Aşıq Əhliman: “...saz elə ona da yaraşır”

Aşıq Əhliman: “...saz elə ona da yaraşır”
Məni ölkənin prezidenti tanıyaraq əlimi sıxıb şəkil çəkdirirsə, deməli, böyük şəxsiyyətəm

Özünüz haqqında məlumat verərdiniz.

Əslən Ucardanam. Bərgüşad kəndindən. 1955-ci il martın 10-da müəllim ailəsində dünyaya göz açmışam. Ailədə 5 uşaq olmuşuq - 2 bacı, 3 qardaş. Özümün də 3 övladım var - 1 oğlum, 2 qızım. Övladlarım ali savadlıdır. 40 ildir aşıq sənətindəyəm. Azərbaycan Dövlət Universitetini bitirmişəm.

- Titulunuz nədir?

- Əməkdar mədəniyyət işçisi, fəlsəfə üzrə elmlər doktoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində aşıq kafedrasının dosenti və müdiriyəm.

- Aşıqlıq sənətinə sizdə haradan maraq oldu və ilk dəfə kim kəşf etdi istedadınızı?

- Allahın vergisidir, aşıqlıq, xanəndəlik, şairlik!

Aşıqlıq göydən yerlərə gələndə mələklə gəlir,

Görünmək bilinmir gözlərə buğanaq, küləklə gəlir.

Neçə yol keçir sınaqdan sonra göndərilir haqdan,

Yaradana inanmaqdan pak arzu diləklə gəlir.

Biçinçilər biçən kimi, üfürüb su içən kimi,

Daşdan damcı keçən kimi,

Ələnib ələklə gəlir.

Gəzib dolandım elləri,

Əhlimanın şeirləri hamısı ürəkdən gəlir.

Aşıqlıq haqqın vergisidir.

- Uşaqlıqda necə uşaq olmusunuz?

- Çox dəcəl uşaq olmuşam. Yerə-görə sığışmayan uşaq idim. Ovunda vurğunu olmuşam. 5-6-cı sinifdə ova gedirdim. Dəcəl olmuşam, amma oğurluq, quldurluq əlimdən gəlməyib. Uşaqlıqdan aşıq sənətinə marağım olub. Mən orta məktəbi bitirəndə hamı mənə aşıq deyirdi.

- Ailədə incəsənətə sizdən başqa marağı olan olubmu?

- Bizim nəslimiz söz adamı olub. Böyük alimlər olub nəslimizdə. Mənim atam da tanınmış alim olub. Həm dilçi, həm də kimyaçı idi. Səməd Vurğunla oturub-duran adam olub. Mənim atam 3-4 bəxt eləyib, övladı olmurmuş. 50 yaşı olanda mən dünyaya gəlmişəm. Bizim nəslimiz hikmətli söz sahibləridir. Mənim nəslimin kökünü axtarsanız gedib çıxır Həbibi Bərgüşadiyə. Bunu hamı bilir deyə istəmirəm geniş məlumat verim. Mən böyük bir nəslin yetirməsiyəm.

- Ustadınız kim olub?

- Ustadım orta məktəb müəllimlərim olub. Müəllimlərim mənə çox ürək-dirək verirdilər ki, səndən yaxşı aşıq olar.

Qonşu kəndimizdə bir aşıq vardı - Fərhad Sultanov, çox güclü aşıq idi. Düzü, elə də reklamı yox idi, amma bir çoxlarından da geri qalmırdı. O, sənəti ilə məni ovsunlamışdı, vurulmuşdum ona. Mən aşıq Fərhad kimi yeriyirdim. Çörəyi yeyəndə onun kimi yeyirdim. Uşaqlıq illərimdən o hara toya gedirdisə, mən də qaçıb atı minərək gedirdim o kəndə toya. Çünki çox maraqlı çıxışları olurdu. Sonra aşıq Şakiri görmüşəm. O, başqa aləm idi. Aşıq Əhmədi görmüşəm o, da başqa bir məktəbdir. Hərəsindən az-az öyrənərək bu sənəti torbama doldurmuşam - hələ də dolmayıb, çünki insanın ki sənət torbası doldusa, demək artıq həyatda yoxdur. İnsan dünyasını dəyişənə qədər öyrənməlidir.

- Saz sənəti kişiyə çox yaraşır, yoxsa xanıma?

- Çox gözəl sualdır. Kim sənəti çox sevirsə, kim ona qəlbən bağlanırsa, saz elə ona da yaraşır.

- Aşıq şeirlərini hansı janrda daha çox ifa edirsiniz?

- Bütün qoşmalar, gəraylılar və rübailərdə hər cür ifa edirəm. Əvvəla, mənim 2-ci kitabım çıxdı bu yaxınlarda. İnşallah, sizə də hədiyyə edəcəyəm.

Bir qız yanaqları almadı keçdi,

Salam verdim salam almadı keçdi.

Gözəldə bu qədər zalım olardı,

Əhlimanın könlünü almadı keçdi.

- Aşıq havalarını ifa edərkən gözünüzdə nə canlanır, ürəyinizdən nə keçir?

- Məhəbbətə dair aşıq mahnısı oxuyuramsa gözümdən ilk məhəbbət keçir. Vətənə aid oxuyuramsa Vətən-torpaq gözümün önünə gəlir. Əsgər haqqında oxuyuramsa gözümün önündən əsgərlər, şəhid balalarımız dayanır. Mənim mahnılarım çoxdur bu haqda.

- Aşıqlardan kimləri dinləyirsiniz?

- Hamısını dinləyirəm, amma aşıqların çoxuna hörmətim hörmətim yoxdur. Çünki sözün qanadını qıran aşıqlar çoxdur. Bəyəndiklərim həddindən artıqdır. Onlardan Aşıq Zülfiyyə, Aşıq Samirə, Aşıq Ulduzu daha çox bəyənirəm. Ustaddır Ulduz, çox maraqlı şeirləri var. Kişilərdənsə Aşıq Əli, aşıq Vüqar, azıq Altay çox gözəl aşıqlardırlar. Həm gözəl saz çalırlar, həm də gözəl ifa edirlər. Yaradıcılıqları da ki, göz qabağındadır.

- Estrada janrından kimi dinləyirsiniz?

- Estrada janrını çox bəyənirəm. Uşaq vaxtı həm aşıq Şakiri, həm də Flora Kərimovanı çox sevirdim. Amma mahnının, sözün qol-budağını qıranda zəhləm gedir həmin insandan da, mahnıdan da.

- Ürəkdən haçan ağlamısınız?

- Namizədlik diplomu alandan sonra festivalın qalibi oldum. Misir Ərəb Respublikasının prezidenti Hüsnü Mübarək 1987-ci ildə mənim əlimi sıxdı. Onda ərəb dilində oxudum mahnını. Səhnəyə çıxmamışdan qabaq tərcüməçimizə dedim ki, bu sözləri mənə ərəb dilində tərcümə edib ver: "Biz gəlmişik Azərbaycan elindən, Misir elinə salam gətirmişəm". Tərcüməçi dedi ki, çətin olacaq sizə, mən dedim yaz dəftərə ver. İnanın, 2 saata əzbərlədim. Səhnəyə çıxanda da, bu sözləri deyəndə də bütün stadion ayağa qalxdı. Mən ustadlarımdan belə görmüşəm. Hansı toylara düşmüşəmsə onların dilini bilmişəm, ləzgi, avar, lahıc dillərindən beş-altı kəlmə öyrənmişəm ki, məclisi ələ almaq mənim üçün elə də çətin olmasın.

- Prinsipial insansınız?

- O qədər prinsipialam ki... Ataların bir misalı var - paxıl ol, xain olma. Mən xain insan deyiləm, amma sənətin paxılıyam - özü də olduqca. Məndən qabaq kimsə səhnədə alqışlanırsa, "sağ olun" alırsa, mən repertuarımı elə dəyişirəm ki, ondan 3 dəfə çox "sağ ol" alır və daha çox alqışlanıram.

- Elə aşıqlar var ki, özünü şou-biznesdə, qalmaqalda görür, bəs Əhliman müəllim necə?

- Mənim qalmaqalla, şou-bizneslə işim yoxdur. Mən qalmaqalı yatırdan insanam. Bu sənətçilər arasında bir də görürsən ki, bəhbəh düşür, sözü bişirməmiş deyirlər. Bir də görürsən soruşurlar ki, filankəs necə adamdır? Deyirsən yaxşı, deyir axı o, sənin haqqında bu sözü deyir, başlayır ara vurmağa. Adam ara sözünə inanmaz.

- Deyirlər bir çox aşıqlar içməsə ifa edə bilmirlər, bu düzdür?

- Mən içən olmamışam. Arağın nəşəsi bir anlıq olar. Araq içib əlinə saz götürmək haramdır. Musiqi aləmində cinayət məcəlləsi açılmalıdır, sazı göydə fırladanlara, qavalı atıb-tutanlara, çılpaq səhnəyə çıxanlar cəza tətbiq olunmalıdır. Qorxu olmalıdır, qorxu pis şeydir. Sazla saz kimi davranmaq lazımdır. Yoxsa sazı fırladıb min hoqqadan çıxmaq olmaz?

- Bir çox aşıqlar var ki, solo-konsert veriblər. Bəs siz niyə solo-konsert vermirsiniz?

- İnanın, yaralı yerimdir. İnşallah, fikirləşirəm ki, bu il konsert verim, bilirəm ki, tələbat var, bu yaxında yeni filmim işıq üzü gördü. Artıq solo-konsert vermək vaxtıdır.

- İlk məhəbbətiniz olub?

- Mənim ilk və son məhəbbətim həyat yoldaşımdır. Anam məsləhət bilib, mən də almışam. Bu günə kimi də xoşbəxtəm.

- Olubmu hansısa həmkarınıza aşiq olasınız?

- Yox ,olmayıb. Əqidəsi möhkəm olan adam hər çalınan fitə uymaz. Aşıq sənəti nadan əlində tez ləkə götürür, elə bil ağ gülə ləkə düşür. Olmaz axı, bizim bu sənət çox müqəddəsdir. Mənim böyük nəslim-köküm olub.

- Həyatda aldığınız sonuncu dərs?

- Həyat məktəbi çox çətin, başadüşülməz və mürəkkəb bir məktəbdir.

Həyatı dərindən duymaqdan ötrü,

Min oddan-alovdan keçəsən gərək.

Enişli, yoxuşlu bu yollarda sən,

Yaxşını yamandan seçəsən gərək.

Həyatda bütün çətinlikləri görəsən, enişli-yoxuşlu yollardan keçəsən ki, bu həyatın hər dadını, əzabını biləsən.

- Niyə prodüseriniz yoxdur?

- Mənim prodüserim xalqdır.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlalə gözəl mənzərədir, sudur və nəhayətdə sözdür, sənin kimi gözəl xanımdır.

- Bu sənət sizə nə verdi?

- Bu sənət mənə hörmət gətirdi, ucalıq gətirdi. Bu sənətin başlanğıcında ilk sazı da mənə anam aldı - hələ də göz bəbəyim kimi qoruyuram. Saz başımı uca elədi, dünyada tanıtdı, hörmətli bir insan elədi

Məni ölkənin prezidenti tanıyaraq əlimi sıxıb şəkil çəkdirirsə, deməli, böyük şəxsiyyətəm. Neçə ölkələr gəzmişəm. Mənim heç nəyə ehtiyacım yoxdur. Sizlər də var olun ki, bizləri yada salıb yazaraq xalqımıza çatdırırsınız.

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az