Mübariz Tağıyev: “...vaxtında getməlisən”

Mübariz Tağıyev: “...vaxtında getməlisən”
Bu gün 65 yaşını qeyd edən xalq artisti gənclik illərində çox şeylər itirdiyini etiraf etdi

Deyirlər, insanın adı onun taleyini müəyyən edir. 1948-ci ilin 31 yanvar günü qədim İrəvan şəhərində dünyaya bir oğlan uşağı göz açdı. Adını Mübariz qoydular. O gündən Tağıyevlər ailəsinin Mübariz adlı övladının qismətinə mübariz olmaq yazıldı. Beləcə, həyat missiyası onu böyük səhnələrə gətirdi.

Bu gün xalq artisti Mübariz Tağıyevin 65 yaşı tamam olur. "Oazis" restoranında dostları, qohumları onun başına toplaşacaqlar. O isə yəqin ki, düşüncələri ilə baş-başa qalaraq keçdiyi mübarizə yolunu bir daha xatırlayacaq. Gəlin bu yola birlikdə nəzər salaq.

- Bu gün 65 yaşınızı qeyd edirsiniz, özünüzü necə hiss edirsiniz, 65 yaşın zirvəsində olmaq necə hissdir?

- Desəm ki, heç bir hiss keçirmirəm, yalan olar, neçə gündür gənclik illərim yadıma düşür. Deməzdim ki, həyat yolum çətin olub, sadəcə, mənim gənclik illərimin müəyyən dövrü Qəribi Azərbaycanla bağlıdır. O yaşımda ki müəyyən uğurlarım olardı, o illərim itdi. Yəni azərbaycanlı olduğumçün müəyyən müsabiqələrə gedə bilməzdim. Bu çayın axınıdı, kimisə tullayır sahilə, kimisə aparır dənizə, bu da mənim bəxtimdir. Allaha şükürlər olsun, heç bir şeydən narazı deyiləm.

- Ən böyük hədiyyənizi kimdən gözləyirsiniz və ya kimdən almısınız?

- Ən böyük hədiyyəni dostum, kardiologiya sahəsində qızıl əlləri olan Kamrandan almışam. Mənim vəziyyətim elə idi ki, hər an nəsə ola bilərdi, sadəcə, böyük riskə getdim, həkimin özü də böyük məsuliyyət daşıyırdı. İndi hiss edirəm ki, iki-üç il öncəki Mübariz Tağıyev deyiləm artıq, həqiqi mənada sanki yeni doğulmuşam.

- Ürək əməliyyatına razılıq verəndə böyük bir riskə getdiyinizi bilirdiniz. Məhz o an nə haqda düşünürdünüz?

- İnsan müəyyən sıxıntı keçirəndə gözünün önünə ilk olaraq doğmaları gəlir, bu illər ərzində nələr etdiyini düşünür və fikirləşir ki, hər an nəsə ola bilər. Yarımçıq qalan işlərimi düşünürəm, sənət adamıyam deyə hər zaman axtarışdayam.

- Bu gedişlə Azərbaycan səhnəsinin gələcəyini necə görürsünüz?

- Azərbaycanın incəsənəti həmişə yüksəkdə olub, keçid dövründə bir az çətinliklərimiz var, amma bu tək Azərbaycanda deyil, bütün dağılmış SSRİ məkanında özünü göstərir. Yaşlı nəslin dünyasını dəyişməsi, müəyyən musiqi alətlərində ifa edən sənətçilərin sayının azalması səhnədə boşluğun yaranmasına səbəb olub. Bu gün çox savadlı, çox istedadlı gənclər var, mən istərdim ki, məhz o gənclər irəli getsin. Xalq musiqisi istiqamətində xeyli irəliləyişlər var, yeni gənc nəsil gəlir səhnəyə. Hansı ki, vaxt vardı camaat deyirdi: "o sənətkarların yerini tutan olacaqmı, görən?" İndi baxırsan ki, çox savadlıları gəlir, mən istərdim ki, digər şöbələrdə də bu irəliləyişləri görək. Çox qısa bir müddətə "Avroviziya"nı Azərbaycana gətirdik. Düzdür, bəzi insanlar dedilər ki, biz nə edirik bunu? O insanlar dərk etmirlər ki, Azərbaycanı dünya tanıdı, Ermənistanın yaydığı məlumatları bununla təkzib etdik. Avropa şurasında Azərbaycana artıq başqa cür yanaşılır. Unutmayaq ki, vaxtı ikən ölkəmiz Rəşid Behbudovun sənətinin sayəsində tanınırdı.

- Bəs niyə indi həmin sənətin yaşaması üçün məktəblər yaranmır?

- Əslində, bu, heç doğru da deyil, çünki hər sənətkar həyata bir dəfə gəlir, onu təkrar etmək mümkün deyil, heç lazım da deyil. Hər kəs özünəməxsusluğu ilə seçilməlidir, çalışmalıdır ki, onlardan da yaxşı olsun.

- İndi bir çox gəncə korifeylərin səsini dinlədəndə baxır adamın üzünə və sual verir ki, bu kimdir? Sizə elə gəlmir ki, bu, gəncliyimizin bir bəlasıdır?

- Dünənki sənətlə bugünkü sənəti uyğunlaşdırıb eyni səviyyədə aparmaq qeyri-mümkündür. İnformasiyanın genişliyi o səviyyəyə çatıb ki, istədiyin məlumatı əvvəl əgər iki saata ala bilirdinsə, indi iki dəqiqəyə alırsan. Bizim bəlamız budur ki, hər şeyi vaxtından əvvəl istəyirik. Sizin sözünüzdə həqiqət var. Korifeyləri tanımalıdırlar, kimlər gəlib, kimlər gedib, bilməlidirlər. Bugünkü problemimiz odur ki, melodiya itib, tamaşaçı və dinləyici o melodiyanı axtarır. Bu da ondan irəli gəlir ki, mənim gənc həmkarlarım - dırnaqarası bəstəkarlar hansısa bir mahnının harmoniyasını, skeletini çıxarıb onun üzərində yeni bir melodiya qurur və adını qoyur ki, yeni mahnıdır. Bu, mahnı sayıla bilməz, ona görə ki, mahnı da daxildən gəlməlidir.

- Razısız ki, məhz o üzdəniraq mahnılar müğənnilər tərəfindən daha çox alınır, nəinki gözəl mahnılar?

- Baxır o mahnını alan müğənni hansı sahədə çalışır, əgər toydadırsa, ona belə mahnılar yarayır. Sabah səhnəyə gəlsə, iki min nəfərə deməlidir ki, mən müğənniyəm, hərənin öz fəlsəfəsi var. Şou-biznes sahəsi toy biznesidir, səhnə biznesi yoxdur Azərbaycanda. Bir zamanlar bar-bar bağırırdıq ki, heç olmasa bir gəncin repertuarında vətənpərvər mahnı olsun, indi isə hamısında var. Sadəcə müğənnilərimiz hər şeyin yerini bilsinlər.

- Sizcə səhnəyə çıxmaq çətindir, yoxsa səhnədən çıxmaq?

- Səhnədən uzaqlaşmaq çox çətindir. Ona görə deyirlər ki, bir dəfə səhnəyə gələn adam ordan uzaqlaşmaq istəmir. Mən bunları görmüşəm, bir çox gənclər vardı ki, səhnə üçün yararlı deyildilər, amma pərdəni qaldırmağa da razı idilər, təki səhnədə qalsınlar. Səhnə sehrli bir aləmdir, ordan uzaqlaşmağı heç kim istəmir. Amma bir şey də var. Artıq hiss etsən ki sənin elədiyin gərəksizdir, lazım deyilsən, vaxtında getməlisən.

- İlk dəfə səhnəyə çıxdığınız gün yadınızdadır?

- Yadımdadır. İlk dəfə səhnəyə 60-cı illərdə Qərbi Azərbaycanda çıxmışam. O vaxt icazə vermirdilər rok janrında konsertlər olsun. Müəyyən yerlərdə konsertlər keçirirdik, belə bir kollektivdə solist kimi mən də vardım. Aydın məsələdir ki, kollektivdə ad-soyad deyilmir, səhnədə yeddi-səkkiz nəfərdən biri də mən idim. Cavanlıq vaxtlarım idi, əynimdə dəri kostyum, gözümdə eynək, səs-küy, aləm qarışmışdı bir-birinə. Mənim ilk səhnə fəaliyyətim o qrupla, rok janrı ilə başlayıb. Sonra müəyyən peşəkarlar mənə səs imkanlarımın geniş olduğunu dedilər.

- Sizcə, niyə rokun dinlənilməsinə dövlət tərəfindən icazə verilmirdi?

- Ona görə ki, hay-küylü musiqi idi. Gənclərin sevdiyi bir istiqamət idi. Həmin rok kollektivləri yüzlərlə, minlərlə gənci öz ətrafına toplaya bilirdi. "Bitlz"dan sonra bənzəmək ənənəsi yayılmışdı. Konsertlərin birində xoşagəlməz hal oldu, uşaqlardan biri zədələndi. Ondan sonra artıq məqam idi, kollektivimizi dağıtmaq lazım idi.

- Amma "Bəxt üzüyü" filmində siz rok janrında bir musiqi ifa etmisiniz. Artıq televiziya səviyyəsində qəbul olunurdumu rok?

- O mahnı yazılıb 70-ci illərdə. Eldar Mansurov, Yaşar Baxış və s. kəslərlə fikirləşdik ki, Azərbaycan rokunu yaradaq. Film üçün nəzərdə tutulmamışdı o mahnı, o tipdə dörd mahnı yazılmışdı. Fikirləşdik ki, düz istiqamət tapsaq alınar, gənclərin sevdiyi bir musiqi olar. Çünki hələ 50-60-cı illərdə Azərbaycanda rok kollektivləri vardı. Sonra bu ənənəni biz davam elətdirmək istədik, bir az keçdi, sonra yenə eyni vəziyyət başladı, maliyyə məsələlərində problemlər yarandı. Yaxşı bir şey yaratmaq üçün müəyyən qədər vəsait lazımdır, başladıq kollektivi yığmağa, avadanlıq lazım idi. O illərdə ən dəbdə olan avadanlıq Macarıstan istehsalı olan "Big apparat"ı idi, bas gitara idi ki, iki bərk not verirdin, səs özü-özünə partlayırdı. Bunların da qiyməti SSRİ vaxtında bir dənə "qaz 24"ün qiymətinə bərabər idi. Kim edəcəkdi bunu bizimçün? Pulu olan adamlar da qorxurdular belə şeylərə pul verməyə. Beləcə puç oldu getdi. Bir də 20 Yanvar faciəsindən sonra Malik Fərruxun sözlərinə Mobil Babayev eyni tipli "Həqiqət" mahnısını ifa etdi.

- Niyə indi vətənpərvər mahnılar insanın hislərinə toxuna bilmir, halbuki, bir vaxtlar siz "Ulu torpaq" mahnınızla bütöv bir salonu ayağa qaldırmışdınız?

- Mən məhz bu mahnıları oxumaqçün doğulmamışam, sadəcə, gözümlə gördüklərim, yurddaşlarımın o torpaqlardan qovulmaları mənə çox pis təsir etmişdi. O evləri dırnaqlarıyla tikmişdilər, özləri bazarlarda işləyirdilər, erməniləri saxlayırdılar, sonucda ermənilərin bizə etdikləri göz qabağındadır. Bunun nəticəsidir ki, mənim ifa etdiyim vətənpərvər musiqilər insana təsir etməyə bilmir. Mən gəncliyimdə çox mahnı ifa etmişəm, amma 88-ci ildən başlayaraq arası kəsilmədən bəstəkarların hamısı mənimçün vətənpərvər mahnılar yazırlar. Vətənpərvər mahnılar söz xatirinə yazılmamalıdır, gərək üç ürək bir döyünsün.

- Sizcə, dalğalar sərtdir, yoxsa insanlar?

- İnsanlar sərtdir. Təbii ki, bu, hər kəsə aid deyil. Hərdən bəzi insanlar öz daxillərindəki dərd-bəlanı çıxarıb başqalarına da təzyiq göstərirlər, bu pis əlamətdir, aura dediyimiz budur. Düşünmürlər ki, pislik edəndə pislik, yaxşılıq edəndə də yaxşılıq görəcəklər.

- "Bakı payızı" kimi müsabiqələr, "Sevgi Faytonu" kimi konsert proqramları keçirmək çoxmu çətindir?

- Çətin deyil, sadəcə, iri layihələr keçirildi deyə bunlar arxa plana getdi. "Sevgi Faytonu" konsert proqramı keçirilməli, müxtəlif şair və bəstəkarların yaradıcılığına nəzər yetirilməlidir.

- Sənətkarlar deyirlər ki, tamaşaçı alqışı üçün yaşayırlar. Düşünürəm ki, siz bu alqışları çox görmüsünüz. Təltif və alqışlardan bezdiyiniz vaxt olubmu?

- Xeyr, belə şeydən heç kəs bezməz. Mən ən çox bezirəm rəsmi geyimdən, səhnə görkəmindən. Hərdən istəyirəm mən də saçımı daramayıb sadə geyimdə çölə çıxım, amma olmur, diqqət mərkəzində olduğum üçün mənə yaraşmaz.

- Gənc və çılğın vaxtlarınız olub, amma artıq müdrik çağınızdasınız. İndiki gənclər haqda nə fikirləşirsiniz?

- Biz hərdən istəyirik ki, indiki fikirlərimizi on altı yaşlı bir gəncə calayaq, o bizi başa düşməyəcək, hörmət xatirinə qulaq asacaq, amma ürəyində deyəcək ki, siz bildiyiniz deyil axı. Yaşlı insanlar bu məsələlərdə gərək bir az həssas olsunlar, onların fəlsəfəsini duymalıyıq. Buna görə mən və mənim yaşıdlarım gərək bu məsələyə diqqətlə yanaşsınlar.

- Oxucularımıza bu günə son sözünüz nədir?

- Bizi öz diqqətlərindən kənarda saxlamasınlar, çünki bizi həyatda saxlayan da, məhv edən də tamaşaçılardır. Allah onları daim qorusun, sülh, əmin-amanlıq olsun.

Bir çox mənbələrdə Mübariz Tağıyevin 1946-cı ildə anadan olduğu qeyd edilib. Lakin özünün dediyinə görə, məhz 1948-ci ildə dünyaya göz açıb. Fərqi yoxdur. Əsas odur ki, belə bir sənətkar dünyaya gəlişi ilə musiqimizi zənginləşdirib. Xalq artistini doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, daim zirvələrdə olmağı və tamaşaçı sevgisinin əksik olmamağını arzu edirik.

Arzu Murad

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az