Cari ilin 9 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini qəbul edib.
Xarici İşlər Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, iki ölkənin rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu bildirib.
Ölkələrimiz arasında ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da möhkəmlənməsinə ciddi töhfə verdiyi qeyd olunub, bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin fevral ayında İtaliyaya dövlət səfərinin yüksək əhəmiyyəti vurğulanıb.
Səfir Auqusto Massarini öz növbəsində ölkələrimiz arasında yüksək səviyyəli strateji əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdirildiyini qeyd edib.
Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Dünyanın üzləşdiyi COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkənin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı yardımın Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğu məmnunluqla qeyd edilib.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən son təxribatı, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bölgədə gərginliyi artırmaq məqsədi güdən fəaliyyət və bəyanatları, eləcə də Azərbaycanın münaqişənin həlli üzrə məlum mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb. İşğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan tərəfinə tarazlı yanaşma nümayiş etdirilməsinin qəbuledilməz olduğu, uzun illər ərzində müşahidə olunan bu kimi yanaşmanın Ermənistanın işğalçı siyasətinə son qoyması və bu xüsusda konkret addımlar atmaqdan boyun qaçırması üçün əsas təşkil etdiyi vurğulanıb.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın nümayiş etdirdiyi prinsipial mövqeyi ilə əlaqədar səfir Auqusto Massariyə minnətdarlığını bildirib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































