. Musiqi alətlərimizi də kim istəyir çalsın, biz buna qadağa qoya bilmərik, alət çalınmaqçün yaranıb. Biz niyə skripkanı və ya fortepianonu çalırıq? Onda gərək biz də çalmayaq.

- Amma biz iddia etmirik ki, bu alətlər bizimdir.

- Heç ermənilər də demir. Onlar deyir ki, biz əsrlər boyu bu alətdə ifa etmişik, düz deyirlər, çalıblar. Azərbaycanda erməni tar-kaman çalanı olub, amma bunu hamı bilir ki, tar-kamanı heç bir millət azərbaycanlı kimi ifa edə bilməz.

- İfa demişkən, bir mahnını bir neçə nəfərin ifası nə dərəcədə doğrudur və bəstəkarlar niyə ifaçılara mahnını qadağan edirlər?

- Əgər o mahnı artıq efirə çıxıbsa, bəstəkar mahnısının sonralar kimin tərəfindən ifa olunmasına qadağa qoya bilməz, artıq o mahnını hər kəs ifa edə bilər. Əgər sən buna icazə vermirsənsə, o zaman niyə bəstələmisən? Mən özüm mahnını bəstələyib verirəm xalqın öhdəsinə, kim bəyənir, o da ifa edir. Hətta mən ifaçıya təşəkkür edərəm.

Rixard Ştraus demişkən: "xoşbəxt o bəstəkardır ki, yaratdığı sadə bir mahnı 50 ildən sonra xalq mahnısına çevrilir, müəllifin adı isə əbədiyyən unudulur". Bu baxımdan tam əminliklə Cavanşir Quliyevi xoşbəxt adlandırmaq olar.

Arzu Murad

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az