Zaur Baxşəliyev canlı yayımda tamaşaçıları aldatdı

Zaur Baxşəliyev canlı yayımda tamaşaçıları aldatdı
“Ümid var” ki, o, kobud səhvini düzəldəcək

Dünən oxumeni.az saytı yaydığı eksklüziv xəbərlə gündəm yaratmış oldu. Söhbət 73 yaşlı xalq artisti Niyaməddin Musayevin gənc bir xanımla yaşadığı eşq macərasından gedirdi. Xəbər ildırım sürəti ilə bütün internet aləminə - xəbər saytlarına və sosial şəbəkələrə yayıldı. Hətta televiziya kanalları da gündəmə gətirdiyimiz bu xəbər ətrafında araşdırmalar aparmağa başladılar. Bununla da əlavə reytinq qazanmağa çalışdılar. Belə ki, xəbər geniş auditoriyanın marağına səbəb olmuşdu və böyük bir zaman kəsiyi ərzində aktuallığını itirməyəcəyi bəlli idi.

ATV kanalında canlı olaraq yayımlanan "Ümid var" verilişi də istisna deyildi. Proqramın əvvəlindən axırına qədər xəbər açıqlanmadan anons edilirdi (Ş.N: peşəkar dildə buna tizer deyilir). Aparıcı Zaur Baxşəliyev məlumat ətrafında ustalıqla manipulyasiya edərək fikirləri gözlənilən məntiqi sonluğa yönəltməyə çalışırdı. Lakin əvvəldən axıra qədər bəlli idi ki, bu, aparıcının hisslərə hesablanmış oyunundan başqa bir şey deyil. Ən azı ona görə ki, xəbərdə sözügedən xalq artistinin dünəndən bəri telefonlara cavab vermədiyi, mobil rabitəni kəsdiyi biz jurnalistlərə bəlli idi. O ki qaldı verilişdə tez-tez səslənən "müğənninin ailə üzvləri bu məsələyə aydınlıq gətirəcəklər" fikrinə, bu da düşünülmüş reklam nümunəsi idi. Çünki xəbərə aydınlıq gətirmək niyyətində olan aparıcı və ya verilişin yaradıcı heyəti Niyaməddin Musayevin ailə üzvlərini asanlıqla tapa bilərdilər. Ən azı onun müğənni qohumlarını telefon rabitəsi ilə canlı yayıma qoşardılar. Zaur Baxşəliyevin riyakarcasına tamaşaçıları aldatmaq cəhdi həmçinin ondan bəlli idi ki, anonslarda təqdim olunan şəkillər oxumeni.az saytına məxsus olduğu halda onların üzərindəki loqolar fotoşop proqramı ilə silinmişdi. Yəni efirə təqdim olunan şəkillərdə "oxumeni.az" yazısı görünmürdü. Bu isə nə peşəkar etikaya uyğundur nə də insani dəyərlərə. Jurnalistikada buna plagiat deyildiyi halda, sadə insanlar bu addımı oğurluq adlandırırlar.

Və sonda... Verilişin bitməsinə 4-5 dəqiqə qalmış, nəhayət ki, həqiqət üzə çıxmalı idi. Əslində, elə də oldu. Veriliş boyu bu xəbər ətrafında tamaşaçılara yalan satan Zaur Baxşəliyev sonda öz ənənəsinə sadiq qaldı. O, tamaşaçıların gözünün içinə baxaraq bildirdi ki, bayaqdan ətrafında süjet qurduğu, ağızdolusu danışdığı xəbər qafqazinfo saytına məxsusdur. Etiraf edim ki, bu, xəbərin müəllifi kimi məni çox məyus etdi. Həmkarımın atdığı addım məni indiki məqaləni qələmə almağa vadar etdi.

Əslində, bunu aparıcının canlı efir həyəcanı və ya təsadüfi xətası kimi də qəbul edə bilərdik. Lakin adıçəkilən aparıcının efir təcrübəsini nəzərə alaraq, eyni zamanda yuxarıda sadaladığımız səbəbləri əsas götürərək əminliklə deyirəm ki, bu, düşünülmüş addım idi. Və yalnız ona hesablanmışdı ki, xəbərin həqiqi ünvanı göstərilmədən yeni-yeni müzakirələrə və özü ilə gətirəcək reytinqlərə səbəb olsun.

Şəlalə Nəriman

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az