- Özünüz haqqında məlumat verərdiniz?
- 1976-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalında doğulmuşam. Ailədə 8 uşaq olmuşuq, ən kiçiyi mən olmuşam. 2000-ci ildən bu sənətdəyəm. O vaxtdan yazıb-yaratmışam. Adətən bütün mahnılarımın sözləri mənə aid olur, təvazökarlıqdan uzaq olsa da. Şairlərimizin sözlərinə də aid olanları var. Amma çalışıram ki, özüm yazım, özüm bəstələyim. Vətən haqqında da mahnılar yazmışam. 2000-ci ildə Azərbaycanın bölgələrinə aid mahnılar yazdım. Vedibasara aid mahnılarım da çox maraqla dinləndi. Hətta gənclərin ürəyini fəth edən mahnılar yazdım, efirlərə qədəm qoydum, o mahnılarla. Sonra da yavaş-yavaş yeni mahnılar bəstələdim, bu pilləyə çıxdım. Naşükür insan deyiləm. 1 oğlum, 1 qızım var.
- Ailənizdə musiqiçi olubmu?
- Ailəmizdə musiqiyə bağlı qardaşım olub, amma sırf musiqiyə bağlı mən oldum. Dayımın da, əmimin də həvəsi olub. Əsas musiqiyə önəm verdiyimə görə bu sənətdə öz yerimi tapdım.
- Meydan müəllim hazırda niyə efirlərdə görsənmir?
- İndiki zamanda efirlərdə olmaq üçün gərək bir az arsız olasan. Dediyim sözə görə üzr istəyirəm. Mən də elə mühitdə tərbiyə alıb böyümüşəm ki, tərbiyəm imkan vermir ki, gedib qapıları döyüm. Bir məsəl var: "Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə". Mən də təbii ki, çağırılan yerlərə gedirəm, mahnımı da ifa edirəm. Amma indi hamı bilir ki, əsas sosial şəbəkələrdə dinləyici kütləsi çox olur. Mahnı ifa edib orada yerləşdir, sevilirsə səni də xalq toy məclislərinə çağırır. İnsanlar üçün də yeni mahnılar xoş olur.
- Bu sənətdə ilk müəlliminiz kim olub?
- Mənim bu sənətdə ilk müəllimim böyük qardaşım olub. Bu sənətdə mənə çox istiqamət verib. Sonra da elə bu həyatdan dərs götürdüm, özüm öyrəndim. Müəllim də elə həyat dərsi olub.
- Şou-biznesdə özünüzü görürsünüz?
- Mən sənətdə özümü görürəm, heç bir şou-biznesdə özümü görmürəm. Heç bir müğənni də mənim kimi yazıb-yaratmayıb. Elə bir müğənni də görmürəm. Qaldı, hansısa müğənni də gəlsin mənim yazıb-yaratdıqlarımı müqayisə edə bilməz öz mahnıları ilə. Çünki mən iki aydan bir elə bir mahnı yazıram ki, iki gün keçmir sevilir. Mənim özümün böyük ansamblım, repertuarım var. Xalq və bəstəkar mahnılarını çox gözəl ifa edirəm. İnkişaf da, günü-gündən mənim ansamblım da, yazdığım mahnılarda görsənir.
- Şou-biznesin açarı kimin əlindədir?
- Şou əhli şou-biznesin açarını itiriblər. Belə bir deyim var: "Elin gözü tərəzidir". El neyləsin ki, tərəzini əyiblər. Razılaşaq ki, efirdə gördüyümüz müğənnilərin bir çoxlarına insanlar elə də hörmət eləmirlər. O insan ki, 10 il bundan qabaq onun məclisində iştirak edibsənsə, səni arayıb-axtarırsa, demək açar da o insanların əlindədir. Mən də fəxr edirəm ki, belə insanlardan olduğuma görə məni arayıb-axtarırlar. Ona görə də hamısına minnətdaram.
- Sənətdə istədiyiniz pillədəsiniz?
- Əlbəttə istədiyim pillədəyəm. Mən əminəm ki, 5 il də fəaliyyət göstərməsəm yaddan çıxmayacağam. 10 ildən artıqdır sənətdəyəm.
- Bir çox müğənnilər var ki, oxuduğu, yazdığı mahnıları mənimsəyirlər. Bu sizə necə təsir edir?
- Mənim mahnılarım haqqında məlumat bilmək istəyənlər "youtub"u açıb baxsa görərlər ki, türklər, iranlılar oxuyublar və başqaları da mənim mahnılarımı ifa ediblər. Heç vaxt da müraciət etməmişəm. Bilirəm, kim deyir ki, oxumasınlar bu Azərbaycanda böyük xəstəlikdi, qarşısı da alına bilmir. Türkiyədə oxuyurlar mahnılarımı, bir çoxun internetdə açıb baxıram da kim oxuyur. "Dağlar duyacaq", "Yaz yağışı", "Qızılgül" mahnılarımı çox oxuyurlar. Öz sənətçilərimiz də çox oxuyub. İcazəsiz də oxuyanlar olur. Böyük sənətkarlar oxusa da onlara daş atan çox olur. Ancaq baxırsan ki, gənclər var oxuyur, hiss edirəm mənim ifamı sevib oxuyurlar. Ona görə heç nə demirəm. Xoşdur mənə, çünki mahnım sevilir!
- İlk məhəbbətiniz olubmu?
- İlk məhəbbət hamıda olur. Hər bir insanda olduğu kimi bizdə də olub və sanki özümüz də hiss etmişik ki, bundan savayı həyat yoxdur. Ancaq insan yaşa dolduqca fikirləşirsən ki, bunlar hamısı xəyal imiş. İnsan həmişə sevməlidir, daima irəli gedib yaşamalıdır.
- Meydan müəllim, niyə prodüserin yoxdur?
- Bəlkə də efirlərdə, gündəlikdə elə də olmamağımın səbəbi odur ki, prodüserim yoxdur. Amma mənə müraciət edənlər çox olub. Mən onların dediyi şərtlərə razı olmamışam. Mən özüm heç kimə deməmişəm ki, gəl mənim prodüserim ol. Amma inşallah, qismət olarsa istəyərəm prodüserim olsun ki, işlərimlə məşğul olsun.
- Ürəkdən haçan ağlamısınız?
- Sücayətin belə bir şeiri var:
Neyləyim gülmədi, üzüm dünyada,
Bir gün qurumadı gözüm dünyada.
Sücayət, müxtəsər, bizim dünyada,
Bədbəxt olmayandan sənətkar olmaz.
Mən adətən ağlamışam. Ürəkdən də ağlayıram, qəmli notlar eşidəndə də. Çox sıxıntım olur, ağlayıram. Bir vaxtlar deyirdilər ki, kişi ağlamaz. Amma səhv deyirlərmiş, elə əslində kişi ağlayar. Gücü çatmayanda ağlamalıdır.
- Qısqanc insansınız?
- Orta dərəcədədir qısqanclığım. Kişidə qısqanclıq hissi olmalıdır.
- "Dağlar duyacaq, daşlar duyacaq,
Bizim bu sevgimiz dastan olacaq".
Məndə olan məlumata görə bu mahnı sizin taleyinizlə bağlıdır.
- Səmimi olum ki, belə mahnılar üç səpgidə yazılıb: "İki aşiq", "Gecənin ay işığında", "Dağlar duyacaq, daşlar duyacaq". Bu mahnılar mənim həyatımda olan hadisələrlə bağlıdır. Düz deyirsiniz gənclik illərində başıma gələn hadisələri mahnıda yazmışam, öz sevdiyimə yazmışam.
- Hansı günahın yükü hələ də çiyninizdədir?
- Mən özüm ibadətlə məşğul oluram. Həmişə də dua edəndə Tanrıdan günahlarımın bağışlanmasını istəyirəm. Özüm də oruc, namaz əhlindənəm. Olur ki, mənə sevgi etiraf; edirlər. Yekəxana çıxmasın, onları bu günahdan uzaqlaşdırıram, heç vaxt sevgidən danışmıram. Allahın adına yönəldirəm. Başıma gələni deyirəm və istəmirəm ki, günaha batım.
- Özünüzə hansı titulu verərdiniz?
- Mən elə bu meydanda meydan sulayan Meydanam. Adətən deyirəm ki, iki meydan var idi: biri Azadlıq meydanı, ləğv olundu, qaldım mən.
- Kimlərin ifasını dinləyirsiniz?
- Allah rəhmət eləsin, Məhəbbət Kazımova qulaq asıram. Mənim stilim Məhəbbətin stilidir. Çünki çox mənalı mahnıları var və sevə-sevə dinləyirəm.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Əsəbi anlarım olub, vurub dağıtmışam o vaxtlar. Amma çalışıram ki, elə şeylər etməyim. Təbii ki, hər hansı xoşagəlməz ifa mənim əsəblərimi yerindən oynada bilər.
- Şou əhli tez bir zamanda ulduz xəstəliyinə tutulur. Buna münasibətiniz necədir?
- Düzdür, mənə də qıraqdan pis təsir edir belələri. Sənətdə olduğuma görə demirəm. Onlar efirlərdə özlərini elə dartırlar ki, guya səni bəyənmirlər. Vay o günə ki, harasa Moskva toylarına, tədbirlərinə düşsünlər, elə hərəkət edirlər ki, efirdə maskalanan insandan əsər-əlamət qalmır.
- Səmimi olun, niyə bir çox müğənnilərin tədbirlərində, xeyir işlərində sizi görmək olmur, dəvət etmirlər?
- Hərdən olur dəvət edirlər, hərdən olur etmirlər. Elə olur ki, hədiyyə göndərirəm. Çağıranda da gedirəm. Çox vaxt da toyda oluram, vaxtım olmur. Bir də bilirsən necədir, bizim efir məkanında dəvət edirlər, müğənni çıxıb minnətdarlığını bildirir ki, sağ olun dəvət etmisiniz məni. Amma qıraqda pulun verib efirə çıxıb, hətta məcbur edirlər ki, təşəkkür də et. Mən belə edə bilmərəm. Elə şey də etməyəcəm.
- Geyim tərzinizdə niyə dəyişiklik etmirsiniz?
- Mən klassik geyinirəm. Geyimlərimdə bütün rənglərə fikir verirəm, mənə yaraşır.
- Toy bazarında yeriniz bilinir?
- Əlbəttə bilinir, özü də çox. Heç kim deyə bilməz ki, kimin toyu çoxdur. Mən mahnılar yazıb-yaradıram, oradan da çağırırlar. Elə bu il müsahibə vermirəm, efirdə də vermərəm.
- Qalmaqal nə deməkdir sizin üçün?
- Qalmaqala məni də istəyiblər salsınlar. Bəzi müğənnilər səviyyəyə fikir vermirlər. Bir xanım var idi, bir dəfə dedi ki, sənin mahnını oxumuşam. Sən də çıx de, mən də cavab verim. Razı olmadım, qadına nə deyim, mən çıxıb özümü biabır edim? Razı olmadım.
- Solo-konsert vermək fikriniz var? Ümidiniz varmı ki, salonu doldura biləcəksiniz, yoxsa biletləri hədiyyə edəcəksiniz?
- İnşallah, maliyyə cəhətdən işlərim düzəlsə solo-konsert vermək fikrim var. Konsert verməzdən bir ay əvvəl reklamı gedər. Əminəm ki, mənə tələbat var. Konsertlərimə də hamı gələr. Çünki mən klassik mahnıları daha çox ifa etmişəm. Əminəm ki, seviləcəyəm, solo-konsertimə də hamı gələcək.
- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə mənim üçün gözəl bulaq, gözəl mənzərə, çayların şırıltısıdır. Bir onu deyə bilərəm ki, Allah səni qorusun!
Şəlalə NƏRİMAN.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































