YAŞAR YUSUB: “Yeganə ifaçıyam ki, heç bir qadın müğənniləri ilə duet oxumamışam və oxumaq fikrim də yoxdur”

YAŞAR YUSUB: “Yeganə ifaçıyam ki, heç bir qadın müğənniləri ilə duet oxumamışam və oxumaq fikrim də yoxdur”
Gündəmdə olduğum üçün mənə də paxıllıq edənlər var

Əlbəttə ki, tanınmaq və məşhur olmaq, özünü sevdirmək çox mürəkkəb və məsul işdir. Sənə paxıllıq edənlər də olur, ağız büzənlər də, gərək heç nəyə fikir verməyəsən. Öz gücünə inam bəsləyərək pis əməllərdən uzaq olan, doğru yola yönələn hər kəs mənəvi cəhətdən yüksəlir, zəfər də qazanır. Nizami Gəncəvi demişkən:

"Hər kəs sənətindən yapışsa əgər,

Dünyada nə əksə onu da biçər".

Bu gündə sizlərə qonaq edəcəyim özünün gücü ilə, sənəti ilə, ifasıyla özünü xalqına sevdirən gənc müğənnimiz Yaşar Yusubdur.

- Özünüz haqda nə deyə bilərsiniz?

-Mən Yaşar Yusub Leninqradda dünyaya göz açmışam, Qərbi Azərbaycandanam. 2 yaşımdan sonra Bakıya qayıtmışıq və o zamandan da burada böyümüşəm. Bülbül adına orta ixtisas Musiqi məktəbini bitirmişəm.

- Necə oldu ki, bu peşəni seçdiniz?

- Mənim valideynlərimin arzusu olub ki, mən musiqiçi olum. Ən azından atam mənə təkan verib. Bunun da əsas səbəbi o idi ki, mən uşaq ikən dəcəl olmuşam. Məhəllədə dəcəl uşaqlardan uzaq qaçım deyə, ora-bura getməyim deyə dərsdən əlavə məni musiqiyə yönəltdi. Mənim ilk öncə nağara alətinə böyük həvəsim oldu.

- Nədən məhz müğənniliyi seçdiniz və bu sənətdə kimlər sizə təkan oldu?

- Mən hələ nağara və tar dərsini alan zaman bizim görkəmli "Şöhrət" ordenli xalq artistimiz Əlibaba Məmmədov məni dinləyərkən səsim çox xoşuna gəldi və mənə məsləhət gördü ki, mən tar, nağaradan əlavə onun sinfində mütləq dərs alaraq müğənni olmalıyam. Valideynlərimlə məsləhətləşdi və mən artıq onun sinfinə daxil olaraq muğam və xalq mahnılarımızı öyrəndim. Beləliklə də artıq müğənni oldum. Mənə dəstək olan da Əlibaba Məmmədov və rəhmətlik Məmmədbağır Bağırzadə oldu.

- İlk dəfə nə zaman və hansı mahnı ilə efirə çıxdınız?

- İlk dəfə mənim mahnım "Gülə-gülə gəl" mahnısı olub. Sonralar isə məni "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallı qrupa dəvət etdi və bir müddət bu qrupda çalışdım, artıq özümə karyera quraraq bu zirvəyə gəlib çıxdım. Mənə verilən dəstəklər sayəsində də sağ olsun ki, efirlər dəvət elədilər və pillə-pillə Yaşar Yusub kimi tanındım.

- Efir demişkən, siz də bəzi müğənnilər kimi efirə rüşvət verdiniz?

- Əsla yox, mən heç vaxt rüşvət xətrinə efirdə olmamışam. Mənim bəxtim onda gətirmişdi ki, o zaman bu qədər müğənni artımı yox idi. Bir neçə gənc müğənni var idi ki, onlardan biri də mən idim. İstedadımdan dolayı olaraq sağ olsunlar ki, mənə dəyər verərək televiziya kanallarının vasitəsilə xalqım məni tanıdı.

- İstedadı olmayan və var-yoxdan çıxaraq özlərini sənətə gətirən müğənnilərə necə baxırsınız?

- Nə vacib düşüb ki, istedadın yoxdursa oxuma da.. Mən üz tutub deyirəm istedadı olmayanlara ki, özünüzü vardan-yoxdan çıxarıb müflis gününə qoymayın. Bunun axırı yoxdur. Mən, siz və başqaları baxırlar efirdən deyirik ki, filankəs də var. Amma bu bir gün, bir ay, ən uzağı birillikdir.

- Siz necə, səhnə geyimlərinə önəm verirsiniz, yoxsa bəzi gənc oğlan müğənnilərimiz var ki, nəinki geyim, heç səhnə mədəniyyətləri də yoxdur. Səhnədə qışqıraraq elə hey hoppanıb düşürlər. Sizin belələrinə fikriniz necədir?

- Bilirsiniz hansı zamana gəlmişik, Mehriban xanım? İndi insanlar artıq qalmaqaldan beziblər, heç fikir də vermirlər. Dəxilsiz, duzsuz hərəkət və mahnıları ilə tamaşaçıları yorurlar. Onlara nə pərəstiş edən var, nə də qulaq asan. Əlbəttə ki, gənc istedadlı müğənnilərimiz var, hesablasan heç on nəfər deyil. Bu onluqlar da bir-birlərimizlə rəqabət aparırıq, yəni yaxşı mənada bir-birimizin bəhsinə girərək özümüzü doğrulduruq. İstər geyimdə, istər sənətdə, istərsə də səhnədə sevilirik və tanınırıq.

- Fonoqramla oxuyan müğənnilərə necə baxırsınız, bunların axırı var, ya yox?

- Belələrinə artıq çox yerdə yer yoxdur. Onları nə toya çağırırlar, nə də efirə. Artıq insanları aldatmaq mümkün deyil. Bir də öz səsinə, öz istedadına güvənirsənsə, fonoqramla oxuyanda da heç nədən qorxub çəkinmirsən. Texniki səhv olan kimi keçirsən canlı oxumağa. Vay səsi olmayanların halına. Bir də yalan ayaq tutar, amma yeriməz. İnsanları da aldatmaq asan deyil, yəni belə oxuyanların axırı yoxdur.

- Bilmək olarmı toy biznesiniz necə gedir?

- Maşallah, kifayət qədər toyum var. Bugünkü gün özümüzü saxlaya biləcək dərəcədə qazancımız var.

- Ailəlisiniz və özünüzü xoşbəxt sanırsınızmı?

- Ailəliyəm, bir oğlum var, həyat yoldaşımı da çox sevirəm və xoşbəxtəm.

- İstərdinizmi oğlunuz da böyüyəndə müğənni olsun?

- Təbii ki, istəməzdim. Lakin istedadı çox güclü olarsa, sənətə daha çox bağlanarsa, necə atam mənə təkan verib, mən də ona təkan verərəm.

- Qadın müğənnilərlə heç duet oxumusunuz?

- Xeyr, olmayıb, heç istəmirəm də.

- Səbəb nədir?

- Çünki mən neçə illərdir ki, solo ifa edirəm. Yeganə ifaçıyam ki, heç bir qadın müğənniləri ilə duet oxumamışam və oxumaq fikrim də yoxdur.

- Estrada mahnılarına önəm verirsiniz, yoxsa xalq mahnılarına?

- Düzdür, məni estrada ifaçısı kimi tanısalar da, xalq mahnılarına daha çox üstünlük verirəm. Toylarımda da çox zaman xalq mahnılarını oxuyuram, efirlərdə də üç mahnı özümün olursa, üç mahnı da canlı olaraq xalq mahnıları oxuyuram.

- Efirdə canlı oxumağı sevirsiniz?

- Əlbəttə ki, canlı oxumağı sevirəm. Mən öz musiqiçilərimlə çıxıramsa, necə canlı oxumaya bilərəm.

- Hansı bəstəkarlarla daha çox işləyirsiniz?

- Bəstəkarların hər birinə böyük hörmətim var. Lakin son zamanlar yaxın dostumuz mahnıları və sözləri ilə qəlbləri oxşayan gənc bəstəkar Tural Bayraməliyevlə çalışıram. Artıq onunla iki mahnı işləmişik. "Sən deyilsən", "Tənha yaşa" kimi mahnılar artıq işıq üzü görüb.

- Sizi yıxıb-sürümək istəyənlər var?

- Yıxıb-sürümək deyəndə ki, mənə gücləri çatmaz. Çünki o səlahiyyəti onlara vermərəm və verməmişəm də, heç kimə heç vaxt da vermərəm. Amma hiss edirəm ki, gündəmdə olduğum üçün mənə paxıllıq edənlərim də var və buna adi hal kimi baxıram.

- Qazancınız çox olduqda bəziləri kimi yolunuzu azmırsınız ki?

- Əstəğfürullah. Mənim qazancım çox olanda, ailəmə, dostlarıma, özümə və köməyə ehtiyacı olan bir çox insanlara xərcləyirəm. Hələ ki Allah ağlımızı əlimizdən almayıb.

- Sevgiyə inanırsınız indiki zamanda?

- Başqalarının yerinə cavab verə bilmərəm. Amma mən sevib evlənmişəm, sevgiyə də böyük dəyər verirəm.

- Bəs xəyanətə necə baxırsınız, xəyanət etmisiniz?

- Mən desəm yox, keç kəs inanmayacaq. Bir kişi olasan, xəyanət eləməyəsən. Mənim anlamımda aldatmaq lazım deyil. Heç işdən vaxtım olmur ki, xəyanət də eləyim. Boş vaxtlarım olanda ailəmə və uşağıma sərf edirəm.

- Bahalı maşını sevirsiniz?

- Bahalı yox, komfortu olan maşını sevirəm.

- Gələcək işləriniz haqqında nə deyə bilərsiniz?

- Bir müğənninin işi nə ola bilər?.. Ən böyük planım gələcəkdə konsert verməkdir, inşallah. Mən Tural qardaşımla birlikdə işləyirik və işlədiyimiz mahnıları toplayıb qurtarandan sonra da albom çıxartmaq fikrindəyəm. Allahın izni ilə son yaxın bir ildə planlarımı həyata keçirəcəyəm.

-Mən sizə bütün işlərinizdə uğurlar arzulayıram və siz "Oxu Məni"yə nə arzulardınız?

-"Oxu Məni"yə?.. Desəm yalan çıxar, sizdən öncə elə "Oxu Məni" haqqımda dostlarımla söhbət edirdik. Maşallah, neçə illərdir ki, bu qəzet öz reytinqini qoruyub saxlayır. Mən də "Oxu Məni" sevənlərdən olmuşam. Özü də bu qəzeti çox oxumuşam. Heç saytlar-filanlar olmayanda ən tanınan bir qəzet olub. "Oxu Məni" elə "Oxu Məni" olaraq yaşayır və yaşayacaq. Hər birinizə uğurlar arzulayıram. Həmişə reytinqi yüksək bir qəzet olsun.

Mehriban Bəylərqızı

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az