"Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır".
(Heydər Əliyev)
Bunu Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının əsas səhifəsindən köçürtdüm. Sözün açığı, sözügedən nazirliyin xeyirxah əməlləri haqda çox eşidib, çox xəbərlər yazmışıq. Xalqın keşiyində dayanan FHN-nin əməkdaşlarının cəmiyyət üçün lazımi işlər gördüyünü eşitdikcə, nə gizlədim, fəxr edirdim. Köməksiz vəziyyətdə qalan insanların yardımına yetişən nazirlik əməkdaşlarına bir növ arxalanırdım. Düşünürdüm ki, nə vaxtsa mən də çətin vəziyyətə düşə bilərəm və Azərbaycan vətəndaşı olaraq FHN ilə əlaqə saxlayıb, ümidlə onların köməyinə güvənə bilərəm. Lakin iyun ayının 8-də bütün ümidlərim puç oldu desəm, yalan olmaz.
... Ötən bazar günü ailəvi xeyir işdən qayıtdıq. Gecə saat bir olardı. Açar kilidə salındıqda tərslikdən sınıb qaldı. Nə edəcəyimizi bilmədik. İlk əvvəl anamgilə gedib, orada gecələməyi fikirləşsəm də, qəflətən yadıma FHN düşdü. Gecə saat 01:21 radələri idi. Hər gün saytlarda, qəzetlərdə neçə-neçə köməksiz vəziyyətdə qalan insanların yardımına yetişən nazirliyin 112 qaynar xəttinə zəng vurdum. Dəstəyi qaldıran xanım özünü təqdim etmədi, mən də böyük ümidlə düşdüyümüz vəziyyətlə əlaqədar məlumat verdim. "İçəridə adam qalıb?" sualına, "xeyr", - dedim.
- Belə halda biz izə kömək edə bilmərik, xanım. Amma bir usta nömrəsi verə bilərik. Köməyimiz bu ola bilər. Bu xidmətin bizə aidiyyatı yoxdur. Ödənişlidir onu da deyim. Zəng vurun, danışın, gəlib qapınızı açsın.
Başqa çıxış yolumuz qalmadığından FHN-nin 112 xidmətindən verilən "usta" nömrəsi ilə əlaqə saxladıq. Gecə saat 01:40 radələrində usta təngnəfəs halda gəlib çıxdı. Alətlərlə dolu çantasını yerə qoyub, narazı halda orta kilidi açdı.
Ən maraqlı məqam! İki saniyəlik işdən ötəri 70 AZN!
Birtəhər 50 AZN-ə razılığa gəlib, ustanı yola saldıq. Halbuki, həmin pula ertəsi günü yeni kilid belə almaq mümkün olardı.
... Ertəsi gündən etibarən hadisəni araşdırmaqdan ötrü FHN-nin mətbuat xidməti ilə əlaqə saxladım: 512-01-80.
Xəttin o başındakı şəxsdən kiminlə danışdığımı israrla soruşsam da, özünü təqdim etməkdən çəkindi nədənsə. Amma mənim ad-soyadımı, çalışdığım yeri dəqiqliyi ilə öyrəndi. Hətta yaşımı belə xəbər aldı. Çox qəribədir, jurnalistin sualı, mövqeyi maraq kəsb edir, yoxsa yaşı? Hər nə isə... Xəttdəki adama yaşımı da söylədikdən sonra o, aramla suallara cavab verməyə başladı:
- Xanım, siz jurnalistsiniz də, eləmi? Fikrinizi bildirdiniz, sualınızı verdiniz, indi cavab verim mən də. Əvvəla, FHN–də açarı sınan qapını açmaq üçün xidməti yoxdur. Əgər içəridə adam olarsa, o halda kömək etməyə borcludur. İkincisi, hansı xanım qaynar xətdə sizinlə danışıb?
- Təəssüf ki, xanım özünü təqdim etmədi...
- Hə, daha bilmirəm. Qapını açmaq üçün çilingərə müraciət etməli idiniz.
- Bəs çilingər təyin etmək FHN-nin xidmətinə daxildir?
- Xeyr, xeyr, elə bir xidmətimiz yoxdur.
- Amma gecə bizə ödənişli çilingər təyin edildi. Nömrəsi də var: 050 325 50 ..
- Kim təyin edib?
- Qaynar xəttdən.
- Ola bilməz!
- Çilingər gəlib qapımızı açdı, 70 AZN pul istədi. 50 AZN-ə razılaşdıq. Bu hadisə mənim başıma gəlib. Sizcə, yalan danışıram?
- Bizlik deyil.
Çox maraqlıdır ki, mətbuat xidmətinin kobud danışıqlı bu yaşlı əməkdaşı nədənsə çilingərin nömrəsini istəmədi də. Problemi elə beləcə havada qoyub, dərhal sağollaşdı. Görünür, sərf etmədi.
Türklər demişkən: "Anlaşıldı"... FHN-nin köməyinə ehtiyacı olanlar bəzən "əllərini ciblərinə də salmalıdırlar"...
Mövzuya qayıdacağıq. Mütləq!
Hazırladı: Könül Aypara
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































