20 Yanvar 1990-cı il! Bu tarix yaddaşlardan silinməyən bir tarixdir. Azərbaycanımızın dirçəlməsində əvəzsiz rol oynayan 20 yanvar həm matəm, həm də qəhrəmanlıq günüdür. Artıq 23 il keçməsinə baxmayaraq, bu tarix hələ də yaddaşlarda yaşayır və bundan sonra da əbədi olaraq yaşayacaqdır. Mən də bugünkü məqaləmi Azərbaycan tarixinin şanlı və qanlı 20 yanvar səhifəsinə həsr edirəm.
Həmin gün xalqın milli azadlıq əzmini qırmaq üçün rus qoşunları misli bərabəri olmayan cinayət törətdilər. Xəbərdarlıq edilmədən şəhərimizə yerləşdirilən işğalçı ordunun tərkibində erməni millətindən olan əsgərlər də az deyildi. Dinc əhaliyə qarşı törədilən bu vəhşilik xalqımızı qorxutmadı, əksinə, daha da mətin etdi, qəhrəman etdi. Bu mətinlik, qəhrəmanlıq hesabına tariximizin daha bir şanlı səhifəsi qanla yazıldı. Bu tarix "Qara Yanvar"dan daha çox "Qırmızı Yanvar"a bənzədi. Çünki şəhidlərin qanı ilə qırmızıya boyanmış "Qırmızı Yanvar" hesabına dövlətimiz bir daha müstəqil oldu, azad oldu. Onu da unutmaq lazım deyil ki, sonradan "Nobel sülh mükafatı"nın sahibi olmuş Mixail Qorbaçov elə özü bu orduya tapşırıqlar vermişdi. Əgər bu tapşırıqlar əvvəlcədən planlaşdırılmasaydı, təbii ki, Azərbaycan televiziyasının enerji bloku yanvarın 19-da partladılmazdı. Bütöv bir xalq hava-su kimi lazım olan informasiyadan təcrid olunmazdı. Eləcə də partlayışdan sonra qoşun axşam şəhərə girməzdi. SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrinin ziddinə olaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyətin elan edilməsi haqqında fərman qüvvəyə minənə qədər xalqımız 9 şəhid verməzdi. Əgər plan əvvəlcədən işlənib hazırlanmasaydı, xalqın bu fövqəladə vəziyyətdən xəbər tutması yanvarın 20-si səhər saat 7-yə çəkməzdi və o vaxta qədər şəhidlərimizin sayı 100-dən çox olmazdı. Göründüyü kimi, Mixail Qorbaçov xalqımızın qanına susamış ən qəddar cəllad imiş...
Yeri gəlmişkən: İnternet saytlarının birində tanış olduğum fakt məni daha da dəhşətə gətirdi. Belə ki, "ŞİT" təşkilatı ekspertlərinin hesabatında yazılmışdı:
... Adamları xüsusi qəddarlıqla və yaxın məsafələrdən güllələmişlər. Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür, adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var.
Bəs görəsən bir gündə 137 şəhidi, 700 yaralısı və 800-dən çox qanunsuz məhbusu olan bir xalqa şahidlik edən 20 Yanvar tarixi bizlərə nə öyrətdi? 20 Yanvar ilk növbədə bizə müstəqil bir Azərbaycanı bəxş etdi. 20 Yanvar bizə birlik, mətinlik, cəsarət, vətənə bağlılıq öyrətdi. 20 Yanvar həm də bizə təmiz, saf, müqəddəs bir sevgi dərsi verdi. İlhamla Fərizəni sevgidən bizlər üçün müəllim seçdi. Onların timsalında sevginin hər şeyə qadir olacağını göstərdi. 20 Yanvarda şəhid olanlar bizə onu da öz əməllərində göstərdi ki, düşmən nəinki torpaqlarımızı zəbt etməyə, hətta onu tapdalamağa cəsarət edə bilməz. Bəs görəsən həmin oğullar Qarabağın işğal altında olduğunu indi görə bilsəydilər, bizə nə deyərdilər? Axı o vaxtlar onlar düşmənlərin ayaqlarının müqəddəs torpağımıza belə dəyməsinə razı olmamışdılar. Onun hesabına birləşmiş, dəmir tırtılların üzərinə getməkdən çəkinməmişdilər...
Bir daha 20 Yanvar tarixində həlak olan şəhidlərimizə və eləcə də bütün şəhidlərimizə, O Böyük Yaradandan rəhmət diləyərək, xalqımıza, xüsusilə şəhidlərimizin yaxınlarına səbir diləyirəm. Onsuzda şəhidlik Allah yanında ən şərəfli məqamdır. Vətən uğrunda canlarını qurban verən, öz qanları hesabına tariximizdə silinməz izlər qoyan, Azərbaycanımın dirçəlməsində, azad olmasında əvəzsiz rol oynayan şəhidlərimiz bizim qəlbimizdə əbədi olaraq yaşayacaq, adları böyük ehtiramla daim yad ediləcəkdir. Bu cür qəhrəman oğul və qızlarımızı yetişdirən Vətənimlə fəxr edirəm! Nə qədər ki analar bu cür övladlar doğacaq, tariximizin səhifələri yalnız şanlı salnamələrlə yazılacaq! Nə qədər ki Mübariz, Ramil məktəbini keçən gənclərimiz var, bizim də qələmimiz yalnız qəhrəmanlıq ruhu ilə əsərlər, şeirlər yazacaq...
ŞƏHİDLƏR
Azadlıq eşqilə coşdu qəlbiniz,
Qorxmayıb düşmənə sarı getdiniz.
Onu canınızdan üstün seçdiniz,
Adınız qəlblərdə daim yüksələr,
Ey gözəl cənnətin əhli Şəhidlər!
Sən Odlar Yurdumun böyük fəxrisən,
Tarixi bəzəyən şanlı sətirsən.
Dillərdən düşməyən qəmli şeirsən,
Hələ çox şanına şeir səslənər,
Ey gözəl cənnətin əhli Şəhidər!
Övladı seçildin Ana Vətənin,
Ən uca zirvələr sənin məskənin.
Allah tərifinə layiqdir yerin,
Kamranlı sizlərə bənzəmək istər,
Ey gözəl cənnətin əhli Şəhidlər!
Sərvər Kamranlı
O.M.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































