Sevinc Səfərova ilə ötən il fevralın 25-də Azərbaycan Yazıçılar Birliyində "Günah" romanının təqdimatı zamanı tanış olmuşduq. O, Şərq dünyası, eləcə də bir çox cəmiyyətlər üçün faciə hesab edilən, hətta barəsində danışılması belə ağlasığmaz olan homoseksuallıqdan bəhs edən bu romanın müəllifi kimi diqqətimi çəkmişdi. Kitabın təqdimat mərasimində Azərbaycanın tanınmış yazarları və Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev kimi görkəmli şəxslər iştirak edirdi. Mərasimə nəinki yerli yazarlarımız, hətta Türkiyə, Rusiya, Norveç, Hollandiya və digər qonşu ölkələrdən də qonaqlar təşrif buyurmuşdu.
Türkiyəli rejissor Ünal Küpəlinin tədbirdə səsləndirdiyi fikirlər hələ də yaddaşımdadır: "Bu romanı oxuduğumda gözlərim önündə gözəl bir film canlandı. İndiyə qədər bu mövzuda hər hansı bir filmə rast gəlməmişəm. Ona görə müəllifə təklif etdim ki, gələcəkdə bunu ssenari halında işləyək və bir film çəkək".
Ünal Küpəli bildirdi ki, ya bu filmi çəkəcək, ya da bundan sonra həyatında bir daha film çəkməyəcək. O, tam əminliklə vurğuladı ki, çəkəcəyi film beynəlxalq arenalarda tanınan film festivallarına qədər gedib çıxa biləcək bir film olacaq. Bunlara "Kann kinofestivalı", "12 palma", "Oscar" kimi festivallar da daxildir. Eyni zamanda, Ü.Küpəli Allah ömür qismət edərsə, "Günah" filmini çəkdikdən sonra onun 26 ölkədə təqdimatını edəcəyini də vurğulamışdı.
Nəinki Ünal Küpəli, xalq artistimiz Canəli Əkbərov da "Günah" romanını oxuduğunu və bu əsəri yüksək qiymətləndirdiyini bildirmişdi. Onun sözlərinə görə, bu roman bəlkə də böyük bir kütlənin fikirlərini kökündən dəyişə bilər.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu isə təqdimatda Sevinc Səfərovanı böyük cəsarətinə görə alqışlamışdı da: "Elə fikirlər var ki, insan onu səsləndirməməlidir. Heç kim insana nəyisə düşünməyi qadağa edə bilməz. Ancaq bu gün sevindirici haldır ki, o düşüncə kitab formasına düşür. Hansı ki, biz bu barədə danışmağa qorxuruq. Onu Sevinc xanım duyub, hiss edib onu kitaba gətirib. Bu mövzuda əsər yazmaq bir riskdir. Bunu qələmə aldığı üçün Sevinc xanıma minnətdarlığımı bildirirəm ki, bizim düşünməyə belə qorxduğumuz bir mövzuda kitab yazıb".
Rejissor, ssenarist Əyyub Daneşvar isə "Günah" romanının süjetinin adi bir süjet xətti olmadığını bildirmişdi. Demişdi ki, bu əsər heç də adi insanlar üçün yazılmayıb. Bu kitabı yazmaq üçün gərək daxilində başqa bir hisslər baş qaldıra: "Burada hissiyyat özünü göstərir. Romanda hadisələr yazılır, sonra da fikirlər söylənir. Ancaq bu romanda səhnə şərh olunur. Hiss olunur ki, yazıçı o hissləri yaşayıb, təsirlənib və qələmə alıb. Bu roman insanı cəlb edən bir romandır. Bu romanı 6 saata, bir nəfəsə bitirdim".
Bundan başqa sözügedən tədbirdə iştirak edən Norveçin, Hollandiyanın baş müşavirləri də həmin təqdimatda çıxış etdi. Onlar da əsərin böyük ürəklə, cəsarətlə yazıldığını qeyd etdilər.
Təqdimatdan sonra Sevinc Səfərovanın "ENES.F production"ın və "Şərq ulduzları" teatr ansamblının, eyni zamanda "Şərq ulduzları" telelayihəsinin rəhbəri olduğunu eşitdim. Sonralar öyrəndim ki, əslində Sevinc xanım təkcə bu layihənin münsif heyəti deyil, məhz yaradıcısıdır. Belə ki, vaxtilə reytinqlərdə birinci yerləri tutan "Şərq ulduzu" layihəsinin rəhbəri olan Sevinc xanım studiyanın təmirindən tutmuş bütün inancı ayrıntılarına qədər özü təşkil etmiş, bütün günlərini o studiyada keçirmişdir. Nəticədə, o, "Şərq ulduzu" layihəsini həyata keçirməyi bacarıb. Hansı ki, bu layihənin yetirmələri bu gün cəmiyyətdə özlərinin layiqli yerlərini tapıblar. Onlar da "Şərq ulduzu" layihəsinin həyatlarının dönüş nöqtəsi olduğunu təsdiqləyirlər.
Sevinc xanımın film sahəsində də işləri az olmayıb. Belə ki, o, "Qatillə görüş", "Ruhun səsi", "Kömək edin", "Nə idi o günlər?" kimi filmlərin rejissorudur. Onun hər bir filmi böyük müzakirələrə səbəb olmuşdu. Bu baxımdan, "Nə idi o günlər?" qısametrajlı filminin daha çox təsirli olduğunu xüsusi qeyd etmək lazımdır. Bu film əlil insanlara həsr olunmuşdu. Onların dünyaya inteqrasiyası, sosiallaşması ilə bağlı bir çox mətləblərdən bəhs edir. Filmi izləyərkən fiziki qüsurlu insanlarla bağlı bir neçə layihəsi olan Sevinc xanım həmin insanların dərdini, acısını içində hiss etdiyini görürsən.
Müsahibələrinin birində deyib ki, bu filmi çəkərkən hesab edirdim ki, onların özlərinə inanması, daxillərində böyük bir ümid yaratmaq üçün bu filmi çəkməliyəm. İstəyimə də bu filmlə nail oldum. Ondan sonra "Qatillə görüş" filmini çəkdim. Beləliklə, filmlərin ardı gəldi.
Sevinc xanım həyata keçirdiyi bütün layihələrdə daim ölkəsini düşünüb. Hər zaman müsahibələrində "Fəxrlə qeyd edirəm ki, mən azərbaycanlıyam. Hər bir layihəmi vətənə və ölkəmizin gənclərinə, övladlarına həsr etmişəm"- deyib.
"Günah"-ın təqdimatından sonra Sevinc Səfərova ilə söhbət etmək imkanımız oldu. Daha sonra onun kitabını oxudum və filmlərini izlədim. Həqiqətən məlum oldu ki, Sevinc xanım gördüyü bütün işlərdə ilk növbədə ölkəmizi düşünüb. O, 2009-cu ildə "Xəzər" qrupunu yaradıb. Bu qrup 17-27 yaş arasında olan istedadlı uşaqlardan ibarət vətənpərvər bir qrupdan ibarət olub. Qrupun repertuarında ulu öndərimizlə və vətənpərvərliklə bağlı bəstələr ifa olunub. Qrup üzvləri icra başçılarının dəvəti ilə ölkəmizdə keçirilən bayram şənliklərində, və bir sıra dövlət tədbirlərdə çıxışlar edibilər. Ulu öndərimizin xatirəsinə həsr olunmuş konsertlər, tədbirlər keçiriblər. Söhbətimiz zamanı Sevinc xanım belə dedi: "Rayonlara səfərlərə gedirdik, maraqlı konsert proqramlarımız olurdu. "Xəzər" qrupunu yaratmaqda əsas məqsəd həmin zamana qədər ölkəmizdə vətənpərvər ruhlu bir qrupun olmaması idi. Bundan əlavə, istedadlı uşaqlara yardımçı olmaq, onları xalqımıza tanıtmaq istəyirdim. Onlar çox kasıb və bir o qədər də istedadlı idilər. Ancaq istedadlarını bəlli etmələri üçün imkanları yox idi. Mən də bu uşaqları axtardım, yığdım və gözəl qrup yaratdım. İndi həmin uşaqlar öz yollarını tapıblar".
O, 2011-ci ildə 1 iyun Uşaqları beynəlxalq müdafiə günündə əlil uşaqlar üçün ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zirvə" adlı silsilə xeyriyyə tədbirləri keçirib. Bu tədbir də cəmiyyətimiz tərəfindən müsbət qarşılandı və uzun müddət səs-sədası dilləri dolaşdı. O, 2012-ci ildə Azərbaycanda analoqu olmayan "Şərq ulduzu" telelayihəsinə imza atdı. Bu layihəni etməkdə məqsəd isə aztəminatlı, maddi cəhətdən çətinlik çəkən, kasıb, lakin istedadı olan uşaqları bir araya toplayıb onları ölkəmizə tanıtmaqdan ibarət olub. Bunun üçün 54 rayona üz tutmalı olub. Uzun sürən seçim turlarından sonra uşaqları yığıb, paytaxta gətiriblər. Bu layihə bir növ o uşaqlara cəmiyyətdə özlərini, öz mövqelərini tapmaq üçün vasitəçi oldu. Bu gün o uşaqların uğurlarını görəndə, sevincinin həddi-hüdudu olmadığını demişdi. İndi də bu layihənin ölkəmizin sərhədlərini aşaraq bütün Şərq ölkələrində həyata keçirmək niyyəti olduğunu eşitdim. Əslində bu çox böyük bir layihədir. Siz təsəvvür edin ki, bütün şərq ölkələrində hər kəs Azərbaycanlı xanımın təşkilatçılığı ilə keçirilən bu layihədən danışacaq. Əsas məsələ də burasındadır ki, bu layihə Amerikada baş tutacaq. Əslində bu xəbərə bir Azərbaycan vətəndaşı kimi sevinməmək mümkün deyil.
Sevinc Səfərova kimi xeyirxah, vətənpərvər insanların əməllərini, həyata keçirdiyi layihələri xatırlatmağımın səbəbi isə budur ki, hər zaman ehtiyacı olan uşaqlara, gənclərə maddi və mənəvi dəstək göstərilməlidir. Bu məsul vəzifəni təkcə dövlətin üzərinə atmamalıyıq. Hər birimiz öz bacarığımız çərçivəsində nələrsə edə bilərik. Məsələn, Sevinc Səfərova kimi bir yazarın, prodüserin, ssenaristin edə biləcəkləri iş kitab yazmaq, film çəkmək, studiya qurmaq və bunların daxilində xeyirxah layihələr icra etməkdir. Bu baxımdan, tutduğu vəzifədən, statusdan asılı olaraq hər birimiz vətəni və onun övladlarını düşünməliyik...
Zəhra Mənsimli
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































