Müəllim, ya hakimi mütləq?

Müəllim, ya hakimi mütləq?

Bu günlərdə Sumqayıt məktəblərinin birində XI sinif şagirdinin səhər məktəbdə dünyasını dəyişməsi xəbərini oxudum. Həyata yeni başlayan bir gəncin həyatının yarımçıq qalması ürəyimizi ağrıtdı. Onun 17 il əziyyətini çəkmiş, ona böyük ümidlər bəsləyən valideynlərinin faciəsi böyükdür və onlara başsağlığı vermək istərdim.
Şagirdlərin iddiasına görə, dərsə bir neçə dəqiqə gecikən gənci məktəb ətrafında qaçmağa məcbur ediblər. Və deyilənə görə bu həmin məktəbdə adi bir haldır. Əlbəttə, həqiqəti aparılan istintaq müəyyənləşdirəcək və təqsirkarlar cəzalandırılacaqlar. Ancaq sual olunur ki, nəyə görə bəzən məktəblərdə bəzi müəllimlər öz səlahiyyətlərdən kənar çıxmağı adi hal sayırlar. Ara-sıra orta məktəblərdə müəllimin dərs zamanı şagirdlərə cəza növləri tətbiq etdiyi, özünü dərsin və şagirdin hakimi mütləqi kimi aparması barədə xəbərlər də eşidirik. Gənc oğlan və qızların həmyaşıdları qarşısında cəzalandırılmasının hansı psixoloji travmaya gətirdiyini isə izah etməyə ehtiyac yoxdur. Gənc oğlan dünyasını dəyişməsəydi yəqin ki, dərsə gecikənlərin məktəb binası ətrafında qaçırdılması faktına heç kim əhəmiyyət verməyəcəkdi, hətta ola bilsin bunu sağlamlıq üçün faydalı sayanlar da tapılacaqdı.
Düzdür, cəmiyyət məktəbə hələ layiq olduğu yüksək qiyməti verə bilməyibdir, onların maaşı azdır, mənzillə təminatları öz öhdəliklərindədir. Ancaq bu heç də bəzi müəllimlərin şagirdlə istədiyi kimi davranmaq hüququ vermir. Hüquqi dövlət anlayışı hamıya olduğu kimi şagirdlərə də aiddir. Onları əşya kimi baxmaq, onlar üçün cəza növləri fikirləşib tətbiq etmək, onların şəxsiyyətini alçaltmaq olmaz. Hər bir şagirdin fərdi psixoloji, ən əsası sağlamlıq xüsusiyyətləri də nəzərdən qaçmamalıdır.
Müəllimin vəzifəsi tədris etmək, qanunla müəyyən edilmiş qaydalar çərçivəsində hərəkət etməkdir. Müəllim müəllimdir, hakimi mütləq deyil.
Qaldırılan məsələni vacib sayıram, fikrimcə bu məsələ daima diqqətdə saxlanılmalı, məktəbin və müəllimin yüksək adına xələl gəlməməlidir. Çox istərdim ki, yeni təyin edilmiş təhsil nazirimiz də bu məsələni diqqətdə saxlasın.

Aydın Mirzəzadə

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az