Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi

İsveçin Malmö şəhərində yaşayan Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Globalinfo.az-a məlumatı İsveçdə yaşayan Kənan Rüstəmov verib.

O bildirib ki, Milli Qəhrəman ağır xəstəlik səbəbindən müalicə alırdı. K.Rüstəmov son günlər Milli Qəhrəmanın səhhətinin kəskin pisləşdiyini qeyd edib.

Kənan Rüstəmovun sözlərinə görə, mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün yaxınları tərəfindən Azərbaycanın İsveçdəki səfirliyinə rəsmi müraciət olunub və müvafiq prosedurlara artıq başlanılıb. Qanuna uyğun olaraq prosesin təxminən 10 gün ərzində başa çatacağı gözlənilir.
Müsahibimiz onu da əlavə edib ki, Şahin Tağıyevin qocalar evinə yerləşdirilməsi Azərbaycan ictimaiyyətində yanlış anlaşılır:

“İsveçdə əgər ailə üzvləri çalışdığı üçün valideynlərinə baxa bilmirlərsə, o zaman dövlət onlar üçün vəsait ayırır ki, həkim və baxıcılar nəzarət etsin. Əksinə, o evdə qalsaydı, burada ailə üzvləri tənqid olunardı ki, evdə tək qalır. Milli Qəhrəmanımızın gözəl övladları var.

Həftənin 4-5 gününü, bəlkə də hər gün gedib atalarını ziyarət edirdilər. Şahin Tağıyevin qəhrəman olaraq hər birimizin üzərində haqqı var. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Şahin Tağıyev 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. O, 1991-ci ildə könüllü şəkildə Qarabağ müharibəsinə qatılıb və leytenant rütbəsində bölük komandiri kimi döyüşlərdə iştirak edib.

1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olan Ş.Tağıyev və rəhbərlik etdiyi hərbi hissə bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq nümayiş etdirib. O, Tərtər, Seysulan, Yarımca və Levonarx döyüşlərində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Şahin Tağıyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, bu ada layiq görülən ilk dörd şəxsdən biri olub.
Şahin Tağıyev həmçinin indiyədək həyatda olan 16 Milli Qəhrəmandan biri idi.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az