Natiq Fərzəliyev: “Oynadığım rollar mənim övladlarımdır”

Natiq Fərzəliyev: “Oynadığım rollar mənim övladlarımdır”
Sənət elədir ki, nə qədər çalışsan da onun zirvəsinə çatmaq və ya doymaq olmur

- Özünüzü təqdim edərdiniz?

- Natiq Fərzəliyev. 1962-ci il fevralın 1-də Yevlax şəhərində anadan olmuşam. Ailədə 5 uşaq olmuşuq. Özüm də ailəliyəm, 2 övladım var. 1981-ci ildən - 32 ildir ki, bu sənətdəyəm. IV sinifdən uşaq dərnəklərinə getmişəm. VII sinifdən Bəşir Səfəroğlu adına Xalq Teatrında çalışıram. Nəslimizdə məndən başqa aktyor yoxdur, təkcə mən bu sənəti seçmişəm.

- Övladlarınızdan necə, bu sənəti seçən oldumu?

- Qızım hələ VIII sinifdə oxuyur. Oğlumu mən qoymadım bu sənətə gəlsin. Bu yaxınlarda televiziyaların birində çalışacaq. Yenə bu sənətə yaxındır.

- İlk addımlarınızı bu sənətdə necə atdınız?

- Uşaq vaxtlarından gedib dərnəklərə yazıldım. Yavaş-yavaş da məni tamaşalara dəvət etdilər. Məktəbi bitirənə kimi xalq teatrında rollarda oynadım. Sonra da birinci katibin göstərişi ilə İncəsənət Universitetində oxudum.

- 32 ildir sənətdə olan Natiq müəllim niyə hələ də fəxri ad almayıb, bu sizi narahat edirmi?

- Deyəndə ki ad almamışam, yox, belə deyərdim ki, adı verməyiblər. Maraqlanmışam, deyiblər iki dəfə təqdim olunub, hələ də verməyiblər. Belə baxanda, mən ad üçün çalışmamışam. Sənətimi sevmişəm. Məni sevənlər də çoxdur. Bu mənim üçün böyük uğurdur.

- Hazırda Gənc Tamaşaçılar Teatrında elə aktyorlar var ad alıblar. Bu sizi necə, narahat etmir ki?

- Belə də, ad verirlər versinlər, verməsələr də sağ olsunlar. Bu məni qətiyyən narahat etmir, qismətdir.

- Yetirmələriniz necə, varmı?

- Açığını deyim yoxdur. Bir dəfə söz oldu ki, mən uşaq hazırlayım, dərs deyim, alınmadı. Çünki elə olur ki, dərs vaxtı mənim tamaşam olmalıdır. Məndə heç cür alınmır. Çünki saat 11-də məşqim olur, 7-də tamaşam. Ona görə də razı olmadım.

- Bəs aktyorluqdan başqa qazanc yeriniz haradandı?

- Əvvəllər toylara çox gedərdim. İndi müğənnilər hər şeyi bizim əlimizdən alıblar. Artıq toylarda həm tamada kimi, həm də müğənni kimi iştirak edirlər. Çəkilişdə də müğənnilər aktyorluq edir. Çox şeyləri əlimizdən alıblar.

- Bəs bu sizi narahat etmirmi ki, müğənnilər hər şeyi sizin əlinizdən alıblar?
- Təbii ki, narahat edir. Qazanc tərəfdən yox, sənət baxımından. Düzünü deyəndə müğənni gəlib mənim kimi oynaya bilməz axı.

- Ola bilər sizdə paxıllıq hissi var müğənnilərə qarşı. Ona görə belə danışırsınız.

- Paxıllıq hissi deyil. Bilmirəm niyə televiziyalar aktyoru dəvət etsə bir rola, pul verməlidir. Müğənnini dəvət edirsə, çəkilir hansısa rola, pul vermir.

- Bu sənətdə arzularınızın çoxuna çata bildinizmi?

- Sənət elədir ki, nə qədər çalışsan da onun zirvəsinə çatmaq və ya doymaq olmur. Sənətdə də şükür Allaha, sayılıb-seçilirəm.

- Bəs həyatda nəyin arzusunda olmusunuz?
- Həyatda həsrətində olmuşam ki, ailəm olsun. Şükür, gözəl ailəm, 2 övladım var. Başqa heç nəyin həsrətində deyiləm.

- Həyatda boyunuzla bağlı kompleksiniz olubmu?
- Uşaq vaxtı olurdu. Artıq heç də elə bir kompleksim yoxdur. Həyat yoldaşım məndən hündürdür. Tamaşaçılar məni aktyor kimi görürlər, sevirlər. Bu mənim üçün fəxrdir, heç bir narahatçılığım yoxdur.

- Sizcə çəkə biləcəyiniz yükü daşıyırsınız?
- Mən çəkə biləcəyimdən də artıq yükü daşıyıram.

- Ürəkdən haçan ağlamısınız?
- Yaxınlarımı, əzizlərimi itirəndə. Anamı bu yaxınlarda itirdim. Mən həmişə hıçqırtı ilə içimdə ağlamışam.

- Hazırda hansı yeniliklər var Gənc Tamaşaçılar Teatrında?

- Bizim teatrlar arasında öz dəst-xəttimiz və tamaşaçılarımız var. Uşaqlar və böyüklər üçün tamaşalarımız var. Repertuarımız zəngin və rəngarəngdir. Bu yaxınlarda maraqlı tamaşalarım olacaq. Hazırda da Türkiyədə türklərlə azərbaycanlıların birgə istehsal olan bir filmdə çəkilirəm. Filmin adı "Qaytar pulumuzu"dur, baş roldayam. Artıq az bölümü qalıb. Bu həftənin sonu Türkiyəyə gedirəm.

- Səmimi olun, Türkiyədə çəkildiyin seriallardan aldığın qonorar sizi qane edir, yoxsa bizdə?
- Təbii ki, onlarda maddiyyat güclüdür. Amma deməyəcəyəm ki, nə qədər qonorar alacam. Bu sirdir, müqaviləm bitəndən sonra alacam.

- İlk addımlarınızda sizə kimlər dəstək oldu?

- İlk addımlarımda rayonda, məktəbdə, dərnəkdə olan müəllimlərim mənə dəstək olub. Çoxdurlar, hamısının adlarını çəkə bilməyəcəyəm. Pəhmətlik sənətkarımız Hüseynağa Atakişiyev mənə ən böyük dəstək olub. Onun məktəbini keçdim, ən böyük dəstəyi ondan gördüm.

- Aktyorlardan necə, dəstək olmadı sizə?

- Aktyorların hamısı ilə münasibətim yaxşıdır. Aktyorun borcu rolu oynamaqdı. Amma dəstək olmayıblar. Bir çox sənətkarlarla bir səhnəni bölüşmüşəm.

- Olubmu ki, ayağınızın altını həmkarlarınız qazsın?
- Yox, olmayıb, yalan deməyim.

- Uşaqlıq illəriniz necə keçib?

- Çox sakit uşaq olmuşam. Yalnız oxumaqla məşğul olmuşam evdə. Çölə çıxanda da futbol oynamışam.

- İlk məhəbbətiniz neçə yaşında olub?
- O məhəbbət olmur ki, ötəri məktəb hissim olub.

- Sevib ailə qurmusunuz?
- Bəli, sevib ailə qurmuşuq. Artıq 22 ildir ailəliyəm. Yoldaşım qohumumuzun qonşusu olub, orada görmüşəm, bəyənmişəm, sevgimi bildirmişəm və ailə qurduq.

- Səhnədə başınıza maraqlı hadisə gəlibmi?
- Səhnədə çox hadisələr olur. Onu tamaşaçı hiss etmir. Bir dəfə tamaşaların birində bişmiş yumurta yeməliydim. Aktyor dostlarımdan da kimsə bişmiş yumurtanın yerinə çiy yumurta qoyub. Özüm də səhnədən çıxıb toya getməliydim. Ağ köynək geyinib gəlmişəm. Guya ki, qışdır, səhnədə ağ köynəyin üstündən kürk geyinmişdim. Tərəf-müqabilim deyir ki, səhnədə yumurta ye, dedim yemirəm. O da ikisini götürüb yedi. Üçüncüdə dedi ki, sən ye, dedim yemirəm. Amma həmişə yeyirdim, indi nə isə yemədim. Bu götürüb yumurtanı başıma vurdu. Onda gördüm ki, bütün saçımdan sarı tökülür köynəyimə kimi. Tamaşaçı da gülür, nə bilirlər ki, bu yumurta necə olmalı idi. Səhnəyə çönüb baxanda gördüm ki, tanınmış aktyordur, adını çəkməyəcəyəm, dedi mən eləmişəm. Çox əsəbiləşdim, artıq neyləməliydim. Tərəf-müqabilim də and içdi ki, bilmirdim bu çiydir. Toya getməliydim axı. Bax, hələ də yadımdan çıxmır.

- Sizi həyatda nə əsəbiləşdirə bilər?

- Ümumiyyətlə, mən əsəbiləşən insan deyiləm. Məndə tərsinədir, kimsə əsəbiləşəndə mən onu sakitləşdirirəm. Söz-söhbətdən də xoşum gəlmir. Evdə də təsadüfən söz olanda çalışıram əsəbiləşməyim.

- Hiss edirsiniz yaş o yaş deyil?

- Bilirsiniz ki, mənim 3 il bundan qabaq yubileyim olmuşdu - 50 illiyim. İndi 53 yaşım var, hazırda özümü cavan hiss edirəm.

- Özünüzü hansı nağılın qəhrəmanına bənzədərdiniz?
- Çox maraqlı sualdır. Tamaşada uşaqlar üçün həmişə Cırtdan rolunu oynayıram. Özü də bığla çıxıram. Özümü Cırtdana bənzədirəm.

- Keçmişdən hansı xatirə qalıb sizə?
- Ayağımın sınmağı. 2005-ci ildə qəzaya düşdüm. 2 il ayağımla bağlı problem yaşadım. Elə oldu ki, çəliklə gəzirdim. Çəkiliş zamanı bir səhnə var. Həmin səhnədə müğənni A.Rzayevlə birgə çəkilirdik, onu çox istəyirəm. O, mənim başıma yumurta çırpır, noxud tökür ağzıma və pilləkəndən təpiklə vurub məni yıxmalıdır. Mən də dedim ki, elə-belə ayağı ilə toxunsun, mən özüm yıxılım. Çünki gəzə bilmirdim, axı ayaqlarım tam bərpa olunmamışdı. Bu da necə təpik vurdusa, həqiqətən pilləkəndən yıxıldım. Hamı da qorxdu, quruyub qaldılar ki, görən yenə ayağımı qırıldı. Mən də təzədən durdum, dedim ki, heç nə yoxdur, narahat olmayın. Bu hadisə heç vaxt yadımdan çıxmaz!

- Unudulmaqdan qorxursunuz?
- Qorxmuram. Həmişə də çalışıram insanların əhatəsində olum. Bir dəfə bir qadın var idi, guya falıma baxırdı, sənətkarlardan biri bildirdi ki, sən tək olsan hətta özünü asa bilərsən. Təklikdən qorxuram.

- Oynadığınız rollardan olubmu ki, utanmısınız?
- Yox, qətiyyən. Bütün rolları sevə-sevə oynayıram. Onlar mənim övladlarımdır.

Şəlalə NƏRİMAN

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az