Martın 14-də Azərbaycanın tanınmış reperi Hüseyn Dərya gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində avtoqəza keçirtdi. İdarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobili eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıldığından ağır xəsarətlər alan H.Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildi.
3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyevin mətbuata verdiyi məlumata görə, Hüseyn Dərya hadisənin səhərisi günü – yəni 15 mart saat 09:30 radələrində dünyasını dəyişib. Həkimin sözlərinə görə, reper xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub. "Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı", - deyə Namiq Dəmirçiyev bildirib.
Tanınmış azərbaycanlı reperin ölümünə üzülənlər arasında Türkiyədə yaşayıb, elə oradada fəaliyyət göstərən aktrisa Məlahət Abbasova da var. Sənətçi Hüseynin ölümünə hələ də inanmadığını bildirir:
"İradə İsaqın verilişini ürək ağrısı ilə izlədim. İlk növbədə belə proqram üçün aparıcıya təşəkkür edirəm. Belə bir dəyərli sənət adamını, özünəməxsus stili ilə Azərbaycan repinə yenilik gətirən bir insanı itirmək sənət adamı üçün, həmçinin Azərbaycan üçün itkidir. O, Azərbaycanın Vısotskisi idi! Sənətindən əlavə onu bir insan olaraq tanıdıqda daha çox üzüldüm. Dürüstlüyünə, mərdliyinə, kübarlığına, qüruruna, ac qalsa da, heç kimə boyun əyməyən şəxsiyyətinə heyran qaldım. Onu şəxsi həyatı, narkotika ilə mühakimə edənlər, dönüb dünya starlarının, Türkiyə starlarının həyatlarına baxsınlar. 99% bu işlə məşğuldur. Çoxu da bu üzdən öldü. Elvis Presley, Vitni Hyuston, Ami Vaynehous və onlarca Hollivud ulduzları narkotikadan öldü. Türkiyədə isə başda Müslüm Gurses, Sezen Aksu, Yıldız Tilbe və s. narkotika ilə məşğuldur. Bunu da hamı bilir. Amma kimsə onları Azərbaycandakı kimi mühakimə etmir.
Hüseyn nə etdiyini bilirdi, o, düzəlməyə çalışırdı. Narkotika istifadə edərək özündən başqa kimsəyə zərər verməyən bir insanı belə acımasızcasına mühakimə edənlərə sadəcə gülürəm! Əsas məsələ onun narkotika istifadə etməsi deyil, əsas məsələ budur ki, o, bir qəza keçirtdi. Və belə bir dəyərli insan, sənət adamı həkimlərin qurbanı oldu! Onu xilas etmək üçün bir şey etmədilər. Belə düşünürəm ki, o xəstəxana və həkimlərə qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılmalıdır. O insanı pulsuzluğundan ölümə buraxdılar. Belə sənətkarlar hər zaman dünyaya gəlmirlər". – deyə Hüseyn Dəryanın ölümünə sarsıldığını dönə-dönə vurğulayan aktrisa Məlahət Abbasova bunları əlavə etdi:
- Mən bir sənət adamı olaraq həkimlərin üzündən həyatını itirmiş Hüseyn Dərya üçün Prezident Aparatına və Səhiyyə Nazirliyimizə Hüseyn Dərya sevərlər adından ərizə yazacağam. O xəstəxana və həkimlər barəsində cinayət işi açılmasını tələb edəcəyəm. Artıq materialları toplamışam!
P.S. Gəlin xatırlayaq ki, bir dəfə zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilən H.Dərya ölü zənn edildiyindən həkimlr tətəfindən morqa atılmışdı. Bəli, bəli, atılmışdı! Dekabr ayının qarlı-boranlı çağında iki saat bumbuz döşəmədə qalan bir insanın zarıltısına xadimə yetişmişdi. Məhz həmin xadimənin sayəsində reper yenidən həyata qaytarılmışdı. Buna baxmayaraq, özünün etiraf etdiyi kimi, soyuq döşəmədə qaldığından ciyərləri xəstəliyə düçar olmuşdu... Bu da bəzi həkimlərimizin sahibsiz qalan xəstəyə olan "isti münasibəti"... Bu da Hippokrat andı içmişlərin məsuliyyətsizliyi...
Xəstəxanadakı sonuncu şəkillər isə həkimlərin "insanpərvərliyini" bir daha sübut edir. Gah oturaq, gah da uzanıqlı olan Hüseynin şəkilləri... Bir halda ki, Xalq Təsərrüfatını bitirəsən, amma diş həkimi işləyəsən, daha bu özbaşınalıq baş alıb gedən Səhiyyə Nazirliyinə nə deyəsən?!
Hazırladı: Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































