Bu il Nar bayramı Zay bayramı oldu! - GÖYÇAYDAN REPORTAJ

Bu il Nar bayramı Zay bayramı oldu! - GÖYÇAYDAN REPORTAJ
Turistlərə qarşı hörmətsizliyin nəticəsi pis olacaq...

Hər il olduğu kimi bu il də Göyçayda keçirilən Nar Bayramında iştirak etmək üçün ötən həftənin sonu yola düzəldik. Hava yaxşı olduğundan əhval-ruhiyyəmiz də son dərəcə yüksək idi. Həm də 10 ildir telekanalların bar-bar "bağırdığı" Nar festivalının şahidi olacaqdıq. Evdən çıxmamışdan əvvəl bir–iki otellə əlaqə saxladıq ki, Göyçayı əməllicə gəzə bilək. Lakin adminstratorlar bildirdilər ki, otellərdə yer yoxdur: "İcra hakiminin qonaqları üçün bütün yerlər öncədən tutulub". Hər nə isə...

3 saata yaxın yolu qət etdikdən sonra ünvan başına çatdıq. Polis işçilərinin göstərişi ilə şəhərin mərkəzində yerləşən stadiona tərəf istiqamət aldıq. Avtomobillərin saxlanılması üçün yerlərin nəzərə almaq təşkilatçıların yadından çıxmışdı, deyəsən. Düşündük ki, maşınlar unudulsa da, yəqin şəhərə axışan turistlərin komfortu unudulmaz. Ən azından, insanların şəraiti üçün hər şey yaradılar. Elə bu həvəslə də avtomobilimizdən bir kilometr aralıda yerləşən stadiona gəlib çatdıq.

İlk baxışdan hər şey normal görünürdü: festival üçün daha nə lazım idi ki? Stendlər, nar bayramını əks etdirən fotolar, nardan hazırlanmış müxtəlif növ şirələr, kampot və mürəbbələr, turşular, cürbəcür əl işləri, saxsı qablar, suvenirlər. Bir sözlə, ön planda hər şey yüksək olmasa da, orta səviyyədə təşkil oluna bilmişdi.

"Əsl xatirəlik fotolardır" deyibən stendlərə tərəf irəlilədik. Bir-iki şəkil çəkməyə ancaq fürsət tapdıq. Çünki mühafizəçilər özlərini yetirib, "çəkilin, aralı dayanın, yol verin, uzaqlaşın!" deyə bağırmağa başladılar.

"Deyəsən, ölkə rəhbəri də təşrif buyurub" düşüncəsi ilə irəlidən gələn qonaqlara tərəf boylandıq. Yox, 5 aydır ki, Göyçay Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsinə təyin olunmuş Mehdi Səlimzadə idi. Öz "əhalisi" ilə stendləri gəzirdi. Millət vəkilləri arasında bu həftənin "qəhrəman deputatı" adına layiq görülmüş Hadı Rəcəbli daha çox canfəşanlıq göstərirdi. Ona tərəf uzadılan narın hər bir məhsulundan iştahla dadırdı. Ardınca isə həmkarlarına baxıb, gülə-gülə fikrini bildirirdi. Kefləri kök idi. Yenicə nahardan gəldikləri açıq-aydın bəlli olurdu.

İcra başçısı nar məhsulları haqda qonaqlarına məlumat verə-verə stendlərdən uzaqlaşdı. Yalnız bundan sonra festivala gələnlər ortalığa qayıda bildilər. Amma hər kəs gördüklərindən son dərəcə məyus oldu. Belə ki, artıq stendlər dağılmaq üzrə idi. Nar bayramı ilə əlaqədar yaradılan gözəlliklər bir andaca yox olmuşdu!

Bayaq milli geyimdə olan yaşlı nənə Hadı Rəcəbliyə nar mürəbbəsi ilə dolu qaşıq uzatmışdı. İndi həmin qaşıqda yarımçıq qalan mürəbbəni də ümumi qaba töküb, sanki aradan çıxmağa çalışırdı. Sözün açığı, nə baş verdiyini anlamaq mümkün deyil. Hər şey elə anidən baş verdi ki... Hara, nə üçün tələsirdilər, anlamaq olmurdu. Ya stolun üstündəkilərini mənimsəməyə çalışırdılar, ya da satmağa qaçırdılar. Hər nə isə... Bu da belə...

Yavaş-yavaş stadionun arxa hissəsinə tərəf irəlilədik ki. bəlkə burada heç olmasa ürək açan nəsə oldu. Amma daha betər görüntü ilə üz-üzə gəldik! Çirkli əllərlə lüləkabab bişirən kim, sac içində doğranılmış ətdən guya dönər hazırlayan kim, susuz bir məkanda çay dəstgahı açan kim, hansı birindən başlayım, heç bilmirəm. Bir sözlə, antisanitariya baş alıb gedirdi. Ən qəribəsi isə bu idi ki, stadionda heç əl-üz yumaq üçün yer belə olmadığı halda, bir kişinin oğlu nə cürsə çayxana açmışdı. Maraqlıdır ki, müştəriləri də var idi. Bu dəhşətli pintilik içərisində stol çəkib əyləşərək, bəhbəhlə yemək və çay sifariş verənləri heç cür başa düşmək mümkün deyildi.

... Narımızı alıb, tez bir zamanda bu turistlərə qarşı bu saymamazlığı, hörmətsizliyi tərk etmək istədik. Bakıda 50-70 qəpiklik narları 1 manata, 1.50-2 manatlıq narları isə 3-4 manata satan alverçiləri də gördükdən sonra stadiondan çıxmaq istədik. Bu zaman məlum oldu ki, bir azdan burada konsert proqramı başlayacaq. Vaxtın uzadılmasının səbəbi isə mikrofonların işləməməsi və səhnənin hələ hazır vəziyyətə gətirilməməsidir.

Bax beləcə, Nar Bayramını yox, Zay Bayramını başa vurub, qayıtdıq evimizə.

P.S. Azərbaycanda turizm sektorunun inkişafına yardımçı olmaq və rayonun sosial-iqtisadi durumunu yüksəltmək məqsədi daşıyan Göyçay tədbirində baş verənlərlə sizləri də yaxından tanış etdik. Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə Azərbaycanın inkişafı üçün ilk növbədə turizmi, iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirməyin vacibliyini vurğulayıb. Amma nədənsə Göyçay Rayon İcra Hakimiyyəti güclə boy atan turizm sektorunu bu cür "baltalamaq"la məşğuldur. Birmənalı şəkildə Nar Bayramı vəzifəli şəxslər üçün hazırlanır desəm, yalan olmaz. Halbuki, bu biabırçılığı hər kəsin görə biləcəyi şəkildə etməmək də olardı. Yəni öz aralarında yığıncaq təşkil edib, narı "parçalaya" bilərdilər...

P.P.S. Əminik ki, təsvir etdiklərimizlə gördüklərimiz arasındakı bu böyük fərqdən sonra bizim kimi minlərlə insan peşmançılıq hissi ilə Göyçayda keçirilən Nar Bayramından qayıdıb. Bağışlayın, Zay bayramından...

Hazırladı: Könül AYPARA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az