Son vaxtlar bərpaolunan enerji növlərinə Azərbaycanda çox böyük əhəmiyyət verilir. Bu istiqamətdə böyük planlarımız var. Energetiklər yaxşı bilirlər ki, bərpaolunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Ona görə bu stansiya enerji dayanıqlılığının təmin edilməsi işində də mühüm rol oynayacaqdır. Bütövlükdə bu stansiyanın enerji sistemimizin təşkilində və gələcək inkişafında çox böyük rolu olacaqdır.
Mediainfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 1 000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olarkən və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən deyib.
“Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz birinci növbədə bu məsələ ilə məşğul olmağa başlamışdıq. Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır. O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib. Mən onların arasında əlbəttə ki, böyük stansiyaları xüsusilə qeyd etmək istərdim. Çünki bu stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyəyə çatdıra bilməzdik. Yadımdadır, birinci regional inkişaf proqramı qəbul olunandan sonra 525 meqavat gücündə “Sumqayıt” Elektrik Stansiyası tikildi. Ondan sonra digər stansiyalar - təxminən 800 meqavat gücündə “Cənub” stansiyası, 400 meqavata yaxın gücü olan “Şimal-2” stansiyası, generasiya gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyası. Ölkəmizin müxtəlif yerlərində modul tipli beş stansiya tikilmişdir ki, o stansiyaların hər birinin generasiya gücü təxminən 90 meqavatdır.
İndi təsəvvür edin, əgər bunlar tikilməsəydi, bu gün biz yenə də əvvəlki illərdəki kimi, idxaldan asılı vəziyyətdə olacaqdıq və öz enerji təhlükəsizliyimizi təmin edə bilməyəcəkdik. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik. Eyni zamanda, bizdə güclü ixrac potensialı yaranmışdır. Daxili tələbatımızın artmasına baxmayaraq, bizim ixrac potensialımız ildən-ilə artır. 2004-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız və o cümlədən sənaye potensialımız üç dəfədən çox artmışdır. Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, eyni zamanda, itkilər də azalmaqdadır”, - İlham Əliyev bildirib.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































