Bugünkü müsahibimiz tanınmış illüziyaçı, Azərbaycanda ilk dəfə olaraq "Facebook" sosial şəbəkəsində yayımlanan "Təəccüb Çevrəsi" verilişinin müəllifi və aparıcısı Çingiz Həziyev və həmin verilişin rejissoru Zaur G.Rəcəbovdur. Söhbətə ilk olaraq Çingiz Həziyevlə başlayırıq.
- Çingiz bəy, əvvəlcə sizi xoş gördük və sizinlə yenidən görüşdüyüm üçün çox şadam. İstərdim ilk olaraq sizi illüziya sənətinə gətirən yola qısaca nəzər salaq.
- Mən də sizi salamlayıram. Əvvəla onu deyim ki, mənim bu sənətə gəlişim uşaq yaşlarıma təsadüf edir. Bir nüansı da qeyd etmək istəyirəm, daxildən gələn marağı heç bir qüvvə saxlaya, qarşısını ala bilməz. Bu içimdə olan bir maraq idi ki, son nəticədə məni gətirib illüziya sənətinə çıxardı.
- Siz indiki dövr üçün bir qədər ekstra-ordinar incəsənət sahəsilə məşğul olursunuz. Bu da məlumdur ki, hazırda istər hüquq, imühəndislik, istərsə də digər sahələrdə kifayət qədər savadlı və tanınmış mütəxəssilərimiz var. Sizdə necə, nə zamansa başqa bir sahəyə yönəlmək istəyi olubmu?
- Belə deyim - Uşaqlıqda mən rəssam olmaq istəyirdim. Və bu istedad da istəyə bağlı deyildi, yəni rəssamlıq qabiliyyətim vardı. Hətta bir müddət rəssamlıq dərnəyinə də gedirdim, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə də müraciət elədim. Yalnız, Rəssamlıq Məktəbinə sənədlərimi verdiyim dövrdə artıq illüziya ilə məşğul olmağa başladığıma görə bu sənət məni özünə elə cəlb etdi ki, mən qəti olaraq qərara aldım ki, mütləq illüziyaçı olmalıyam, bu sənətin sirlərini daha dərindən öyrənməliyəm.
- Soydaşlarımızın ölkə hüdudlarından kənardakı fəaliyyəti bir azərbaycanlı kimi hər zaman məni maraqlandırıb. Bildiyim qədərilə, siz də bir müddət Rusiyada yaşayıb, orada çalışmısınız. İstəyərdim ki, fəaliyyətinizin bu dövründən bir qədər ətraflı danışaq.
- Məmnuniyyətlə. Rusiyaya getməyim və oradakı fəaliyyət dövrüm təxminən gənclik illərinə, 19-20 yaşlarıma təsadüf edir. Əslində, o zaman biz Rusiyaya qastrol səfərilə əlaqədar olaraq getmişdik. Tale elə gətirdi ki, bir müddət keçdikdən sonra mən bir daha bu ölkəyə getməli oldum və təqribən 4-5 il yaşamalı oldum. Burada yeni insanlarla tanışlıq, eyni zamanda sənətimi daha da inkişaf etdirməyim üçün yaranmış fürsəti dəyərləndirərək, orada qaldım və işlədim, öz sənətimi inkişaf etdirməyə başladım. Bu da bir reallıqdır ki, rus tamaşaçısı, ümumilikdə Rusiyada olan auditoriya illüziya sənətinə Azərbaycandakı mövcud auditoriyadan daha həssas, daha diqqətli yanaşır, bir illüziyaçının səhnədəki çıxışını daha yaxşı qəbul edir. Bütün bunlar məni Rusiyaya bağlayan əsas amillər idi. Çünki, bizim işimiz bilavasitə tamaşaçı ilə bağlıdı və səni izləməyə gələn tamaşaçı nə qədər xoş əhval-ruhiyyəli, pozitiv olarsa, bu bizim üçün də çox yaxşı təsir bağışlayır. Eyni zamanda, bizim işimiz birbaşa insanlarla, geniş auditoriya ilə əlaqəli olduğuna görə insan psixologiyasına bələd olmaq da vacib şərtləndən idi. Belə bir zərurət yarandığından, mən paralel olaraq, insanların psixoloji xüsusiyyətlərini daha dərindən öyrənmək üçün psixoloji kursları bitirdim. Amma necə deyərlər, "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı"...Elə mən də bu prinsipi rəhbər tutaraq yenidən doğma vətənimə qayıtdım və 10 ildir ki, burdayam. Lakin, yenə də ayrı-ayrı ölkələrdə səfərlərdə oluruq. Bilirsiniz ki, illüziya sənəti həm bir sirk növüdü, həm də estrada janrıdır. Buna görə də illüziyaçı davamlı olaraq bir yerdə otura bilməz. O, qastrollarda olmalı, sənətini inkişaf etdirməlidir. Biz illüziyaçılar da hər zaman bu prinsipə sadiq qalır, müxtəlif festivallarda iştirak edərək oradan mükafatlarla geri dönürük.
- Sizin fikrinizcə, peşəkar illüziyaçı olmaq üçün insan hansı keyfiyyətlərə malik olmalıdı?
- Sualınıza cavab verməzdən öncə, bir haşiyə çıxıb demək istəyirəm ki, illüziyaçılıq sənəti həqiqətən də, incəsənətin aktyorluq və bir çox sahələrindən daha çətindir. Biz aktyorluq sənətinin çətinliyini bilirik və təsəvvür edin ki, illüziyaçılıqda bu ağırlıq bir neçə dəfə artıqdır. Aktyor hər hansı bir tamaşada müəyyən bir obraza girib öz dialoqunun mətnini əzbərləyir, yaxud suflyordan istifadə edir. Amma illüziyaçılıqda tələb olunan vacib şərtlər aktyorluq, musiqi duyumu və rəssamlıqdan anlayışın olmasıdır. Çünki, illüziyaçı çox zaman öz rekvizitlərini özü hazırlayır, rəngləyir və hətta lazım olduqda parçadan tikir də. Bunun da əsas səbəbi odur ki, əgər O, hər hansı bir ustaya müraciət edərsə, həmin ustanın hazırladığı alət adi bir əşya olur, yəni sonradan hansısa bir illüziya nömrəsində istifadə üçün yaramır. Daha doğrusu, illüziyaçının istifadə etdiyi rekvizitlər adi əşyalardan öz müəyyən xüsusiyyətlər ilə seçilir, fərqlənir.
- Çingiz bəy, biz sizin yeni verilişiniz, "Təəccüb Çevrəsi" barədə məlumatlıyıq və bunu da bilirik ki, hazırladığınız layihə Azərbaycanda bir ilkdir. "Facebook" sosial şəbəkəsində veriliş yayımlamaq ideyası necə yarandı?
- Əvvəla bir məsələni qeyd edim ki, 2007-2008-ci illərdə Azərbaycan teleməkanında illüziya sənətilə bağlı veriliş layihəsini ilk olaraq biz reallaşdırmışıq. Sözü gedən layihə illüziyaçıların yarışması formatında hazırlanmışdı və ANS telekanalında yayımlanırdı. Bundan öncə, Lider TV-də "Sehrbazlar" yarışması vardı və bu da bir ilk idi. Buna qədər kimsə həvəskar çəkilişlər vasitəsilə öz nömrələrini internetə yerləşdirirdi. Verilişi niyə sosial şəbəkə vasitəsilə yayımladığımıza gəlincə, heç də sirr deyil ki, insanların əksəriyyəti günün böyük bir hissəsini sosial şəbəkələrdə keçirirlər. Biz də məhz sosial şəbəkələrdən istifadə edən auditoriyaya xitab etmək qərarına gəldik. İstədik ki, onlar digərlərindən daha az televizora baxsalar da, qoy bizi bir də buradan izləsinlər. Haqqında danışdığım verilişin hazırlanması öz imkanlarımız daxilində həyata keçirilirsə də, iş sırf peşəkarlarla görülür. Bu günə qədər artıq bir neçə buraxılışımız facebook vasitəsilə yayımlanıb və bizə gələn məktublardan verilişin auditoriyanın olduqca böyük marağına səbəb olduğu hiss olunur.
- Artıq bayaq qeyd etdiniz ki, televiziya vasitəsilə yayımlanan bəzi layihələrdə iştirak etmisiniz, bəzilərinin də rəhbəri olmusunuz. "Təəccüb Çevrəsi" verilişini yaxın gələcəkdə digər televiziya kanallarına bir layihə olaraq təklif etməyi düşünürsünüzmü?
- Çox sağ olun suala görə. Belə bir plan əlbəttə var. Çünki, sosial şəbəkə vasitəsilə hər nə qədər peşəkar iş görməyə çalışsaq da, peşəkar televiziya adından da göründüyü kimi peşəkar televiziyadır. "Təəccüb Çevrəsi" verilişinin indiki mərhələdə sosial şəbəkə vasitəsilə yayımlanması bizim maraq dairəmizdə olan bir məsələ idi və biz bunu reallaşdırdıq.
- Layihənizə digər həmkarlarınız cəlb etmək kimi bir planınız var mı, yoxsa tamaşaçılar verilişdə yalnız sizi görəcəklər?
- Əgər söhbət sırf hazrda "facebook" vasitəsilə yayımlanan verilişdən gedirsə, belə bir ehtimal həddindən artıq azdır. Çünki, öncədən verilişin formatı məhz bu cür nəzərdə tutulub. Amma gələcəkdə bu veriliş hər hansı bir televiziya kanalında yayımlanmalı olsa, o zaman sizin dediyiniz məsələ reallaşa bilər. Amma, şəxsən mənim müəyyən elədiyim tələblər var ki, gərək dəvət edəcəyimiz insan bu tələblərə cavab versin, bir növ senzuradan keçə bilsin. Çünki, bu hər kəsə məlum olan məsələdir ki, Azərbaycanda illüziyaçılıq sənətinin səviyyəsi bir o qədər də ürəkaçan deyil. Lakin, biz istədik ki, "Təəccüb Çevrəsi" vasitəsilə tamaşaçıları sözün əsl mənasında təəccübləndirək və onlara indiyədək inanılmaz görünən bir çox nömrələri elə öz gözləri qarşısında nümayiş etdirək. Bu baxımdan da mən bütün oxucuları bizim verilişi izləməyə dəvət edirəm və inanıram ki, yaradıcı heyət vaxtını ayırıb bizə baxan hər kəsi təəccübləndirməyə nail olacaq. Biz veriliş boyunca çalışacağıq ki, standartdan çıxaq. Məsələn, tamaşaçı illüziyaçını hər zaman xüsusi kostyumda görməyə alışıb, lakin mən verilişdə heç bir obrazdan, kostyumdan istifadə etməmişəm. Veriliş boyunca hər zaman gündəlik həyatımızda geyindiyimiz geyimlərdən istifadə edirəm. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, tamaşaçılar bu verilişdə standart fokus nümunələri görməyəcək, qətiyyən görməyəcək. Yox, əgər kimsə verilişdə mənim şlyapanın içərisindən dovşan və ya hər hansı bir quşu çıxaracağımı gözləyirsə, mən o insanlara proqrama ümumiyyətlə baxmamağı məsləhət görərdim. "Təəccüb Çevrəsi"-ndə bunların heç biri olmayacaq. Biz verilişin öncəki buraxılışlarında artıq bir neçə dəfə tamaşaçının burada görməyə adət etmədiyi bəzi, hətta təhlükəli nömrələr nümayiş etdirmişik. Nümunə üçün mən bıçaq istifadə olunması ilə göstərilən nömrəni qeyd etmək istərdim ki, həqiqətən çox təhlükəli fokus nömrəsidir. Biz bütün bunları tamaşaçılar üçün edirik, çünki şəxsən mənim üçün tamaşaçı anlayışı çox müqəddəs bir məfhumdur. Mənim göstərdiyim istənilən nömrəni izləyən hər kəs mənim tamaşaçımdır, hətta qardaşım belə mənim nümayiş etdirdiyim fokus nümunəsinə baxdığı an mənim izləyicimə çevrilir. Mən bütün tamaşaçılarımı çox yüksək qiymətləndirirəm. Bir daha vurğulamaq istəyirəm ki, verilişimizdə tamaşaçılarımız dünyaca məşhur illüziyaçıların repertuarında olan və ən əsası, digərlərinin daha öncə heç vaxt göstərmədiyi nömrələri görəcək.
- İndi verəcəyim sual adətən şou-biznes nümayəndələrinə verilir. Amma madam ki sizin də incəsənətə, şouya yaxınlığınız var, sizdən də soruşmaq istərdim: Sizin necə, illüziya sənətində rəqibiniz varmı?
- Belə anladım ki, söhbət Azərbaycanda rəqibimin olub-olmamasından gedir.
- Bəli.
- Xeyr. İllüziya sənətində Azərbaycanda rəqibim yoxdur.
- Sizdən daha öncə illüziya ilə məşğul olanlarla aranızda hansı fərqlər var fikrinizcə?
- Məsələ belədir ki, məndən daha öncə də ölkəmizdə illüziyaçılıqla məşğul olan çox hörmətli insanlar olub, onlar indi də var. Bəziləri yaşla əlaqədar olaraq bu sənətlə məşğul deyil, bəziləri ölkədən kənarda yaşayır. Mən onlardan birinin adını məmnuniyyətlə çəkmək istərdim – Arif Qurbanov. Bu gün biz ona Arif müəllim deyə müraciət edirik. Çünki, O, həqiqətən də "müəllim" adına layiq olan insandır. Arif Qurbanov hazırda 20 ildən artıq bir müddətdir ki Türkiyədə yaşayır. Biz Arif müəllim kimi, Bəhmən müəllim kimi məktəbini keçmişik. Zamanında bu insanların qoyduğu klassik illüziya yolu bizim üçün məktəb olub. Məktəbdə əlifbanı öyrəndiyimiz kimi biz bu insanlardan çox şeyi öyrənmişik. Bundan sonra isə nə dərəcədə yaxşı, yaradıcı illüziyaçı olacağı hər kəsin şəxsi qabiliyyəti və bacarığına bağlı olan bir məsələdir. Mən özüm hər zaman öz istiqamətimi bir qədər fərqli etməyə çalışmışam. Bunu tək mən yox, məni tanıyan hər kəs dəfələrlə vurğulayıb. Mənim göstərdiyim nömrələrin heç biri asanlıqla alınmır. Mən həmin fokusların üzərində dəfələrlə işləyirəm. Lakin, özünə "illüziyaçı" deyən o qədər insan var ki günümüzdə. Bu gün internetdən hər hansı bir bəsit fokus nömrəsini öyrənib, tutaq ki əlində tutduğu qələmi yoxa çıxarmaq hələ illüziyaçı olmaq demək deyil. Əslində, mənim dönə-dönə söylədiyim bir fikir mövcuddur...Bilirsiniz, var illüziyaçı, bir də var fokus göstərən bir adam. Bunlar fərqli anlayışlardı. Bu gün hər kəs fokus göstərməyi öyrənə bilər – bilirik ki, internetdə bununla bağlı kifayət qədər videolar var ki, onların köməyilə hər kəs özünə fokusçu deyə bilər. Peşəkar illüziyaçı olmaq üçün hər bir nömrəyə həssaslıqla yanaşmaq, onları incəliklə işləmək, bu nömrələrin kütlə qarşısında nümayişi zamanı hansı musiqidən istifadə olunacağını seçmək və ya səsli müşahidə ilə təqdim etmək, eləcə də illüziya nömrəsinin hansı yaş kateqoriyasından olan tamaşaçı üçün nəzərdə tutulduğunu müəyyən etmək vacib şərtlərdəndir. Mən bayaq da qeyd eləmişdim ki, bir fokus öyrənib onu hamıya göstərmək illüziyaçı olmaq deyil.
- Çingiz bəy, mən istərdim yenidən layihənizə qayıdaq. Verilişin yaradıcı heyətində hazırda neçə əməkdaş çalışır? İstərdim ki, bu barədə məlumat verəsiniz.
- Mən əvvəla bu layihədə bizimlə bərabər çalışan hər kəsə çox təşəkkür edirəm. Burada əsas aparıcı qüvvə verilişin həm rejissoru, həm də montaj işlərini həll edən Zaur Rəcəbovdur. Zaurla bizim ilk tanışlığımızın tarixçəsi 5 il bundan öncəyə gedib çıxır. Ümumiyyətlə, mən bir şeyi qeyd eləyim, bir illüziyaçının uzun müddət eyni rejissorla birgə çalışması bir ilkdir. İndiyədək belə bir şey olmayıb. Bu da ki, əlbəttə mənim kimi, Zaur Rəcəbovun da illüziya sənətini hazırda olduğu mövqedən daha da irəli aparmaq istəyindən irəli gəlir. Elə bu istək də bizim 5 il boyunca birlikdə həm əməkdaşlıq, həm də dostluq etməyimizə gətirib çıxarmış oldu. Mən ümid edirəm ki, bizim bu işbirliyimiz hələ uzun müddət davam edəcək. Və ən əsası budur ki, mənim kimi Zaur da bütün bu işləri qarşılığında heç bir maddi maraq gözləmədən edir. Bizim hər birimiz illüziya sənətini müəyyən səviyyəyə gətirib çıxarmaq barəsində düşünürük.
- Yaxın gələcək üçün perspektivdə hansı planlarınız var?
- Əlbəttə ki, planlarımız çoxdur və ən önəmlisi, biz "Təəccüb Çevrəsi" layihəsini yaxın gələcək üçün televiziyalardan birində reallaşdırmaq istəyirik və mən indidən deyirəm ki hansı telekanalda yayımlanmasından asılı olmayaraq, bu fakt həmin kanalın özü üçün də böyük bir qazanc olacaq. Bundan əlavə, gələcəyə dair başqa çox böyük planlarımız var ki, mən öncədən onlar haqqında danışmaq istəməzdim.
- Bəlkə, yeri gəlmişkən elə digər planlarınızı da açıqlayasınız oxucularımıza?
- (gülür – red.) Gəlin onları bilirsiniz nə vaxta saxlayaq? O vaxta qədər ki, bizim layihəmiz televiziya vasitəsilə yayımlanmağa başlayacaq. O zaman mən sizin bu sualınıza ətraflı cavab verə bilərəm. Hələlik isə, qoy bütün bunlar sirr olaraq da qalsın.
- Söhbətin bu yerində "Təəccüb Çevrəsi" proqramının rejissoru Zaur Rəcəbova müraciət etmək istərdim, əgər etirazı yoxdursa. Zaur bəy, necə oldu ki, məhz bir illüziyaçı ilə bərabər işləmək qərarına gəldiniz?
- Çingiz müəllimin də az əvvəl qeyd etdiyi kimi biz artıq 5 ilə yaxın bir müddətdir ki, bir-birimizi tanıyırıq. Yeri gəlmişkən, fürsətdən istifadə edib Lider Televiziyasının əməkdaşı Elnur Talıbova minnətdarlığımı bildirmək istəyirəm. Məhz onun vasitəsilə mən Çingiz müəllimlə tanış oldum. Elnur Talıbov o zaman mənə illüziya ilə bağlı veriliş layihəsi etmək istəyən insanlar haqqında məlumat verdi. Bundan sonra biz görüşdük və doğrusunu deyim ki, bu görüşdə Çingiz mənə bir o qədər də güclü təsir bağışlamadı. Amma buna baxmayaraq, razılığa gələ bildik. İlk olaraq da "Saxta Möcüzələr" adlı bir veriliş hazırladıq və sizə deyim ki, çox da gözəl alındı. Bundan sonra bir həmin verilişin sınaq versiyasını çəkdik və telekanallara təqdim elədik. Ümumiyyətlə, dünya televiziya məkanında belə bir praktika yoxdur ki, hansısa prodakşn şirkəti bu və ya digər telekanalda veriliş yayımlamaq üçün həmin kanala müəyyən məbləğdə pul ödəsin. Əksinə, kanalların özləri prodakşn şirkətlərindən veriliş almaqda həddindən artıq maraqlıdırlar. Lakin, bizdə bu məsələ bir qədər fərqlidir. Tutaq ki, hər hansı bir şirkət telekanala veriliş layihəsi təqdim edir və kanal rəhbərliyi layihəni bəyənirsə, müəllif olan şirkət üstəlik həmin proqramın bu kanalda yayımlanması üçün müəyyən məbləğdə pul da ödəməlidir. Siz özünüz də bilirsiniz ki, veriliş hazırlayan prodakşnlar ya keyfiyyət, ya da maddiyyat haqqında fikirləşməlidir. Əgər prodakşn olaraq biz bu iki faktor barəsində eyni anda fikirləşməli olsaq, onlardan hər hansısa biri belə demək mümkünsə, "laxlayacaq". Sözsüz ki, burada ilk nöqsanlar keyfiyyət məsələsində ortaya çıxacaq. Biz də bu layihəni hazırlayanda ilk öncə telekanallara təqdim elədik, onlar verilişi yayımlamaqdan imtina etdikdə ruhdan düşməyərək bir daha görüşdük və belə qərara gəldik ki, biz bu verilişi heç nəyə baxmayaraq hazırlamalıyıq. Proqramın harada yayımlanacağı məsələsi ortaya çıxanda, mənim ağlıma belə bir fikir gəldi ki, "Təəccüb Çevrəsi" verilişi facebook-da yayımlanmalıdır. Bu fikri Çingizin özünə deyəndə bir qədər tərəddüd etsə də, sonra mənimlə razılaşdı. Bizim aramızda bu söhbət ötən ilin avqust ayında olmuşdu. Bundan sonra müəyyən problemlər meydana çıxdı, daha sonra Çingiz işlərilə əlaqədar Rusiyaya getməli oldu və hardasa üç aya yaxın bir müddət ərzində biz onunla görüşə bilmədik. O, qayıtdıqdan sonra biz yenidən görüşdük və verilişin çəkilişlərinə başlamağa qərar verdik. Bu gün mən əminliklə deyirəm ki, biz bu layihə ilə ilkə imza atdıq.
- Bir rejissor kimi sizdən soruşmaq istərdim ki, gələcəkdə layihənin formatını genişləndirmək üçün hansı yenilikləri düşünürsünüz?
- İlk olaraq belə deyim ki, Azərbaycanda belə bir anlayış var, "reytinqi dağıdan layihə". "Təəccüb Çevrəsi" verilişi dağıdan bir layihədir, mən bunu tam əminliklə söyləmək istəyirəm. Sualınıza gəlincə, mən indidən gələcəkdə verilişdə hansı yeniliklərin olduğunu açıqlasam, bu bir növ sirlərin açılması olacaq ki, bu məqamda biz hələ bunu istəmirik. Bir ipucu olaraq onu qeyd edim ki, yaxın gələcəkdə tamaşaçılar verilişimizdə Devid Kopperfild kimi dünyaca məşhur illüziya ustalarını görə biləcəklər, təbii ki verilişimizi diqqətlə izləsələr. Mən diqqətinizi çox vacib bir məsələyə yönəltmək istəyirəm: hazırda Azərbaycan teleməkanında pozitiv veriliş tapmaq çox çətindir. Əgər varsa belə, burada mütləq şou-biznes əhlindən danışılacaq, bu sözsüzdü. Son vaxtlar müşahidə edirik ki, televiziya tamaşaçıları bundan necə deyərlər, yorulub. Bu gün şübhəsiz izləyicilərə yeni teleməhsullar təqdim etmək lazımdı, hətta mən deyərdim ki, çox vacibdir. Bu gün xarici telekanallara baxmağa üstünlük verən tamaşaçıya elə televiziya layihələri təqdim etmək lazımdır ki, onları öz teleməkanımıza qaytarmaq gücünə malik olsun. Bizdə hələ ki bu yoxdu. Mən inanmaq istəyirəm ki, yaxın bir-iki ildə bizdə də tamaşaçılar kanallarımızda auditoriyanın diqqətini cəlb edən maraqlı, pozitiv proqramlara baxa biləcək. Bu işi ilk olaraq facebook-da biz başlamışıq, necə deyərlər ilk imzanı biz atmışıq. Layihəmizi televiziya kanalları qəbul edərsə, biz daha da böyük uğurlara nail olacağıq.
(Bu məqamda bayaqdan söhbətimizi diqqətlə dinləyən Çingiz Həziyev bir əlavə edir – red.)
- Mən bunu söhbətimizin əvvəlində açıqlamaq istəmirdim, amma yeri gəldiyi üçün açıqlamaq istəyirəm: Bizim layihəmizdə növbəti mərhələ, qarşıda duran hədəfimiz dünyaca məşhur illüziyaçılara meydan oxumaq olacaq.
- Çox iddialı danışırsız, Çingiz bəy... (sözümü kəsir)
- Bəli. Mən qəbul edirəm ki, çox iddialı danışıram.
Zaur G.Rəcəbov: - Çingizlə hər hansı bir məkanda birlikdə oturanda da O, həmişə bu qədər iddialı danışırdı. O, bu fikri dönə-dönə təkrar edirdi ki, mən dünya şöhrətli illüziya ustalarını heç edə bilərəm. Əvvəllər bu fikirlərə görə mübahisələrimiz olurdu, amma sonra gördüm ki, O, doğrudan da dünyada öz sözünü demiş illüziyaçılarla meydan oxuyacaq.
- Maraqlıdır, buna necə nail olmaq istəyirsiniz?
- Çingiz Həziyev: (gülür – red.) Layihəmizdə olan bir çox sirlər kimi, qoy elə bu da sirr olaraq qalsın. Mən indidən bunu açıqlasam, gələcəkdə nəzərdə tutduğum bütün planlarımın üstünü açmış olaram. Layihəmizin özü də tamamilə sirlərlə doludur, elə buna görə sualınızın cavabı da hələlik sirr qalsın.
Zaur G.Rəcəbov: - Bizim bu layihə Azərbaycan tamaşaçısını çox maraqlandıracaq və özünün elədiyi hansısa bir layihə ilə öyünənləri sözün həqiqi mənasında, mat qoyacaq. Necə deyərlər, şah və mat.
Çingiz Həziyev: - Hələ mən Zauru tanımadığım vaxtlarda Lider TV-də illüziyaçıların iştirakı ilə telelayihə yayımlanırdı. Amma, bundan sonra bu sahədə uzunmüddətli bir durğunluq yarandı. Bunda da mən televiziyaları deyil, illüziyaçıların özlərini günahlandırıram. Bir də görürsən ki, hər hansı bir müğənninin qonaq olduğu verilişin ortasında birdən aparıcı elan edir ki, indi illüziyaçı Filankəs buyursun...Bu an illüziyaçı aparıcılar tərəfindən layiq olmadığı səviyyədə təqdim olunur, mən hətta deyərdim ki, çağırılır. Bu heç də düzgün yanaşma tərzi deyil. Verilişə illüziyaçı dəvət edirlər, amma adını belə demirlər çox hallarda. İllüziyaçının dəvət olunduğu verilişlərdə də hər hansı bir fokus nümunəsini göstərmək üçün buna uyğun, müvafiq şərait yaradılmalıdı. Hansısa bir illüziyaçı verilişdə qonaq olanda da kameralar onun göstərdiyi nömrənin sirrini nümayiş etdirmək üçün hər rakursdan kim birinci çəkəcək yarışına çxırlar sanki. Xarici telekanallarda illüziyaçı, sehrbaz qonaq olanda kameralar onun sirrini axtarıb tapmaq üçün yarışa çıxmır. Əksinə, onlar illüziyaçının nümayiş etdirdiyi nömrənin tamaşaçıya daha keyfiyyətli formada necə təqdim etmək barəsində düşünürlər.
Zaur G.Rəcəbov: - Bizdə məsələ belədir ki, hər hansısa bir sənətkar telekanala öz layihəsi ilə yaxınlaşırsa, kanal rəhbərliyi onu pul formasında görür. Rəhbərlik həmin dəqiqə düşünür ki, "Görəsən, mən ondan nə qədər pul qazana bilərəm?". Onlar dərk etmir ki, əgər layihəyə dəstək olsalar, məndən alacaqları vəsaitin məbləğindən on dəfələrlə daha artıq pul qazana bilərlər. Telekanallar əgər bu gün ona təqdim olunan maraqlı bir layihəyə ən yaxşı halda 7000 manat məbləğində vəsait ayırsa, daha sonra bu məbləğdən 5-6 dəfə daha artıq qazanc əldə edəcəklər. Verilişi hansı kanala apardıqsa, layihə reytinq verməyəcək kimi bəhanələr gətirdilər. Mənim özümün azdan-çoxdan televiziyada 17 illik iş təcrübəm var və mən hansı layihənin reytinq verib-verməyəcəyini müəyyən etməyi bacarıram. Amma əfsuslar olsun ki, bizim kanallarda bu yoxdur.
Fərid Azəri
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































