SORĞU: Sənətkarların ilk məhəbbəti

SORĞU: Sənətkarların ilk məhəbbəti
Və ya qəlblərimizi fəth edənlərin qəlb dünyası

İncəsənət xadimləri haqda çox sözlər deyilib, bir o qədər də xəbərlər yazılıb. Onların ifaları, həyat tərzləri, zahiri və daxili görkəmləri, hətta qalmaqalları zaman-zaman gündəmi məşğul edib. Bu da təsadüfi deyil. İncəsənət birbaşa ruha xitab etdiyindən bu peşənin sahibləri qəlbləri fəth etməkdə peşəkar olurlar.

Görəsən, bu insanlar şəxsi həyatlarında da qəlblərin fatehinə çevrilə biliblərmi? Yoxsa ifa etdikləri əsərlər kimi romantik duyğuların mövzusuna çevriliblər? Bir sözlə, bugünkü mövzumuz sənətkarların ilk məhəbbətidir.

Alim Qasımov (xanəndə) – İlk məhəbbətim sinif yoldaşım olub. I sinifdən VIII sinfə qədər onu sevdim. Amma o, məni sevmirdi. Sonra qismət oldu ki, onunla ailə qurdum. İki qızım, bir oğlum var.

Anar Qasimbəyli (müğənni) – İlk məhəbbətim həyat yoldaşım olub. Gözümün qarşısında böyüyüb, ailələrimiz dost olub. İlk sevgimi də mən bildirdim. İkimiz də bir-birimizi sevdik. On bir ildir ailəliyəm. Bir qızım, bir oğlum var. Çox xoşbəxtəm.

Nuriyyə Əhmədova (aktrisa) – Kim deyir ki, məhəbbət, sevgi var, mən inanmıram. Ailəli olmuşam, üç övladım var. Qızım rəhmətə gedib. Hazırda ayrılmışam.

Samiraldo (stilist) – İlk məhəbbətim 17 yaşımda olub. O qıza böyük sevgim olub. Onu hələ də unuda bilmirəm. Amma həyat bir oyundur. Gözünü açdın, bağladın, o dünyadasan. Hazırda qəlbim boşdur.

Zahid Qubadlı (klarnet ifaçısı) – 26 yaşında get-gedə öyrəşdiyim biri var idi. Ancaq qismət elə gətirdi ki, ayrıldıq. Subayam.

Naibə Allahverdiyeva (aktrisa) – İlk məhəbbətim bağçada olub. Oqtay adında oğlan idi. Yumrusifət oğlan idi. Çox xoşum gəlirdi ondan. Hazırda bir qızım var, ayrılmışam.

Ceyhun Nemətov (müğənni) – İlk məhəbbətim məktəb illərində olub. Həmin qız rus qrupunda oxuyurdu. Yalnız bir-birimizə baxırdıq. Heç nə demirdik. O hiss də ötüb keçdi. Hazırda ailəliyəm. Həyat yoldaşımı çox sevirəm. İki övladım var.

Arif Səlimov (müğənni) – İlk məhəbbətim olub. Ona yetərincə bahalı hədiyyələr almışam. Sonra gördü ki, elə də imkanım yoxdu, məndən ayrıldı. Hətta onun toyunda ifa da etdim. Bu, mənim üçün böyük dərd idi. İlk məhəbbətimin toy günü səhərə qədər dəniz qırağında oturub dənizə tamaşa etdim. Hazırda subayam, qəlbim boşdur.

Elit Star Cəmilə (müğənni) – İlk məhəbbətim yaddaşımda qalıb. Amma onunla yox, öz həkimimlə ailə qurdum. Çünki sakit təbiətli insan idi. Məndən 15 yaş böyük insanla ailə qurdum. İki övladım var.

Namiq Fərhadoğlu (aşıq)

Həyatda heç nə demə mənimdi,

O şeylər dünyada qalacaq sənsiz.

Mənimdi dediyin hər bir əşyanı

Özgəsi başqa cür aparacaq sənsiz.

Hazırda subayam, istədiyim, qismət olsa evlənəcəm.

Ağalar Bayramov (bədii qiraətçi) – iki övladım, bir nəvəm var. İlk məhəbbətim qismət olmadı mənə. Səbəbi də o vaxt kasıb, yetim olduğuma görə olub. Hələ də o ağrı-acını çəkirəm. Hazırda ailəliyəm.

Bilal Əliyev (müğənni) – Ailəliyəm, bir oğlum var. Qismət olmadı ilk məhəbbətim. Həmişə kənardan baxmışam ona. Həyatda hər şey Allahın əlindədir. Kəndimizdə orta məktəbdə olub. İlk məhəbbət elədi ki, öləndə ürəkdə nisgili qalır.

Mehrim (müğənni) – İlk sevgim məktəb illərində, 14-15 yaşlarımda olub. Adı Emin idi, "Naxçıvanski"də oxuyurdu. Anası erməni olduğu üçün atam məni ona vermədi. Atasının adı Bağır idi, anasının adı Haykanuş. Anası erməni olduğu üçün atam elçilərini geri qaytardı. Bir-birimizi saf məhəbbətlə sevirdik. Düzü, yaman kövrəldim, məni bir növ keçmişə apardınız.

İndi onların hər biri minlərlə insan tərəfindən sevilir. Lakin bir zamanlar tək bir insanın məhəbbətinə ehtiyac duyurdular. O məhəbbətə ki, adı ilk məhəbbətdir, lakin əbədiyyətin özü qədər sonsuzdur.

Şəlalə Nəriman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az