Qeydiyyatı başqa ölkələrdə olan avtomobillər Azərbaycanda at oynadır - ARAŞDIRMA

Qeydiyyatı başqa ölkələrdə olan avtomobillər Azərbaycanda at oynadır - ARAŞDIRMA

Respublikada yol-hərəkəti qaydalarının pozulması hallarına qarşı ciddi tədbirlər görülsə də, sürücüləri ən çox narazı salan hallardan biri də sürət həddinin pozulması zamanı cərimələnmələridir. Bəzən sürücülərə idarə etdiyi avtomobilin maksimum sürət həddindən daha artıq sürətlə hərəkət etdiyi ilə bağlı bildirişlər göndərilir.

Məsələn, uzağı 180 km/saat sürət yığmaq gücünə malik avtomobilə 190-la radara düşməsi barədə protokol göndərilməsi kimi hadisələr tez-tez baş verir. Amma bu cəza tədbirləri yalnız ölkə vətəndaşlarına tətbiq edilir.

Xarici ölkə vətəndaşlarının idarə etdiyi və ölkəmizdən tranzit məqsədlə istifadə edən avtomobillər isə istənilən sürətlə hərəkət edə bilər və onlar heç bir cərimə ödəmədən ölkədən rahatlıqla çıxıb gedə bilirlər.

Xarici nömrə nişanı ilə Azərbaycana daxil olan avtomobillər radara düşür, amma bizim Dövlət Yol Polisinin sistemi o qədər zəif işləyir ki, onu vaxtında qeydə ala bilmir. Bundan başqa, əslində, DYP Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX) ilə də birgə sistem qurmalı, yəni, həmin avtomobillər qayda pozarkən radar və kameralarda qeydə alınan məlumatlar birbaşa DSX-yə və DGK-ya inneqrasiya olunmalıdır.

Belə olan halda, qayda pozan əcnəbi sürücü ölkədən çıxarkən sərhəddə cəriməni ödəmək məcburiyyətində qalar.

Mediainfo.az-ın avtosfer.az saytına istinadən məlumatına görə, son vaxtlar Azərbaycana ərəb və kiril əlifbası ilə yazılan nömrə nişanlı avtomobillər də daxil olur ki, DYP-nin radarları həmin hərfləri və nömrələri oxuya bilmir. Yəni, görüntü kimi çəksə də, Mərkəzi Məlumat Sistemində heç nə tapılmır. Beləliklə də, öz vətəndaşlarımıza qarşı sərt mübarizə aparan DYP əcnəbi sürücüləri bir qapıdan qarşılayıb o biri qapıdan yola salır, onlar qaydanı pozsa belə.

Təcrübə göstərir ki, DYP informasiya texnologiyaları sahəsində xeyli geridə qalıb. Məsələn, bir müddət əvvəl dövlət nömrə nişanlarına vurulan elektron çiplər vasitəsilə bütün qayda pozuntularının, hətta nömrəni başqa maşına vurmaq kimi əməllərin dərhal aşkar olunacağını bəyan edən Baş DYP İdarəsi iki il sonra həmin çiplərin heç nəyə yaramadığını etiraf etdi. Hansı ki, bu çiplər üçün milyonlar xərclənmişdi.
Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, yol hərəkəti qaydalarının pozulması hallarının tam elektronlaşdırılmış qaydada rəsmiləşdirilməsi bir sıra yeni tələblər doğurur: "Bunlardan biri ölkəmizin ərazisinə tranzitlə gələn nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilən qayda pozuntuları ilə bağlıdır. Belə nəqliyyat vasitələri bəzən ölkəmizin ərazində cəmi bir neçə saat hərəkətdə olurlar və ölkəni tərk edirlər. Ona görə də onların törətdiyi qayda pozuntuları ən qısa zamanda qeydə alınaraq rəsmiləşdirilməli və həmin nəqliyyat vasitələri ölkənin sərhədini tərk edərkən qayda pozuntusuna görə cərimənin ödətdirilməsi təmin olunmalıdır. Bu problemin uğurlu həlli üçün 2 məsələni həll etmək lazımdır.

Birinci olaraq, ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə nəzarət edən avtomatlaşdırılmış sistemlər xarici ölkələrə aid dövlət qeydiyyat nişanlarını da qeydiyyata alaraq rəsmiləşdirə bilməlidir.

İkinci isə, Dövlət Yol Polisinin istifadəsində olan həmin avtomatlaşdırılmış sistemlərin məlumatları dərhal Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə, hətta Dövlət Miqrasiya Xidmətinə ötürülməlidir ki, əcnəbi sürücünün idarə etdiyi nəqliyyat vasitəsi sərhədi keçərkən ödənilməmiş cərimənin sərhəd-keçid məntəqəsində ödətdirilməsi təmin edilsin.

Birinci məsələnin həlli üçün yollarımızda quraşdırılan radarlar və kameralar elə olmalıdır ki, təkcə Azərbaycanın deyil, digər dövlətlərin də nömrələrini avtomatik olaraq oxuya bilsin. Bu isə çətin deyil. Çünki "Yol hərəkəti haqqında" Konvensiyanın 35 və 36-cı maddələrində, habelə 2 saylı Əlavəsinə uyğun olaraq, beynəlxalq yol hərəkətində iştirak edən avtomobillərin və onların qoşqularının qeydiyyat nişanı ya rəqəmlərdən, ya da rəqəm və hərflərdən ibarət olmalıdır. Rəqəmlər ərəb rəqəmləri, hərflər isə latın əlifbasının baş hərfləri olmalıdır. Lakin başqa rəqəm və ya hərflərin də işlədilməsinə yol verilir, lakin bu hallarda qeydiyyat nömrəsi ərəb rəqəmləri və latın baş hərfləri ilə təkrar edilməlidir.

Deməli, latın hərflərindən və ərəb rəqəmlərindən ibarət olmayan nömrə vurulmuş avtomobillərin ölkəmizə gəlməsinə yol verilməməlidir. Belə olduqda sadəcə olaraq xarici ölkələrə məxsus avtomobillərin qeydiyyata alınaraq avtomatik şəkildə oxunması qalır. Beynəlxalq təcrübədə bu tipli radar və kameralar çoxdan məlumdur. Yəqin ki, onlar ölkəmizdə də var.

İkinci məsələnin həlli isə Dövlət Yol Polisinin mərkəzi məlumat xidməti ilə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin məlumat xidmətləri arasında inteqrasiyanın olmasından, yaxud bu qurumların məlumat xidmətləri arasında operativ şəkildə məlumat mübadiləsinin olmasından asılıdır. Əgər belə məlumat mübadiləsi olarsa və həmin mübadilə təxirə salınmadan, lazımi operativliklə edilərsə, hətta sərhədə yaxın ərazidə qaydanı pozan avtomobil sərhəd-keçid məntəqəsinə çatana qədər onun törətdiyi qayda pozuntusu və ödəyəcəyi cərimə məbləği barədə məlumatı sərhədçilərə və gömrükçülərə çatdırmaq mümkündür".

Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyir ki, xarici dövlət nömrə nişanlı avtomobillər də sürət həddini keçirsə, radarlar tərəfindən qeydə alınır: "Həmin avtomobillərin foto şəkilləri çəkilir. Amma bizim bazada həmin avtomobil sahibinin kim olması ilə bağlı məlumat yoxdur. Ona görə də onlara qarşı elektron protokol tərtib olunması mümkün deyil. Məgər bizim vətəndaşlarımız azdır ki, xarici ölkələrdə qaydanı pozub ölkəni tərk edir? Bizdə də ölkəmizdən tranzit məqsədlə istifadə edən və sürət həddini keçən avtomobil sahiblərinə qarşı cərimə tətbiq olunmur. Bizdə bu sistem hələ ki, Dövlət Sərhəd Xidmətinin informasiya bazasına qoşulmayıb. Buna görə də, məlumat dərhal həmin bazaya ötürülə bilmir. Özü də bu hadisələrin sayı çox olmur. Bu çox nadir haldır və yol hərəkətində ciddi təhlükə yaratmır. Azərbaycanda cəriməni ödəməyən nə qədər sürücü var. İndi biz onlarla mübarizəni qoyaq bir kənara, başlayaq ki, nə var-nə var 1-2 əcnəbi sürücü qaydaları pozacaq, onlara qarşı ölçü götürək? Amma bütün bu sistem mərkəzləşəndən və elektron hökumət portalına yüklənəndən sonra bu məlumat Dövlət Sərhəd Xidmətinə də ötürüləcək. Bundan sonra həmin vətəndaşlar da Azərbaycan Respublikası ərazisində törətdikləri inzibati xətaya görə cərimə ödəyəcəklər".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az