Müasir incəsənətdə korifey sənətkarlar tez-tez nümunə gətirilir. Hadisələrə onların baxış bucağından baxmağa çalışılır. Onlardan misallar çəkilir, bəzi ehtimallar verilir. Hətta təəssüflə qeyd olunur ki, onlar sağ olsaydı, başqa cür olardı...
Biz isə bugünkü bayram günündə müasir dövrün sözünü demiş, sevilən sənətkarlarından sitat gətirəcəyik. Əminik ki, onların əksəriyyəti gələcəkdə korifey adlana biləcək incəsənət xadimləridir. Onlar həm də xalqın ziyalılarıdır.
Diktor Rafiq Hüseynov: Dəyərli Azərbaycan xanımları, hər birinizi bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizə dünyanın bütün gözəl və şirin nemətlərini, qadın xoşbəxtliyini dadmağı arzu edirəm, çünki siz bütün yaxşı nə varsa, hər birinə layiqsiniz. Hər zaman sevib-seviləsiniz, yalnız bayramlarda deyil, bütün ömrünüz boyu diqqət mərkəzində olasınız... Bayramınız mübarək, əziz qadınlar!
Bəstəkar Eldar Mansurov: Azərbaycan xanımı böyük bir zirvədir, bu söz əsrlərin sınağından çıxıb və özünü təsdiq elətdirib. Bizim tarix boyu
xanım diplomatlarımız da, sərkərdələrimiz də, milli qəhrəmanlarımız da olub. Mənim arzum budur ki, müasir dövrümüzdə də xanımlar bu yolu davam eləsinlər, heç vaxt heç nədən qorxmasınlar. Necə deyərlər, zərif olsunlar, amma zəif olmasınlar. Ürəkləri hər zaman sevgi ilə döyünsün. Bayramınız mübarək, yaşasın Azərbaycan xanımı!
Bəstəkar Faiq Sücəddinov: Mənə elə gəlir ki, 8 Mart Qadınlar günü bütün bayramların ən ümdəsidir, çünki xanımlarımızın bayramıdır. Mən bütün xanımlara, analara uzun ömür, can sağlığı, xoşbəxtlik arzu edirəm. Tanrı onları ürəklərindəki bütün arzularına yetirsin. Hər birinizi öpüb, bağrıma basıram, bayramınız mübarək, əziz xanımlar!
Şair Musa Yaqub: 8 Mart Beynəlxalq Qadınlar günü mənimçün gözəl bayramlardan biridir, çünki çox dəyərli olan xanımlarımızın
adını daşıyır öz tərkibində. Biz kişilər bu bayramda xanımları təbrik etməyi, onları sevindirməyi özümüzə borc bilirik. Mən bayram münasibətilə bütün xanımları - anaları, bacıları, qız-gəlinləri təbrik edirəm, onlara böyük məhəbbət və zərif duyğular arzu edirəm. Daim bəylərdən mehriban, xoş rəftar görsünlər. Bayramınız mübarək!
Şair Baba Vəziroğlu: Qadın elə bir varlıqdır ki, onu ən ülvi məhəbbətlə belə təbrik etsən, yenə də azdır, amma buna baxmayaraq, bütün xanımları bu gözəl bayram münasibətilə təbrik edirəm! Onlara həyatın bütün gözəl günlərini dadmağı arzu edirəm. Məhəbbətləri qəlblərində kainat qədər böyüsün və ucalsın. Təbii ki, bununla yanaşı can sağlığı və uzun ömür, hər zaman gül təravətlərini qoruyub saxlamağı arzu edirəm. Həyatda heç vaxt heç kimdən nigaran olmasınlar, daim sevdiklərinin yanında və əhatəsində olsunlar. Bir daha təbrik edirəm, bayramınız mübarək, ey azəri xanımları, nə yaxşı siz varsınız!
Aktyor, rejissor Şeyx Əbdül Mahmudbəyov: Böyük Hüseyn Cavid buyurur: "Qadın incə bir xilqət, alçaldıqca yüksəldər əlbət". Azərbaycan
qadını əsrlər boyu ölkəmizə hər zaman nəhəng şəxsiyyətlər bəxş edib, bu mənada Azərbaycan xanımı həm bir ana kimi, milli-mənəvi dəyərləri yaşadan qadın kimi, namus-qeyrət simvolu kimi və nəhayət, ölüm-dirim savaşında hər zaman kişilərə arxa-dayaq dayanan, çətin günlərdə kişilərin sığınacaq yeri olan qız-gəlinlərimizdir. Amma çox təəssüflər olsun, bu gün yəqin ki təbliğatın təhrif olunmasından biz klassik milli-mənəvi dəyərlərdən bir az uzaq düşmüşük, bu üzdən mən çox istərdim ki, xanımlarımız köklərinə qayıtsınlar, klassik ənənələri bərpa eləsinlər. Bütün xanımlarımızı öpüb, bağrıma basıram.
Xanəndə Alim Qasımov: Xanımlar bizim həm analarımız, həm bacılarımız, həm balalarımız, həm də nəvələrimizdir. "Xanım" sözünün mənası "kişinin xanı" deməkdir. Buna görə də mən bütün xanımları təbrik edirəm və arzu edirəm ki, hər zaman özlərinin Xan titullarını qoruyub saxlasınlar. Bayramınız mübarək!
Müğənni Mübariz Tağıyev: Qadınlarımız haqda nə danışsaq azdır, heç bir çərçivəyə sığmır hislərim. Bütün xanımları bu bayram
münasibətilə təbrik edirəm. Mən bu bayramı müqəddəs bayram hesab edirəm, çünki bu bayram, ən əsas, qadınlığın o ali pilləsinə yüksələn analarımızın bayramıdır. Buna görə də bütün analarımızın əllərindən öpürəm. Allah onları heç vaxt bizim üzərimizdən əksik etməsin, çünki cənnət anaların ayaqlarının altındadır. Əziz qadınlar, var olun, bayramınız mübarək!
Müğənni Yalçın Rzazadə: "Xanım" sözünə mənim hədsiz böyük hörmətim var. Mən dünyanın bir çox yerlərində olmuşam və dəfələrlə müşahidə etmişəm ki, Avropa xanımları gözəl görünməyin sirrini bilirlər. Amma azəri xanımlarının bu sirri bilmələrinə heç bir ehtiyac yoxdur, çünki həqiqətən azəri xanımları dünyanın ən gözəl xanımlarıdır. Mənim ən böyük dostum, anam azəri xanımı idi, həyat yoldaşım azəri xanımıdır, demək istəyirəm ki, mən elimə-obama çox bağlı insanam, Azərbaycanı çox sevirəm və xalqımın sənətkarı olaraq Azərbaycan xanımlarının qarşısında baş əyirəm, onlara sonsuz sevgi, xoşbəxtlik arzu edirəm. Nə geyirlərsə geysinlər, hər zaman o geyim onları şux göstərsin, çünki onlar bu gözəlliyə layiqdirlər. Bayramınız mübarək, əziz qadınlar!
Müğənni İlqar Muradov: Hörmətli xanımlar, sizi Beynəlxalq qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm! Hər birinizə xoşbəxtlik arzu
edirəm. Qadın sağlam gələcəyin təməlidir. Hər zaman sağlam olsunlar, çünki həqiqətən xanımlar cəmiyyətə çox gərəkli bir məxluqlardır. Həm ana kimi, həm bacı kimi, həm həyat yoldaşı kimi bizim yanımızdan heç zaman əksik olmasınlar. Tanrı sizi qorusun, bayramınız mübarək!
Müğənni Faiq Ağayev: Əziz, mehriban xanımlar! Hər bir qadın üçün ən böyük mükafat - diqqət və nəvazişdir! Arzu edirəm ki, bunları həyatınızda təkcə ildə bir-iki dəfə deyil, hər gün bolluca görüb, hiss edəsiniz! Var olun, bayramınız mübarək!
Müğənni Nadir Qafarzadə: Mən xanımlarımızı 8 Mart Qadınlar günü münasibətilə təbrik edirəm, hər birinə xoşbəxtlik, qadın
səadəti arzu edirəm! Hər zaman üzləri gülsün, çünki biz kişiləri yaşadan məhz xanımlarımızın gülüşüdür. Bayramınız mübarək, gülər üzlü gözəl xanımlarımız!
Müğənni Ədalət Şükürov: Bəylərimizə demək istəyirəm ki, xanımlara hədiyyə vermək, xoş söz söyləmək, nəvaziş göstərmək yalnız 8 Mart günündə deyil, hər zaman lazımdır. Çünki xanımlara içdən gələn hislərimizin bildirilməsinin ən gözəl yolu budur. Xanımlarımıza isə bir ömür boyunca xoşbəxt və firavan yaşamağı, öz gözəlliklərini hər zaman qorumağı arzu edirəm. Bayramınız mübarək, gözəl xanımlar!
Oxu Məni kollektivi: Biz də bütün təbriklərə qoşularaq qadınlara uzun ömür, cansağlığı, xoşbəxt həyat arzulayırıq.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































