Həyatda hər başlanğıcın bir təməl daşı var. O da savaddır, bilikdir və tərbiyədir. Bunları da bizlərə verən müqəddəs insanlar var ki, onlara ömrümüz boyu minnətdarıq. Hər hansı bir zirvəyə qalxanda əlbəttə ki, valideynlərimizə, bir də müəllimlərimizə minnətdar oluruq. Mənim də qəlbimdə ömür boyu yaşayan və bu zirvəyə çatmağımda mənə təkan verən müəllimlərimdən biri Rahilə İsmayıllı olub. Üzü həmişə nurlu olan Rahilə xanım vəfalı həyat yoldaşı, qayğıkeş ana, vətənpərvər ziyalı, istedadlı şairə idi. Onun bir-birindən dolğun şerləri məni ona daha çox bağlayırdı. Ədəbiyyata, mətbuata, poeziyaya həvəslə yanaşmağımda həmişə Rahilə xanım mənə böyük dayaq olub.
1980-85-ci illərdə Bərdə rayonunda ən fəal və öndə gedən şagirdlərdən biri mən idim. Çox şıltaq bir qız olsam da, gözəl şeirlər söyləməyimlə bərabər rayonumuzda keçirilən bütün tədbirlərin ən fəal iştirakçısı olurdum. Rahilə xanım mənə həmişə dəstək olurdu. Məni zirvələrdə görmək arzusu ilə yaşayan Rahilə xanım daim vətənə və torpağa sadiq olmağı öyrədirdi. Rayonumuzun pambıq yığımında bacarıqlı olmağımla fəxr edən Rahilə xanım məni zəhmətə də alışdırmışdı. O, uzun illər Bərdə rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışsa da, çox sadə və səmimi insan idi. İllər keçmişdi. Lakin mən hər dəfə onunla görüşəndə özümü məktəbli kimi hiss edirdim. Əllərimi yanıma salıb həyat məktəbimin müəllimini dinləyirdim. Rahilə xanım gülümsəyərək, "sən hələ də böyüməmişsən" deyirdi mənə. Onunla həmişə fəxr edirdim.
Bir neçə gün öncə günorta radələrində eşitdiyim xəbər məni çox sarsıtdı. Rahilə xanımın qəfil ölüm xəbəri mənim bütün gələcək ümidlərimi yarımçıq qoydu. İnsanın hər xeyirxah əməli onun insanlar qarşısında hörmətini artırmaqla yanaşı Allah qarşısında ona savab qazandırır. Mənəviyyatı pak olan insanlar Tanrının öz seçimidir. Seçdiyi insanlardan isə Yaradan heç nəyi əsirgəmir: gözəlliyi, səxavəti, istedadı. Yüksək insani dəyərlər yaşadıqca, bu dəyərləri özündə ehtiva edən müəlliməm daim qəlbimizdə yaşayacaq. Allah sənə rəhmət eləsin!
Mehriban Bəylərqızı
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































