Əli Musayev Təranədən çox Musadan inciyib

Əli Musayev Təranədən çox Musadan inciyib
Əli Musayev bəzi qaranlıq mətləblərə aydınlıq gətirdi

"Kaş şəhid anası olardım, bu biabırçılığı görməzdim" adlı yazıdan sonra mövzunu rəfə qoymaq istəyirdim ki, Əli Musayev mənimlə əlaqə saxlayıb redaksiyaya gəlmək istədiyini, oxuculara deyiləsi sözü olduğunu bildirdi. Mövcud qalmaqalda dəfələrlə adı hallanan tərəf kimi ona da söz hüququ verməli idim. Ən azı ona görə ki, o həm özünü, həm anasını, həm qardaşı Cabbar Musayevi, həm də əmisi Niyaməddin Musayevi təmsil etdiyini vurğulayırdı. Əli Musayev həmçinin özü və ailəsi barədə işlədilən sərt ifadələrə görə cavab hüququndan istifadə etmək istəyirdi. Odur ki, onun dediklərini olduğu kimi sizlərə təqdim edirəm:

"Musa ilk dəfə mənə ayın 14-də zəng etdi. Dedi ki, 17-ci bölmənin yanındayam. Öz-özümə fikirləşdim ki, yəqin kafedə oturub çay içir, məni görmək istəyir, çoxdan idi görüşmürdük. Mən 17-ci bölmənin yanında buna zəng etdim, "haradasan?" - dedim. Dedi ki, mən bölmədəyəm, izahat verirəm, məni gözləməli olacaqsan. Sual verdim ki, maşınlasan? Dedi ki, yox, maşınsızam. Üç saat Musanı gözlədim ki, görəm nə olub. Öz-özümdə dedim ki, ya Rusiyada zərər edib, ya da ki maşına görə bank verib. Artıq Musa bölmədən çıxandan sonra hər şey aydın oldu. İlk sözü bu oldu ki, Əli, sür maşını, mənim 17 illik həyatım məhv oldu. Öz-özlüyündə başladı danışmağa: "Mən çox pis vəziyyətdəyəm, bütün var-dövlətimi Təranə mənimsədi. Mənim niyə vaxtında ağlım olmadı ki, Moskvada yaxın dostlarım məni çox başa saldı vəziyyət nə yerdədi. Mən onlara qulaq asmadım. Çox peşmanam".

- Sizə necə dedi, nə üstündə dalaşmışdı?

- Ayın 14-də axşam 5-6 radələrində cihazla, mikrosxemlə Təranənin kiminləsə danışdığını tutub dedi. Hətta həmin cihazı mənə də göstərmişdi. Soruşdum ki, necə oldu? Dedi ki, həmin insanla telefonla danışığının hamısına qulaq asdım. Təranə bilmədi. Evə gəldim. Həmin an gözümə heç nə görsənmədi, vurub dağıtdım ev-eşiyi. Təranəni də, qızını da döydüm. Bunlar qaçdı qonşuya. Mən də silahı evdən tapıb bunları vuracaqdım ki, qaçdılar. Silahı da qonşu əlimdən aldı, məni sakitləşdirdi. Mən də çıxıb getdim. Amma öz-özünə deyirdi ki, kaş vurardım. Dedim, gedək çörək ye. Dedi, istəmirəm. Çox belə hadisələr olub. Küsüb barışmışdılar. Dedim ki, yaxşı fikirləş, dəfələrlə evdən çıxmısan. Hətta elə olub ki, pal-paltarlarını çıxarmısan. Mən heç bir işlərinizə qarışmıram, - dedim və maşınımı verdim ki, sürsün. Çıxıb bağa getdi.

- Deyirlər ki, o maşını qarşı tərəf alıb sizə?

- Təranə getsin öz maşınlarının pulunu ödəsin, sonra mənə maşın alsın. Özlərinin metal rəngində maşınını bank əllərindən aldı. Çünki ödəyə bilmirdilər, borcları var idi. Qaldı mənə, deyir maşın alıb, çox gülməlidi. Mən əvvəl aldığım maşının yiyəsinə 2500 manat verib, nağd pula maşın aldım. Bir müddətdən sonra Musa mənə dedi ki, bəs ona pul borcluyam, ödəyə bilmirəm. Dedim ki, istəyirsən mən maşınımı qaytarım, sənin borcun olmasın ona. İndi günün bu günü Musa mənə min manat borcludur. Mənim Musaya borcum yoxdur.

- Bəs onda sizi nədə günahlandırırlar?

- Mənim onlarla heç bir işim yoxdur. Sizə sadəcə ona görə müsahibə verirəm ki, o, mənim ailəmin adını çəkib. Bu xəmir çox su aparacaq. Onu bilirəm. Mən onsuz da onlara başa salacağam ki, Təranə, sən kimsən, əgər sənə xanım demək olarsa. Çox xahiş edirəm, necə deyirəm, elə yazın, müsahibəmdə ona xanım kimi müraciət etdiyimi bildirməyin. Yəni mən onu xanım gözündə görmürəm. Qaldı, bu hadisə olanda ayın 14 günü Musa "Oxu məni" redaksiyasına müraciət edib. Sonra mənə dedi ki, istəyirəm yazını çıxardım. Elə oldu ayın 15-i ANS-ə müsahibə verib, 16-da ATV-yə müsahibə vermişdi. Səsləri də ordadı, hətta orda özü tək olub, mənim xəbərim olmayıb. Sadəcə sizdə də artıq saytda və qəzetdə yazı çıxmışdı deyə saxlamaq mümkün olmadı və çox əsəbiləşmişdi. Çünki Təranə ona "riqulirovka" vermişdi.

- Siz qardaşınızda hər hansı formadasa psixi pozğunluq hiss etmişdiniz?

- Heç bir psixi pozğunluğu olmayıb. Burada mənim iştirakım olmayıb, jurnalistlər mənim nömrəmi tapıblar. Musa yanımda olanda deyib ki, bu sözləri de, mən də demişəm.

- Söz-söhbətdən sonra qardaşınızla üzbəüz gəlmisinizmi?

- Ayın 22-si günü efirdə anonsları gedirdi. Bilirdim ki, efirdə iştirak edəcəklər. Mən onlardan qabaq ANS-də idim. Məndən müsahibə götürdülər. Bir də ki, ANS-in "Günəbaxan" verilişində reklam vaxtı Musa çölə çıxanda dəhlizdə məni gördü. Mənə dedi ki, sən nə gəzirsən burada? Bir az sözümüz tərs gəldi. Mən də dedim ki, ay vicdansız, ananın, qardaşlarının haqqında nə gəldi danışırsınız. Niyə imkan verirsən, niyə sözündən döndün? Sən deyildin deyən ki, Cabbar Rusiyadan gəlsin, mən dizin-dizin, sürünə-sürünə ayağına düşüb yalvaracağam ki, 17 il bundan qabaq səhv etmişəm?! Siz düz idiniz?! Bu sözləri dedim. Çöldə "axranlar" bizi ayırdı. Sadəcə lazım olan müsahibəni verdim. Özüm çıxmaq istəmədim.

- Bundan əvvəl gəlininizlə zəngləşirdiniz?

- 2010-cu ildə Taleh rəhmətə gedəndən bir neçə ay sonra Təranə mənə zəng elədi ki, Əli, sən Musanın qardaşısan. Sən bilərsən, bunun bu qədər çox borcu olmağının səbəbi nədir? Bu pullar hara gedir? Mən bildirdim ki, 1500 manat borcu olduğunu bilirəm, qalanlarını bilmirəm. Sadəcə, kimlərdənsə borc alıb, Məhərrəmlik ayı olduğuna görə pulu qaytara bilməmişdi. Dəqiq bilmirəm, Musanın niyə bir belə borcu yaranmışdı. Çünki yetərincə iş qurmaq istəyib, batırmışdı. Mən bilən, sonra 35 min Rusiyada ziyana gedib. Sadəcə Təranəyə demirdi ki, mahnı bəstələsə bəsdi.

- Sizi ən çox nə qıcıqlandırdı?

- Əsas mənim ailəm haqqında ağzına gələni deməsi. Xatırladım ki, Təranə, Musa kimi avara, təcrübəsiz deyiləm. İki qızım, bir oğlum var. Övladlarım savadlıdır. Oğlum Universitetdə oxuyur. Oğlumla fəxr edirəm. İki qızım da məktəbdə əlaçıdır. Tərbiyəli, əxlaqlı, gözəl həyat yoldaşım var. Özüm sevib ailə qurmuşam. Sənin kimilərlə həyat yoldaşımı müqayisə etmərəm. Çünki sən nəsən, hamı bilir. Qohum-əqrəbada hamı bildi ki, kim nədir. Övladlarımın tərbiyəsi sənin övladlarından yaxşıdır.

- Qarşı tərəf hətta sizi bədbəxt adlandırdı. Həqiqətən maddi vəziyyətiniz acınacaqlıdır?

- Kirayədə qalmaq eyib deyil. Mənim özümün rayonda evim də var. Hazırda torpaq sahəm də var. Çox adam deyib ki, gəl Moskvada sənə ev alaq. Demişəm, özüm öz zəhmətimlə eləyəcəm. Mən uşaqlarıma təhsil vermişəm.

- Sizi məhkəməyə versələr, ilk reaksiyanız necə olacaq?

- Heç nədən qorxmuruq. Nə deyibsə, cavabını verəcəyik. Qaldı, o bizim şərəf-ləyaqətimizə söz atıb. Mənim əlimdə çox sübutlar var. Nə mən, nə Cabbar heç nədən qorxmuruq. Böyüyümüz - əmim Niyaməddin də artıq hər şeydən xəbərdardır. Qızı Röya ona zəng edib deyib ki, burada şou gedir. O da deyib ki, Bakıya dönən kimi son sözümü deyəcəm, müsahibə də verəcəm. Ağsaqqalımız isə Cabbardı. Cabbarı verən Allaha qurban olaq. Qabiliyyətli, uzaqgörəndir. Amma Cabbarın ailəsini də təhqir etdi. Bir fikirləşsin nə deyir də. Cabbarın həyat yoldaşı başımızın tacıdır. Çox tərbiyəli, savadlı xanımdır. Bütün günü anamın qulluğunda necə durur, Allah görür. Səni biz qəbul etmirik, etməyəcəyik də. Mənim ağzımı açdırma, Təranə, hələ səninlə bizim söhbətimiz çox davam edəcək. Utan da, ay Musa, heç maraqlanmısan ki, səni doğan ana necədir? Xəbərin var ki, xalamız qızı, sənin keçmiş həyat yoldaşın anamızın qulluğunda durur? Anamın iynələrini də o vurur.

- Nə vaxtsa barışıq olacağına inanırsınızmı?

- Heç vaxt. Artıq ölüm də olsa, xeyri yoxdur. Bilirsiniz mənim anama nə təsir edib? Üç dəfə ona "sən öl" deyib ki, o Təranədən ayrıldım. Qardaşımın qəbrinə and içib ki, ayrıldım, daha o arvada dönməyəcəm. Bəs nə oldu? Musa o dünyada cavab verəcək. Heç bilmir ki, atasının qəbri hardadı. Belə oğula nə deyəsən. İmişlidə hamı nifrət edir ona, bədbəxt kimi baxır. Sizə deyim, hazırda anamın yanından gəlirəm. Qara şalı mənim maşınımdadır, Musaya göndərib ki, taxsın başına, gəzsin şəhərdə. Anamın bütün ehtiyacını Cabbar çəkir, sənin kimilərə ehtiyac yoxdur. Cabbar bizim ağsaqqaldır, onun sözü də qanundur. Cabbar nə desə, o da olmalıdır. Hətta qardaşım rəhmətə gedəndə o vaxt qohum-əqrəba çox istədi ki, Cabbarla Musanı barışdırsın. Cabbar bir kəlmə dedi: "ola bilməz!" Onu da dedi ki, o insanı qardaşlıqdan 17 il bundan qabaq çıxartmışam, görsəm ölüb, üstündən maşınla keçib gedərəm, mən onları tanımıram, həyatımdan silmişəm.

- Bu qədər nifrət sizdə haradandır?

- Musa Təranə ilə tanış olanda mən Rusiyada olurdum. Bildiyimə görə, Təranə Nərimanovda salonda dırnaq təmizləyən olub. Ora gəlib-gedənlər həmişə deyirdi ki, gözəl səsin var. Necə olubsa, Musa, Cabbar səfərə gedirmiş, oxuyan lazım olub. Adını çəkmək istəmədiyim bir müğənni düzüb qoşub. Bir də görüblər ki, Təranə bunlarla Moskvaya gedib. Qayıdıb gələndən sonra restoranların birində işləməyə başlayıblar. Bir də efirdə deyir ki, 20 ildir bir yerdəyik. Bu 20 ildə belə çıxır ki, əri ola-ola Musayla oturub-dururdu? Demək, ərinə də xəyanət edib. Mən burdan Təranənin keçmiş ərinə səslənirəm, onunla görüşməliyəm, deyiləsi sözlərim var. Hamı bilsin, Təranənin əri "samalyotda" olanda Təranə ondan boşanıb. Yazıq əri bu yaxınlarda Almaniyadan qayıdıb. 35 min dollar Təranə verdi, o da özünə birotaqlı ev aldı. Burdan ona deyirəm ki, yoldaşım yoldaşından təmiz, qızlarım qızlarından təmiz, vicdanım da keçmiş ərin Musadan təmiz. Özüm də İmişli Rayon İstehsalat Cəmiyyətinin müdiri işləmişəm. Hamı da Musaya vicdansız, qeyrətsiz kimi baxır. Qaldı, ay Təranə, mənim qızlarımdan danışınca özündən danış da. Musa gəlib dedi ki, qızın Qumral iki aydı boşanıb, ərinin ikiotaqlı mənzilini vermisən ona, yaşayır. Sən öz gününə ağla, sinənə döymə. İlk dəfə də, sən Musa, ayağa qalxdın, mətbuata, ANS-ə, ATV-yə bu haqda danışdın. Hamı görür ki, Təranə səni "riqulirovka" edir. Təranə, Musanın ailəsini sən dağıtdın. Gül kimi ailəsi var idi. Musa buralardan çıxıb getsə, yaxşı olar. Bu biabırçılığı necə götürür, bilmirəm.

P.S. Müsahibə gedə-gedə Cabbar Musayevlə də əlaqə saxladıq. Cabbar Musayevin ilk sözü bu oldu: "Mənə maraqsızdı onlar. Eşitmişəm məhkəmə ilə hədələyir. Lazım olsa, qanuni şəkildə başa salaram onları. Sizə böyük hörmətim var və qələminizə hörmətlə yanaşıram. Məni hamı tanıyır. Necə insan olduğumu mənim yaxınlarım bilir".

P.P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

Şəlalə Nəriman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az