O, bir vaxtlar çox populyar idi. Amma yavaş-yavaş səhnədən uzaqlaşanlardan oldu nədənsə... Səbəbini elə müğənni Namiq Nağıyevin özü açıqlasın.
- Özünü oxuculara necə təqdim edə bilərsən?
- 1980-ci ildə qədim Oğuz elində - Vedinin Sidli kəndində anadan olmuşam. Üç qardaş, bir bacıyıq, mən bacımla əkizəm. 1988-ci ildə ermənilərin hücumu nəticəsində minlərlə azərbaycanlı ailəsi kimi bizim ailə də doğma el-obanı tərk edib, Bakıya köçdü. Əhmədli qəsəbəsindəki 261 saylı orta məktəbi başa vurduqdan sonra Murovdağda hərbi xidmətimə başladım. 1999-cu ildə ayağımdan yaralandım. Nələr çəkdim, bunu Allah bilir. Xeyli müalicələrdən sonra sağaldım, yavaş-yavaş yeriməyə başladım və hərbi xidmətimi davam etdirdim.
- Müğənnilik eşqinə necə düşdün?
- Mən həvəskar müğənniyəm. Musiqiyə marağım uşaqlıqdan olub. Sonra bu sevgim məni Azərbaycanda gözəl təhsil ocaqlarından biri olan "Xətai Mədəniyyət Sarayı"na apardı və bir müddət istedadlı müğənnilərdən dərs aldım. 2000-2001-ci illərdə "Günahkar sən, yoxsa mən" adlı ilk mahnım lentə yazıldı. 2005-ci ildə "Yadına sal məni", 2006-cı ildə "Qayıt, nə olar", 2010-cu ildə isə "Yaşayıb gedirəm" adlı albomum işıq üzü gördü. Bu albomlarda Meydan Əsgərov, aranjemançı Rəşad İsmayılov, müğənni-bəstəkar Vüsal Əliyev, müğənni-bəstəkar İbrahim Borçalı və s. kimi sənətkarlardan mahnılar aldım. Bir sözlə, həvəskar müğənni ola-ola arzularım hər gün daha da böyüməyə başladı.
- Səncə, nəyə görə bu qədər əziyyətlər yaddaşlara həkk oluna bilməyib? Halbuki, bir mahnı ifa edən müğənni dərhal tanınır...
- Mən bir il Türkiyədə qalası oldum. Orda inandığım birisi tərəfindən diskim çıxmalı idi. Bunun üçün məndən 30 min dollar tələb olundu. Beş illik müqaviləmiz olacaqdı. Amma nədənsə oyuna gətirildim. Və 30 min dollarım getdi... Belə çıxdı ki, mən boş-boşuna orda vaxtımı itirdim... Bir sözlə, haqlı ola-ola haqsız vəziyyətə düşdüm. Yıxılana balta vuran çox olur nədənsə. Bir müddət sənətdən tam uzaqlaşmağa məcbur oldum... Daha oxumaq istəmədim. Yenə deyirəm, mən həvəskar müğənniyəm.
- Özün haqda belə düşünməyinin səbəbi nədir? Uğursuzluq..?
- Yox, sadəcə musiqi təhsilim yoxdur. Sənətdə irəliləmək istədim, ancaq məni aldatdılar... İndi faiz ödəyirəm. Hansısa haram yeyən pulumu götürüb Almaniyaya qaçdı. Sonra da anam ard-ardına əməliyyat olundu. Mənim üçün bu həyatda birinci Allahım, sonra isə anamdır. Başım ona qarışdı deyə, sənətdən uzaq düşdüm. Allah bütün anaları qorusun!
- Pulunu mənimsəyən adam kimdir? Azəridir, yoxsa türk?
- Türkdür - Murat Şahin. O, mahnılarımı radiolarda səsləndirdi, məni hər vasitə ilə inandıra bildi. Beş illik müqavilə bağlayacaqdıq, qazancım onların olacaqdı, sonra tanınacaqdım və qazanmağa başlayacaqdım. Pulları verdim, ertəsi gün sənədləşdirmə işləri olacaqdı, amma aldadıldım... Həmin Murat Şahinə görə nə kimi iztirablara məruz qaldım, bir Allah bilir.
- Bəlkə tapılması üçün hüquq mühafizə orqanlarına müraciət edəsən? Az pul deyil axı...
- Sonradan öyrəndim ki, bu ad-soyad da saxta imiş. Bu iş üzrə mübarizə gedir. Boş oturmuram. Ümid edirəm ki, pullarımı geri alacağam.
- Türkiyədə axtarışa verilib həmin şəxs?
- Yox... Bir il qaldım Türkiyədə, hər ay Naxçıvana giriş-çıxış edirdim. Orda qalma müddəti otuz gün idi. Otuz gündən sonra giriş-çıxış eləmək şərt idi. Axırıncı ayda on gün gecikməm oldu. Cərimə olundum. Həmin ayda mənə pul gəlməli idi. Bir-iki saatın söhbəti oldu. Möhür vuruldu pasporta. İki saatdan sonra pul gəlib çatdı. Deportasiya edilmişəm, beş illik qadağadan üç ili keçib artıq. Türkiyədə batan pullarımı geri almaqla məşğulam. Əgər ala bilsəm, "Yalvar gözəl Allaha" adlı diskimi hazırlayacağam. Qürbətdə yaşayan Sevgi xanımın sözlərinə mahnılar hazırlayıram. Əgər alınsa, 2014-cü ilin fevral ayında satışa çıxacaq. Aranjemana görə İlqar Quliyevə təşəkkür edirəm.
- Səninlə eyni vaxtda sənətə atılanlar populyarlıq əldə etməyi bacarıblar. İrəliləyə bilməməyinin səbəbi nədir?
- İndiki zəmanədə qabağa getmək üçün gərək yaltaq olasan. Ya da ki kiminsə haqqını yeyəsən. Belə şeylər mənlik deyil. İnşallah, Allah özümə yetirər, mən də arzuladığım diski buraxdıraram. Bu sənətdə hər kəsə uğurlar arzulayıram. Amma bəzən nədənsə özümüz özümüzə düşmən oluruq. Xarici sənətçi gələndə, dilini bilmədiyimiz mahnıları oxuyanda az qalırıq ki, onu göyün yeddinci qatına qaldıraq. Özümüzünkü oxuyanda o saat başlayırıq lağa qoymağa. Sosial şəbəkələrdə baxıram biri çıxan kimi o dəqiqə xoşagəlməz rəy yazırlar. Hətta mənim də videolarıma, mahnılarıma və verilişdə olan süjetlərə nalayiq sözlər yazırlar. Belələrinə cavab yazmıram. Çünki öz ailəsinə, özünə, yaxınına hörməti olan özgəni təhqir eləməz. Həm də ki monitor qarşısında oturub kimisə söyməyə nə var ki? Xoşun gəlmir, baxma! Monitor arxasında yaza-yaza kişilənən acizlər, unutmayın ki, söyüşlə özünüzü alçaldırsınız. Bəzi saytlarda görürəm ki, düşmənlər bizim şəhidlərin şəkillərini qoyub, təhqir edirlər. Hətta azəri xanımlarının şəkillərini də. Özümüz özümüzə təhqirlər yazmaqdansa, çalışaq ki, bax bu cür erməni qruplarına vaxt ayıraq, onlarla mübarizə aparaq.
- Bir ara "Onun yarısı" evlənmək proqramında iştirak edirdin. Özünə yar tapa bildin?
- O verilişdə məni sevən çox oldu. Ancaq düzünü deyim ki, çox peşmanam o verilişə çıxdığıma. Həm də çox! Ona görə ki, çox qalmaqallarda adım hallandı. Bir tərəfdən də peşman deyiləm, çünki dəyərli dostlar qazandım. Allah hər kəsə ürəyinə görə versin. Mənim üçün sevgi hörmətdir. Hər bir insanın sevgi yarası olur. Mənim sevdiyim xanım 1999-cu ildə rəhmətə getdi... Düşünürdüm ki, daha sevə bilmərəm. Amma sevgi çağırılmamış qonaqdır. Nə vaxt gələcəyini dəqiq demir. Hazırda elə birisini sevirəm ki, mənim üçün əlçatmazdır. Bunu bilə-bilə sevirəm. Hər kəsin sevməyə haqqı var. Allah sevənlərə səbir versin.
Həyat bəzən kimisə sevindirir, kimisini isə kədərə qərq edir. Ancaq hər ikisi hal müvəqqətidir. İnanırıq ki, Namiq Nağıyev də tezliklə arzularına qovuşub, çəkdiyi əzablı günlərini, kədərli anlarını unudacaq.
Hazırladı: Könül Qocayeva Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































