“Yeni ulduz”lar, meyxana yarışmaları hər şeyin zibilini çıxardıb

“Yeni ulduz”lar, meyxana yarışmaları hər şeyin zibilini çıxardıb
Əməkdar artist: “İlk məhəbbətim qismət olmadı mənə, hələ də o ağrı-acını çəkirəm”

Ömür şeir kimidir. Kiminin həyatı bir bəndlik rübaidə əks olunur, kiminin taleyi poemalara belə sığışmır. Aramızda dodaqdəyməz, mədhiyyə, deyişmə və sair şeir növlərini həyat fəlsəfəsinə çevirənlər də tapılır, ömür yolu ilə təmsil yazanlar da.

Seçilmiş insanların həyatı isə milli-mənəvi dəyərləri əks etdirən folklor nümunələri kimi daim tarixin yaddaşında yaşayır.

Bugünkü qonağım şeirləri məharətlə xalqına çatdıran, insani keyfiyyətlərin carçısı olan, bədii qiraət ustası və ustadı Ağalar Bayramovdur.

- Özünüz haqda məlumat verərdiniz...

- 1954-cü il yanvarın 16-da Ucar rayonunun Boyat kəndində anadan olmuşam. İki övladım, iki nəvəm var. Əməkdar artistəm, bədii qiraət ustasıyam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosentiyəm. İyirmi bir ildir bu səhnədəyəm.

- Uşaqlıq xatirələrinizdən danışardınız?

- Uşaqlığım ağrı-acılı keçib. Məni nənəm böyüdüb. Uşaqlıqdan atalı-analı olanlara həsrətlə baxmışam. İnanın, nənəm təqaüdünü alanda iki rubl verirdi, elə bil bütün dünya mənim olurdu. Qonum-qonşunun qoyun-quzusunu pulla otarırdım. Allah axırını xeyir eləsin. Qoyun otarmağa gedəndə nənəm həmişə çantama kitablarımı yığırdı ki, qoyun-quzu otara-otara oxuyum dərslərimi. Sizə bir məsəl danışacam: "Bir gün bir tacir arvadı ilə harasa gedirmiş. Elə olur ki, arvadının barmağından qızıl üzüyü düşüb itir. Bu an arvad kişiyə deyir, arabanı saxla, üzüyüm düşdü palçığa. Tacir də deyir, düşdü, düşdü də. Amma bilirsiniz ki, tacirlər xəsis olur. Həmin an əyilir iki qramlıq üzüyü götürmək üçün, əlini palçığa salır. Palçığa salanda bir küp qızıl əlinə dəyir. Başlayır ağlamağa. Arvad deyir ki, nə oldu, niyə ağlayırsan? Heç, - deyir ağlaya-ağlaya, - gəlhagəlimizlə gethagedimizin vaxtıdır.

Ağrı-acı ilə böyümüşəm. Deyirlər, kiminin əvvəli, kiminin axırı. Keçmişimdən heç vaxt utanmamışam. Məndən imkanlı olanlar var idi ki, rayonda mən qoyun-quzu otaranda yağ-bal içində yaşayırdılar, indi baxasınız nə gündədirlər. Fəxr edirəm ki, oxudum, yetimçiliklə gəldim bu sənətə. Universitetə girdim, rəhmətlik akademik Aslan Aslanov məni universitetdə saxladı, aktyor kimi işləməyə başladım, diplomumu müdafiə etdim.

Heç vaxt yadımdan çıxmaz, yeddi-səkkiz uşaqla qonşunun bağına alça oğurlamağa getmişdik. Nənəm bunu bildi, üç saat məni tövlədə ağzı bağlı saxladı və ağlaya-ağlaya dedi: "Onların atası var, cavab verəcəklər, niyə məni ahıl vaxtımda başqasının ayaqlarına salırsan?" Həmin gün hönkürtü ilə ağladım. Hələ də gözümün qabağından getmir. "Əsli Kərəm" folklorunu nənəmdən eşitmişəm. Rəhmətlik çox şeylər danışırdı:

Yağış yağır güldür-güldür,

Mənim yarım hamımızdan hündür.

Məni sevən dağ oğlan,

Sinəsi yaylaq oğlan.

Mənə çoxlu bayatılar, keçmişdə olan maraqlı hadisələr danışırdı. Dörd-beş yaşımda nənəm mənə futbol "tapıçkası" almışdı üç rubla. İnanın, elə sevinirdim ki, futbol oynayacam. Hazırda həmin "tapıçkanı" ikimərtəbəli evimdə saxlayıram ki, keçmişi unutmayım. Allaha qurban olum, hər şey verdi - gözəl ailə, övlad, nəvə. Tez-tez də nənəmin qəbrini ziyarət etməyə gedəndə baş daşına baxıram. Olub-keçənlər gəlir gözümün qabağına. Nənəm çox əziyyət çəkib məni böyüdənə qədər. Nə olsun ki, qohum-əqrəba var idi. Bilirsiniz ki, Zeynalabdin Tağıyev çox hörmətli insan olub. Evinin girəcəyində də kəlçəsini asmışdı. Təsəvvür edin, Fransada nahar edirdi, sonra da Nikolayla gedib görüşüb, evinə gəlirdi. Bax, Zeynalabdin Tağıyev də keçmişini unutmamaq üçün həmin kəlçəni qapısının ağzından asmışdı. Allaha qurban olum, qapını açdı üzümə, bu istedadı verdi mənə.

- Necə oldu ki, məhz qiraət ustası oldunuz?

- Allahın qismətidir. Məni rəhmətlik nənəm saxlayıb. Həmişə mənə folklorlar söyləyirdi. Mən Bakı Mədəni Maarif Texnikumundan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Həmin Universiteti bitirməmiş, yəni 1984-cü ildə Tədris Teatrında aktyor kimi fəaliyyətə başlamışam. 1991-ci ildən bu günə kimi həmin Universitetin "Səhnə danışığı" kafedrasında dosent kimi aktyorlara səhnə danışığı fənnini tədris edirəm. "Qızıl qılınc" mükafatına layiq görülmüşəm. 2001-ci ildə "İlin ciddi sənətçisi" nominasiyası üzrə mükafata və diploma layiq görülmüşəm. 1983-cü ildən bu günə qədər Dövlət Teleradio Şirkətində bədii qiraətçi kimi çalışıram.

- Sizi bu sənətə kim yönəldib?

- 1983-cü ildə İncəsənət Universitetinin bufetində rəhmətlik Əmirhüseyn Məcidovla çay içirdik. Məni göndərdi dövlət televiziyasına və dedi ki, çox gözəl səsi var. İlk dəfə "Ocaq" verilişində rəvayət danışdım. Ondan sonra efirlər məni çağırdı. Hər tərəfdən qapılar üzümə açıldı.

- Bu gün bədii qiraət ustalarına verilən meydan sizi qane edirmi?

- Təbii ki, yox. Meydanı şoular, ulduz yarışmaları zəbt edib. Ciddi yaradıcılıq təkliflərini yaxına buraxmaq istəmirlər. Qapıdan qovulub, pəncərədən daxil olanlardan deyiləm. Həmişə də şəxsiyyətimi qorumağa çalışıram.

- Çox ciddi insansınız. Səhnədə, toyda məcburi gülüb-əyləndirmək sizin üçün çətin deyil ki?

- Məni tanıyanlar bilir ki, həyatda çox ciddi insanam. Duzsuz söhbətlərdən qaçıram. Amma çox səmimi insanam, gülməyi də sevirəm, yerində, qədərində. Əgər dostlarım harasa gedirsə, mənim həmin günü işim olarsa, mənə görə təxirə salırlar ki, mən də gedim onlarla. Maraqlı söhbətlərimə görə hamı istəyir ki, maşında mənimlə getsin. Üzeyir Hacıbəyovun bir sözü var: "Güldürmək, yaxud düşündürüb güldürmək". Qəhqəhə ilə düşündürməmiş güldürmək, yaxud da ürəyin səsi ilə güldürmək, dövr bunu tələb edir. Həyatın nəbzidir. Efir xatirinə hansısa bir şeiri deyəndə üzdə təbəssüm olmaq üçün çalışırsan. Biri var yaxşı oxumaq, biri də var məcburi oxumaq. Hamı bilir ki, mənim sevdiyim mövzu vətən mövzusudur. Əgər məcburən məni qəfəsə salsan, o, insanları güldürə bilmərəm. Çünki mən həmişə çalışıram hörmətimi hamı saxlasın. Hansısa məclisdə olmamışdan qabaq istəyirəm ki, birinci mənim sənətimə, özümə hörmət qoysunlar, mən də gəlim məclislərində ürəklə çıxış edim.

- Sizcə, çoxları üçün arzunun zirvəsi deyilən pillədə dayanmısınız?

- Təbii, pərəstişkarlarım çoxdur. Bax, bu yaxınlarda Qubada "Alma bayramı" idi. Üç gün qalmalı oldum. Dostlarla yığışıb Xınalığa getdik. Həmişə məni kostyumda görüblər, bu dəfə idman formasında idim. Yolun qırağında bir ağsaqqal kişi dayanıb, başı aşağı. Birdən başını qaldırmamış soruşdu: "Ağalar müəllim, bu sizsiniz?" İnanın, çox sevindim. Dedim: "hardan tanıdınız?" Dedi: "səsinin lətafətindən". Bu böyük bir xoşbəxtçilikdir. İnsanın ruhunu oyadan bir çox səslər var. Səslər içində də səs var. Məsələn, rəhmətlik Mikayılın səsi kimi səs yox idi. Bir şeir deyəndə bilirdin ki, Mikayıldı. Əminə Yusifqızının, İlham Əsgərovun, Ağalar Bayramovun qiraəti yüz oxuyanın arasından seçilir. Baxın, hazırda şou-biznesdə sənəti olmayanlar həddindən artıq çoxdur. Bir çox müsabiqələr var: "Yeni ulduz"lar, meyxana yarışmaları - bunlar hər şeyin zibilini çıxardıblar. Adam belə verilişə baxanda əti tökülür. Baxırsan, toylara gəlir, fonoqrama ilə oxuyur, deyir, məndən yoxdur. Çıx, canlı oxu da. Hamısı qeyri-qanuni dolublar bu sənətə. Bəzi şairələrə yox, şairciklərə də demək istəyirəm ki, qiraətlə məşğul olmaq lazımdır. Bədii qiraəti bilmək üçün insanda yaddaş, hafizə, sevgi, məhəbbət, Allahın səsi olmalıdır. Axı çoxları bədii qiraəti bacarmır. Hansı sahədə çalışırsan, mövqeyini ortalığa qoymalısan. Hər bir sənətkarın da öz mövqeyi olmalıdır. Sənətkaram mən, böyük dağlar aşmışam. Çox sevinirəm ki, o kənd yoxdur, mənim qarşıma sevgi-məhəbbətlə çıxmasınlar. Bazara gedirəm, ət satana deyirəm, mənə on kilo ət ver, başını qaldırmamış deyir, Ağalar, müəllim sizsiniz? Səs Rəbbin hidayətidir. Ağaların səsi qaboy ustası Kamil Cəlilovla çəkilir.

- Mədəniyyətsiz siyasətçilərin mədəni çıxışlarını necə qiymətləndirirsiniz?

- Çox pis baxıram. Kim nə ilə nəyi aparır, hamı yaxşı bilir. Bu qoca dünyanın yüz havası var. Amma hər hava ilə də oynamaq olmaz. Hər kəsin də öz havası var. Təsəvvür edin, elə siyasətçi var ki, toyda iştirak edir. Özünü elə aparır, yemək yeyəndə buna fikir versinlər ki, bu necə yeyir yeməyini, necə oynayır. İnsan belələrini görəndə həyata nifrət edir. Adam gərək azad olsun. Başqasının evini yıxmamalısan. Ev yıxanın da evi yıxılar.

- Qadın incə məxluqdur. Bəs kişilərə hansı adı versək, düzgün çıxar?

- Kişi kişidir. Kişi qadın olmasını arzulamamalıdır. Baxırsan bəzi kişilərə, özlərini bəzək-düzəklə iyrənc vəziyyətə qoyurlar. Əsl kişinin lal baxışı olmalıdır. Kişi ancaq vətənə məhəbbətinə görə ağlamalıdır.

- Bəs bəzi kişi müğənnilərinin özünə bəzək-düzək verməyinə necə baxırsınız?

- Çox pis baxıram. Kişi başına xına qoymaz, ağ saçların özü bir nemətdir. Ağılsız insanlardır, belələrini görəndə nifrət edirəm. Bir müğənni var, efirdən deyir, yüz dəfə ərə gedərəm, özüm bilərəm. Belələrinə nə deyəsən, öz talelərini fikirləşmirlər. Onu da deyim ki, hər kolun dibində, tikan içində güllər də var.

- Bəs sizi nə ağlada bilər həyatda?

- Şuşa torpağı alınarsa, üç rəngli bayrağımız sancılarsa, məni sevincimdən o ağladar (kövrəlir).

- Qalmaqal nə deməkdir sizin üçün?

- "Qaçaq Nəbi" filmində bir epizod var: "Sözü at ortaya, qoy qırsınlar bir-birlərini". Ortada heç nə yoxdur, hər sözdən bir problem yaradıb bir-birlərini qırırlar. Daha fikirləşmirlər ki, bir belə xalq onlara baxır. Qalmaqala çox pis baxıram.

- Qısqanc insansınız?

- Bunu ingilislər deyir: "Azacıq qısqansan, məhəbbətdir, ifratla qısqansan, fəlakətdir".

Qısqanclıq hər bir insanda olur. Təbii, məndə də var. Mənə yaxın olanları qısqanıram, amma ifrat dərəcədə yox.

- Ağalar müəllimin ilk məhəbbəti kim olub?

- Gizlətməyəcəyəm sizdən. İlk dəfə də sizə açıqlama verəcəyəm. İlk məhəbbətim qismət olmadı mənə. Hələ də o ağrı-acını çəkirəm. Dəlicəsinə sevmişdik bir-birimizi, amma kasıb, yetim olduğuma görə, həm də ailələr arasında söz-söhbət olduğuna görə mənə vermədilər onu. Baş alıb Bakıya gəldim. 1977-ci ildə qız mənə söz göndərdi ki, Ağalar gəlsin məni qaçırtsın, razıyam onunla getməyə. Onu mənə gəlib deməyiblər. Görüb mən gəlməmişəm, döyə-döyə başqasına veriblər. İnanın, onun dərdindən baş götürüb o kənddən necə çıxmışam ki, toy məclisləri olanda da o kəndə gedə bilmirəm. Əgər gedirəmsə, bütün bədənim gizildəyir. Mənə çox gec çatdırdılar bu söhbəti. Əgər vaxtında çatdırsaydılar, bəlkə də biz ayrı olmazdıq. Bunları gizlətsəydim, riyakar olardım, onda Ağalar olmazdım. Bir röya idi, gəldi keçdi mənim üçün. Cabir Novruz da bilirsiniz ki, yaşlı vaxtında vurulub və şeir yazıb: "Səni unutmaqdan ötrü". O şeiri deyəndə elə bil mən yaşayıram:

Ən dözülməz ağrılara, acılara tab edirəm,

Şeytandan ümid buluram, İblisə xitab edirəm.

Ürəyimi al-qana döndərib, şərab edirəm,

Başıma çəkib içirəm səni unutmaqdan ötrü.

Arzumu kəsib, biçirəm səni unutmaqdan ötrü,

Röyalara meyl edirəm, bəlkə yadımdan çıxasan.

Gözlərimi qırpan təki, görürəm mənə baxırsan,

Sən həqiqətin özüsən, ya xəyalsan, yuxusan.

Öz-özümə döyüşürəm səni unutmaqdan ötrü,

Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü.

Köksümü cırıb açıram, ayrılığın küləyinə,

Bütün keçmiş keçənləri xəlbirləyib ələyirəm.

Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,

Acı-acı gülüşürəm səni unutmaqdan ötrü.

Hicranla öpüşürəm səni unutmaqdan ötrü,

Bu şeiri deyəndə öz taleyimi yaşayıram mən də. Tale də Allahın qismətidir.

- Necə düşünürsünüz, indiki zamanda söz silahı əvəz edə bilər?

- Rəhmətlik Xəlil Rza Ulutürkün yaxşı bir sözü var:

Böyükdür sözün gücü,

Əgər sözdə yaşarsa,

Düzün, düzlüyün gücü,

Böyükdür sözün gücü.

Mən Ağalar heç vaxt elə-belə söz demirəm. Vətənə sevgi, qələbəyə inam mənim təkcə dilimdə yox, həm də ürəyimdədir. Dəfələrlə Məmməd Arazın, Xəlil Rza Ulutürkün və bir çox nəhəng şairlərimizin şeirlərini əsgərlər qarşısında söyləyirəm, onları qələbəyə ruhlandırıram.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Hansı toyda mənə hörmət, dəyər verirlərsə, mən o toyda iştirak edirəm. Əgər kimsə məni məclisində görmək istəyirsə, zəng edir. Deyirəm, qiymət budu. Görürəm ki, yox, o yan-bu yan edir, mən də sözümdən dönmürəm. Amma elə insanlar da var ki, zəng edib, gəlib görüşür. Deyir, arzum budur ki, övladımın toyunu sən aparasan, əlimdə bu qədər pul var. Mən də razı oluram. Simiclik edənlər də var. Baxırsan ki, qiymət danışana qədər min dona girirlər. Razılaşırsan, məclislərinə gedirsən. Görürsən özünü elə göylə aparır ki, bundan yoxdur. Belələrinin qarşısında mən də heç vaxt sözümdən dönmürəm. Şəhər toylarında qiymətim 1500 manatdır, rayon qiymətlərim 2000-2500 manatdır. Sizə bir hadisə danışacağam.

Bir gün Yusif Mustafayev mənə zəng edib deyir ki, boşsan? Deyirəm, nə olub ki? Deyir, bir toy var, gedək mənimlə, 500 manat verir. Deyirəm, yox, getmirəm. Çünki ev yiyəsi səni görüb, sənin yanında gedirəmsə, ora çatanda səni qarşılayacaqlar, mən qalacam qarmon, nağara çalanın yanında. Ona görə getmirəm. Deyirlər, evdə oturub neyləyəcəksən ki? Deyirəm, evdə işlərimlə məşğul olacağam. Deyirlər, bekarsan da. Bəyəm ərindən boşanan pis yola gedir? Bekaram, min işim var. Qismət, ruzi Allahdandır.

Bir dəfə evdə oturmuşdum. Suraxanıya, qapıma Almaniyadan durub gəlmişdilər ki, səni toya istəyirik. Dedilər, Ağalar müəllim, hansı musiqiçidən soruşuruq, hərə bir qiymət deyir, ona görə gəldik özünüzü tapdıq. Məni sevənlərə məsləhətim o olar ki, kim məni məclisində görmək istəyirsə, özümü tapsın.

Türkiyədə də toyda oldum. Dostum Atilla Qaya var, onların məclisi idi. Dörd gün qaldım Türkiyədə. Həmin toyda Sibel Canla idim. Mən dostlarıma qiymət demirəm. Çox yüksək səviyyədə yola saldılar. İnsan özü toy danışıb gedəndə hörmətli, izzətli olur.

- Bəs toyda başınıza maraqlı hadisə gəlibmi?

- Günlərin bir günü bir məclisdə bəyin atasını çağırdım, dedim, həyat yoldaşının adı nədir? Məclisi açıq elan eləmək istəyirdim. Dedi, elə onun adını ana çağır. Dedim, axı necə, adını de də. Dedi, mən necə deyirəm elə də çağır, ana çağır. Məclisin ortasında gördüm bəyin qohumları narahatçılıq edirlər. Bəs bəyin anasının adını niyə demirsən? Mən də ev yiyəsini çağırdım. Bildirdim ki, sizin qohumlar narahatçılıq eləyirlər. Gəlib onların üzünə baxıb, dedi ki, bunlar təxribat törədir. Mən necə deyim ki, bəyin anasının adı Konfransdır? Buna vaxtında ad qoyanlar fikirləşməli idi.

Bir dəfə də toyda idim, Naxçıvanda. Toy mərkəzdə idi. Təsəvvür eləyin, altı saatlıq toyda bir dəfə də olsun "Naxçıvan" mahnısı oynanılmadı. Bəylə gəlin gedəndə mən də ərk elədim, elə bil öz balamın toyu idi. Dedim ki, necə olur Bakıda altı saat toyda "Naxçıvan" mahnısını oynayırsınız, burada bir dəfə də olsun oynamadınız? Birdən qıraqdan biri çıxıb dedi: "A bə qardaş, Azərbaycanda "Barı Naxçıvan"ı ona görə oynayırıq ki, qürbətdə oluruq". Hamı başladı gülməyə.

- Həyatda insanın ən böyük düşməni nədir?

- Riyakarlıq, ikiüzlülük.

- Bəs ən böyük ağılsızlıq nədir?

- Yerini bilməyən ağılsızdır.

- Çatışmayan cəhətiniz nədir?

- Səbirsizəm, əvvəldən sözün axırını çatdıra bilmirəm.

- Gözlərinizdə olan kədər nədəndir?

- 1991-ci ildə mayın 1-i oğlumu elektrik qatarı vurub öldürdü. Şeir deyəndə öz həyatımı deyirəm. Sanki obrazda özümü canlandırıram. Musa Yaqub mənə "söz dirildən" adını verib.

- Ruhunuzu hansı müğənninin səsi dincəldir?

- Alim Qasımovun, Zeynəb Xanlarovanın, Nəzakət Teymurovanın bütün diskləri maşınımda var, qulaq asıram. Röyanın bütün mahnılarına yox, "Bəlkə də" mahnısına qulaq asıram, çox gözəl sözləri var. Son günlər dinləməkdən doymuram.

- Ağalar müəllimin kaprizləri nədir?

- Söz verirəmsə, əməl etməliyəm. Əgər hər hansı bir konsertlə bağlı nəsə alınmırsa, irad bildirirəm ki, axı sən belə demişdin.

- Nəyin həsrətini çəkirsiniz?

- Vətən həsrətini çəkirəm. Bu yaxınlarda eşitdim ki, Xankəndidə aeroport açılır, inanın, ürəyim partlayır, dözmür. Haçana kimi torpaqlarımız yadlarda qalacaq (Kövrəlir)? Səxavət kimi oğulun qəbri düşmən tapdağında qalıb. Bu yaxında Qubada məzuniyyətində idik. Baxıram hər yer gözəldir. Gör Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Şuşada olan gözəllik necə idi? İnanın, o rayonlarımızda olan gözəllik heç Avropada olmaz. Böyük ağrıdı, nə qədər uzanacaq, bilmirəm. Oraları yenidən görmək mənə qismət olacaq, yoxsa yox, onu da bilmirəm.

- Bir çoxları bu sənətin zirvəyə aparan yollarının keşməkeşli olduğunu deyir. Sizcə, nəyi ilə çətindir səhnə həyatı?

- İndi nə var ki, bu sənətə gəlməyə. Zəlimxan bir dəfə dedi ki, ərindən boşanan ərinə acıq vermək üçün klip çəkdirir. Bəzi şairciklər çıxıb bu sənətdə. Gündə bir kitab yazırlar. Onlar fikirləşsin ki, yazdıqları tarixdə qalacaq, yoxsa yox. Allah rəhmət eləsin Məmmədbağıra. Bütün yazdığı şərqilər hər yerdə ifa olunur. Hər dəfə də yada salınır. Axı əsl sənətkar olub. İndiki sənətə gələnlər pul, komfort həyat, sponsor axtarırlar. Belələri sənətdə olmaq istəmir, yalnız baş girləyir.

- İndiki şou biznesin sərt qanunları var. Kimsə populyar olmaq üçün ayağını başqasının başına qoyub keçir. Sizcə niyə?

- Başqasının xoşbəxtliyi üstündə xoşbəxtlik qurulmaz. Rəhmətlik Şahmar, Hamlet, Səməndərin heç vaxt paxıllıq hissi olmayıb. Çünki onların sənəti olub. Paxıl ömür boyu gecə də yatmır. Baxırsan ki, bir-birinin paxıllığına bəhsə girirlər. Hərənin öz yolu olmalıdır. Kin-küdurətdən uzaq olmalısan.

- Şou-biznesin sinfində olmaq asandır, yoxsa Universitet auditoriyasında?

- Bəyəm şou-biznes var ki? Mənim üçün Universitet auditoriyasında tələbələrimlə olmaq şərəflidir. Mən efirlərdən yalnız xəbərlərə, "Ovqat" verilişinə baxıram. Bəziləri şou-biznesdə özünü ulduz sayır. Onları mən cılız adlandırıram. Belələri beyinləri zəhərləyirlər.

- Sizin üçün sevgi nə deməkdir?

- Yaman darıxmışam, sənin üçün, yaman,

Oy, mən əsir düşmüşəm öz istəyimə.

Nifrəti gizlətmək asandan asan,

Sevgimi gizlətmək mahalmış demə.

- Özünüzü daxilən tanıya bilmisiniz?

- Hər bir insan özü-özünü tanımalı, hesabat verməlidir. Gərək qəlbin dəyişməsin. Məmməd Arazın bir şeri var, "Heykəlim".

Guya bu heykəlin niyə beli bükülüb,

Sən baş əyənlərin qabağında baş əymisən.

Xarakterimdə yaltaqlıq, ikiüzlülük yoxdur. Yalanı da bağışlamıram. Əgər yaxşılıq edirəmsə, görürəm pislik edirsə, yaxşılığı dayandırıram. Mənim qəlbimdə, hafizəmdə ülviyyətim Vətənimiz Azərbaycandır. Vətənimiz günü-gündən gözəlləşir, çox dəyişikliklər olur. Bu ölkədə də qanunların şah olmasını istəyirəm. 18 oktyabrda Dövlət Müstəqilliyi Günü gəlir. Mənim silahım poeziyadır. Dar düşüncələrdən uzağam.

- Nostalji hisslərə çoxmu qapılırsınız?

- Mən yetimçiliklə böyümüşəm. Xəyalla yaşayan insanam. Bacım, qardaşım olmayıb, tək övlad olmuşam. Tək könül yoldaşım poeziya olub. Real həyat başqa şeydir. Mənim bir dünyam var, iç dünyam xəzinədir. Romantik insanam. Mənə məndən demə, mən də deyiləm.

- İnsana həyatda nə qalır, insandan həyata nə qalır?

- Bu qala bizim qala,

Həmişə bizim qala

Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

Həyatda hər bir insanın yaratdığı sənəti qalır. Bu həyatda pislik də itmir, yaxşılıq da. Baxın, dünyasını dəyişən elə sənətkarlar var ki, oturub söhbət edəndə deyirsən, sənəti var idi, özü pis insan idi. Gərək ləyaqətlə yaşayasan, ölüb gedəndə özün haqda yaxşı fikirlər qoyasan.

- Sizcə, xalq artisti fəxri adı almağınızın vaxtı yetişibmi?

- Düşünürəm ki, bu məsələ ilə aidiyyəti qurumlar maraqlanmalıdır.

Şeir qəlblərdən dodaqlara, dodaqlardan qəlblərə süzülən saf bir sudur. Eynən şəlalə suları kimi. Məhz bədii qiraətçilər bu suyun saflığının keşiyində dururlar. Onların ifasında səslənən şeirlər bəzən insanı ağladır, bəzənsə təbəssüm oyadır. Mələklər tərəfindən qələmə alınmış həyat şeiri də istisna deyil. Belə ki, seçilmiş insanların saf, nümunəvi həyat yolu daim qiraət olunur və xalqın yaddaşında əbədiyyən yaşayır.

Şəlalə Nəriman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az