Əziz OXUcular! Bu məqaləni məni yazmağa vadar edən bu yaxınlarda televiziya kanallarının birində efirə gedən, "İnternet bir ailənin də xoşbəxtçiliyinə son qoydu..." adlı xəbər oldu. Xəbərdə gedən süjetlər məni təsirləndirsə də, bir o qədər də düşünməyə vadar etdi. Və mən də bu mövzudan irəli gələn, məni düşüncələrə qapayan suallara cavab taparaq, öz fikirlərimi sizlərlə bölüşmək istədim...
Doğrudan internet ailə xoşbəxtliyinə sonmu qoyur? Bizə internet lazımdırmı? Gənclərimiz internetdən nə məqsədlərlə istifadə edirlər? Müasir dünya internet üzərində qurulubsa, bu ölkəmizin keçmişinə zərər verə bilərmi? Bizlər üçün internet əyləncə dünyasıdır, yoxsa həqiqətləri özündə cəmləyən, tam müstəqil xəbər toplusudur? Bax bu suallar sadə görsənsə də, əslində özündə çox mürəkkəb, məntiqi cavablar yaşadır...
İlk öncə onu xatırladım ki, internet mürəkkəb problemlərin asan yolla həllində rol oynayan ən "ağıllı" icaddır. Hər bir ölkənin inkişafında əvəzsiz rolu olan, ölkənin bütün informasiyalarını özündə saxlayan, ölkənin tanınmasında bir növ "bələdçilik" edən bu informasiya qaynağı, bizim ölkəmiz üçün də lazımı vasitə olmalıdır. Bu da həqiqətdir ki, indiki zamanda kitablara, qəzetlərə olan maraq çox da yüksək deyil. İnternet əsrində yaşadığımız üçün elə gənclərimiz də kitablarda, qəzetlərdə olan məlumatları internet vasitəsilə axtarır, öyrənmək istəyir. Amma çox təəssüf ki, bəzən gənclərimiz, elə bəzən də yaşlı nəslin nümayəndələri interneti heç də lazımı məlumatlar almaq üçün istifadə etmirlər. İnterneti yalnız əyləncə dünyası hesab edən insanlar vaxtlarını boş keçirməklə yanası, gələcəklərinə də bir növ qaranlıq salırlar. Belə ki, internet klublara axın edən məktəbli uşaqları da nəzərə alsaq, onların elmdən çox əyləncələrlə məşğul olması, onların gələcək həyatlarının heç də yaxşı olacaqlarına əminlik yaratmır. Getdikcə artan "facebook", "odnoklassnik" internet sosial şəbəkə istifadəçilərinin sayı, bu istifadəçilərin çox hissəsinin "çatlaşma" vasitələrinə daha çox yer verməsinə nümunədir.
Müasir dünya internet üzərində qurulub. Bizlər də dünya ilə ayaqlaşıb elmimizi, tariximizi, ölkəmizin şərəfli keçmişini internet sosial şəbəkələrində yaşatmalıyıq. Amma çox təəssüf ki, bəzən əksinə olur. "Sapı özümüzdən olan baltalar" bu internet vasitələri ilə keçmişimizə, müstəqilliyimizə zərər verərək düşmənlərin sevinməsinə şərait yaradırlar. Belə ki, son zamanlar, ordumuzda baş verən çatışmazlıqları internet sosial şəbəkələrində yayımlamaqla ölkəmizin inkişafını istəməyənlərə bir növ dayaq olurlar. Əlbəttə ki, bu cür xəbərlər, ölkədaxili mətbuatda nəşr olunsa da, onların ölkəxarici mətbuatda nəşr olunmasına şərait yaradılmamalıdır. Vaxtlarının həyat şəraitinin yaxşılaşmasına səbəb olacaq işlərlə məşğul olmaq əvəzinə bu cür ölkədaxili xəbərləri yayımlayaraq düşmənlərin mətbuat vasitələrinin "bəzənməsinə" səbəb olurlar. Bu da düşmənlərin sevinməsinə şərait yaratmaqdan başqa bir şey deyil.
Göründüyü kimi, internet bizlərə su kimi lazımdır. İnkişaf etməkdə olan ölkə üçün isə bu daha da əhəmiyyət kəsb edir. Sonda onu da vurğulamaq istəyirəm ki, internetdən istifadə edən hər bir kəs özündə məsuliyyət hiss etməlidir. Düşünməlidir ki, fikirləşmədən paylaşdığı yazılar, ölkəsinin düzgün təbliğ olunmamağına gətirib çıxara bilər. Milyonlarla abunəçisi olan internet şəbəkələri hər cür xəbərləri özündə yaşadan bir tarix hesab olunur. Çalışaq, kimliyimizdən asılı olmayaraq, internet şəbəkələrində paylaşdığımız xəbərlər ölkəmizin müstəqilliyinə mənfi təsir göstərməsin. Unutmayaq ki, Odlar Yurdumuzun tarixlər boyu düşmənləri olub və bu düşmənlər hər zaman özümüzü özümüzə düşmən etmək üçün əllərindən gələni əsirgəməyiblər.
Və nəhayət....Məni bu mövzuya qapayan, fikirlərimi hərtərəfli bildirməyə vadar edən, ailənin dağılmasında günahkar bilinən internet, sən demə, heç də lazımsız bir şəbəkə deyilmiş... Sadəcə, insanlar ondan necə gəldi istifadə etdikdə, sonu faciələrlə bitir. İnsan həqiqətən ağıllı, internet isə dırnaqarası ağıllı bir varlıqdır. Ağlı ilə deyil, hissi ilə hərəkət edən bir insanın ailəsi dağılırsa, təbii ki, günahı internet vasitələrində deyil, özlərində görməlidirlər. Bir sözlə, internet ailə dağıda da bilər, ailə qurmaqda vasitə də ola bilər. Hər iki halda insan öz ağlı ilə hərəkət etdikdə, internet də ona ən yaxşı köməkçi, sirdaş ola bilər.
Şəxsən mən fəal internet istifadəçisi olsam da, hələ də çap mətbuatından, daha dəqiq desəm, "Oxu Məni" qəzetindən ayrılmamışam və belə bir fikrim yoxdur. Çünki yazılarımın çoxsaylı oxucular tərəfindən sevə-sevə oxunulduğunu bilirəm. Onu da bilirəm ki, fikirlərimlə razı olsanız da, olmasanız da, məni başa düşürsünüz. Ən azı ona görə ki, bu məqaləmi sonadək oxuduğunuzdan əminəm.
Sərvər Kamranlı
O.M.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































