MƏLƏKXANIM ƏYYUBOVA: “Müğənni olacaqdım deyə uşaqlıqdan qarşımda məqsəd qoydum ki, cavan qalacam”

MƏLƏKXANIM ƏYYUBOVA: “Müğənni olacaqdım deyə uşaqlıqdan qarşımda məqsəd qoydum ki, cavan qalacam”
Sənət adamlarının yanından keçəndə elə hərəkət edirlər ki, adam lap qıcıqlanır

- Özünüzü təqdim edərdiniz?

- Mən Mələkxanım Əyyubova - 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olmuşam. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirmişəm. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olmuşam. 1979-cu ildən 1984-cü ilə kimi Azərbaycan Dövlət İncəsənət Universitetinin Musiqili komediya aktyorluğu fakültəsində təhsil almışam. Dünyanın bir çox xarici ölkələrində konsert proqramları ilə çıxış etmişəm. 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə dərs deyirəm, professor, xalq artistiyəm. Ailəliyəm, 4 övladım var. Prezident təqaüdçüsüyəm və Heydər Əliyev Fondunun mükafatçısıyam, 34 ildir bu sənətdəyəm. Bu sənətdə həmişə mənə xalq artisti, professor, gözəl tarzənimiz Möhlət Müslümov, kamança ifaçısı Fəxrəddin Dadaşov, Əhməd Bakıxanov adına ansamblı ilə birlikdə dəstək olublar. Bunu unuda bilmərəm.

- Uşaqlıq xatirələrinizdən danışardınız? Necə qız olmusunuz?
- Mənim uşaqlığım çox fərqli olub. 7 uşaq olmuşuq ailədə. Mənim bibimin övladı olmadığına görə anadan olan kimi məni Bakıda yaşayan bibimə övladlığa veriblər. Ona görə də Bakıda böyümüşəm. Bibim məni 6 yaşında məktəbə qoyub. Çünki həmişə istəyirdi ki, mən tez böyüyüb hər şeyə sahib olum. Uşaq vaxtından musiqi məktəbinə qoyub, özfəaliyyət dərnəklərində həmişə qalib olurdum. Məktəb illərində dərslərimi çox yaxşı oxuyurdum. Bütün tədbirlərdə birinci olurdum. Müəllimlərim məndən dərs soruşmurdular, gözəl səsim olduğu üçün qiymət yazırdılar. Uşaq vaxtından hörmətim var idi hamının yanında. Adicə rayona gedirdim, mənim qardaşım çox gözəl xanəndə idi. Bütün Şamaxının hörmətli məclislərini qardaşım aparırdı. Görürdülər mən rayondayam uşaq olsam da istəyirdilər ki, mən mahnı oxuyum toyda… Uşaqlıqdan hörmət qazanmışam.

- Ürəkdən haçan ağlamısınız?
- Mən həmişə deyirəm ki, Allah-tala həmişə insana sevinc göz yaşları nəsib etsin həyatda. Atam rəhmətə gedəndə, cavan qardaşım dünyasını dəyişəndə ürəkdən ağlamışam.

- Kimlərin ifasını dinləyirsiniz?

- Mehriban xanım çox sağ olsun, muğama çox böyük dəstək oldu, hamıya sevdirdi. Bütün dünyasını dəyişən sənətkarlarımızın lent yazılarını bərpa etdirdi. Hamısı bizlərə verildi, evimizdə var. Vaxtaşırı da onlara qulaq asıb dinləyirik. Çünki o xanəndələrimizin hamısı muğamlarımızı fərqli oxuyub. Bu bir xəzinədir mənim üçün, yorulmadan hamısını dinləyirəm.

- Qayınanalıq statusu necədir?
- Mənim qayınanam uzaq qohumumdu. Uşaqlıqdan onun gözü qarşısında böyümüşəm. Ona görə mənim qayınanam heç vaxt heç bir işimizə qarışmayıb. Düzdür, ayrı yaşamışıq, amma həm rəfiqə, həm də dost olmuşuq. Mənə də ondan qalıb, öz qayınanamdan necə görmüşəmsə, öz kürəkənimlə, gəlinimlə dost kimiyəm. Qayınanayam, amma çalışıram ki, dost olum, rəfiqə olum.

- Həqiqətən nəvə baladan şirindir?

- Mənim fikrimcə nəvə də şirindir, bala da. Mənim balaca oğlumun 10 yaşı var. Nəvəylə arasında 7 yaş fərqi var. Nicatım da elə bil bizim nəvəmiz sayılır, çox şirindir, nəvəm də şirindir. Nəvənin öz yeri, balanın öz yeri var. Mən balalarıma bağlı anayam. Hamısı mənim üçün qiymətlidir.

- Bəs məşhurluğun arxasında hansı çətinliklər gizlənir?

- Bunun arxasında böyük məsuliyyət dayanır. Çünki bir qadın olaraq sənətdə olasan, həm ailə qurasan, Allah yoldaşıma cansağlığı versin, həm hörmət saxlayasan, həyat yoldaşın sənə dəstək ola - bu böyük bir məsuliyyətdir. Ailə kimi ailəni ortaya çıxarmaq çox çətindir. Həm də eldə-obada hörmət qazanasan - çox böyük zəhmətdir övladlara gözəl ana olmaq. 4 övladın hər biri məktəbə gedir, universitetə gedir, hər biri cəmiyyət içərisindədir. Bunların tərbiyəsini qorumaq, hamısı böyük zəhmət tələb edir. Biləndə ki kimin övladıdır, heç utanmır. Çünki övladın, həyat yoldaşın başını uca etmək lap çox çətin işdir.

- İndi gənclərin kütləvi şəkildə şou-biznesə qatılmaq istəyini nə ilə izah edə bilərsiniz? Azərbaycana bu qədər müğənni istehsalı doğrudan lazımdırmı?
- İstedadı varsa olar. Bizim nə ixtiyarımız var ki, deyək niyə qoyursan oxumağa. İstedadı yoxdursa, mən özüm də qınayıram. Fikir verirsiniz, mənim övladlarımı bu sənətdə görmədiniz. Çünki onlarda o istedadı görmədim ki, onlar sənətə gəlib hansısa zirvəni fəth edəcəklər. Amma yeri gələndə mən onu edə bilərdim, arxalarında dayanardım. Bu sənətdə olmaz axı istedadın olmaya-olmaya ata-ananın adı ilə qabağa gedəsən. Belə olanda mən qınayıram. İstedadı olmayanlar qoy gedib başqa bir sənətlə məşğul olsunlar. Bu məcburi oxumaq nəyə lazımdır ki?!. Çox çətin sənətdir bizim sənət. İstedadı varsa, qoy oxusun, irəli də getsin.

- Mələkxanım Əyyubova özünü şou-biznesdə görürmü və maraqlanırmı?

- Mən xalqın xanəndəsiyəm. Çox kənardayam şou-biznesdən. Toy şənliklərinə də, məclislərə də gedirəm. Səviyyəli tədbirlərə də gedirəm. Şou-əhli ilə bir məclisdə də oluram. Bu sənətdəyəmsə bundan qaça bilmərəm. Çünki nə qədər olmasa da adımız çəkilir. Mən xalqın sənətkarıyam. Toylarda iştirak edirəmsə, deməli, şou-biznesdə mən də varam. Amma qıraqdan tamaşa edirəm.

- Şou əhlinə həsr olunmuş verilişlərdə sizi ən çox nə qıcıqlandırır?

- Birinci mənə pis təsir edən bilirsiniz nədir? İstər şou-biznesə yeni gəlsin, istər yaşlı olsun, böyük-kiçik yeri bilməyənlər çox qıcıqlandırır məni. Əvvəldən görmüşük ki, həmişə böyük-kiçiyə hörmət olub. Sənət adamlarının yanından keçəndə elə hərəkət edirlər ki, bu adamı qıcıqlandırır. Baxırsan gözəl sənəti var, amma hörmətsizlik edəndə olur sıfır. Olmaz axı. El şənliklərinə gedirik, bizi xalq dolandırır. Xalqın məhəbbətini qazanmasan, dövlət də sənə o xalq artisti adını verməz. Dövlət də görür ki, xalq səni sevir. Ona görə sənə ad verir. Ona görə gənclərimizə məsləhətim budur ki, həmişə böyük-kiçik yerini bilsinlər.

- Bəs sizin prodüseriniz var?

- Prodüserim yoxdur. İnanın heç kimə etibarım qalmayıb. Çünki mənim düşündüyümü, mənim etdiyimi edə bilməyəcək. Yanımda köməkçilərim var, evdə də var. Ona prodüser deyib göyə qaldırmaq lazım deyil. Yaxşı menecer olsa, konsertlər təşkil etsə, onda maraq dairəmiz olar. Muğam Mərkəzində çox gözəl konsert verdim. Heydər Əliyev Sarayında böyük konsertim oldu. 10-a qədər disk buraxdırdım. Özüm öz işimi görürəm. Çox işlərim var.

- Müğənnilərin maddi gəlirləri ilə bağlı həmişə çoxlu şayiələr gəzir. Vergi verirsiniz?
- Muğam Mərkəzində konsertimi dəvətnamə ilə elədim, amma pulunu ödədim. Heydər Əliyev Sarayında konsertimin də pulunu ödədim, verginin də.

- Öz gəlirlərinizi necə ifadə edirsiniz? Əsas xərcləriniz nəyə gedir?

- Əsas xərclərim gedir mənim geyimlərimə, saçlarıma. Geyimlərin çoxunu xarici ölkələrdən alıram. Milli paltarı bizə dövlət verir. Amma belə də bahalıdır milli paltarım. Sənətdəyəm, bir paltarı iki dəfə geyinmək olmur. Sənət adamlarıyıq deyə geyinməliyik, özümüzə fikir verməliyik. Uşaqların problemləri var.

- Titulunuz nədir?
- Xalq artistiyəm, İncəsənət Universitetinin professoruyam.

- İlk dəfə kimlərdən bəhrələnmisiniz?
- Qulu Əsgərov olub ilk müəllimim. Çox sənətkarlara qulaq asıb, onlardan bəhrələnmişəm. Canəli Əkbərov, Arif Babayev və bir çox sənətkarlara qulaq asıram, hamısından da bəhrələnirəm. Əlibaba Məmmədovdan da bəhrələnmişəm. Zeynəb Xanlarovanı çox bəyənirəm və dinləməkdən də yorulmuram.

- Mələkxanım Əyyubova Azərbaycan musiqisi tarixində qalacaqmı?
- Onu xalq deyəcək, mən deyə bilmərəm, zaman göstərər.

- Plastik əməliyyatlara münasibətin necədir?

- Mən uşaqlıqdan dərimə qulluq edirdim. Həmişə masaj edirdim, maskalar edirdim. Hamı mənə deyirdi ki, üzün tez qırışacaq, dərin pis olacaq. Çünki mən uşaqlıqdan müğənni olacaqdım deyə qarşımda məqsədim var idi ki, cavan qalacam. Əsas da daxili aləmdir. Gərək heç kimə paxıllıq etməyəsən. Məni tanıyanlar bilir ki, əlimdən nə köməklik gəlibsə, çalışmışam hamıya dəstək olum. Amma görmüşəm ki, kimlərsə ayağımı qazırlar, mən yenə onlara yaxşılıq etmişəm. Çalışıram hər pisliyə yaxşılıqla cavab verim. Deyirlər gözlər qəlbin aynasıdır. İnsanları gərək sevməyi bacarasan.

- Geyimlərin necə, dəbdə olmağı önəmlidir sizə?
- Mən modelyerlərə əvvəllər də müraciət etmişəm. Sonra Amerikadan, Avropadan gətirdiyim paltarlar açıq-saçıq olduğu üçün burada onlara düzəliş etdirmişəm. Açıq-saçıq geyimə pis baxıram. Sadəcə onu geyinəndə elə təqdim etmək lazımdır ki, açıq-saçıqlıq hiss olunmasın. Geyinəndə necə davranış göstərəcəksən, əsas odur. Bir də ki, mənim çox gözəl zövqüm var. Mən elə paltar almışam ki, bir də görürsən bu ilin dəbidir. Öz zövqümə də çox güvənirəm.

- Qısqanc insansınız?
- Oh, lap çox qısqancam, həddindən artıq.

- İlk məhəbbətin neçə yaşında olub?
- Elə mənim ilk məhəbbətim öz həyat yoldaşım olub. Uşaqlıqdan onlara gedirdim, uzaq qohum idik. Öz-özümə deyirdim nə gözəl oğlandır. Sevdim onu. 1987-ci ildən ailəliyik.

- Sizi nə əsəbiləşdirə bilər?
- Mənim yoldaşım da həmişə deyir: "Mələkxanıma gərək həmişə səmimi olasan, sadiq olasan". Mənə kim sadiq olarsa, mən də həmişə - ömrüm boyu ona sadiq olacağam. O, insana canımı da qurban verə bilərəm. Mən hamıya qarşı mehribanam, sadiqəm.

- Gözlərinizə baxanda niyə qəmli notlarla tamamlandı?
- Bu sənətdə xalqın, dostların içində olursan. Hər bir insanın gözlərində kədər, qəm bilinir. Çünki bir də görürsən sənət yoldaşındı, sən sadiqsən ona, amma o, həmişə çalışıb ki, sənin ayağının altını qazsın. Axı sən ona qarşı elə olmamısan. Bunların hamısını gözlər bildirir. Ürəyində nə qədər sevincli olsan da, istər-istəməz gözündə büruzə verir onların hərəkəti. Şükür Allahıma, həyatımda elə də qəmlilik yoxdur. Min şükür edirəm Allahıma. Hər şeydən razıyam.

- Səmimi olun, heç falçı yanına getmisiniz?
- O vaxtı uşaqlar balaca olanda getmişəm. Sadəcə maraq üçün Quran açdırmışam. Mən nəsə yola çıxanda, o vaxtı gedib baxdırırdım. Onların da dediklərinin hamısı yalan çıxıb (gülür). Ən çox inandığım pirlər, ocaqlar olub, günün bu günü də ziyarətlərə tez-tez gedirəm.

- Hobbiniz nədir?
- Qarmon, pianino çalıram, boş vaxtlarımda balalarımın evinə gedirəm. Muğamlarımıza qulaq asıram. Özümə baxmağı sevir və özümə qulluq edirəm.

- Kimdən halallıq almaq istərdiniz?
- Bibimdən. Çünki məni böyüdüb boya-başa çatdırıb. Həm də mənim üçün əlindən gələni edib. İstəyib ki, hər şeyin yaxşısı mənim olsun. Övladı olmayıb, məni saxlayıb. Mənimlə bir yerdə qalırdı. İndi yeni evimə köçmüşəm, amma bibim ora gəlmir, öz evində qalır. Gətirirəm, burada qalmır, yaşlı adamdı, səs-küy götürmür. Gözüm üstündədir onun yeri. Nə istəyir, onu da edirəm, çalışıram həm mənim, həm də onun ürəyincə olsun. Bibimdən halallıq istəyərdim.

- Həyatınızdan kitab yazılsaydı adını nə qoyardınız?

- Mənim haqqımda böyük bir jurnal çıxdı. Bütün sənətkarlar haqqımda gözəl sözlər dedi. Xalq şairi Nəriman Həsənzadə o jurnala bir başlıq verdi: "Musiqimizin şah əsəri". Məncə belə bir titula layiq görülmək mənim üçün böyük xoşbəxtlikdir.

- Xanəndəlikdən başqa əlinizdən hansı sənət gəlir?

- Oğlumun toyunda bir rejissorluq etdim ki, 20 rejissor yığışsaydı mənim etdiyimi etməzdi. Hamı bilir ki, Qulu Əsgərov mənim müəllimim olub. 70-75 illiyini, nə qədər ömrüm olsa, həmişə onun yubileyini keçirəcəyəm. Bütün rejissorluq işini mən özüm edirəm. Buna da qabiliyyətim çatır. Yaxşı rejissor da, qarmon, piano ifaçısı da ola bilərdim mən. Fəxriyyə Xələfova həmişə deyir: "Maşallah, bizdən çox bilirsən". İncəsənət adamı hər şeyi bilməlidir. Sırf modelyer, saç ustasına özünü həvalə etməməlidir, zövq almalıdır öz qabiliyyətindən. Mənim qızım da, kürəkənim də çox gözəl dizayner-rəssamdır. Oğlumsa İngiltərədə oxuyub. Hamısının da zövqləri var, maraqlı dizayn verə bilirlər.

- Nəyə pul xərcləyəndə əsəbiləşirsiniz?
- Dərman alıram, sağalmayanda əsəbiləşirəm k, niyə sağalmadım.

- Dilinizdən düşməyən mahnı?

- Ağadadaş Ağayevin "Sən oldun" mahnısı. Deyirəm, Ay Allah, bu nədir, bütün günü zümzümə edirəm: "Sən oldun, sən oldun... Mənə qalan sən oldun..."

Şəlalə NƏRİMAN

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az