"Tanınmamış Dağlıq Qarabağ Respublikasının hakimiyyəti dünya səviyyəsində tanınması üçün səylərini davam etdirəcək…” - “RİA Novosti”
Ümid edirik ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinin növbəti təxrubatıyla bağlı kəskin mövqeyini bildirəcək...
Rusiyanın ən aparıcı dövlət informasiya agentliklərindən olan “RİA Novosti” Azərbaycan Respublikasının artıq 1 il 7 aya yaxındır müvəqqəti(!) olaraq Kremlin nəzarətində qalan ərazisindəki “sülhməramlı” hərbi kontingentin himayəsində bəslənən separatçı-terrorçu erməni rejiminin əldəqayırma “dövlət naziri” Artak Beqlaryandan “faktiki” "müstəqil" “dövlət” təmsilçisi kimi müsahibə götürüb.
Əyanilik üçün müsahibənin “RİA Novosti” tərəfindən şərhinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:
"Tanınmamış Dağlıq Qarabağ Respublikasının hakimiyyəti dünya səviyyəsində tanınması üçün səylərini davam etdirəcək, bundan sonra Ermənistana birləşmək məsələsinə baxmaq mümkün olacaq"
Bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində respublikanın dövlət naziri Artak Beqlaryan danışıb.
"Biz Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmasına nail olmaq üçün səylərimizi davam etdirəcəyik. Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasından sonra respublikanın Ermənistana birləşməsi məsələsinə baxmaq mümkün olacaq", - Beqlaryan bildirib.
O vurğulayıb ki, indi Azərbaycan özünü “güclü hiss edir”, üstəlik, Türkiyə ona hərbi-siyasi dəstək verir və bu səbəbdən “DQR” hakimiyyəti “gələcəkdə Azərbaycanla birbaşa danışıqlar yolu ilə problemlərini tədricən, addım-addım həll etmək” yollarını axtarmalıdır. "Bunun üçün Azərbaycan “sülhə hazır olmalıdır”, - deyə Beqlaryan qeyd edib.
2020-ci il sentyabrın sonunda Dağlıq Qarabağda uzunmüddətli münaqişənin davamına çevrilmiş və mülki əhalinin tələfatına səbəb olan hərbi əməliyyatlar yenidən başlayıb.
Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin noyabrın 10-na keçən gecə əldə olunan üçtərəfli razılaşma uğurlu olub. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan tam atəşkəsə və əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə razılaşıblar. İrəvan həmçinin 1994-cü ildən tanınmamış DQR-in nəzarətində olan Kəlbəcər və Laçın rayonlarını, eləcə də Ağdam rayonunun bir hissəsini Bakıya verib. Bundan əlavə, bölgədə Rusiya sülhməramlıları yerləşdirilib".
Xatırladaq ki, bu, Rusiya KİV və ayrıca “RİA Novosti” tərəfindən Azərbaycana qarşı Qarabağla bağlı ilk təxribat faktı deyil. 2020-ci ilin dekabrında da eyni nəşr o zaman qondarma rejimin qanunsuz “ombudsman”ı olan Artak Beqlaryandan müsahibə götürmüşdü.
Zəruri şərh:
Göründüyü kimi, Rusiya dövlət informasiya agentliyi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq təhdid mövqeyində duran separatçı-terrorçu rejimin qondarma “dövlət nazir”indən müsahibə götürməsi bir yana, müsahibənin şərhində “Dağlıq Qarabağ Respublikası” və “Artsax Respublikası” birləşmələri dırnaqsız-filansız təqdim edir. Birləşmələrin əvvəlindəki “tanınmamış” təyini isə Kreml üçün separatçı qurumun “tanınmaq ehtimalı olduğunu” da nümayiş etdirir. Materialda həmçinin “dövlət naziri” birləşməsi də dırnaqsız təqdim olunur…
Ümid edirik ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinin növbəti təxrubatıyla bağlı kəskin mövqeyini bildirəcək...Moderator.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































