Səməd Səmədov: “Əli Mirəliyev bostanıma daş atan kimi gündəmə gəldim”

Səməd Səmədov: “Əli Mirəliyev bostanıma daş atan kimi gündəmə gəldim”
Soruşsalar kiməm, deyərəm həm elit, həm də bozbaş müğənni

- Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Mən Səməd Səmədov artıq 30 ildən çoxdur ki, fəaliyyət göstərirəm. 20 il "Kral" adını daşıdım, sonra layiqli müğənni Manaf Ağayevə keçdi o ad. "Kral" adını alanda birinci televiziyaya mən zəng edib onu təbrik elədim. Artıq ondan da böyük titulum var. Dövlət tərəfindən Respublikanın xalq artisti adı ilə təltif olunmuşam. 27 ildir eyni ansambllı çalışıram.

1946-cı ildə anadan olmuşam, 2 övladım var - Xədicə, Anar və 5 nəvəm var. Böyük nəvəmin artıq 17 yaşı var. Əslim Şamaxıdandır. Amma sonra Bakıya köçmüşük. Atam gözəl skripka çalan olub, anam pianoçu. Hamı bilir ki, qohum-əqrəbamız tanınmış ziyalılardı. Xalq artisti, bəstəkar Ramiz Mustafayev anamın doğma xalası oğludur. Görkəmli dirijor Faiq Mustafayev, xalq rəssamı Gülü Mustafayeva bizim qohumlarımızdı. Ailədə 3 uşaq olmuşuq - 2 bacı, 1 qardaş. Bacımın biri dünyasını dəyişdi. Özüm Bülbül adına Orta İxtisas Musiqi Məktəbini sonra isə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini bitirmişim.

- Uşaqlıqda necə oğlan olmusunuz?

- Çox dəcəl uşaq olmuşam. İçərişəhərdə yaşamışıq. Bilirsiniz ki, "Kubinka"da yaşayırdıq. Çox "xuliqan" olurdu buranın uşaqları. Məni həmişə məktəbə atamla, anam aparırdı. Əlimdə də həmişə skripka olurdu. Bir gün yadımdan çıxdı skripka tramvayda qaldı, atam gedib bütün tramvay parkını axtardı, tapa bilmədi. Sonra gedib yenisini aldı. Güc-bəla ilə bitirdim musiqi məktəbini. Skripkanın sirlərini öyrəndim. Xalq artisti Fərhad Bədəlbəyli ilə bir sinifdə oxuyurdum, Musiqi Akademiyasının futbol komandasında oynayırdıq. İnstitutlar arasında təşkil edilən yarışlarda iştirak edirdik. Futbola da marağım çoxdur. Evdə də məni həmişə Səməd çağırırdılar.

- Qısqanc insansan?
- Qətiyyən yox. 37 ildir ailə qurmuşam. Oğlumun 35, qızımın 33 yaşı var. Möhkəm ailəm olub. Bizim ailədə qısqanclıq söhbəti ola bilməz.

- Hobbiniz nədir?
- İt saxlamaq. Mənim çoxlu itlərim var. Görkəmli alimlərdən biri deyib ki, nə qədər insanları tanıyırsan, o qədər heyvanlara istəyin artır.

- Hansı günahın yükü hələ də çiyninizdədir?
- İnanın, günahım yoxdur mənim Allahın yanında. Mən xoşbəxt, bəxtəvər adamım ki, balaca səsimlə necə illərdi "Toylar kralı" adını daşıyıram. Mənim səsimin diapazonu çox balacadır. Hacıbaba Hüseynovun da səs diapazonu balaca olub. Mən bəxtəvər insanam ki, bu balaca səslə xalqım məni sevir, gözəl balalarım, nəvələrim var. İndiyə kimi də bir çoxları xeyir işlərinə, övladlarının toylarına məni dəvət edirlər. Günahım yoxdur ki, Tanrı bunları mənə qismət edir.

- Şou-biznesi necə görürsünüz?
- Şou-biznesin ilk dəfə bünövrəsini Faiq Ağayevlə Aygün Kazımova qoyub. Mən çox heyfsilənirəm ki, indi şou-biznesdə Faiq bir balaca kölgədədir. Mən çox heyfsilənirəm ki, o gün Rəhim Rəhimli deyir ki, indi akulalar, balinalar, əjdahalar gəlib (gülür). Şou-biznesdə Faiq Ağayev, Zülfiyyə, Brilyant, Manana, Aygün Kazımovanı, Röyanı görürəm yalnız.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Bilirsiniz ki, keçən il mənim üçün uğurlu oldu. Mahnı tapmaq bu dəqiqə çox çətindir. Mən Eldar Mansurovdan, Faiq Sücəddinovdan, Nadir Əzimovdan, Xanım İsmayılqızından mahnılar oxumuşam. Meyxanaçı Samir Vidadan üç mahnı oxudum - "Evlənirəm", "Mənə belə xoşdur", "Gözəlsən". Bu mahnılar partlayış oldu. Youtubda çox maraqla izlənildi. Bu mahnıya görə televiziya kanalları məni çağırdı, yenidən gündəmə gəldim. Çalışıram ki, yeni mahnılarım çox olsun. İnşallah, dekabrda 2 klip çəkdirərək təzə ildə məni sevənlərin ixtiyarına verəcəyəm.

- İlk məhəbbətiniz neçə yaşınızda olub?
- V sinifdə oxuyanda olub. Bülbül adına məktəbdə bir qıza vuruldum.

- Nə zaman haqsızlığın qurbanı oldunuz?
- Mən həqiqətən həyatda xoşbəxt insanam. Mənə qarşı haqsızlıq olmayıb. İnanın Allaha.

- Ürəkdən haçan ağlamısınız?
- Anam dünyasını dəyişəndə.

- Əgər əlinizdə imkan olsaydı həyatda nəyi dəyişərdiniz?
- Fonoqramları ləğv edərdim.

- Özünüzü şou-biznesdə görürsünüz?
- Mən artıq gündəmdəyəm və neçə illərdi hər il "hit mahnılar" oxuyuram: "Bu qızların telinə bax", "Arım-balım, pətəyim", "Nazlı yarım", "Ay can" adlı mahnılarımla həmişə şou-biznesdə olmuşam. Özümü də şou-biznesdə görürəm.

- Kimdən çox bəhrələnmisiniz bu sənətdə?
- Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqomayevdən bəhrələnmişəm. Mən bunu dəfələrlə demişəm. Vallah, bilmirəm necə olar. Yalçın Rzazadəyə, Zaur Rzayevə, Əli Mirəliyevə səs rejissoru işləmişəm. Fəxr edirəm ki, gözəl müğənnilərlə bir yerdə toylarda olmuşuq. Mənim yerimə başqası da olsaydı, musiqi savadı var idisə demək zirvədə olmalıydı. Mən qaymaqlarla işləmişəm və onlardan ibrət götürmüşəm, onlar mənə nümunə olub həmişə. Əli Mirəliyev də mənim üçün nümunə olub.

- Bəs gənclərdən kimi dinləyirsiniz?
- Məndən 13 ildir soruşurlar və həmişə də deyirəm kişi müğənnilərdən İlqar Muradovu, Eyyub Yaqubovu, xanımlardan Brilyant Dadaşovanı dinləyirəm.

- Səməd müəllim haçan təhlükəli ola bilər?
- Mən tıxsız balığam.

- Bəs onda niyə bir çoxları sizin bostanınıza daş atırlar?
- Yaxşının dalınca danışarlar.

- Ailənizdə sizdən başqa bu sənətə marağı olan olubmu?

- Təəssüflər ki, oğlum istədi oxusun. Bir neçə il bundan qabaq oxumaq istəyəndə qabağına 4-5 disk atdım, gənclərin - Ayazın, Zamiqin, Eltonun, Elnurun və dedim bunlar gəlirlər və nəinki gəncləri, elə sənin atanı da məhv edəcəklər. Elə də oldu. Amma xoşbəxtəm ki, ayaq üstə dayana bildim. Uşaqlar ki kimin adın çəkdim sunamidirlər. Çox savadlı, istedadlı müğənnilərdir.

- Bəs sizin üçün önəmli sənətdir, yoxsa pul?
- Təbii ki, həm sənət, həm də pul. Pul olmasa nəinki Azərbaycan, dünya miqyasında sənət ölər. Mən bilirəm ki, o qədər pula ehtiyacı olan savadlı insanlar var ki, çalışırlar yaradıcılıqla məşğul olsunlar, amma pul yoxdur deyə edə bilmirlər.

- Müğənnilikdən başqa qazanc yeriniz varmı?
- Balalarımın canı üçün yoxdur. 5 nəvəm var, onların canı deyirəm, heç nəyim yoxdur. Ancaq sənətlə qazanıram. Kim deyir ki Səmədin kafesi, restoranı var, hamısı yalandı. İnanmayın.

- Sevginizin uğrunda nəyi qurban verərdiniz?

- Canımı qurban verərdim.

- Kumiriniz kimdir?
- Mirzə Babayev.

- Müğənni xanımlardan kimə hədiyyə almısınız?

- Məni hara dəvət ediblər həmişə gül-çiçəklə və mahnılarımla gəlmişəm.

- Niyə istedadı olmayan sənətdədir, istedadı olan yox?

- Şou-biznesdə olanların hamısı istedadla gəliblər.

- Mən sizin fikrinizlə razı deyiləm. Hazırda istedadı olmayanların bəziləri hərə bir "day-day" tapmaqla gündəmdədir.

- Elələri də var, razıyam. Amma pulun gücünə klip çəkdirirlər, efirlərə çıxırlar, sonra da yox olurlar. Amma inanın, istedadı olanlar Vətəni tərk edib gedirlər.

- Həyatda sonuncu dərsi kimdən almısınız?
- Əli Mirəliyevdən aldım. Oturmuşdum evdə, təqvimlə toylara gedirdim. Əli Mirəliyev mənim bostanıma daş atan kimi gündəmə gəldim, yenə də həvəsim artdı, yeni mahnılarla, yaradıcılıqla məşğul oldum. Yaxşı dedi ki, Səməd oxuyan deyil. Sağ olsun, Əli Mirəliyev olmasa idi, mən də yox idim.

- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə gözəl mənzərədir. "Şəlalə" mahnısını 20 il bundan qabaq oxumuşam.

Şəlalə, Şəlalə həsrətini çəkən mənəm,

Şəlalə, Şəlalə təkcə səni sevən mənəm.

- Səməd Səmədovun tələbəsi varmı?

- Yoxdur, mənim öz ansamblım və "Qismət" qrupum var.

- Həmişə zövqlə geyinirsiniz. Stilistiniz kimdir?
- Vallah özüməm, stilistim yoxdur.

- Solo-konsert vermək fikriniz varmı?
- Cavanlıqda vermədim konsert, indi də qorxuram deyə, istəmirəm konsert verim.

- Bozbaş mahnılara münasibətin necədir?

- İş ondadır ki, bütün dünyada elit mahnılar da var, bozbaş mahnılar da. Soruşsalar mən kiməm, deyərəm həm elit, həm də bozbaş müğənniyəm. Çünki bozbaş Azərbaycan yeməklərinin padşahıdır (gülür).

Mənim dalımca danışanlara bir onu deyə bilərəm ki, pillə-pillə zirvəyə yaxınlaşıram, hələ zirvədə deyiləm, yaxınlaşıram...

Şəlalə NƏRİMAN

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az