Kamil insan günəşdən, aydan, ulduzlardan da əzəmətlidir. Bütün varlıq insanın vücudundadır. İnsan xoş təbiəti ilə yüksək məqama çatır, çalışır, ümidlərlə yaşayır və sonda özünü doğruldur. İnsana hər şeyi hamıdan uca olan Tanrı verir. Tanrının bizə verdiyi möhlətdir - yaşamaq, yaratmaq, arzularını gerçəkləşdirmək, səadətə, istəyə qovuşmaq. Səadətə qovuşmaq üçün isə uzun, çətin bir yol keçməlisən. Bu yol mütləq səni istədiyin zirvəyə çatdıracaq. Belə insanlardan biri də bu gün sizlərə qonaq edəcəyim öz abır-isməti ilə, məğrurluğu və əyilməzliyi ilə hamının sevdiyi sənətkarımız Firuzə İbadovadır. Gəlin birgə onun həyatı ilə tanış olaq.
- Firuzə xanım, özünüz haqda qısaca da olsa bizim dəyərli oxucularımıza nə deyə bilərdiniz?
- Bir onu deyə bilərəm ki, qoy indiki gənclərimiz bilsinlər ki, Firuzə İbadova kim olub. Mən 1954-cü ildə Bakıda Sovet küçəsi adlanan məşhur bir məhəllədə anadan olmuşam. Hansı ki, orda bir çox dahi sənətkarlarımız, alimlərimiz, məmurlarımız doğulub boya-başa çatıblar. 173 saylı orta məktəbi bitirmişəm. Məktəb illərində Azərbaycan Dövlət Radio Televiziyasının nəzdində Əfsər Cavanşirovun "Bənövşə" uşaq xoru var idi. Mən də ilk olaraq 9 yaşımda həmin xora daxil oldum. O vaxt pionerə təzə keçmişdik. Orda bir çox məşhur simalar var idi ki, bizdən öncə də, bizim vaxtımızda da və hal-hazırda da Azərbaycan səhnə mədəniyyətində onların çox mühüm yerləri var. 14 yaşıma çatanda isə Ceyran Haşımova məni "Lalə" qızlar ansamblına dəvət etdi. Mən hələ pasport almamışdım. Mən artıq Azərbaycan Dövlət Filarmoniyasına işə gəldim – "Lalə" qızlar ansamblına. 1970-ci illər idi. O andan mən dahi sənətkarlarla çiyin-çiyinə işlədim.
- Həm orta məktəb, həm sənət, həm də iş. Bu üçlüyün öhdəsindən necə gəlirdiniz?
- Bəli, bəli. Həm orta məktəbin 10-cu sinfində oxuyurdum, həm işləyirdim, həm də qastrollara gedirdim. Çox sakit təbiətli bir qız idim. Təlim-tərbiyəm nə qədər yüksək olsa da, biliyim bir o dərəcədə də yüksək deyildi. Sevdiyim fənləri daha çox öyrənirdim.
- Belə çıxır ki, müəllimlər sizə ictimaiyyətçi olduğunuz üçün hörmət xətrinə qiymət yazıblar...
- (gülərək) Bəli, təsəvvür edin ki, 70-80-ci illərdə mən dahi sənətkarlarla səhnəyə çıxaraq qastrol səfərlərinə getmişəm, onlarla birgə. Onlardan Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Əbülfət Əliyev, Sara Qədimova olub. Görün necə xoşbəxt bir insan olmuşam ki, belə şans mənə nəsib olub. Bu Tanrının verdiyi qismət idi. Atasız qız idim, arxam, köməyim yox idi. Anamızın himayəsində böyüyürdük, 4 uşaq idik. Evimizdə birini tapırdıqsa, birini tapmırdıq. Biri var idi, biri yox idi. Gözləyirdim ki, böyük bacım məktəbdən gəlsin, onun ayaqqabısını geyinib dərsə gedim. İndi o anlar yadıma düşəndə kədərlənmirəm, fəxr edirəm. Çünki anamız bizi çox məğrur, əyilməz böyütdü. Hansı ki, anam çox böyük bir nəslin qızı idi.
- Bildiyimə görə ananız Kələntərlilər nəslindəndir?
- Bəli, mənim babam Lənkəran, Yardımlı, Lerikdə yüksək vəzifələrdə işləyib. Babama Lənkəranda hamı Qızıllı Hacı deyirdi. Çox səxavətli bir kişi olub babam. Ən müqəddəs günlərdə babam bütün kasıb evlərinə hər dəfə pul köməkliyi edirdi. Anam isə atam tərəfindən böyük zərbə aldığı üçün bizi təkbaşına böyütdü. Hansı ki, anamın bacılarından biri alim idi, biri həkim. Nənəm rəhmətə gedəndən sonra babam anamı çox erkən ərə verib. 15 yaşında qardaşım Cavanşiri dünyaya gətirib. Yəni belə çətinliklərlə böyümüşük və nəhayət bu çətinliklərdən çıxaraq gəlib oldum Firuzə İbadova.
- Sonradan təhsilinizi harada davam etdirdiniz?
- 1980-ci ildə mən həsrətində olduğum Asəf Zeynallı adına Musiqi Məktəbində Şövkət Ələkbərovanın sinfinə daxil oldum. O da Konservatoriyanın nəzdində idi. 5 ilə bu sinfi bitirdim.
- Nə zaman ailə qurdunuz və həyat yoldaşınızı sevib evləndiniz?
- 1985-ci ildə ailə qurdum. Desəm ki sevmişəm, yalan olar. Çarəsizlikdən qurduğum ailə məni xoşbəxt etmədi. Çünki sonradan bildim ki, o evlidir, hətta ikinci uşağı dünyaya gələcək. Sadəcə olaraq o insan məni dəlicəsinə sevirdi. Bu da mənim cavanlıq səhvim oldu. Yəqin ki, alın yazım belə imiş.
- Neçə yaşınız olardı ailə quranda?
- 31 yaşım var idi. Bu ailə səadətində yalnız qızım Hülyanı qazandım. Çox şükür olsun ki, mənim qızım çox xoşbəxtdir. Ailəsi, uşaqları, sənəti. Allah hamının balasını xoşbəxt eləsin. Qızımın dünyaya gəlməyində ən ağır vaxtlarımda mənə gözəl sənətkarımız İlhamə xanım Quliyevanın böyük köməyi olub. O, tək mənə yox, çox insanlara yaxşılıq edib. O zamanlar o mənə həm maddi, həm də mənəvi dayaq olub. İnsan gərək yaxşılığı unutmasın.
- Həyatda nədə udub, nədə uduzmusunuz?
- Xalqın sevgisini qazanıb Firuzə İbadova olduğum üçün udmuşam. Onda uduzmuşam ki, mən nə gözəlliyimin, nə də sənətimin qədrini bilməmişəm.
- Sizin həm dostunuz, həm də ortağınız olan Cavanşir Məmmədovla aranıza girib paxıllıq edənlər olubmu?
- Əlbəttə olub. Biz hər ikimiz həddindən artıq çox yaraşıqlı, çox kübar, çox hörmətli bir cütlük olmuşuq. Hər ikimizdə böyük zənginlik var. Ən azından o həyatda mənə qardaşım kimi arxa və dayağımdır. Paxıllıq edənlər etsinlər də, nə qazanacaqlar ki. Bizim sənətimizə paxıllıq edirlər qoy etsinlər.
- Dünyaya yenidən gəlsəydiniz, yenə də müğənni olardınız?
- Yenə də, çünki mən musiqisiz yaşaya bilmərəm, musiqi mənim iç dünyamdır.
- Daxili zənginliyə dəyər verirsiniz, yoxsa xarici?
- Əlbəttə daxili.
Xaricdə yansa da bir parlaq ulduz,
Daxili bəlkə də zülmət gecədir.
- İnsanlar var ki, hər şeyləri var, lakin heç nəyləri yoxdur. Elə deyilmi?
- Çox gözəl sözdür, hər şeyi var, heç nəyi yoxdur. Mən o insanı sevirəm ki, özünə dəyər versin. Pul-para bu gün məndədir, sabah səndə. Bəs insanlığa dəyər?.. Daxili kübarlıq, zənginlik olmasa o insanın heç nəyi olmaz.
- Firuzə xanım şou-biznes qalmaqallarında niyə yoxdur?
- Bilirsiniz ki, məni o qədər qalmaqallara salmaq istəyənlər var ki. adlarını çəkmək istəmirəm, hətta mənə rüşvət də təklif ediblər ki, onlarla qalmaqal yaradım. Mənim cavabım belə olub. Mən sənətə qalmaqallarla yox, istedadımla gəlmişəm.
- Həyatda nədən narazısınız?
- İndiki durumumdan.
- Səbəb?
- Haqsızlıq çoxdur. Əlbəttə ki, Vətənimi, xalqımı, Azərbaycanımı, dövlət başçımızı, onun xanımını da çox sevirəm. Nə yaxşı ki, Ulu öndərimiz onları bizə yadigar qoyub. Bu gün bizdə olan əmin-amanlıq, firavanlıq, qonaqpərvərlik hansı bir dövlətdə var. Görün bizim prezidentimiz xalqı üçün nələr edir. Bir balaca istəyərdim ki, məni də yada salsınlar. Gələcəkdə məndən sonrakı nəsillərin yaddaşında mən də Firuzə İbadova kimi qalım. Mənim də Prezident təqaüdü istəməyə haqqım var. Çünki Sovet dövründən bu vaxta qədər Azərbaycana pul gətirən bir sənətkar olmuşam. Mənim gətirdiyim pullar sayəsində sönməyən ulduzlarımız təqaüd alır. Yəni indi mənim maddi durumum yaxşı deyil. İstərdim ki, məni də yada salsınlar.
- Həyatda ən böyük arzunuz?
- Ən böyük arzum odur ki, bir az uzun ömür sürəydim, arxayın gedəydim dünyadan
- Toy biznesinizdən necə, razısınız?
- Əlbəttə, çox yaxşı, bəs nədən dolanırıq. Məni sevənlərə minnətdaram ki, hər an məni yada salırlar. Elə bir gənc yoxdur ki, məni toyunda görmək istəməsin.
- Özünüzə kimi rəqib görürsünüz?
- Çoxdur, bilirsiniz nə qədər... İstəmirəm onların adlarını çəkib reklam edim.
- Səhhətiniz haqqında nə deyə bilərsiniz?
- Bir az problemim var, hər 6 aydan bir müalicə almalıyam. Məndə üçlü sinir deyilən bir problemim var. Hətta bu yaxınlarda danışa da bilmirdim. Sağ olsun tərəf - müqabilim Cavanşir Məmmədov, mənə çox dəstək oldu.
- Əgər səfərbərlik olsaydı silaha sarılardınızmı?
- Bizim səhnəmizin kraliçası İlhamə xanım Quliyeva əgər əlinə silah alıb döyüşə getməyə hazırdırsa, əlbəttə ki, bizdə onun ardınca. Nəinki biz, bütün Azərbaycan xalqı. Təki Qarabağımız erməni tapdağından azad olunsun.
- Çox təşəkkür edirəm səmimi söhbətimizə görə. Sizə də uğurlar arzulayıram və siz sonda "Oxu Məni"yə nə arzulardınız?
- "Oxu Məni" ilk yaranan gündən hamı tərəfindən sevilib. Mənim ilk müsahibələrim də elə "Oxu Məni"də olub. Çox gözəl jurnalistlər yetişdirib, elə bunlardan biri də sizsiniz Mehriban xanım, sizə də böyük hörmətim var. Baş redaktorunuz başda olmaqla bütün kollektivinizə cansağlığı və uğurlar arzulayıram.
Mehriban Bəylərqızı
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































