Bu gün Cəbrayıl Şəhəri Günüdür

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Bu gün Azərbaycanda Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Azərbaycanpolisi.az AZƏRTAC-a istinadən xəbər verir ki, altı il əvvəl, 2020-ci il oktyabrın 4-də, Vətən müharibəsinin 8-ci günü Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində elan edib. Dövlətimizin başçısı bildirib: “...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Möhtəşəm tarixi Zəfər qazandığımız Vətən müharibəsində Cəbrayıl işğaldan azad edilən ilk şəhərimiz olub.

2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər ediblər və dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli bayrağımızı qaldırıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub, əsgər və zabitlərimiz bu medalla təltif ediliblər. Həmçinin 2023-cü il iyulun 31-də dövlətimizin başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

Bildirək ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlının yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad olunması ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin edilib. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması isə Azərbaycan Ordusunun Xocavənd rayonunun cənubundakı kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb.

Qeyd edək ki, Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ərazisi 1050 kvadratkilometr olan rayonda 1 şəhər, 4 qəsəbə, 92 kənd yerləşirdi, orada 52 min 604 nəfər yaşayırdı. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edilib, rayonda insanlığa sığmayan vandalizm əməlləri törədilib.

Bu gün isə işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Cəbrayılda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.

Prezident İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.

Görülən işlər nəticəsində Cəbrayıl hazırda yeni inkişaf dövrünü yaşayır. Doğma yurd həsrətinə son qoyulmuş Cəbrayıl sakinlərinin ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu rayona köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1020-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 910-nun rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən 50-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub. 112 şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub və onlar kursları bitirdikdən sonra işlə təmin ediliblər. Cəbrayıl rayonuna köçürülmüş sakinlərdən daha bir qrup sakinin məşğulluğunun təminatı üçün isə işlər aparılır.

Xatırladaq ki, Cəbrayıl şəhərinə 2024-cü il sentyabrın 26-da köç başlayıb. Şəhər 31 ildən sonra ilk sakinlərini qoynuna alıb. Artıq doğma sakinlərin səsi, nəfəsi Cəbrayılda uzun illər hökm sürən sükutu aradan qaldırıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.04

2026.10.03

2026.10.02

2026.10.01

2026.09.30

2026.09.29

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az