14 iyun 2026-cı il tarixində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Aşihara Karate Üslubu üzrə karateçilər arasında növbəti ənənəvi kəmər imtahanı (Kyu Testi) keçirildi. İdmançıların texniki hazırlıq səviyyəsinin qiymətləndirilməsi, bilik və bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan imtahan bu dəfə əvvəlkilərdən fərqli olaraq açıq hava şəraitində, Bakı şəhərinin ən gözəl istirahət məkanlarından biri olan Zabitlər Parkında baş tutdu.
Tədbirdə müxtəlif yaş qruplarını təmsil edən çoxsaylı karateçilər iştirak edirdilər. İmtahan iştirakçıları təntənəli şəkildə park ərazisinə daxil olduqdan sonra tədbirin rəsmi açılış mərasimi keçirildi.
Açılış mərasimində çıxış edən Azərbaycan Karate Federasiyasının Aşihara Karate Üslubu üzrə sədri Şahin Bağırov bütün iştirakçıları alqışlayaraq, əvvəcə onlara Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin və Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvü Marif Bağırovun salamlarını çatdırdı. Şahin müəllim çıxışında qeyd etdi ki, Aşihara Karate yalnız fiziki hazırlıq deyil, eyni zamanda intizam, məsuliyyət, iradə və vətənpərvərlik kimi yüksək mənəvi keyfiyyətləri də özündə birləşdirən döyüş sənətidir. O vurğuladı ki, mütəmadi olaraq keçirilən kəmər imtahanları karateçilərin inkişaf yolunda mühüm mərhələ olmaqla yanaşı, onların qazandıqları bilik və bacarıqların obyektiv şəkildə qiymətləndirilməsinə imkan yaradır.
Daha sonra kəmər imtahanını qəbul edəcək məşqçilər – Dünya, Avropa və Asiya çempionları Elnur Xəlilov, Natiq Qafarov, Musa Musazadə və Kənan Quliyev idmançılara bildirdilər ki, hər bir yeni kəmər yalnız rəng dəyişikliyi deyil, həm də daha böyük məsuliyyət, daha çox bilik və daha ciddi məşqlər deməkdir.
Rəsmi hissədən sonra kəmər imtahanına start verildi. Karateçilər proqram üzrə müxtəlif texniki hərəkətlər, əsas duruşlar, zərbə və müdafiə üsulları, kombinasiya elementləri, fiziki hazırlıq normativləri və digər tapşırıqlar yerinə yetirdilər. İmtahan zamanı iştirakçıların texniki hazırlığı, dözümlülüyü, koordinasiyası, intizamı və karate fəlsəfəsinə uyğun davranışları xüsusi diqqətlə qiymətləndirildi.
İmtahan boyu həm iştirakçılar, həm də məşqçilər yüksək məsuliyyət nümayiş etdirdilər. Açıq hava şəraiti tədbirə xüsusi rəng qataraq həm iştirakçılar, həm də izləyicilər üçün yaddaqalan atmosfer yaratdı. Karateçilər öz bacarıqlarını nümayiş etdirməklə növbəti kəmər dərəcəsinə layiq olduqlarını sübut etməyə çalışdılar.
Yekunda imtahan komissiyasının qərarına əsasən uğurlu nəticə göstərən karateçilərə müvafiq sertifikatlar və yeni kəmərlər təqdim edildi. Kəmər alan idmançılar böyük sevinc hissi yaşadı, məşqçilər və valideynlər isə onların uğurlarını alqışlarla qarşıladılar.
Qeyd edək ki, Azərbaycan Karate Federasiyasının Aşihara Karate Üslubu üzrə mütəmadi olaraq təşkil etdiyi bu cür tədbirlər ölkəmizdə karate idman növünün inkişafına, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına və yüksək idman nəticələrinin əldə edilməsinə öz töhfəsini verməkdədir.
Murad Şahməmmədov
Aşihara Karate Üslubunun mətbuat katibi
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



















































