Onların bir-birini tanıması təsadüf olub. Samirin heç ağlına gəlməzdi ki, hansısa iştirak edəcəyi bir ad günündə bugünkü görüşü ona həyatının mənasını tapmağı vəd edəcək. Samir Qulamovun dediyinə görə, sevib-seçdiyi Samirə xanımla ilk tanışlığı bir dostlarının məclisində olub. "Həmin məclisdə mən bütün qızlarla, oğlanlarla deyib-gülürdüm, sadəcə bir qızın mənə fikir verməməyi məni çox təəccübləndirdi. Səhər elə oldu ki, onların bir qohumlarından xahiş etdim ki, Samirəyə desin ki, mənə nömrəsini versin. Qohumu da Samirəyə deyəndən sonra yox cavabını verdi mənə. Mənə də maraqlı idi ki, axı o niyə belə edir? Amma qəlbimdə nəsə bir istilik hiss edirdim, əl çəkmədim. Sonra həmin qohumu gördü ki, qız nömrəsini verməyəcək, özü nömrəsini verdi mənə, hətta söylədi ki, mənimlə dalaşsa da, qoy dalaşsın. Nömrəni alan kimi ilk SMS-im bu oldu ki, Samirə xanım, mənim sizdən xoşum gəlir, mən yüngül adam deyiləm, çox xahiş edirəm, məni ciddi başa düşün. Elə oldu bir müddət sonra qismət oldu, danışdım. Mən onların ailələrini tanımağa başladım. Samirənin özü bankların birində çalışır. Əsli qubadlıdandır. Qardaşı London olimpiadasında üçüncü yeri tutmuş Emin Əhmədovdur. Üç il bir-birimizi tanıyandan sonra üç aydan sonra nişanlandıq və ailə qurmağa razılaşdı. İlk sevgimi də mən bildirdim", - deyə təzəbəy Samir Qulamov öz toyunda ayaqüstü açıqlama verdi.
Bəli, iyunun 5-də hamının sevimlisi kino-rejissor aktyor Samir Qulamovun toyu oldu. Toy mərasimi "Yeganə" şadlıq evində keçirildi. Həzin musiqi sədaları altında qonaqlar onlar üçün ayrılmış masalarda öz yerlərində əyləşəndən sonra bəylə gəlinin gəlişini gözlədilər. Çox keçmədi "Vağzalı" sədaları altında hər iki tərəfdə yanan atəşfəşanlıqların cərgəsi ilə xoşbəxt cütlük zala daxil olaraq şərbət masasına yaxınlaşdı. "Sonun başlanğıcı" sevgi himninin sədaları altında rəqs edəndən sonra qonaqların gurultulu alqışları ilə bəylə gəlin kürsüsündə əyləşdilər. Samir Qulamovun bu xoş gününə çoxlu sənət adamları təşrif buyurmuşdu. Qocaman qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilov, klarnet ustası Hüseynağa, meyxanaçılar Vüqar, Yaşar, Sabirabadlı Pərviz, aparıcı-aktrisa Gülnarə, idmançılardan beynəlxalq dərəcəli hakim, şöhrət ordenli Hicran Şərifov, kikboksçu Anar, Musiqili Komediya Teatrının rəhbəri Əli Qismət Lalayev, "Azəristar" Fərid, qruplardan "Bakı" qrupu, "Karvan" qrupu, aktyorlardan "Sonun başlanğıcı"nın bütün kollektivi iştirak edirdi. Aydın müəllim, Əhməd Salahov və bir çox tanınmış kino rejissorlar da toyda idi.
Toyda ən maraqlı 18 nəfərdən ibarət dövlət rəqs ansamblının çıxışı oldu. Misir rəqqasının çıxışını da hamı zövqlə qarşıladı. Bəyimiz yetərincə maraqlı rəqsləri ilə hamının nəzərində idi.
Dünən özüm də bir qonaq kimi həmin toyda iştirak etdim. Məclisdə bir sıra qeyri-adiliklərin şahidi oldum. İnanıram ki, məhz dünənki toy bir çox insanların yaddaşında qalacaq. Əsas xoşbəxtlik toyun gözəl, şən keçməsində deyil, Samirin Samirənin yanında olmasında idi. Məncə, adamın yanında onu sevən, onu düşünən, başa düşən, hər zaman ona dayaq olan, nazını çəkən adam olanda xoşbəxtlik istər-istəməz özünü göstərir. Belə bir deyim də var ki, gəlin köçən qızın çiyninə mələk qonur. Elə ona görə də toy günü sevincdən nurlanan çöhrələrlə gəlinlərin hamısı bir mələk qədər gözəl və məsum görünürlər. Hər bir insan öz toyunun qeyri-adi olmasını arzulayır. Həmişə istəyir ki, onun toyu seçilsin, hansısa bir cəhəti ilə, ya da bütünlükdə digərlərindən fərqlənsin. Doğrudur, əvvəllər bu bir o qədər vacib deyildi, lakin müasir gənclərimizin toy hazırlıqlarında da, ümumiyyətlə, toylarında da əsas məqsədləri bu olur ki, biz seçilməliyik.
Samirlə Samirənin toyu, bir-birindən gözəl və rəngarəng musiqilərlə dolu olan məclisi gecə saat birə qədər davam etdi. Qonaqların əksəriyyəti gənclər olduğundan məclis şən və yaddaqalan oldu.
Biz də "Oxu məni" kollektivi olaraq Samir və Samirəyə xoşbəxtlik, ailə səadəti, uzun ömür, can sağlığı arzulayırıq. Əminik ki, əsl sevgi üzərində qurulan bu ailənin təməli də ilk gündən möhkəm olacaq. İnşallah, gələn il bu vaxt xoşbəxt cütlüyün ailə sevinci olan ilk övladlarının doğum günü qeyd edilsin. Yeri gəlmişkən, Samir Qulamovun bir arzusu var – oğlu olsa, adını Muhəmməd, qızı olsa Fatimə qoyacaq. İnşallah, bu arzusu da çin olar. Amin!
Şəlalə Nəriman
O.M.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































